Məhkəmə qərarları › İş №2(103)-3891/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3891/2022

20.06.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3891/2022 20.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, vəkili X10, Cavabdeh QSC-nin nümayəndəsi X2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müddafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi işə buraxılmamağa görə əmək haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-845/2022 saylı işi üzrə 26 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin Baş Direktoru tərəfindən İddiaçı haqqında əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2021-ci il tarixli 702/A nömrəli əmrini ləğv edib, onu işə bərpa etmək və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh QSC ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 377, 375; Əmək Məcəlləsinin 296-cı maddələrinə istinadən, İddiaçı Cavabdeh QSC-yə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi işə buraxılmamağa görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə fərdi əmək mübahisəsinin həlli ilə bağlı məhkəməyə müariət edilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətinin keçməsini nəzərə alıb, iddia ərizəsinin təmin edilməməsi, rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir(iş səh.139). Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: - 24 yanvar 2018-ci il tarixli Əmək Müqaviləsi ilə İddiaçı ”AZZA” Qapalı Səhmdar Cəmiyyətində nəzarətçi vəzifəsinə təyin olunmuşdur, müqaviləyə əsasən, müqavilənin 8.2. bəndinə dəyişiklik edilərək, İddiaçı «Nəzarətçi» sözü «Auditor» sözü ilə əvəz edilmişdir. Həmin müqavilədə İddiaçı istirahət günləri hər həftənin «çümə axşamı» və «bazar» günləri müəyyən olunmuşdur; - xx.xx.2021-ci il tarixli təqdimata əsasən, ”AZZA” Qapalı Səhmdar Cəmiyyətinin Təhlükəsizlik Departamentinin müdiri vəzifəsində işləyən X3 ”AZZA” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoruna müraciət edərək, İddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində ”AZZA” Qapalı Səhmdar Cəmiyyətinin qanuni mənafeyinə çiddi xələl gətirilməsini nəzərə alıb, onun barəsində qanuni tədbir görülməsini xahiş olunmuşdur; - ”AZZA” Qapalı Səhmdar Cəmiyyətinin İnsan Resursları şöbəsinin müdiri Marqit Balaton tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən, ”AZZA” Qapalı Səhmdar Cəmiyyətinin Təhlükəsizlik Departamentinin müdiri vəzifəsində işləyən X3 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş təqdimatın araşdırılması zamanı Cavabdeh QSC-də auditor vəzifəsində işləyən İddiaçı müəssisədaxili iş rejimi qaydalarını pozaraq həftələrarası istirahət günlərindən cümə axşamı və bazar günləri istifadə etməli olduğu halda, rəhbərliyin razılığını almadan özbaşına olaraq həftələrarası istirahət gönlərindən şənbə və bazar günləri istifadə etməklə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində ”AZZA” Qapalı Səhmdar Cəmiyyətinin qanuni mənafeyinə ciddi xələl gətirməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin "e” bəndinin tələblərini pozmaqla əmək vəzifələrinin kobud şəkildə pozuntusuna yol verməsinin tam təsdiq olunduğunu nəzərə alıb, onun barəsində qanuni tədbir görülməsinə göstəriş verilməsi xahiş olunmuşdur; - ”AZZA” Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli № 702/A nömrəli "işdən azad olunma barədə” Əmrə əsasən, "AZZA” QSC-nin auditor vəzifəsində işləyən İddiaçı müəssisədaxili iş rejimi qaydalarını pozaraq həftələrarası istirahət günlərindən cümə axşamı və bazar günlərindən istifadə etməli olduğu halda rəhbərliyin razılığını almadan özbaşına olaraq həftələrarası istirahət günlərindən şənbə və bazar günləri istifadə etməklə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində Cavabdeh QSC-nin qanuni mənafeyinə ciddi xələl gətirməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinin tələblərini pozmaqla əmək vəzifələrinin kobud pozuntusuna yol vermişdir. Qeyd olunanlara əsasən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi rəhbər tutularaq onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdi. İstifadə edilməmiş 6 günlük əmək məzuniyyətinə görə ona kompensasiya ödənilmişdir (iş.səh.17-20, 60-63). Birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilmiş, lakin qiymətləndirilməyən əmək qabiliyyətinin olmaması vərəqəsi ilə müəyyən edilir ki, xx.xx.2021-ci tarixdən iddiaçının əmək qabiliyyəti olmamış və işə xx.xx.2021-ci il tarixdə çıxmalı olmuşdur( iş səh.73). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-845/2022 nömrəli saylı işi üzrə 26 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 71, 76, 83, 84, 91.1, 186.2, 187.1, 296, 300,371, 377; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmaqla ləğv edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, “işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi işə buraxılmamağa görə əmək haqqının ödənilməsi” barədə iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. İddiaçı apellyasiya şikayəti verərək, apelyasiya şikayətinin təmin edilməsi, Nəsimi Rayon Məhkəməsinin 2(006)-845/2022 nömrəli saylı işi üzrə 26 yanvar 2022-ci il tarixli tarixli qətnaməsinin tam ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 35; Mülki Prosessual Məcəllənin 9, 14; Əmək Məcələsinin 46-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsi iddiaçı-İddiaçı əmək huquqlarının kobud surətdə pozulması ilə nəticələn qətnamə qəbul etməklə, ağır maddi duruma salmış və maddi huquq normaları kobud surətdə pozulmuşdur. AZZA" QSC-nin rəhbərliyi ilk olaraq bağladığı müqavilədə ağ saxladıqları qrafalara özlərinə sərf etdiyi formada iddiaçı-İddiaçı razılığı olmadan əlavələr etmiş və müqaviləni saxtalaşdırmışlar. Həmin saxtalaşdırılmış müqaviləni isə Bakı şəhəri Nəsimi rayon Məhkəməsində məhkəmə prosessi zamanı düzgün kimi təqdim olunmuş və bizim dəfələrlə verdiyimiz vəsatətlər nəzərə alınmayaraq və müqavilənin əsli məhkəməyə təqdim olunmamış və Bakı şəhəri Nəsimi rayon Məhkəməsi bu hallar qiymət yetirmədən əsassız olaraq iddiaçının huquqlarının pozulmasına səbəb olan qətnamə qəbul olunmuşdur, iddiaçı-İddiaçı qanuni nümayəndəsinin təqdim etdiyi sübutlara məhkəmə nədənsə ikinci dərəcəli sübutlar kimi baxmış, lakin cavabdeh- "xxxx" QSC-nin nümayəndəsinin təqdim etdiyi və heç bir reallığa əsaslanmayan sübutları isə əsassız olaraq möhtəbər sübutlar kimi qiymətləndirmişdir. Məhkəmə MPM-nin tələblərinə əsasən, tərəflərin prosessual hüquqlarının həyata keçirilməsinə kömək göstərməli olduğu halda, iddiaçıya köməklik göstərməmiş, əksinə qətnamənin təsfiri hissəsində əmək mübahisələrindən irəli gələn mübahisəni cavabdehlərin xeyrinə olaraq həll edərək, onun hüquqlarının pozulmasına səbəb olan məhkəmə qətnaməsi qəbul etmişdir. Ona görə də Bakı şəhəri Nəsimi rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini kobud surətdə pozduğuna, qeyri-obyektiv və qanunsuz qətnamə qəbul etdiyinə görə qətnamə Apellyasiya qaydasında ləğv olunmalı və yeni qətnamə qəbul olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə ərizə təqdim edərək (apellyasiya şikayətinə və ərizəyə uyğun izahat vermişdir), xx.xx.2021xx.xx.2021-ci il tarixinədək Cavidin məzuniyyətdə olduğunu, xx.xx.2021-ci il tarixində işə çıxmalı olduğunu, xx.xx.2021-xx.xx.2021-ci il tarixinə qədər xəstəlik bülletenində olduğunu, lakin cavabdeh tərəfindən təqdim edilmiş qrafiklərdə Cavidin həmin tarixlərdə işdə olmasının göstərildiyini, Vüsal Vəliyev tərəfindən xx.xx.2021-ci il təqdimat verildiyini və bunun Cavidin işdən çıxarılmasına əsas olduğunu, xx.xx.2021-ci il tarixində iddiaçının işdə olduğunu, xx.xx.2021-ci il tarixi üçün Kənan Məmmədovdan icazə aldığını,ayın 4-ü və 5-i onun yerinə Həmid Quliyevin işə çıxdığını, növbəti həftə xx.xx.2021-ci il tarixində, həftənin 4-cü günü öz istirahət günündə iddiaçının işə çıxdığını xx.xx.2021-ci il tarixində Vüsal Vəliyevdən mail vasitəsilə həftə içi beş gün işlədiyi və istirahət günlərinin şənbə və bazar günlərinə salınması barədə xahiş etdiyini, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində Həmid Quliyevin yenidən Cavidin yerinə işə çıxdığını, əmək müqaviləsi üzrə 6 dəyişiklik olduğunu, müəssənin nümayəndəsinin öz etirazında və ifadəsində həmin dəyişikliklərin xx.xx.2021-ci il tarixində edildiyini bildirdiyini, X6 tərəfindən isə xx.xx.2021-ci il tarixli məktubu ilə Cavidin maaşının 2021-ci ilin may ayından 850 manat olduğunun müəyyən edildiyini, təkcə bu faktın dəyişikliklərin sonradan aparıldığını sübut etdiyini, Əmək Müfəttişliyi tərəfindən isə xx.xx.2021-ci il tarixli məktubu ilə xx.xx.2021-ci il tarixindən iddiaçının məzuniyyətinin 30 gün olduğunun müəyyən edildiyini, belə olan halda bu halın niyə görə dəyişikliklərə əlavə edilmədiyini sual etdiklərini, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin mərkəzləşdirilmiş elektron sistemə məlumatların xx.xx.2021-ci il tarixində 09:40-da yerləşdirildiyini,bu halda sonuncu iş günündə niyə görə iddiaçıya əmr surətinin, son-haqq hesabın, əmək kitabçasının verilmədiyini, əksinə davamiyyət cədvəlində həmin tarixdə Cavidin işdə olduğunun göstərildiyini, halbuki xx.xx.2021-ci ildən Təhlükəsizlik Xidmətinin rəisi Vüsal Vəliyevin qanunsuz göstərişi ilə iddiaçının işdən azad olunduğunu, həmin tarixdə poçt vasitəsilə işdən azad olunduğu və yeni qrafiklə işə çıxdığı barədə ərizə yazdığını, lakin cavabdeh tərəfindın həmin ərizənin araşdırılmadığını və cavab verilmədiyini, Cavid işdən çıxdıqdan 6 ay sonra mərkəzləşdirilmiş elektron sistemdə oktyabr ayı üçün 154 manat hesablama göstərildiyini və buna qarşı tərəfin aydınlıq gətirməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı müqavilədə olan dəyişikliklərə imza etdiyini xatırlamadığını, özbaşına bir hərəkət etmədiyini, icazə alaraq istirahət günlərini dəyişdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili X10 apellyasiya şikayətini müdafiə edərək müqavilədə boş yer saxlayıb dəyişikliklərin sonradan əlavə olunduğunu, bunun qanunvericiliyə uyğun olmadığını, müqavilədə olan bəndlərin eyni zamanda yazılmadığını və izahatın təsir altında alındığını bildirmiş, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz təqdim edərək, qarşı tərəflə məsələnin barışıq yolu ilə həll edilməsinin mümkün olmadığını, iddiaçı tərəfin əmrin qanunsuz və əsassız olmasını sübut edən bir dəlil irəli sürə bilmədiyini, istirahət günü kimi cümə axşamı və bazar günlərinin Cavidin öz razılığı ilə müəyyənləşdirildiyini, özbaşına olaraq cümə axşamı olan istirahət gününü şənbə gününə keçirdiyini və izahatında həftənin dördüncü günü olan istirahət gününü altıncı gününə keçirdiyini qeyd etdiyini, işə gəlməməsinin səbəbi soruşulduqda taksi xidmətinin ləğv olunmasını göstərdiyini, iddaçının belə bir hərəkətlə idarənin qanuni mənafeyinə ciddi ziyan vurduğunu, işçilər arasında nizam-intizam qaydalarını pozduğunu, müəssisədə çalışan 1200 nəfər işçi belə bir hərəkət edərsə müəssisəyə ciddi narahatçılıq yaradacağını bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müddafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X7 vətəşdaşın müraciətlərinə əsasən araşdırılma aparılıb yekun cavab verildiyini, lakin son haqq-hesabın düzgün hesablanması qaydasının onlara təqdim edilmədiyini və müqavilədə olan dəyişikliklərin nə vaxt qüvvəyə minməsini müəyyən etməyin mümkün olmadığını, eyni zamanda iddaçının həmin dəyişikliklərlə bağlı razılıq ərizələrinin olub-olmadığının müəyyənləşdirilmədiyini, müqavilədə olan imzanın hansı dəyişikliyə aidliyi aydın olmadığını üçün işdən çıxarılmanın qanuni və yaxud qanunsuz olduğunu barədə vətəndaşa cavab verməyin mümkün olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 2, 7, 11, 68, 70-ci maddəsinin “ç” bəndi, 71, 72 maddəsinin “a” bəndi, 76, 80, 83, 84, 89, 182- 184, 186-190, 296-300; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 560; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 76.1, 77.1, 80, 82.1, 88, 217.4, 220, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına (həqiqətə) tam uyğun gəlməmiş, qanun və müqavilə üzrə vəzifələrə, habelə təqdim edilmiş təkzibedilməz sübutlara lazımi qiymət verilməmiş və bununla da yanlış nəticə hasil olunmuşdur. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın istinad etdiyi əsaslar düzgün olmadığından apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-845/2022 nömrəli saylı işi üzrə 26 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir. Belə ki, işdən azad edilməsi barədə əmrin verilməsinə əsas olan halların qanunvericiyə müvafiq uzlaşması uyğunluq təşkil etməmişdir. "İşdən azad olunma barədə” Əmrə əsasən "AZZA” QSC-nin auditor vəzifəsində işləyən İddiaçı müəssisədaxili iş rejimi qaydalarını pozaraq həftələrarası istirahət günlərindən cümə axşamı və bazar günlərindən istifadə etməli olduğu halda rəhbərliyin razılığını almadan özbaşına olaraq həftələrarası istirahət günlərindən şənbə və bazar günləri istifadə etməklə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində Cavabdeh QSC-nin qanuni mənafeyinə ciddi xələl gətirməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinin tələblərini pozmaqla əmək vəzifələrinin kobud pozuntusuna yol vermişdir. Qeyd olunanlara əsasən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi rəhbər tutularaq onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Burada Cavabdeh QSC-nin qanuni mənafeyinə ciddi xələl gətirməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinin tələblərini pozmaqla əmək vəzifələrinin kobud pozuntusuna yol verməsi cavabdeh tərəfindən sübuta yetirilməli olduğu halda buna aydınlıq gətirilməmişdir. Əmək Məcəlləsinin 71-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Göründüyü kimi, işəgötürən əmək qanunvericiliyinin tələblərinə riayət etmədiyindən və əsassız əmr verdiyindən, apellyasiya şikayəti və iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 845/2022 saylı işi üzrə 26 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı iddiası təmin edilsin. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin Baş Direktorunun İddiaçı haqqında əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2021-ci il tarixli 702/A nömrəli əmri ləğv edilərək, İddiaçı işə bərpa edilsin və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar