Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3890/2022 31.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin bərpası” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-603/2022 saylı işi üzrə 15.02.2022ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanmış 15 may 2019-cu il tarixli 93 saylı müqavilə öhdəliklərinin icrasının Cavabdeh MMC-nin üzərinə qoyulması və ona əvvəl təqdim edilmiş müqavilənin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: Tərəflər arasında bağlanmış 15 may 2019-cu il tarixli 93 saylı müqavilə ilə, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən faktiki 27,56 m2 yaşayış sahəsini sökülməsi üçün Cavabdeh MMC-yə təhvil verməyi, tikinti şirkəti isə həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasında nəzərdə tutulmuş - 36,0 m2 sahəsi olan mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür; Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 29.01.2016-cı il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ilə, Bakı şəhəri Nəsimi rayonu Sahib Zeynalov küçəsi 19saylı evin 37 saylı mənzilinin yaşayış sahəsi 13,5 m2 yaşayış sahəsi olan 2 otağı İddiaçı adına xüsusi mülkiyyət kimi (digər 1 otaq və 2 otaq başqa şəxslərin mülkiyyətindədir) daşınmaz əmlakın dövlət reyestrində 795 saylı reyestr kitabının 74159 nömrəli vərəqində qeydiyyata alınmışdır (iş.səh.5, 31). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-603/2022 saylı işi üzrə 15.02.2022-ci il tarixli qətnaməsi ilə iddia təmn edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindənqəbul edilmiş 15.02.2022-ci il tarixli 2(006)-603/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətə Azərbaycan Respublikası Konstitusiyasımn 13.1, 29, 43; Azərbaycan Respublikası Mülkı Məcəlləsinin 152.1, 399, 421, 442, 460; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1, 380, 384-ci maddələrinə istinadən qeyd edilmişdir ki, 15 may 2019-cu il tarixli müqavilə tərtib olunmazdan əvvəl cavabdeh tikinti şirkəti sahibi olduğu faktiki 27,56 kv.metrdən ibarət yaşayış sahəsi qarşılığında ona inşa edilən yaşayış binasından 70 kv.metrdən ibarət təmirli mənzil veriləcəyini öz öhdəsinə götürmüşdür.Həmin zaman cavabdeh tikinti şirkəti ilə tərtib edilmiş müqavilədə onlara təmirli 70 kv.metr mənzilin veriləcəyi barədə bənd qeyd edilmişdir. Lakin daha sonra cavabdeh tikinti şirkət ilə tərtib etdikləri müqaviləyə nəzər yetirdikdə ona veriləcək evin hansı binada və ya hansı mərtəbədə olacağı barədə heç bir məlumat olmadığını anlayıb. Digər tikinti şirkətləri ilə mülkiyyətçilər arasında bağlanan müqavilələrə baxdıqda onlara veriləcək evlər barədə məlumatlar əks edildiyi ona məlum oldu. Bu səbəbdən tikinti şirkəti ilə aralarında bağlanan müqavilənin dəqiqləşdirilməsi və ona veriləcək ev barədə məlumat almaq üçün cavabdehə müraciət edib. Bu zaman ona həmin məlumatların dəqiqləşdiriləcəyi və bunun üçün müqavilənin onlara geri qaytarılmalı olduğu bildirildi. Daha sonra o müqaviləni şirkətə təqdim etdikdən bir neçə ay sonra müqavilənin nəticəsi barədə məlumat almaq üçün cavabdeh tikinti şirkətinə müraciət etdikdə onlar ona dəyişdirilmiş, saxta müqavilə təqdim etdilər. Müqaviləyə nəzər saldıqda həmin sözügedən yaşayış sahəsi üçün ona veriləcək 70 kv.metrlik mənzilin dəyişdirilərək 36 kv.metr edildiyi ona məlum oldu. Bu barədə “Azəri Tikinti Şirkəti" MMC-yə müraciət edərək öz etirazını bildirdikdə ona müqavilənin bu formada olduğunu yalnızca ona maksimum yaşayış sahəsi 50 kv.metr mənzil verilə biləcəyini bildirmişdirlər.Həmçinin cavabdeh müqaviləyə əsasən tikinti şirkəti tərəfindən qəbul edilmiş bir digər öhdəlik isə müqavilə tərtib olunduğu tarixdən əmlak mülkiyyətçisini mənzi ilə təmin edən zamana qədər mülkiyyətçinin yəni onun yaşayışını təmin etmək məqsədi ilə aylıq 350 manat pul vəsaiti ödəməyi öz öhdəsinə götürmüşdür. Bu müddəa həm onlara verilmiş əvvəlki, həmçinin də indiki müqavilənin 1.2ci bəndində öz təsdiqini tapmışdır. Lakin bu günə qədər cavabdeh tərəfindən ona hər hansı bir pul vəsaiti ödənməmiş və toplamda 9800 manat pul məbləği qalmaqdadır. Bu isə müqavilə öhdəliklərinin pozulmasına səbəb olan bir digər halldır. Tərəflər arasında tərtib edilmiş müqavilənin 2.1.4-cü bəndində yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatanadək müvəqqəti yaşayışını təmin etmək məqsədi bu müqavilənin 1.2-ci bəndində göstərilən kirayə haqqını tikinti şirkətindən tələb etmək hüququ qeyd edilmişdir. Bir digər ziddiyyətli hall isə müqavilənin tikinti şirkətinin hüquq və vəzifələri hissəsində 2.2.5-ci bəndindədir ki, burada müqaviləyə əsasən nəzərdə tutulmuş mənzilin 24 ay müddətində təhvil verilməli olduğunu bildirmişdir. Lakin bünövrənin qoyulmasından uzun bir müddət keçməsinə baxmayaraq hələ də mənzil bizə təhvil verilməmişdir. Həmçinin onlara təhvil veriləcək mənzilin hansı binadan olacağı barədə onlara məlumat verilmədiyi üçün təhvil veriləcəyi tarix də onlara məlum deyildir.Belə ki, müqavilədə də bildirilmişdir ki, müqaviləyə əlavə dəyişikliklərin edilməsi və ya xitam verilməsi yalnız tərəflər arasında razılıq əsasında baş verə bilər və bu barədə əlavə razılaşma tərtib edilməlidir. Lakin verilən ilk müqavilə onun razılığı olmadan dəyişdirilmiş və mənzilin sahəsi isə azaldılmışdır.Həmçinin cavabdeh tərəfindən tərtib edilmiş müqavilənin hər hansı bir bəndində ona veriləcək olan mənzilin yeri və ya hansı bina, hansı mərtəbə olması barədə məlumat da əks etdirilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştiarak edən və apellyasiya şikayətini müdafiə etməyən İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə müvafiq ərizə ilə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanılmış 93 saylı müqavilənin ləğv edilməsi və dəyişdirilmiş ilkin müqavilə üzrə öhdəliklərinin, yəni ona əvvəlki mənzilin qarşılığından 70 kv.m mənzil sahəsinin verilməsinin təmin edilməsi üçün öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh "xxxx" MMC-nin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyası 13, 29; Mülki Məcəllənin 139-158, 178, 324, 337-360, 385-388, 560; Mülki Prosesual Məcəllənin 14.2, 53, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 371-372, 385- 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlillər qismən əks edilsədə iddiaçı onları müdafiə etməmiş və apellyasiya instansiyasında qəbul edilməsi mümkünlüyünə sübutlar və əvvəlki tələbindən rəsmi imtina edilməsi barədə yazılı müraciət təqdim etmədən, tam fərqli əsaslar üzərində tərtib edilən tələb irəli sürmüşdür. Mülki Prosessual Məcəllənin 370.1, 372.2. və 372.4–cü maddələrinin tələblərrinə uyğun diqqətə çatdırılmalıdır ki: Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır; Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır; Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Belə olan halda, kollegiya iddiaçının tələbinin və apellyasiya şikayəti arasında prosessual uyğunsuzluğu müəyyən edərək, yeni (birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməyən) tələbin araşdırılması mümkünlüyünü istisna edir və müdafiə edilməyən tələb üzrə apellyasiya şikayətinin təmin edilməməsi qənaətinə gəlir. İddiaçıya izah edilməlidir ki, qeyd edilən və ya hüquqlarının təmin edilməsinə yönəlik digər tələbin birinci instansiya məhkəməsinə təqdim etmək imkanından məhrum etmir. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402- 406-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-603/2022 saylı işi üzrə 15.02.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3890/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3890/2022
31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver