Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3891/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(002)-138/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 027R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər üzrə 3198,73 ABŞ dolları məbləğində kredit borcunun, 2527,39 ABŞ dolları məbləğində faiz borcunun, 1406,23 ABŞ dolları məbləğində cərimənin, ümumilikdə 7132,92 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində istifadədə olan 0,02412 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 2 mərtəbəli binada xüsusi mülkiyyətdə olan ümumi sahəsi 40 kv.m-dən ibarət 2 otaqlı 8 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması və tutulmalı məbləğin həmin mənzilin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 ümumi qaydada tutulması, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində istifadədə olan 0,02412 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 2 mərtəbəli binada xüsusi mülkiyyətdə olan ümumi sahəsi 40 kv.m-dən ibarət 2 otaqlı 8 nömrəli mənzilə tutma yönəldikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh2nın həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 27.10.2014-cü il tarixli 027L**********08 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 80000 (səksən min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 29.10.2014-cü il tarixli 027R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 06.07.2015-ci il tarixli 027R**********S saylı, 24.02.2016-cı il tarixli 027R**********SA saylı, 01.07.2016-cı il tarixli 027R**********SB saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 10.07.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 6801,27 ABŞ dolları ödəmiş, onun 3198,73 ABŞ dolları məbləğində əsas kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Cavabdehin faiz borcu 2527,39 ABŞ dolları təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka qoyan Cavabdeh2 ilə bank arasında bağlanılmış 28.10.2014-cü il tarixli 027M**********01 saylı ipoteka müqaviləsi əsasında onun Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində istifadədə olan 0.02412 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 2 mərtəbəli binada xüsusi mülkiyyətdə olan ümumi sahəsi 40 kv.m-dən ibarət 2 otaqlı 8 nömrəli mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(002)-138/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 3198,73 ABŞ dolları əsas borc, 2527,39 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 5826,12 ABŞ dolları məbləğində borc pul vəsaiti (icra gününə Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla), iddia ərizəsinə görə 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına görə 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutularaq iddiaçı "AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tutmanın Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində istifadədə olan 0,02412 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 2 mərtəbəli binada Cavabdeh2 xüsusi mülkiyyətində olan ümumi sahəsi 40 kv.m-dən ibarət 2 otaqlı 8 nömrəli mənzilə yönəldilməsi, həmin mənzil ilkin satış (likvid) qiyməti 18000 manat müəyyən edilməklə açıq hərracda satılması və tutulmalı məbləğ həmin mənzilin açıq hərracda satışından əldə olunacaq vəsait hesabına iddiaçı "AccessBank” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi. Satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh2 ümumi qaydada tutulması, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində istifadədə olan 0,02412 ha topaq sahəsində yerləşən 21 nömrəli, 2 mərtəbəli binada Cavabdeh2 xüsusi mülkiyyətində olan ümumi sahəsi 40 kv.m-dən ibarət 2 otaqlı 8 nömrəli mənzilə tutma yönəldikdən və o, satıldıqdan 1 (bir) ay sonra Cavabdeh2 həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq alıcıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(002)-138/2021 saylı qərardadı ilə Cavabdeh1 16.02.2019-cu il tarixdə vəfat etdiyindən iddia ərizəsinə ona münasibətdə xitam verilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilmiş hissədə ləğv edilməsi və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank tərəfindən hesablanmış əsas borcun rəqəmləri, faizlərlə bağlı rəqəmlər, cərimə ilə rəqəmlər həqiqəti əks etdirmirlər, bu rəqəmlərin mənbəyi, əsasları bəlli deyildir. Hazırkı iddia üzrə birinci instansiya məhkəməsində mühasibatlıq ekspertizası təyin edilməli, borcla bağlı həqiqi rəqəmlər müəyyən edilməli idilər. Təəssüflər olsun ki, bu baş verməmişdir, niyyət tez bir zamanda, mülkiyyətində olan 2 otaqlı mənzili, su qiymətyinə almaq və faydalanmaq olmuşdur. Mülkiyyətində olan 2 otaqlı mənzili qiymətləndirərək rəy tərtib etmiş "xxxx" MMC-yə qarşı məhkəmədə iddia qaldırmışdır, cavabdeh "xxxx" MMC-nin Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində istifadədə olan 0,02412 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 2 mərtəbəli binada ümumi sahəsi 40 kv.m-dən ibarət 2 otaqlı 8 nömrəli mənzilin qiymətləndirilməsi barədə tərtib etdiyi 193/1 nömrəli 28.10.2020-ci il tarixli ekspert rəyinin etibarsız hesab edilməsinə, həmin rəyin ləğv edilməsini xahiş etmişdir. Bununla yanaşı, hesab edir ki, apellyasiya instansiyası məhkəməsində hazırkı iş üzrə mühasibatlıq ekspertizası təyin edilməlidir. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi əsas borcun və ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, 27.10.2014-cü il tarixli 027L**********08 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 120 ay müddətinə 80000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 29.10.2014-cü il tarixli 027R********** saylı kredit razılaşmasından görünür ki, "AccessBank” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış həmin kredit razılaşmasına əsasən Cavabdeh2 36 ay müddətinə aylıq 2.1667% ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. 06.07.2015-ci il tarixli 027R**********S saylı, 24.02.2016-cı il tarixli 027R**********SA saylı, 01.07.2016-cı il tarixli 027R**********SB saylı sazişlərin surətlərindən görünür ki, razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. 21.07.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 29.10.2014-cü il tarixli 027R********** saylı kredit razılaşması üzrə 30.06.2020-ci il tarixinə 3198,73 ABŞ dolları məbləğində əsas borc, 2527,39 ABŞ dolları məbləğində faiz borcu, 1406,23 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə 7132,35 ABŞ dolları məbləğində borcu vardır. 28.10.2014-cü il tarixli 27M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində istifadədə olan 0,02412 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 2 mərtəbəli binada xüsusi mülkiyyətdə olan ümumi sahəsi 40 kv.m- dən ibarət 2 otaqlı 8 nömrəli mənzil uzunmüddətli kredit müqaviləsi üzrə cavabdehin öhdəliklərinin icrasının təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. "xxxx" MMC-nin 193/1 nömrəli, 28.10.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində istifadədə olan 0,02412 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 2 mərtəbəli binada xüsusi mülkiyyətdə olan ümumi sahəsi 40 kv.m-dən ibarət 2 otaqlı 8 nömrəli mənzilin likvid dəyəri 18000 manat təşkil edir. Ekspertiza mənzilə baxış keçirilmədən aparılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, cavabdeh (borcalan) müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini borcluya vermişdir. Bunun nəticəsində bankın borcludan kredit üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, o isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclu müqavilələr üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. İlk əvvəl məhkəmə kollegiyası iddia tələbinin əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddanın faiz borcunun tutulması hissəsi ilə bağlı düzgün nəticəyə gəlsə də, əsas borcun tutulması hissəsində səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası tərəfindən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.06.2021-ci il tarixli 9/2641 saylı ekspert rəyinə əsasən, Cavabdeh2 11.03.2019-cu il tarixə (kredit razılaşması üzrə öhdəliklərin icrasının sonunadək) 7240,28 ABŞ dolları əsas, 3943,32 ABŞ dolları faiz (maliyyə arayışıverilən tarixə); 30.06.2020-ci il tarixə 1052,48 ABŞ dolları əsas, 3943,32 ABŞ dolları faiz; 25.01.2021-ci il tarixə (qətnamə qəbul edilən tarixə) 1052,48 ABŞ dolları əsas, 3943,32 ABŞ dolları faiz borcu mövcuddur. Qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin kredit borcu üzrə əsas borcunun ekspertiza rəyində göstərilən məbləğdə nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi əsas borc məbləği üzrə maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanır və iddiaçının mövqeyini əks etdirir. Buna baxmayaraq, kollegiya qeyd edir ki, iddiaya tələbdə göstərilən həddə baxıldığından faiz borcunun ekspert rəyində göstərilən məbləğdə nəzərə alınması hüquqmüəyyənlik prinsipinə ziddir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, borclu tərəfindən Banka ödənilməmiş əsas borcunun məbləği 1052,48 ABŞ dolları. İddianın cərimə borcu ilə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə əsaslı olmuşdur. Belə ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə cəriməni azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə almır. Cərimə ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası Mülki Məcəllənin 467-ci maddəsinə uyğun olaraq hesab edir ki, kredit müqaviləsi üzrə cərimə borcunun 100 ABŞ dolları məbləğində müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tələbin ipoteka ilə yüklü edilmiş ipoteka predmetinə yönəldilməsi, həmin daşınar əmlakın açıq hərraca çıxarılması, satılması və əldə ediləcək vəsaitin banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilmiş vəsait kifayət etmədiyi təqdirdə borcun ümumi qaydada icra edilməsi barədə düzgün nəticəyə gəlsə də, ipoteka predmetinin ilkin satış qiyməti müəyyənləşdirilməmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İş materiallarından görünür ki, ipoteka müqaviləsi bağlanarkən ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində istifadədə olan 0,02412 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 2 mərtəbəli binada xüsusi mülkiyyətdə olan ümumi sahəsi 40 kv.m-dən ibarət 2 otaqlı 8 nömrəli mənzilin bazar dəyəri 18.000 ABŞ dolları müəyyən edilmişdir. Kollegiya tərəfindən təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair "xxxx" MMC-nin ƏEM/A 64-830/21 saylı 23 avqust 2021-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində istifadədə olan 0,02412 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 2 mərtəbəli binada xüsusi mülkiyyətdə olan ümumi sahəsi 40 kv.m-dən ibarət 2 otaqlı 8 nömrəli mənzilin likvid dəyəri 22.000 manat müəyyən edilmişdir. Kollegiya hesab edir ki, "xxxx" MMC-nin tərəfindən ekspertiza tədqiqatı aparılarkən, mübahisəli əmlaka baxış keçirilmədiyindən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində istifadədə olan 0,02412 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 2 mərtəbəli binada xüsusi mülkiyyətdə olan ümumi sahəsi 40 kv.m-dən ibarət 2 otaqlı 8 nömrəli mənzilin likvid dəyəri ekspert rəyi ilə 22.000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçini hesab edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 200 manat Cavabdeh2 tutularaq, "xxxx" MMC-nin hesabına ödənilməlidir. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 200 manat məbləğində pulun, 100 manatı Cavabdeh2 və 100 manatı İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(002)-138/2021 saylı qətnaməsi əsas borcun hesablanması, ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, Cavabdeh2 tutulmalı əsas borcunun məbləği 1052,48 ABŞ dolları müəyyən edilməli, ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində istifadədə olan 0,02412 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 2 mərtəbəli binada xüsusi mülkiyyətdə olan ümumi sahəsi 40 kv.m-dən ibarət 2 otaqlı 8 nömrəli mənzilin likvid qiyməti 22.000 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 200 manat Cavabdeh2 tutularaq, "xxxx" MMC-nin hesabına ödənilməli, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 200 manat məbləğində pulun, 100 manatı Cavabdeh2 və 100 manatı İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(002)-138/2021 saylı qətnaməsi “əsas borcun hesablanması, ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində” dəyişdirilsin. Cavabdeh2 tutulmalı əsas borcunun məbləği 1052,48 ABŞ dolları müəyyən edilsin. İpoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində istifadədə olan 0,02412 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 2 mərtəbəli binada xüsusi mülkiyyətdə olan ümumi sahəsi 40 kv.m-dən ibarət 2 otaqlı 8 nömrəli mənzilin likvid qiyməti 22.000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 200 manat Cavabdeh2 tutularaq, "xxxx" MMC-nin hesabına ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 200 manat məbləğində pulun, 100 manatı Cavabdeh2, 100 manatı isə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-3891/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3891/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver