Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3894/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 sentyabr 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə və apellyatorun vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdeh MMC arasında bağlanmış "xxxx" xitam verilməsi barədə MMC-nin xx.xx.2023-cü il tarixli 731 nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa olunması, işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının MMC tərəfindən ona ödənilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat məbləğində pulun əvəzinin cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, onunla cavabdeh MMC arasında bağlanmış "xxxx" əsasən verilmiş xx.xx.2018-ci il tarixli 132 nömrəli əmrlə “xəstə məsləhətçisi” vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixli 157b nömrəli əmrlə vəzifəsində irəli çəkilərək “xəstə məsləhətçisi” vəzifəsindən “kardiologiya üzrə aparıcı məsləhətçi” vəzifəsinə keçirilmişdir. İddiaçı cavabdeh müəssisədə işlədiyi dövrdə əmək müqaviləsi üzrə üzərinə götürmüş olduğu əmək funksiyalarını layiqincə yetirməklə, nöqsansız əmək fəaliyyəti ilə məşğul olmuşdur. Lakin xx.xx.2023-cü il tarixli 731 nömrəli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi) "xxxx" xitam verilmişdir (əmrin surəti iddiaçıya təqdim edilmədiyinə görə “Əmək kitabçasında” işəgötürən tərəfindən edilmiş qeydə əsasən). İddiaçıya işəgötürən müəssisənin “İnsan resurslarının idarə edilməsi” Şöbəsi tərəfindən bir neçə dəfə şifahi olaraq öz xahişi ilə ərizə yazmaqla, işdən çıxmasını, yazmayacağı təqdirdə isə onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 “ç” bəndinə əsasən xitam veriləcəyi bildirilmişdir. Buna səbəb olaraq isə müəssisədə aparılan struktur islahatlarının və rəhbərliyin bu qaydada göstəriş verdiyi deyilmişdir. Bu zaman iddiaçı ipoteka ödənişinin olduğunu və azyaşlı övladına təkbaşına baxdığını əsas gətirərək, yeni iş tapana kimi müəssisədə işləməsinə şərait yaradılmasını daha sonra öz ərizəsi ilə işdən ayrılacağını bildirmişdir. Nəticədə xx.xx.2023-cü il tarixdə iddiaçının əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə məlumatı müəssisənin “insan resurslarının idarə edilməsi” şöbəsi tərəfindən çağırılaraq əmək kitabçasının ona təqdim edildiyi zaman əldə etmişdir. Bu zaman həmin maddə ilə işdən azad olunmasının gələcək iş fəaliyyətində ona mane olacağını və öz ərizəsi ilə işdən çıxmasına razı olduğunu bildirsə də, artıq işdən azad olunduğu bildirilmişdir. İşdən azad olunmasına əsas olan əmrin surətini tələb etsə də, ona təqdim edilməmişdir. İddiaçının xx.xx.2023-cü il tarixdə MMC-yə “teleqram” göndərməklə əmrin surətini tələb etməsinə baxmayaraq, bugünədək əmrin surəti ona verilməmişdir. Bundan əlavə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsinə baxmayaraq, onunla son haqq-hesab olunmamış, son haqq-hesabı gec verilmişdir. Bununla da iddiaçıya əmrin surətinin verilməməsi və son haqq hesabının gec köçürülməsi nəticəsində cavabdeh tərəfindən Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinin tələbləri kobud şəkildə pozulmuşdur. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsində iştirakı və verdikləri izahatlar barədə məlumat
3. İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə Rayon Məhkəməsinə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, hüquqlarını təmsil etdiyi iddiaçı 2018-ci ildən cavabdeh klinikada işləyir və həmin müddətdə nümunəvi işçi kimi özünü göstərməklə, heç bir intizam tənbehi almamışdır, bundan əlavə əmək funksiyalarını lazımınca icra etdiyindən “xəstə məsləhətçisi” vəzifəsindən xx.xx.2020-ci il tarixli əmrlə irəli çəkilərək “kardiologiya üzrə aparıcı məsləhətçi vəzifəsinə keçirilmişdir. Lakin daha sonra cavabdeh klinikada rəhbərlik dəyişəndən sonra iddiaçıya və onun kimi başqa işçilərə də münasibət fərqli olmuş və işçilərin kütləvi işdən azad etməklə bağlı proseslər başlanılmışdır. Digər tərəfdən iddiaçının “Əmək müqaviləsində” qeyd edilmiş əmək funksiyalarına diqqət yetirilsə, görünər ki, o klinikada xəstələri əməliyyat otaqlarına yönləndirən və xəstələrin tibbi xidmətlərdən keçməsinə köməklik göstərən xəstələrlə həkimlər arasında əlaqəni yaradan əlaqələndirici kimi işləmiş və xəstələrdən hər hansı bir ödəniş almaq və buna oxşar bir vəzifə öhdəliyi olmamışdır. Ən əsası isə iddiaçı həmin klinikada kassir işləməmişdir. Belə ki, X1 təbibin elektron portalından çıxarılmış xəstə qeydiyyatı məlumatlarından da aydın olur ki, cavabdeh klinika göstərilmiş tibbi xidmətin ödənişini icbari sığorta vəsaiti hesabına həyata keçirmişdir. Aqil Tarverdiyev icbari tibbi sığorta üzrə xidmət göstərilən xəstədir, hamının da bildiyi kimi icbari tibbi sığortanın ödənişi əsasında tibbi yardım göstərilən xəstədən hər hansı ödəniş alınması qanunsuzdur. Bundan başqa, pasientin övladı Rəşad Tarverdiyevin adından yazılmış xx.xx.2023-cü il tarixli məlumat sənədin mətnindən aydın olur ki, Aqil Tarverdiyev əməliyyatın səhəri oğlu Rəşada telefonla zəng edərək əməliyyatın ödənişini xəstəxanaya ödənilməsini demişdir. Göründüyü kimi yazılanlar cəfəngiyyatdan ibarətdir, belə ki, heç bir xəstəxana ödəniş almadan xəstəyə heç ambulator xidmət belə göstərmir, necə ola bilər ki, xəstə cərrahi əməliyyat olunsun, lakin əməliyyatın pulu sonradan ödənilsin? Aqil Tarverdiyev məhkəmə iclasında şəxsən ifadə vermiş və ifadəsində bildirmişdir ki, iddiaçını görsə, bəlkə də tanımaz, o və övladı Rəşad nə ödəniş etmişlərsə, kassaya ödəmişlər. Mövcud tibbi qanunvericiliyə əsasən xəstə tibbi xidmət almaq üçün dövlət xəstaxanasına ilk olaraq müraciət edir və dövlət xəstəxanasında zəruri texniki avadanlıqlar və başqa səbəblərə görə tibbi xidmət göstərmək mümkün olmadığı halda müvafiq tibbi göndərişlə özəl xəstəxanaya göndərilir. Yəni ki, xəstə artıq özəl xəstəxanaya gələrkən onun istifadə edəcəyi tibbi xidmətin ödənişsiz olduğunu bilir. Lakin hazırki tibbi praktikada Bakı şəhərində özəl tibbi fəaliyyətlə məşğul olan bir sıra xəstəxanalar vətəndaşların bu sahədə lazımınca məlumatlı olmamasından istifadə edərək, icbari tibbi sığortanın göndərdiyi xəstələrdən də müxtəlif bəhanələr gətirmək yolu ilə əlavə ödənişlər almaqdadırlar. Bunu da müraciət edən xəstələrə həkimlər tərəfindən əlavə tibbi xidmətlərin göstərilməsinin vacibliyi vurğulanır. Hazırda onlarda olan məlumata görə cavabdeh klinika icbari tibbi sığorta hesabına xəstə qəbul edə bilmir, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi belə hallardan məlumatlı olduğundan klinikaya sığorta xəstələri göndərmir. Klinika sığorta xəstələrindən aldığı qanunsuz və əsassız ödənişlərə görə məsuliyyətdən kənar qalmaq üçün iddiaçını və onun kimi digər işçiləri etmədikləri bir əməllə ittiham edərək işdən azad edir. Bundan əlavə klinikanın təqdim etdiyi sənədlərdə təzadlar mövcuddur, belə ki, klinikanın nümayəndəsi və vəkili tərəfindən ümumi tibbi xidmətin 6.800 manat təşkil etdiyi 4.100 manat xəstəyə endirim edildiyi və 3.500 manatın iddiaçı tərəfindən mənimsənildiyi 2.700 manatın isə mədaxil edildiyi deyilsə də iddia olunanları təsdiq edəcək heç bir sənəd məhkəməyə təqdim edilməmiş, edilən sənədlər isə klinikanın mövqeyi ilə üst-üstə düşməmişdir. Daha sonra Aqil Tarverdiyevin telefon danışıqlarının qanunsuz qeydə alınaraq “CD” diskə köçürələrək məhkəməyə baxış iclasında təqdim edilməsi, qəbuledilməzdir. Belə ki, telefon danışıqlarının mətnindən də göründüyü kimi iddiaçının birbaşa olaraq pul almasını təsdiq edən hal mövcud olmamışdır. Bununla belə həmin “CD” diskin sübut kimi qəbul edilməsi qanunvericiliyə ziddir, belə ki, klinika həmin diski hazırlıq iclasında təqdim etmək imkanı olduğu halda onu baxış iclasında təqdim etmişdir. Digər tərəfdən klinikanın məhkəməyə təqdim etdiyi X2 adından yazılmış xx.xx.2023-cü il tarixli ərizənin mətnindən də göründüyü kimi klinika tərəfindən hazırlanmış hazırki ərizə iddia tələbinin rədd olunmasına hesablanmış bir sənəddir. Ona görə ki, təmsil etdiyi iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh klinika tərəfindən işdən azad olunmuş, lakin sözügedən ərizə xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Ərizədən göründüyü kimi xx.xx.2023-cü il tarixdə göstərilən tibbi yardımdan narazı qalan xəstə necə ola bilər ki, 7 ay sonra klinikaya şikayətlə bağlı ərizə yazmış olsun? Məhkəmə iclasında tədqiq edilmiş materiallardan da görünür ki, Klinika iddiaçı ilə bağlanmış "xxxx" xitam vermək üçün hüquqi əsas yaratmaq istəsə də buna nail ola bilməmişdir.
4. Cavabdeh MMC-nin vəkili (nümayəndəsi) Vəkil iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iddiaçı ilə bağlanmış "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli 731 nömrəli əmrin qəbul edilməsinə əsas olmuş hüquq pozuntuları, vətəndaşlar tərəfindən MMC-yə şifahi və yazılı qaydada edilmiş şikayətlər olmuşdur. MMC-yə şikayət ərizəsi ilə Rəşad Tarverdiyev müraciət etmiş və bunun əsasında onun atası və MMC-nin pasienti olan Aqil Tarverdiyev ilə əlaqə saxlanılmışdır. Aqil Tarverdiyev ona göstərilmiş xidmətlə əlaqədar 6.200 manat məbləğində pulu MMC-nin kassiri Vəfa adlı əməkdaşına ödədiyini, ancaq ödəniş barədə ona “ödəniş qəbzinin” verilməməsini israrla bildirmişdir. Daxili araşdırmada məlum olmuşdur ki, kassaya mədaxil edilən vəsaitin 6.200 manat yox, 2.700 manat olduğu, lakin tibbi sənədlərə əsasən vətəndaşa göstərilən tibbi xidmətlərin dəyəri qiymət cədvəlinə görə həqiqətən də 6.800 manat dəyərində olduğu aydınlaşdırılmışdır. Klinika tərəfindən Aqil Tarverdiyevə 4.100 manat məbləğində endirim edilmişdir. Araşdırma zamanı qeydiyyatçı olan iddiaçının vətəndaşa xidmət göstərilərkən rəhbərliyə şəxsən müraciət edərək müvafiq endirim tələb etməsi, həmin endirim edildikdən sonra kassaya həmin şəxsdən 6.200 manat almasına baxmayaraq, 2.700 manat mədaxil etməsi və geri qalan 3.500 manatı özü mənimsəməsi toplanan materiallar və ifadələr əsasında öz təsdiqini tapmışdır. Belə olan halda rəhbərlik öz əməkdaşının qüsuruna görə məsuliyyəti öz üzərinə götürərək xx.xx.2023-cü il tarixdə rəhbərlik tərəfindən məsələ qaldırılaraq yaranmış fərqin aradan qaldırılmaqla vətəndaşa 6.200 manatlıq ƏDV çekinin verilməsi qərara alınmışdır.
5. İşə baxmış Rayon Məhkəməsi tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işin baxılmasına cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişdir. Buna görə də Rayon Məhkəməsi işə həmin İdarənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh MMC tərəfindən iddiaçının əmək funksiyalarının kobud pozuntusuna yol verilməsi sübut edilməmiş, iddiaçının işdən azad olunması barədə əmrin əsassız olduğu iş materialları ilə öz təsdiqini tapmışdır. d) apellyasiya şikayəti barədə məlumat
8. Cavabdeh MMC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
9. Əsasları MMC-nin vəkilinin (nümayəndəsinin) Rayon Məhkəməsinə verdiyi izahatın əsasları ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi sübutlara düzgün qiymət verməmiş, işin hallarını səhv müəyyən etmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və nəticədə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
11. Cavabdeh MMC-nin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
12. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək şikayətin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi.
13. Üçüncü şəxs olan X7 Xidmətinin Bakı Şəhər İdarəsi işə apellyasiya qaydasında baxılmanın iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, iclasda nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.
14. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
15. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, xx.xx.2018-ci il tarixli “Əmək müqaviləsindən” görünür ki, iddiaçı 2 aylıq sınaq müddəti müəyyən edilməklə cavabdeh MMC-yə “xəstə məsləhətçisi” vəzifəsinə işə qəbul edilmişdir. İşə başlama tarixi xx.xx.2018-ci il müəyyən edilmişdir. Müqavilədə əmək münasibətlərinin müddəti 1 il göstərilmişdir.
17. İşçi olan iddiaçı ilə işəgötürən cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Tam maddi məsuliyyət haqqında müqavilədən” görünür ki, işəgötürən işçiyə əmək müqaviləsi üzrə öhdəliklərinin icrası ilə əlaqədar işəgötürənin daxili qaydalarına uyğun olaraq əmlak, maddi və ya digər sərvətləri etibar edir, işçi isə ona etibar edilmiş əmlak, maddi və ya digər sərvətlərin salamatlığının təmin olunmasını və bununla bağlı tam maddi məsuliyyəti öhdəsinə götürür.
18. MMC-nin pasienti olmuş X1 icbari tibbi sığortasından görünür ki, o, koronar anqioqrafiya üçün xx.xx.2023-cü il tarixdə MMC-yə müraciət etmişdir.
19. MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, Aqil Tarverdiyev MMC-yə 1.500, 2.500 və 2.200 məbləğlərində ödəniş etmişdir.
20. Aqil Tarverdiyevin övladı Rəşad Tarverdiyevin cavabdeh MMC-nin direktoru Tanel Özbekə ünvanlanmış xx.xx.2023-cü il tarixli məlumatda qeyd edilmişdir: “29-30 tarixlərində (tarixi dəqiq bilmədiyim üçün) atam Cavabdeh hospitalında ayaq damarlarına əməliyyat üçün stent qoyulmuşdu. Əməliyyatın səhəri günü zəng edərək mənə bildirdi ki, əməliyyatın qiyməti 2500 manatdı həmin pulu gətir ödə hospitala. Mən pulu götürüb xəstəxanada atamın gəldim yanına o mənə bildirdiki pulu kassaya yox əlbə-əl Vəfa xanıma ver, çünki Vəfa xanımın özü atama deyib ki, pulu mənə verin. Mən də Vəfa xanımın otağına girib 2500 manat pulu sayaraq ona verdim, o da əlavə olaraq sayıb pulu məndən qəbul elədi. Pulu qəbul etdikdən sonra mənə qəbz və ya çek vermədi”.
21. Xəstə xidmətləri şöbəsinin müdiri X13 tərəfindən MMC-nin baş direktoruna ünvanlanmış xx.xx.2023-cü il tarixli raportundan görünür ki, X10lə əlaqə saxlanılmış və xəstəxanada 3 dəfə əməliyyat olunduğunu xx.xx.2023-cü il tarixində olduğu əməliyyat zamanı 1.500 manatı həkim kordioloq Şəfəq Nəzirovaya verdiyini bildirməsinə baxmayaraq ödəniş barədə pusula sistemində hər hansı məlumat tapılmamışdır. X10 xx.xx.2023-cü il tarixində növbəti dəfə xəstəxanada olduğu əməliyyat zamanı 2.500 manat ödəniş etdiyini bildirsə də, pusula sistemində 1.500 manat ödəniş edildiyi, xəstənin oğlu Rəşad Tarverdiyevin tərəfindən verilən məlumata görə 2.500 manat ödəniş edildiyini, lakin özünə bu əməliyyata görə hər hansı bir təsdiqləyici sənəd verilmədiyini, X10 xx.xx.2023-cü il tarixində növbəti dəfə xəstəxanada olduğu əməliyyat zamanı 2.200 manat pulu İddiaçı özünə yatdığı palata da verdiyini bildirsə də ona ödəniş barədə hər hansı bir təsdiqləyici sənədin verilməməsi və pusula sistemində 1.200 manat ödəniş edilməsi təsbit edildi. Bu məsələ ilə bağlı iclasda xəstə ilə telefon əlaqəsi saxlanıb və xəstə danışıq vaxtı 2.200 manatı israrla iddiaçıya ödədiyini bildirdi. Son olaraq kardiologiya üzrə aparıcı məsləhətçi olan iddiaçı barəsində qanuna uyğun olaraq müvafiq tədbir görülməsi xahiş edilmişdir.
22. İşdə olan 1 ədəd “CD” disk Aqil Tarverdiyev ilə cavabdeh Klinikanın işçi heyəti arasında telefon danışıqlarını əks etdirir.
23. İşdə olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, MMC-nin xəstəxana xidmətləri şöbəsinin kardiologiya üzrə aparıcı məsləhətçisi olan iddiaçı əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları zamanıl klinikanın nüfuzuna ziyan vurması barədə insan resurslarının idarə edilməsi şöbəsinə daxil olmuş raport əsasında xx.xx.2023-cü il tarixində izahat verməyə dəvət olunsa da izahat verməkdən imtina etdi.
24. MMC-nin xx.xx.2023-cü il tarixli 731 saylı əmrindən görünür ki, iddiaçı ilə bağlanmış "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
25. İddiaçının Dövlət Əmək Müfəttışliyi Xidmətinin Bakı Şəhər İdarəsində verdiyi xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, o, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cavabdeh MMC-də kardiologiya üzrə aparıcı məsləhətçi vəzifəsində çalışmışdır. Həmin müəssisədə çalışdığı müddətdə qüsursuz fəaliyyəti ilə seçilmişdir. Lakin son dövrlər müəssisədə olan struktur dəyişikliklərindən sonra ona öz xahişi ilə əmək müqaviləsinə xitam verilməklə bağlı kadrlar şöbəsi tərəfindən xəbərdarlıq olunmuşdur. Belə ki, o, bununla razılaşmadı. Razılaşmadığı təqdirdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə "xxxx" xitam veriləcəyi ilə bağlı şifahi xəbərdar olundu. Daha sonra ona məlumat verilmədən xx.xx.2023-cü il tarixdə iş gününün sonunda işdən azad olunmağı barədə məlumat verildi. Əmrin surətini tələb etdiyi halda ona verilmədi. Son haqq-hesabını tələb etdiyi halda işdən azad olunduğu gün ona ödənilmədi. Əmək haqqını bank kartı vasitəsilə əldə edirdi. əmək haqqı aylıq 1.409 manat təşkil edir. “Əmək müqaviləsində” isə əmək haqqı 1.790 manat qeyd edilmişdir.
26. İşdə olan xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan” görünür ki, 50 manat ilkin mediasiya xərci və 5 manat poçt xərci iddiaçı tərəfindən ödənilmişdir.
27. X2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, məlumat üçün bildirir ki, xx.xx.2023-cü il tarixdə cavabdeh Klinikasında anju olunmuşdur. Anju olduğu gün xx.xx.2023-cü il tarixdə övladı X6 işləyən Vəfa adlı xanıma 500 manat, xx.xx.2023-cü il tarixdə isə 450 manat ödəmişdir. Ödənişdən sonra onlara hər hansı bir “ödəniş qəbzi” verilməmişdir.
28. Şahid qismində dindirilmiş X4 Rayon Məhkəməsinə verdiyi ifadədə göstərmişdir ki, 3 dəfə ayrı-ayrı vaxtlarda cavabdeh Klinikada cərrahi əməliyyat olunmuşdur və Klinikaya ayrı-ayrı vaxtlarda 1.500, 2.200 və 2.500 manat, cəmi 6.200 manat ödəniş etmişdir. İddiaçıya heç bir ödəniş etməmişdir. O, oğlu X11 adlı işçisini tapmasını və Vəfanın ona nə etməsini izah edəcəyini demişdir. Vəfa xanıma pul ver deməmişdir. Bütün ödənişləri o, ya da oğlu Klinikanın kassasına etmişlər, lakin ƏDV çeki verilməmişdir. Daha sonra Klinikadan zəng olunaraq 6.200 manatlıq çek təqdim olunmuşdur. Oğlunun ərizə yazmasından məlumatsız olmuşdur. Oğlu ona bildirmişdir ki, adını dəqiq bilmədiyi Əhməd ya Əvəz adlı şəxs Klinikada ona ərizə yazdırmışdır. O, da bildirib ki, səhv edib, onların öz aralarında mübahisə var, onu qarışdırmamalı idilər.
29. Göstərilənlərə əsasən Məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçı xx.xx.2018-ci il tarixdə MMC-yə “xəstə məsləhətçisi” vəzifəsinə işə qəbul edilmişdir. Lakin o, X3 və X2 müraciət etmələri səbəbindən xx.xx.2023-cü il tarixli 731 saylı əmrlə işdən azad edilmişdir.
30. Hazırda iddiaçı cavabdeh MMC-nin həmin əmrinin ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa olunmağını, işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsini, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat pulun əvəzinin MMC-dən tutulmasını xahiş edir.
31. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir (maddə 42.). Əmək müqaviləsi yazılı formada bağlanır (maddə 44, hissə 1.). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz (maddə 45.). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar (maddə 68.). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür (maddə 296, hissə 3.).
32. Göründüyü kimi iddiaçı xx.xx.2023-cü il tarixli əmrlə işdən azad edildikdən sonra fərdi əmək mübahisəsinin həll edilməsi üçün xx.xx.2023-cü il tarixdə X7 Xidmətinin Bakı Şəhər İdarəsinə müraciət edərək izahat vermişdir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir.
33. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əməl etməklə hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddəti ötürməmişdir.
34. Əmək Məcəlləsinin tələblərinə görə, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər (maddə 296, hissə 2.). Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır (maddə 294, hissə 4.).
35. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, əmək mübahisələri ilə bağlı işlərin təhlili göstərir ki, işə bərpa, əmək haqqı və sair bu qəbildən olan mübahisələrlə bağlı iddiaçılar (işçilər) məhkəməyə müraciət etməzdən öncə, bir qayda olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə müraciət edirlər. Bu isə fərdi əmək mübahisələri zamanı qeyd edilən X7 Xidmətinin mübahisələrə məhkəməyə qədər baxan orqan kimi qəbul olunmasını şərtləndirir.
36. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
37. Cavabdeh MMC-nin iddiaçı ilə bağladığı "xxxx" Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə əsas kimi təqdim etdiyi sübutlar işin faktiki halları ilə uyğun gəlmir. xx.xx.2018-ci il tarixli “Əmək müqaviləsində” iddiaçının əmək funskiyalarının konkret dairəsi müəyyənləşdirilmişdir. Həmin əmək funksiyalarının dairəsində tibbi yardım üçün müraciət edən şəxslərdən göstəriləcək tibbi yardımın müqabilində pul vəsaitini qəbul edərək kassaya mədaxil etmək kimi vəzifə öhdəliyi olmamışdır. Cavabdeh MMC tərəfindən təqdim edilmiş və MMC-nin istifadəsində olan proqram təminatından edilmiş çıxarışlarda və digər sənədlərdə iddiaçının MMC-nin pasienti olan Aqil Tarverdiyevə endirim etməsini təsdiq edən hal aşkar edilməmişdir. Proqram təminatından edilmiş çıxarışlardan həmçinin görünür ki, Aqil Tarverdiyevin hər üç müraciəti zamanı əməliyyatı aparan şəxs Aygün Mehdiyeva adlı işçi olmuşdur. Bundan əlavə Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Aqil Tarverdiyevin vermiş olduğu ifadə cavabdeh MMC-nin istinad etdiyi halları təkzib edir.
38. Həmçinin iddiaçı ilə cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə "xxxx" bağlanmışdır. Lakin cavabdeh MMC qeyd olunan məbləğin iddiaçı tərəfindən mənimsəməsi barədə səlahiyyətli orqanlara müraciət etməmişdir. Əksinə cavabdehin nümayəndəsi klinika tərəfindən Aqil Tarverdiyevə 4.100 manat məbləğində endirim edilməsini bildirsə də onun ödədiyi tam məbləğə dair xx.xx.2023-cü il tarixdə ona 6.200 manatlıq ƏDV çekləri verilmişdir.
39. MMC-nin xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsi” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi) qeyd olunsa da əmrdə işçinin konkret hansı hüquq pozuntularına yol verməsi qeyd olunmamışdır. Halbuki, Əmək Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Bundan başqa sözügedən əmrin verilməsinin əsası rəhbərliyin göstərişi qeyd olunmuşdur. Bundan belə nəticəyə gəlmək olar ki, iddiaçının işdən azad olunmasına ciddi səbəb olmamış, sadəcə rəhbərliyin göstərişi ilə Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam verilməsi üçün nəzərdə tutulmuş ən ağır maddəsi ilə iddiaçının karyerasına son qoyulmuşdur.
40. Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
41. Cavabdeh MMC-nin nümayəndəsi iddiaçı ilə bağlanmış "xxxx" xx.xx.2023-cü il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə səbəbin X3 xx.xx.2023-cü il tarixli məlumatı və X2 xx.xx.2023-cü il tarixli ərizəsinin olmasını bildirmişdir.
42. Halbuki iddiaçının işdən azad olunması barədə əmr xx.xx.2023-cü il tarixdə verilsə də, Güləli Səmədov 2 aydan sonra xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edib, xx.xx.2023-cü il tarixdə cavabdeh Klinikada anju olunduğunu və Klinikanın Vəfa adlı işçisinə 500 manat, xx.xx.2023-cü il tarixdə isə 450 manat ödədiyini qeyd etmişdir. Lakin, cavabdeh MMC tərəfindən təqdim olunan Güləli Səmədovun “koronar angioqrafiya üçün razılıq forması”ndan görünür ki, Güləli Səmədov xx.xx.2023-cü il tarixdə koronar angioqrafiya olunmuşdur. “Əlavə tibbi xidmətlərin ödənilməsi üçün razılıq forması”nda müalicə həkimi qrafasında Məhərrəm Nəsifov imza etmədən xx.xx.2023, xəstə qrafasında Güləli Səmədov xx.xx.2023 qeyd olunmuşdur.
43. Beləliklə ərizə ilə razılıq formaları arasında tarix baxımından ciddi ziddiyyət mövcuddur. Eyni zamanda maraqlı məqam ondan ibarətdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə işdən azad olunduqdan sonra, Güləli Səmədov qeyd etdiyi kimi xx.xx.2023-cü il tarixdə anju olunduğu halda 7 aydan sonra ödənişi soyadını və ata adını qeyd etmədiyi Vəfa adlı xanıma pul ödədiyini xatırlamış və ərizə ilə MMC-nin baş direktoruna müraciət etmişdir.
44. X5 isə xx.xx.2023-cü il tarixli məlumatında atasının ona 2.500 manatı kassaya yox əlbəəl Klinikanın Vəfa adlı işçisinə verməsini bildirdiyini qeyd etmişdir.
45. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X4 bildirmişdir ki, o, Rəşada Vəfanı tapıb ondan neynəmək lazım olduğunu soruşmasını demişdir, pulu əlbəəl ona verməsini deməmişdir. Oğlu Rəşad klinikanın işçisi olan adını dəqiq bilmədiyi Əhməd ya Əvəz adlı şəxsin ona ərizə yazdırdığını demiş. O, da bildirib ki, səhv edib yazıb. Klinika ilə işçilər arasında mübahisə var, onu qarışdırmamalı idilər.
46. Cavabdeh tərəfin təqdim etdiyi CD diskdə olan səs yazısı məhkəmə iclasında şahidin iştirakı ilə dinlənilmiş və müəyyən olunmuşdur ki, əsas mübahisə ƏDV-nin verilməməsi və X4 tərəfindən ödənilmiş pulun 1.200 manat yox, 2.200 manat olmasıdır.
47. Beləliklə, həm X3 yazdığı məlumatda, həm X2 ərizəsində pulun Klinikanın Vəfa adlı işçisinə verilməsi qeyd olunmuşdur. Lakin həmin Vəfa adlı işçinin məhz İddiaçı olması, həmin pulun məhz ona verilməsi sübuta yetirilmir. Cavabdeh tərəfin qeyd etdiyi dəlillərə əsasən xx.xx.2023-cü il tarixli əmrin verilməsinin səbəbi kimi yuxarıda qeyd olunan məlumat və ərizənin yazılması olmuşdur. Lakin işin hallarında müəyyən edilir ki, MMC, iddiaçının xəstələrdən ödənişləri alıb mənimsəməsi barədə hüquq mühafizə orqanlarına şikayət verilməmişdir.
48. Qeyd edilənlərə əsasən qəbul edilməlidir ki, xx.xx.2023-cü il tarixli 731 nömrəli əmrin əsassız olduğu üçün rədd edilməsi barədə Rayon Məhkəməsi düzgün nəticəyə gəlmişdir.
49. Məhkəmə hesab edir ki, iddiaçının işdən azad olunması barədə əmr ləğv olunduğundan o, “məşğulluq təsnifatı üzrə: qeydiyyatçı, əmək müqaviləsi üzrə: xəstə məsləhətçisi” vəzifəsinə bərpa olunması barədə Rayon Məhkəməsinin mövqeyi də əsaslıdır.
50. Belə ki, Əmək Məcəlləsinin 74.2-ci maddəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.
51. Bundan başqa, əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2018-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı 1.790 manat əmək haqqı almaqla “məşğulluq təsnifatı üzrə: qeydiyyatçı, əmək müqaviləsi üzrə: xəstə məsləhətçisi” vəzifəsinə qəbul olunmuşdur. Beləliklə MMC-nin xx.xx.2023-cü il tarixli 731 nömrəli əmri qanunsuz və əsassız olduğundan cavabdehin təqsiri üzündən iddiaçı əmək haqqı almamışdır.
52. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, məzuniyyət hüququ verən əmək stajı hesablanarkən əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü daxil edilir (maddə 132, hissə 1.). Əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır (maddə 9, bənd “d”.). Məzuniyyət hüququ verən əmək stajı hesablanarkən əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü daxil edilir (maddə 132.). Əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur (maddə 154.). Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir (maddə 156.).
53. Odur ki, iddianı həmin hissədə təmin etməklə, işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək məcburi işburaxmaya görə əmək haqqının iddiaçıya ödənilməsi barədə qənaətə gəlmiş Rayon Məhkəməsinin mövqeyi işin hallarına uyğundur.
54. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyindən 50 manat mediasiya xərcinin əvəzi də cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.
55. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Bu baxımdan apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməkdə faktlar nöqteyi-nəzərindən mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. g) apellyasiya baxışının nəticəsi
57. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
58. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
59. Məhkəmə həmçinin bildirir ki, iddiaçı və üçüncü şəxs tərəfindən Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən və qətnamə dəyişdirilmədən saxlanıldığından, iddiaçı və üçüncü şəxs hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
60. Cavabdeh MMC-in apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
61. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 sentyabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər şəxslər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.