Məhkəmə qərarları › İş №2(103)-3891/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3891/2025

04.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3891/2025 04.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması X1 (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbi”nə dair iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)-1414/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında xx.xx.2019-cu il taixdə bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı həmin tarixdə cavabdeh cəmiyyətə icraçı direktor vəzifəsinə işə qəbul olmuşdur. Cavabdehin xx.xx.2024cü il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş və həmin tarixdə onunla son haqq-hesab aparılaraq ümumilikdə 11.120,63 manat məbləğində pul vəsaiti onun əmək haqqı kartına köçürülmüşdür. İddiaçı əmək kitabçasını xx.xx.2024-cü il tarixdə almış, xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş, xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış almış, xx.xx.2025-ci il tarixində hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 77/24 saylı, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta əmək haqqının və mediasiya xərci olaraq ödənilmiş 50 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdeh şirkətdə sonuncu dəfə kommersiya direktoru vəzifəsində çalışmışdır. Onunla cavabdeh arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış, lakin bu müqavilənin 1 nüsxəsi ona təqdim edilməmişdir. Çalışdığı dövr ərzində hər hansı pozuntuya yol verməmiş, əmək funksiyalarını layiqincə yerinə yetirmiş, barəsində heç bir intizam tənbeh tədbiri tətbiq olunmamışdır. O, həmçinin cavabdeh şirkətin təsisçilərindən biridir. Digər təsisçi ilə arasında münasibətlər pozulduğu üçün ona qarşı təzyiqlər başlamış, işdən azad edilməsi üçün ərizə yazması təkid edilmişdir. Son olaraq ona bildirilmişdir ki, işdən azad edilmişdir. Bunun əsasında ona xx.xx.2024-cü il tarixdə əmək kitabçası təhvil verilmiş və o zaman ona məlum olmuşdur ki, tərəflər arasındakı X8 Məcəlləsinin 68.2 “a” yarımbəndinə əsasən xitam verilmişdir. Lakin o, işdən azad edilməsi üçün hər hansı ərizə verməmişdir. Əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozularaq ona bu günə qədər işdən çıxma əmrinin surəti, eləcə də əmək müqaviləsi təqdim edilməmişdir.

4. Bundan sonra Cavabdeh MMC iddiaya qarşı yazılı etiraz və iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, hazırda xitam tarixindən 5 təqvim ayı keçibdir. İddiaçının işdən çıxarılması səbəbi 1 ildən çoxdur ki, işə biganə yanaşması, heç bir xəbərdarlıq etmədən, günlərlə tam iş günü və qismən işə gəlməməsi bu əsaslardan sadəcə biridir. İşçinin gələcək karyerasını sual altında qoymamaq üçün 70 -ci maddənin "ç" bəndi ilə əmək müqaviləsinə xitam verilməmişdir. Bütün bunları nəzərə almadan işçinin son haqq hesabı qanunvericiliyə uyğun olaraq ödənilmişdir. İşçinin istifadə etmədiyi məzuniyyət günləri son 12 ayın orta əmək haqqına əsasən hesablanmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə istifadə etmədiyi məzuniyyətinin 30 təqvim gününün kompensasiyasını da almışdır. Həmin dövrün son 12 aylıq orta əmək haqqına əsasən ödəniş xx.xx.2022-ci il tarixdə 1.361 manat olaraq ödənilmişdir. Bunun üçün hesablanmış 155 gündən 30 gün çıxılmışdır. Son ay işlədiyi günlərdə işə gəlməməsinə baxmayaraq xitam tarixi verilən günə əmək haqqı hesablanmışdır. Ancaq xx.xx.2024-cü il tarixdə əmək haqqını 1.500 manat avans kimi götürdüyü üçün hesablanmış məbləğdən həmin məbləğ çıxılmışdır. İşçiyə xitam verilməsi və əmək kitabçasının götürülməsi ilə bağlı bu 4 ay ərzində dəfələrlə məlumat verilməsinə baxmayaraq, işçi ancaq xx.xx.2024-cü il tarixdə əmək kitabçasını təhvil almışdır.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 1414/2025 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim X5).

6. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən işdən çıxma barədə ərizə təqdim edilməmiş, buna baxmayaraq, onunla bağlanmış X8 Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Hər bir halda müvafiq ərizə olmadan X8 Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilməsi qanunvericilik tələblərinin kobud pozuntusu hesab edilir. Lakin bununla belə, iddiaçı əmək kitabçasının ona noyabr ayında təqdim edilməsinə istinad edərək, iddia müddətini ötürmədiyini bildirsə də, iş materiallarından görünür ki, ona son haqq hesab olaraq 11.120,63 manat məbləğində pul məhz xx.xx.2024-cü il tarixində ödənilmişdir. Son haqq-hesabın isə mahiyyət etibarilə əmək müqaviləsinə xitam verilən zaman ödənilməsi əsas götürülməklə 1.500 manat əmək haqqı olan və belə bir ödənişi almış işçinin işdən çıxarılması və hüquqlarının pozulmasından 5 ay sonra xəbərdar olması həqiqəti əks etdirməməklə, iş materialları ilə təkzib olunur. Məhz qeyd edilənlərə əsasən məhkəmə iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, qanunla müəyyən edilmiş iddia müddəti ötürülməklə məhkəməyə müraciət edildiyindən İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi tələbi, eləcə də həmin tələbdən asılı olan digər tələblər təmin edilməməlidir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 71-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-69-cu, 296-cı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apelyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçıya heç bir əmrin təqdim edilməməsi, bu barədə hər hansı məlumat, eyni zamanda əmək kitabçasının verilməməsi işin mübahisəsiz halıdır. İddiaçı əmək kitabçasını yalnız xx.xx.2024-cü il tarixdə əldə etmiş, işdən azad edilməsi və hansı maddə ilə işdən azad edilməsini bu tarixdə öyrənmiş, buna görə də müddətin başlanması da bu tarixdən etibarən hesablanmalıdır. Bu tarixdən hesablandıqda və mediasiya müddəti nəzərə alındıqda isə müddət ötürülməmiş, vaxtından məhkəməyə müraciət edilmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilən zaman qüvvədə olan Nazirlər Kabinetinin 186 saylı, xx.xx.1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 6-cı bəndinə əsasən işdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsixitam oldunduğu gün (sonuncu iş günü) verilir. İşdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. Cavabdeh tərəf iddiaçının guya işə gəlmədiyini, əmək kitabçasının ona görə təhvil verilmədiyini bildirsə də, qanunvericilik bu halı da tənzimləmişdir. Bu halda işəgötürən işçiyə bildiriş göndərməlidir. Lakin cavabdeh buna da əməl etməmiş, hər hansı bildiriş göndərməmişdir. Məhkəmə də qeydedilən maddəyə istinad etmiş, “haqq-hesab sənədlərini” fərqləndirməklə iddiaçıya ödənişin edilməsini bununla əlaqələndirmiş və müddətin başlanğıcını da buradan hesablamışdır. Halbuki haqq-hesab sənədlərinin nə olduğunu elə Əmək Məcəlləsi 173-cü maddəsində açıqlamışdır. Göründüyü kimi, qanunvericilikdə açıq-aşkar bu sənədlərin forması, hansı qaydada tərtib edilməli olduğu, işçiyə verilməsi və s. qaydaları dəqiqliklə tənzimlənmişdir. Bu sənədlərin işçiyə ödənilən məbləğlə heç bir əlaqəsi yoxdur. İşçiyə son haqq-hesab məbləği ödənilmişdirsə, bu barədə ayrıca işçiyə məlumat verilir, həmin hesabatla işçi tanış etdirilir. Məhkəməyə cavabdeh tərəfindən “haqq-hesab vərəqi” adlı sənəd təqdim edilmiş, orada hesablanmış məbləğ, xitam əmri və xitam əsası dəqiqliklə göstərilmişdir. Qanunvericilik də haqq-hesab sənədləri dedikdə məhz bunun kimi sənədləri nəzərdə tutur. Həmin sənəd iddiaçıya təqdim edilsəydi, müddətin axımı o tarixdən başlanardı. Lakin təkcə ödənişin köçürülməsi müddətin başlanması üçün əsas deyil, ola bilməz. İndiki halda iddiaçının kartına müvafiq məbləğin köçməsi onun işdən azad edilməsini bildiyinə deməyə əsas vermir. Ümumiyyətlə məhkəmənin bu mövqeyini düzgün qəbul etsək belə çıxır ki, işçiyə son haqq hesab məbləği köçürülmüşdürsə, ona əmrin və əmək kitabçasının verilməsinə ehtiyac yoxdur. Artıq işçi işdən azad edildiyini və hansı əsasla işdən azad edildiyini bilir və ya bilməlidir. Lakin bu yanaşma kökündən yanlış olmaqla, əmək münasibətlərində daha zəif tərəf olan işçinin hüquqları pozmaqdadır. Belə bir misal çəkmək olur ki, işçi işdən çıxma barədə ərizə verərək işdən azad edilməsini işəgötürəndən xahiş etmiş, işəgötürən də işçiyə şifahi və ya yazılı məlumat verərək işdən azad edildiyini bildirmiş, son haqq-hesab məbləğini ona köçürmüş, amma əmri və əmək kitabçasını təqdim etməmişdir. 2 ay sonra işçi əmək kitabçasını əldə etdikdə bəlli olmuşdur ki, işəgötürən onu başqa bir əsasla işdən azad etmişdir (məsələn Əmək məcəlləsinin 70-ci maddənin “ç” bəndi). Bu halda hazırki məhkəmənin mövqeyinə əsasən son haqq-hesab köçürülmüşdürsə, artıq işçi işdən azad edildiyini bilir və hüquqlarının pozulması müddəti də o vaxtdan hesablanmalıdır. Halbuki, qanunvericilik ona görə bu sənədlərin hamısını sadalamışdır ki, işçi həm işdən azad edilməsini, həm də hansı əsasla azad edilməsini bilsin və hüququnun pozulduğunu düşünürsə, məhkəməyə müraciət etsin. Son haqqhesabın köçürülməsi isə işçiyə işdən çıxması, hansı əsasla işdən çıxması və s. məlumatları vermir. Beləliklə, Əmək Məcəlləsinin 296.3-ü maddəsinin tələblərinə uyğun olaraq əmək müqaviləsinə xitam verildiyi gün iddiaçıya həmin əmrin surəti təqdim edilmədiyindən göstərilən tarix iddiaçının hüquqlarının pozulduğu gün hesab edilə və onun tərəfindən qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddətin ötürülməsi kimi qəbul edilə bilməz. Bu müddətin başlanması üçün mütləq qanunvericiliklə dəqiq müəyyən olunmuş bütün sənədlər - əmr, əmək kitabçası və haqq-hesab sənədləri işçiyə təqdim edilməlidir. Məhkəmə iddiaçının mediasiyanın tətbiqi barədə təklifi qarşı tərəfə göndərməsi tarixini də təhrif etmiş, xx.xx.2024-cü il olaraq qeyd etsə də, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, iddiaçı bu təklifi xx.xx.2024-cü il tarixdə etmişdir. Bununla da əmək kitabçasının təhvil aldığı xx.xx.2024-cü il tarixindən hesablanmaqla iddia müddətini ötürməmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Cavabdeh "xxxx" MMC apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək etirazı iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X7 apellyasiya şikayətini qəbul etməmiş və etirazın, habelə iddia müddətinin tətbiqi barədə ərizənin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən İddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 8-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə - illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir; 8-ci maddəsinin 2-ci hissəsinə əsasən müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır; 68-ci maddəsininin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür; 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər; 69-cu maddəsinin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur; 296-cı maddəsinin 2-cü bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296-cı maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir; 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər; 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərara istinadən onu da qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı, o cümlədən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən vurğulayır ki, iddiaçı xx.xx.2019-cu il taixli əmək müqaviləsinə əsasən həmin tarixdə cavabdeh cəmiyyətə icraçı direktor vəzifəsinə işə qəbul olmuşdur. Cavabdehin xx.xx.2024cü il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş və həmin tarixdə onunla son haqq-hesab aparılaraq ümumilikdə 11.120,63 manat məbləğində pul vəsaiti onun əmək haqqı kartına köçürülmüşdür.

22. Bundan sonra iddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məsələ ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş və Bakı 9 saylı Mediasiya təşkilatının “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2025-ci il tarixli arayışı həmin tarixdə əldə etdikdən sonra xx.xx.2025-ci il tarixdə hazırki iddia ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İddiasında da onunla bağlanmış X8 Məcəlləsinin tələbləri pozulmaqla xitam verildiyini, onun işdən azad edilməsi ilə bağlı ərizə yazmadığını iddia edir və barəsində qəbul edilmiş əmri ləğv etməklə, işə bərpa olunmasını, məcburi işburaxma müddəti üçün əmək haqqının və mediasiya xərcinin ödənilməsini tələb edir.

23. Cavabdeh iddianı qəbul etmir, iddiaçının işə mütəmadi olaraq üzrsüz səbəbdən gəlmədiyini, lakin gələcək kariyerasına təsir etməsi səbəbindən onunla bağlanmış əmək müqaviləsinə bu davranışına uyğun olan əsasla (ƏM-nin 70-ci maddəsinin “ç” bəndi) deyil, ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verildiyini, eyni zamanda, iddiaçının hazırki iddianı əmək qanunvericiliyi (ƏM-nin 296-cı maddəsi) ilə müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürməklə verildiyini bildirir və iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş edir.

24. Məhkəmə kollegiyası ilk növbədə bu münasibətləri tənzimləyən Əmək Məcəlləsinin 69-cu maddəsinə istinadən qeyd edir ki, bu maddə əməyin və əmək müqaviləsinin azadlığı prinsipini əks etdirməklə, əmək müqaviləsinin növündən, işçinin əmək funksiyasından və işəgötürənin hüquqi statusundan asılı olmayaraq, işçiyə bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizə ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv etmək və bununla da əmək münasibətinə xitam vermək hüququ verir. Xəbərdarlıq müddətinin müəyyən edilməsi hüquqi əhəmiyyətə malik olmaqla işəgötürənə işdən çıxacaq işçinin yerinə yeni işçi tapmaq və onunla əmək müqaviləsi bağlamaq imkanı yaratmaq məqsədi daşıyır. İşəgötürən ərizənin verildiyi gündən yeni işçi axtarışına başlamağa tam haqlıdır. Eyni zamanda, əmək qanunvericiliyində xəbərdarlıq müddətinin qısaldılmasının, o cümlədən ümumiyyətlə müəyyən edilməməsinin mümkünlüyü təsbit edilmiş və bu vəziyyətin yaranmasına əsas olan ümumi hallarla yanaşı konkret hallar da göstərilmişdir. Başqa sözlə, 1 aydan daha qısa müddətin müəyyən edilməsi, o cümlədən işçinin ərizə verilən tarixdə işdən çıxmaq niyyətində olması ilk növbədə işçinin iradəsindən asılıdır.

25. Lakin cavabdeh iddiaçı ilə bağlanmış X8 Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (hazırki vəziyyətdə iddiaçının təşəbbüsü ilə) xitam verildiyini bildirsə də, onunla bağlanmış əmək müqaviləsinə bu maddə ilə xitam verilməsi üçün əsas yaradan yazılı ərizənin iddiaçı tərəfindən təqdim edilməsi müəyyən edilməmişdir. Başqa sözlə, iddiaçı hər hansı ərizə təqdim etməmişdir. Hüquqi nəticə etibarı ilə əmək müqaviləsinə onun iradəsi və istəyi olmadan xitam verilmiş, bununla da həmin rəsmiləşdirilmə aparılarkən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası bu hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

26. Buna baxmayaraq, cavabdeh tərəfindən belə bir pozuntuya yol verilməsi mövcud vəziyyətdə iddianın hər hansı formada (hissədə) təmin edilməsi üçün əsas yaratmır.

27. Məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəni də nəzərə alıb, 26-cı bənddə sərgilədiyi bu mövqeyi ilə bağlı qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

28. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı).

29. Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar).

30. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca normanı Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsi təşkil edir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur.

31. Əmək Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına əsasən şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin verildiyi tarixi hesab edir. Əmək Məcəlləsinin həmin müddəası işçinin hüququnun pozulduğunu bildiyi tarixin müəyyən edilməsinin mümkün olmadığı hallara aiddir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, əmək münasibətlərində işçi daha zəif tərəf olmaqla, məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin, onun bu hüququndan sui-istifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı.

32. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinin əmək mübahisələri üzrə bütün hallara şamil edildiyi düşünülsə belə, qanunverici şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq yuxarıda istinad edilən 3 sənədin verilməsinin əsas götürüldüyünü qeyd edərkən məsələyə hərfi mənada və zahiri konseptdən yanaşmamışdır. Başqa sözlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsinin ağlabatan mühakiməsi ondan ibarətdir ki, şəxs bu 3 sənədin verilməsi ilə işdən azad edildiyindən azad edilmə səbəbi barədə məlumatlı olur. Bu sənədlərin fiziki olaraq işçidə olmaması onun işdən azad edilməsi əsası barədə məlumatsız olması mənasını daşıya bilməz.

33. Nəzərə alınmalıdır ki, iddiaçı apellyasiya şikayətində işdən azad edilməsi barədə əmrin ona verilməməsi, əmək kitabçasının gec verilməsi mövqeyindən çıxış edərək, müddətin əmək kitabçasının ona verildiyi tarixdən hesablanmalı olduğunu və bu baxımdan məhkəməyə əmək qanunvericiliyi ilə müəyyən edilmiş müddət ötürülməməklə müraciət etdiyini bildirir. Halbuki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi, yəni xx.xx.2024-cü il tarixdə ona son-haqq hesab olaraq 11.120,63 manat məbləğində pul köçürülmüşdür.

34. İş materiallarında mövcud olan “whatsapp” sosial şəbəkəsində iddiaçı ilə yazışmadan da görünür ki, xx.xx.2024-cü il tarixdə iddiaçıya işdən azad edilməsi ilə bağlı məlumat verilmiş və tərəflər arasında son haqq-hesabın hesablanma qaydası ilə bağlı danışıqlar olmuşdur. Müddət və nəticə etibarı ilə iddiaçı artıq həmin tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini bilmiş və bununla razılaşaraq, yalnız son haqq hesab olaraq ona ödənilmiş məbləğin düzgün hesablanmasının marağında olmuşdur. Mediasiya təşkilatına isə ümumiyyətlə bu tarixdən 5 ay sonra müraciət edilmişdir.

35. Belə olan halda, işdən azad edildiyini yalnız əmək kitabçasını əldə etdiyi, yəni xx.xx.2024-cü il tarixdə öyrənməsi barədə iddiaçının dəlili (apellyasiya şikayətində qeyd edilmişdir) nəinki əsassız, ümumiyyətlə anlaşılmaz və insan məntiqi ilə bir araya sığmayan dəlildir. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixdən hər iş günü artıq səhərlər həmin iş yerinə getmədiyini, iş yerindən əmək haqqı almadığını görmüş, bu faktın mövcudluğunu bilmiş və dərk etmişdir. Başqa sözlə, iddiaçı ən azı əvvəlki cümlədə qeyd edilənləri gözüönünə alıb bu mövqedən çıxış etməməli idi. Məhkəmə kollegiası apellyasiya şikayətinin dəlillərinə istinadən onu da qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun gələcək əmək fəaliyyətində çətinlik yarada biləcək hər hansı əsasla deyil, məhz Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir ki, bu məsələdə də iddiaçı hər hansı qeyri-adi vəziyyətlə üzləşməmişdir.

36. Bununla belə, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi gündən bunun əsası barədə tam məlumatlı olmuşdur. Bu səbəbdən həmin əmrin məhkəmə qaydasında mübahisələndiriməsi ilə bağlı müddət axımının başlanması həmin hadisənin ertəsi günündən hesablanmalıdır. Bununla da bu qəbildən olan iddialar üçün nəzərdə tutulmuş 1 aylıq iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. İddiaçı tərəfindən müddətin ötürülməsinin üzürlü hesab edilməsinə və ötürülmüş müddətin bərpasına dair hər hansı məzmunda ərizə də verilməmişdir. Cavabdeh isə əksinə məhkəməyə iddia müddətinin tədbiq edilməsi barədə ərizə təqdim edərək, iddianın bu əsasla rədd edilməsini tələb etmişdir.

37. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia müddətini tədbiq etməklə iddianı rədd etməkdə haqlı olmuşdur.

38. İddia üzrə irəli sürülmüş “işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və mediasiya xərcinin tutulması” tələblərinin “əmrin ləğv edilməsi” tələbinə münasibətdə törəmə tələblər olması və onların təmin edilib-edilməməsinin bilavasitə bu (əsas) tələbin təmin edilib-edilməməsindən asılı olması onların da rədd edilməsini şərtləndirir.

39. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə və ya ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 1414/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar