Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3890/2025 18.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMMC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: binanın saxlanması xərclərinə görə borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), İ oğlunun katibliyi ilə, İddiaçı MMMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-776/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 4, mənzil 103 (ünvan 1 ünvanında yerləşən mənzil tam payla xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2020ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır.
2. Bakı şəhəri, Xətai prospekti 38 ünvanında inşa edilən yüksəkmərtəbəli çoxmənzilli binanın sahə mülkiyyətçilərinin xx.xx.2019-cu il tarixli ümumi yığıncağın (qiyabi səsvermə) qərarlarının xx.xx.2019-cu il tarixli protokolunun surətindən görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən çoxmənzilli binanın idarəetmə üsulu olaraq idarəedici təşkilatın seçilməsi, Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” xx.xx.2019cu il tarixli Fərmanının təmini məqsədilə mənzil sahiblərinin çıxarış (kupça) alması üçün lazım olan tədbirlərin görülməsinin idarəedici təşkilata həvalə edilməsi, idarəedici təşkilat olaraq "xxxx" MMC ilə idarəetmə müqaviləsinin bağlanması, kommunal xidmət haqqının hər kvadrat metr üçün 0.30 manat müəyyən olunması qərara alınmışdır.
3. “Nəsimi-45" MMMC xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınaraq hüquqi şəxs statusu əldə etmişdir.
4. Tələb hüququnun verilməsi və borc öhdəliklərinin ötürülməsi haqqında xx.xx.2023-cü il tarixli razılaşmadan müəyyən olunur ki, "xxxx" MMC-nin fəaliyyətini dayandırması və həmin binanın sakinlərinə binanın saxlanması xidmətlərinin göstərilməsi üçün “Nəsimi-45" mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin fəaliyyətə başlaması ilə əlaqədar olaraq tərəflər “Kommunal" MMC-nin Xətai prospekti 38 ünvanında inşa olunmuş yüksəkmərtəbəli çoxmənzilli yaşayış binasının mənzil mülkiyyətçilərinə kommunal xidmət göstərməsi ilə bağlı yaranmış 78.845 manat məbləğində tələb hüququnun "xxxx" mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinə ötürülməsi barədə razılığa gəlmişlər.
5. Həmin Razılaşmaya əlavə siyahında göstərilmişdir ki, 103 №-li mənzil üzrə Cavabdeh xx.xx.2022-ci il tarixədək olan qalıq borcu 26,40 manat təşkil edir.
6. İddiaçı MMMC tərəfindən Cavabdeh ünvanlanmış 17 №-li xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, sonuncudan 5 gün müddətində kommunal xidmətlərə görə yaranmış 254,40 manat borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
7. Binanın saxlanması xərclərinə (kommunal xidmət haqqına) dair borc ilə bağlı maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 162, mərtəbə 10, mənzil № 2 (ünvan 4, Blok D2, mənzil № 103) xx.xx.2025-ci il tarixə borcu 560,50 manat təşkil edir.
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı MMMC cavabdehlər X3, Cavabdeh, X5, X1, X6 və X4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, binanın saxlanması xərclərinə görə xx.xx.2024-cü il tarixinədək borcları yaranmış cavabdehlər: X7 - binanın saxlanması xərclərinə görə 202.30 manat, Cavabdeh - binanın saxlanması xərclərinə görə 330,90 manat, X11 - binanın saxlanması xərclərinə görə 1.130,60 manat, X2 - binanın saxlanması xərclərinə görə 399 manat, X8 – binanın saxlanması xərclərinə görə 664 manat, X12 – binanın saxlanması xərclərinə görə 580,20 manat, həmçinin 500 manat hüquqi xidmət haqqı xərci və dövlət rüsumu üçün ödənilmiş 59 manat, korrespondensiya xərcləri 50 manat məbləğin müştərək qaydada cavabdehlərdən tutularaq İddiaçı MMMC-nə ödənilməsi və binanın saxlanması xərcləri ödənilənədək cavabdehlərə bütün kommunal xidmətlərin göstərilməsinin məhdudlaşdırılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yaşadıqları binada binanın saxlanması xərcləri, o, cümlədən: giriş-çıxışa və əraziyə nəzarətin həyata keçirilməsi; ümumi istifadədə olan sahələrin, həyətin təmizlənməsi; liftlərə xidmət göstərilməsi, saz vəziyyətdə saxlanılması, liftlərin təmiri və elektrik enerjisi ilə təmin olunması; məişət tullantılarının müəyyən olunmuş yerdən daşınması; cari təmir işlərinin həyata keçirilməsi; suyun anbardan nasoslar vasitəsilə mənzilə verilməsi; blokların, pilləkənlərin, həyətlərin işıqlandırılması işləri İddiaçı MMMC tərəfindən həyata keçirilir. “Nəsimi-45" MMMCnin ümumi yığıncağının qərarına əsasən binanın saxlanması xərcləri mənzilin ümumi sahəsinin hər kv.m üçün 30 qəpik məbləğində müəyyən olunmuşdur. Belə ki, "Nəsimi-45” MMMC tərəfindən yuxarıda göstərilən binanın saxlanması xərclərinə görə cavabdehlərin borcları yaranmışdır. Məlum edir ki, cavabdehlərə dəfələrlə şifahi formada müraciətlər olunsa da, onlar binanın saxlanması xərclərinə görə yaranmış borcun ödənilməsindən imtina etmişdir. Sonradan qanunvericiliyə uyğun olaraq həmin şəxslərə pretenziya göndərilmiş, lakin müəyyən olunmuş müddətlər ərzində həmin borc onlar tərəfindən yenə də ödənilməmişdir. Bundan əlavə “Nəsimi-45" MMMC-ni təmsil edəcək səlahiyyətli nümayəndə ilə bağlanmış müqavilə əsasında hüquqi xidmət haqqı kimi 500 manat ödənilmişdir. Hesab edir ki, həmin vəsait də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
10. Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 2376/2024 nömrəli qərardadı ilə İddiaçı MMMC-nın cavabdehlər X3, Cavabdeh, X5, X1, X6 və X4 qarşı “pul” tələbinə dair 2(005)-2376/2023 saylı mülki işdən İddiaçı MMMC-nın Cavabdeh qarşı pul tələbi, İddiaçı MMMC-nın cavabdeh X5 qarşı pul tələbi, İddiaçı MMMC-nın X1 qarşı pul tələbi, İddiaçı MMMC-nin X6 qarşı pul tələbi, iddiaçı "xxxx" MMMC-nın X4 qarşı pul tələbinin ayrılaraq ayrı-ayrı icraatlarda baxılması qərara alınmışdır.
11. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə əlavə ərizə təqdim edərək, binanın saxlanması xərclərinə (kommunal xidmət haqqına) görə xx.xx.2025-ci il tarixinədək borcu yaranmış cavabdeh: Cavabdeh – 560,50 manat pul vəsaitinin və həmçinin 500 manat hüquqi xidmət haqqı xərci və dövlət rüsumu üçün ödənilmiş 59 manat, korrespondensiya xərcləri 50 manat məbləğin cavabdehdən tutularaq “Nəsimi-45" MMMC-nə ödənilməsi və binanın saxlanması xərcləri ödənilənədək cavabdehə bütün kommunal xidmətlərin göstərilməsinin məhdudlaşdırılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, cavabdehdən sonuncu tələb etdikləri məbləğ 560,50 manat təşkil edir. Cavabdeh tərəfindən sonuncu ödəniş 2021-ci ilin dekabr ayında 100 manat məbləğində olub və 2022-ci ildə də ödənişlər olunub. Ödənilmiş məbləğlər qrafikdə öz əksini tapır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Liftlərin işləməsi üçün əsaslı təmir olunmalıdır və qanunvericilikdə göstərilib ki, binada olan əsaslı təmir işlərinin aparılması üçün ayrıca fond yaradılmalıdır və vəsait yığılmalıdır. Bununla bağlı vətəndaşlara şəxsən özü məktub yazmışdır. Qeyd edir ki, 60.000-70.000 manat hazırda borc var və məhkəmə yolu ilə vətəndaşlardan tələb edirlər. Liftin təmiri 45.000 ABŞ dolları təşkil edir və təklif etmişlər ki, ya fond yaradılsın, ya da sakinlər özləri həmin məbləği yığsınlar. Lakin hər hansı bir nəticə əldə olunmamışdır. Cavabdeh tərəfindən 500 manat məbləğinin verilməsi iddiasını araşdırmış, həmin məlumat öz əksini tapmamışdır.
13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, mənzil 2019-cu ildə alınmışdır və mülkiyyətçi həyat yoldaşı Cavabdehdır. Komunal ödənişlər 2023-cü ilə qədər ödənilib və evi aldıqları vaxt MMC-yə 500 manat çıxarışın alınması üçün ödəniş etmişlər. Daha sonra əsas onlara lazım olan liftin biri işləmirdi və onun təmiri üçün Vahid adlı şəxsə 200 manat əlavə ödəniş etmişdir. Mənzilə köçdükdən sonra evi təmir edib və yeni əşyalar gətirdikdən sonra liftin olmaması onun üçün böyük çətinliklər yaratmağa başladı. Xanım komendanta yaxınlaşmış və liftin hansı səbəbdən işləməməsini soruşmuşdur. O, isə bildirdi ki, lift hələ düzəlmir və hansı səbəbdən digər qonşulardan yox, ancaq ondan ödənişin tələb olunmasını soruşmuşdur. Ona bildirmişlər ki, mənzili təmir etdirmişdir və əşyaların daşınması üçün alınıb. Hal-hazırda liftdən istifadə edə bilmir və əkiz övladları olduğu üçün çətinlik çəkir. Bundan əlavə məhkəmə qərarının olmasına baxmayaraq avtomobil dayanacağını bağlayıblar və açmırlar. Qeyd olunanlara əsasən İddiaçı MMMC-dən narazıdır və bu səbəbdən ödənişlər etmir. Lakin lift nə vaxt işləyərsə, ödənişi tam etməyə hazırdır.
14. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 776/2025 nömrəli qətnaməsi ilə (hakim S.V.Nuriyeva) iddia qismən təmin edilmiş, Cavabdeh 534 manat borcun və 20 manat dövlət rüsumunun tutularaq İddiaçı MMMC-nın xeyrinə ödənilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh MMMC arasında mənzilin kommunal xidmətlərinin ödənilməsinə görə birbaşa müqavilə bağlanmasa da, çoxmənzilli binanın sahə mülkiyyətçisi olan cavabdeh, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmasa belə bu hallar onu, ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir.
16. Bununla belə qeyd olunan binanın sahə mülkiyyətçisi, həmin binada yerləşən Blok D2, 103 №-li mənzilin sahibi Cavabdeh ona məxsus olan sahənin saxlanması xərcləri çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda borcu ödəməmişdir.
17. Qanunvericiliyə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı MMMC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
18. Cavabdehdən yaranmış borca görə tutulmalı olan məbləğə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı “Nəsimi-45" MMMC xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınaraq hüquqi şəxs statusunu əldə etdiyi andan müvafiq hüquq və vəzifələr əldə etmişdir. Belə olan halda “Nəsimi-45" MMMC-nin idarəetməsində olan binanın ümumi əmlaklarının idarə olunması, habelə ümumi əmlakların idarə edilməsi üçün sakinlərdən müəyyən olunmuş kommunal ödənişləri hüquqi şəxsin qeydiyyata alındığı xx.xx.2022-ci il tarixdən sonra tələb etmək hüquqları yaranmış olur.
19. xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən yaranmış 78.845 manat məbləğində borc tələb etmək hüququ, eləcə də "xxxx" MMC-nin "xxxx" ASC-yə, "xxxx" MMC-yə və icarə haqqına görə cəmi 78.528 manat borc öhdəliyi MMMC-yə ötürülmüş, idarə heyətinin sədrinin bağladığı həmin müqavilə əsasında MMMC-nin öz üzvlərindən borcun ödənilməsini tələb etmək hüququ, həmçinin borcu ödəmək öhdəliyi yaranmışdır.
20. Məhkəmə hesab etmişdir ki, çoxmənzilli binada yerləşən mənzil mülkiyyətçilərinin razılığı olmadan onlar üçün, habelə MMMC üçün öhdəlik yaradan by müqavilə - razılaşma etibarlı hesab edilə bilməz. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixədək yaranmış borcların tutulması barədə tələb irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Məhkəmə qeyd olunanları nəzərə alaraq 560,50 manat ümumi borcun iddiaçının tələb etmə hüququ yarandığı, yəni yalnız 2022-ci ilin sentyabr ayından etibarən cavabdehin mülkiyyətində olan mənzilə dair kommunal ödənişlər müəyyən edilərək, cavabdehdən tutulmasını qanuni hesab etmişdir.
21. Binanın saxlanması xərclərinə (kommunal xidmət haqqına) dair borc ilə bağlı maliyyə arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 162, mərtəbə 10, mənzil № 2 üzrə (ünvan 4, Blok D2, mənzil № 103) 2021-ci ilin oktyabr ayından xx.xx.2025-ci il tarixə borcu 560,50 manat, 2022-ci ilin sentyabr ayından xx.xx.2025-ci il tarixə borcu isə edilmiş ödənişlər nəzərə alınmaqla 534 (2022-ci ilin sentyabr-dekabr ayları üzrə borc: 25.50+25.50+25.50+25.50=102 manat; 2023-cü il üzrə borc: 306 manat; 2024-cü il üzrə borc: 306 manat; cəmi ödəniş: 80+100=180 manat; 102+306+306-180=534) manat təşkil edir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab etmişdir ki, iddiaçının 2022-ci ilin sentyabr ayından etibarən cavabdehin mülkiyyətində olan mənzilə dair kommunal xidmətlərə görə yaranmış borcu tələb etməkdə subyektiv hüquqa malik olması, cavabdeh tərəfindən edilmiş ödənişlər nəzərə alınmalı, Cavabdeh 534 (beş yüz otuz dörd) manat tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
22. Məhkəmə iddiaçının, vəkilin göstərdiyi yardıma görə 500 manat, korrespondensiya xərclərinə görə 50 manat məbləğində pulun cavabdehdən tutulması tələbinə münasibətdə qeyd edir ki, iddiaçı həmin xərcləri təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən iddia həmin hissədə təmin edilə bilməz. İddiaçının binanın saxlanma xərcləri ödənilənədək cavabdehə bütün kommunal xidmətlərin göstərilməsinin məhdudlaşdırılması tələbinin isə hər hansı bir qanuni əsası olmadığından təmin edilməməlidir.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 44.1, 360.1, 387.3, 442, 443.1, 445, 445.2.1, 448.1-ci maddələrinə, Mənzil Məcəlləsinin 29.3, 38.1, 38.2, 119.1, 120.5, 121.1, 122.3, 135.1, 135.2.3, 137.1, 137.4, 140.1, 140.3, 141.3, 142.4, 142.10-maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Ələsgərovanın şikayəti üzrə 29 dekabr 2015-ci il tarixli Qərarına, AR Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2020-ci il tarixli, “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 124.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
24. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMMC yaranan zaman "xxxx" MMC bütün tələb hüquqlarını İddiaçı MMMC-yə ötürmüşdür. Eyni zamanda, İddiaçı MMMC də "xxxx" MMC-nin borclarını ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Lakin məhkəmə iddianın qismən tələb edilməsinin səbəbi olaraq göstərmişdir ki, "xxxx" MMMC yalnız xx.xx.2022-ci il tarixdən başlayaraq xidmət haqqına görə ödəniş tələb edə bilər. Göründüyü kimi, məhkəmə düzgün qərar qəbul etməmişdir. Əgər "xxxx" MMMC "xxxx" MMC-nin borclarını ödəməyi öz üzərinə götürübsə, eyni zamanda qarşılıqlı olaraq da "xxxx" MMC-nin çoxmənzilli yaşayış binasının mənzil mülkiyyətçilərinə kommunal xidmət göstərməsi ilə bağlı xx.xx.2022-ci il tarixədək yaranmış 78.845 manat məbləğində tələb hüququ da "xxxx" MMMC-yə ötürülməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür.
29. Azərbayan Respublikasının Mənzil Məcəlləsi: Maddə 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Maddə 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Maddə 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Hazırkı işdə iddia qismən edildiyindən, apellyasiya şikayətinin məzmununa əsasən iddiaçı qətnaməni binanın saxlanmasına görə xərclərin cavabdehdən tutulması ilə bağlı iddianın təmin olunmayan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia həmin hissədə təmin edilməlidir.
34. İşdə olan sübutlarla müəyyən edilir ki, "xxxx" MMMC ünvan 4 ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağına əsasən yaradılmış və xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmin dövrə qədər binanın saxlanması xidmətləri "xxxx" MMC tərəfindən həyata keçirilmiş, İddiaçı MMMC ilə "xxxx" MMC arasında mənzil mülkiyyətçilərinə olan tələb hüququnun verilməsi və borc öhdəliklərinin ötürülməsi haqqında xx.xx.2023-cü il tarixli razılaşma bağlanmışdır.
35. Birinci instansiya məhkəməsi “Nəsimi-45" MMMC-nin sakinlərdən müəyyən olunmuş kommunal ödənişləri tələb etmək hüquqlarının hüquqi şəxs kimi qeydiyyata alındığı xx.xx.2022-ci il tarixdən sonra yarandığına istinad edərək, cavabdehin 103 №-li mənzil üzrə xx.xx.2022-ci il tarixədək olan 26,40 manat borcuna münasibətdə iddia tələbini rədd etmişdir.
36. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın.
37. xx.xx.2022-ci il tarixinədək "xxxx" MMC-nin bina sakinlərinə mənzil-kommunal xidməti göstərməsi, bunun müqabilində 103 №-li mənzil üzrə Cavabdeh həmin tarixə 26,40 manat borcunun yaranması və borcu tələb etmək hüququnun “Nəsimi-45" MMMCyə ötürülməsi iş materialları ilə öz təsdiqini tapır və bu tələbin güzəşti mülki qanunvericiliyin tələblərinə zidd deyil.
38. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı “Nəsimi-45" MMMC Cavabdeh xx.xx.2022-ci il tarixədək binanın saxlanmasına görə olan 26,40 manat borcunun ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-776/2025 nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilməli, cavabdehdən 26,40 manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməlidir.
40. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 776/2025 nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh 26.40 manat məbləğində vəsait və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 16 manat dövlət rüsumunun məbləği tutularaq İddiaçı MMMCnın xeyrinə ödənilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: