Məhkəmə qərarları › İş №2(103)-3895/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3895/2020

03.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3895/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlərdən Azad Nizam oğlu İmanovun sədrliyi, Rəşad Məhəmməd oğlu Həsənov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-162/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi və evdən çıxarılma tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 13 saylı evdən istifadə hüquqlarının itirilməsi, cavabdehlərin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 13 saylı evdən çıxarılmaları və cavabdehlərin onlara verilmiş torpaq sahəsində tikdikləri evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 ilk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı ******* saylı, X4 adına Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 13 saylı evə dair çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-162/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 13 saylı evdən istifadə hüquqlarını itirilməklə cavabdehlər Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 13 saylı evdən çıxarılmaları, ilk iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi, qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) birgə apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsini, ilkin iddianın təmin edilməməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi bardə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar onun qardaşı Elxanın ailə üzvləridir. Bakı şəhəri, Qaradağa rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 13 saylı ev xüsusi mülkiyyət hüququ əsasında onun və qardaşı Elxanın mərhum anası X2 məxsus olmuş, o mərhum anasının vərəsəsi olmaqla mübahisə predmeti olan həmin evə dair digər vərəsə olan qardaşına qarşı payların müəyyən edilməsi barədə iddia qaldırmış və Qaradağ Rayon Məhkəmsinin xx xxx 2011-ci il tarixli qərardadı ilə aralarında barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 13 saylı evin həyətyanı sahəsinə əsas qapıdan daxil olarkən sağ tərəfdə yerləşən torpaq sahəsində divardan-divara 26 metr uzunluğu, 7 metr eni olmaq şərti ilə həmin sahənin özünə yaşayış şəraiti yaratması üçün ona ayrılması, X4 həmin sahədə inşa olunmuş hamamı sökməsi və inşa materiallarını öz istifadəsinə götürməsi, Cavabdeh1 öz vəsaiti hesabına onun istifadəsinə ayrılmış torpaq sahəsinin X4 istifadəsində olan torpaq sahəsindən ayrılması üçün mişar daşından hasar inşa etməsi, həmin evin həyətyanı torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı birgə fəaliyyət göstərmələri və həmin torpaq sahəsinin hər hansı birinin adına özəlləşdirəcəyinə baxmayaraq qeyd olunan torpaq sahəsinin barşıqış sazişində nəzərdə tutulan qaydada bölüşdürülməsi üçün müvafiq hərəkətlər olunacağı, bu səbəbdən də o iddia tələbindən imtina etmişdir. Barışıq sazişi ilə bağlı icra sənədi üzrə icraata xx.xx.2017-ci il tarixdə xitma verilmişdir. O barışıq sazişində qeyd olunan yerdə özünə yaşayış evi tikmiş və hazırda həmin evdən oğlu istifadə edir. Mərhum qardaşı xx xxxxxxxx 2012-ci ildə həmin evə dair öz adına çıxarış almış, barışıq sazişinin icra edilidiyini əsas gətirərək onlar həmin evdən istifadə hüquqlarının itirilməsi və evdən çıxarılması barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmənin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə onun iddiası təmin edilməmiş, həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2016-cı il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsində onlara məlum olmuşdur ki, qardaşın həmin evə dair öz adına çıxarış almışdır. Həmin çıxarışla bağlı isə onların razılığını alınmamışdır. Odur ki, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin çıxarışın etibarsız hesab edilməsini xahiş etsələr də məhkəmə əsassız olaraq təmin etməmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə qardaşının çıxarış alması barədə onların xx.xx.2016-cı ildən məlumatları olmaqla iddia müddətinin ötürülməsini qeyd etsə də bu tamamilə əsassızdır. Belə ki, məhkəmə qarşılıqlı iddia üzrə DƏDRX-də cavabdeh kimi cəlb etməklə özəlləşdirməyə dair hüquqmüəyyənedici sənədləri onlardan tələb etməli idi. Belə ki, onlar həmin evdə qeydiyyatda olsalar da evi özəlləşdirilərkən onların heç birinin razılığı alınmamışdır. Halbuki onlar həmin vaxt həmin evdə pasport qeydiyyatında olmaqla hazırda da həmin ünvanda qeydiyyatdadılar. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)- 4373/2019 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-162/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilkin iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 qarşı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 13 saylı evdən istifadə hüquqları itirilməklə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 13 saylı evdən çıxarılmaları barədə ilkin iddia tələbləri rədd edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı1 və vəkili X5 tərəfindən verilmiş kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6291/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı1 və vəkili X5 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4373/19 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh3 şikayəti müdafiə etdiklərini bildirərək təmin edilməsini xahiş etdilər.Cavabdeh1 əlavə olaraq bildirdi ki, barışıq sazişində qeyd olunan yerdə yaşayış evi tikmiş və həmin evdən hazırda oğlu istifadə edir. Həmçinin ona ayrılan torpaq sahəsində hasar inşa etdiyini, lakin iddiaçıların mülkiyyətində olan evin 2 otağında 2002-ci ildən məskunlaşdığını və həmin evdən çıxarılması üçün əsas olmadığını bildirdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə digər tərəflər məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız ilkin iddia tələbinin təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış kassasiya instansiya məhkəməsinin qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilməməsi hisəsində ləğv edilərək həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-162/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 13 saylı ev mülkiyyət hüququ üzrə 1/3 hissədə İddiaçı1, 1/3 hissədə İddiaçı2 və 1/3 hissədə İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 202 nömrəli reyestr kitabının 18687 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyətinin Lökbatan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı1 verilmiş 43 nömrəli xx.xx.2018-ci il tarixli forma 2 üzrə arayışdan görünür ki, İddiaçı1 RX No ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 13 saylı evin mülkiyyətçisidir. İddiaçı1 ailəsi üç nəfərdən ibarətdir: özü, İddiaçı2, İddiaçı3. Onlardan başqa Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 həmin evdə qeydiyyatdadırlar. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 2(002)-348/2011 saylı, xx.xx.2011-ci il tarixli qərardadından görünür ki, həmin qərardada əsasən Cavabdeh1 cavabdeh X6 qarşı miras əmlakın bölüşdürülməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında barışıq sazişi təsdiq edilmiş və həmin mülki iş üzrə icraata xitam verilmişdir. Barışıq sazişinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 13 saylı evin həyətyanı sahəsinə əsas qapıdan daxil olarkən sağ tərəfdə yerləşən torpaq sahəsində divardan-divara 26 metr uzunluğu, 7 metr eni olmaq şərti ilə həmin sahənin özünə yaşayış şəraiti yaratması üçün Cavabdeh1 ayrılması, X4 həmin sahədə inşa olunmuş hamamı sökməsi və inşa materiallarını öz istifadəsinə götürməsi, Cavabdeh1 öz vəsaiti hesabına onun istifadəsinə ayrılmış torpaq sahəsinin X4 istifadəsində olan torpaq sahəsindən ayrılması üçün mişar daşından hasar inşa etməsi, həmin evin həyətyanı torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı birgə fəaliyyət göstərmələri və həmin torpaq sahəsinin hər hansı birinin adına özəlləşdiriləcəyinə baxmayaraq qeyd olunan torpaq sahəsinin barışıq sazişində nəzərdə tutulan qaydada bölüşdürülməsi üçün müvafiq hərəkətlər olunacağı, Cavabdeh1 iddia tələbindən imtina etdiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 13 saylı ev tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 202 nömrəli reyestr kitabının 18687 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 2(002)-226/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və evdən çıxarılma tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4143/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-226/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan AZ-İ No 818481 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxx 2016-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin icra məmuru E.Mirzəyevin xx.xx.2017-ci il tarixli qərarının surətindən görünür ki, barışıq sazişi ilə bağlı Qaradağ Rayon Məhkəməsinin 2(002)-348/2011 saylı, xx.xx.2011-ci il tarixli qərardadı üzrə verilmiş icra sənədinin icrası təmin edildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, hazırki mübahisənin düzgün həlli üçün cavabdehin barışıq sazişi ilə ona ayrılmış torpaq sahəsində özünə yaşamaq üçün şərait yaradaraq fərdi yaşayış evi tikdiyi halda, mübahisə predmeti olan iddiaçıların mülkiyyətində olan yaşayış evində yaşamağa ehtiyaclarının olub-olmaması araşdırılmalı, hazırki vəziyyətdə cavabdehlərin iddiaçıların mülkiyyətində olan evdən istifadə etmək hüququnun qalıb-qalmaması, mövcud olmuş hüquqlarının itirilməsi üçün əsasların mövcud olub-olmamasınıı aydınlaşdırmalı, mübahisəyə düzgün maddi hüquq normaları tətbiq edilməklə, iddia və ona edilən etirazın əsaslı olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya məhkəməsinin göstərişləri əsasında təkrar apellyasiya icraatı zamanı cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 və Cavabdeh3 izahatlarında bildirdilər ki, barışıq sazişində qeyd olunan yerdə yaşayış evi tikdiyini və həmin evdən hazırda oğlunun ailəsi ilə birlikdə yaşadığını, həmçinin ona ayrılan torpaq sahəsində hasar inşa etdiyini, lakin iddiaçıların mülkiyyətində olan evin 2 otağında 2002-ci ildən məskunlaşdığını və həmin evdən çıxarılması üçün əsas olmadığını bildirdilər. Beləliklə, iş üzrə sübutlardan müəyyən edilir ki, ilk iddia üzrə iddiaçılar hazırda Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 13 saylı evin mülkiyyətçiləridir. İlk iddia üzrə cavabdehlər isə həmin evdə yalnız yaşayış yeri üzrə qeydiyyatdadırlar, onların həmin evlə bağlı hər hansı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Qaradağ Rayon Məhkəməsinin 2(002)-348/2011 saylı, xx.xx.2011-ci il tarixli qərardadı ilə Cavabdeh1 X6 qarşı miras əmlakın bölüşdürülməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında barışıq sazişi təsdiq edilmiş və mülki iş üzrə icraata xitam verilmişdir. Həmin barışıq sazişinə əsasən Cavabdeh1 özünə yaşayış şəraiti yaratması üçün yer ayrılmış, həmçinin sazişin şərtlərinə əsasən Cavabdeh1 qeyd olunan evdən ibarət olan miras əmlakın bölüşdürülməsi barədə iddiasından imtina etmişdir. Daha sonra evə mülkiyyət hüququnu əldə edən X8 cavabdehlərə qarşı cavabdeh tərəfin barışıq sazişinin şərtlərinə əməl etməməsi əsası ilə iddia qaldırmış, həmin əsasa görə verilmiş iddia tələbi təmin edilməmişdir. X8 vəfat etdikdən sonra evə mülkiyyət hüququnu ilk iddia üzrə iddiaçılar əldə etmiş, daha sonra Qaradağ rayon İcra şöbəsinin icra məmuru E.Mirzəyevin xx.xx.2017-ci il tarixli qərarına əsasən barışıq sazişi ilə bağlı Qaradağ Rayon Məhkəməsinin 2(002)-348/2011 saylı, xx.xx.2011-ci il tarixli qərardadı üzrə verilmiş icra sənədinin icrası təmin edilmiş və icra sənədi üzrə icraata xitam verilmişdir. Həmin qərara və tərəflərin özlərinin izahatlarına əsasən müəyyən edilir ki, hazırda cavabdeh tərəf barışıq sazişinin şərtlərinə əsasən özünə yaşayış evi tikməklə yaşayış şəraitini təmin etmişdir. Hazırda bu əsasla ilk iddia üzrə iddiaçılar onlara məxsus evdə qeydiyyatda qalan, lakin başqa yaşayış yerinə malik olan cavabdehlərə qarşı onların evdən istifadə hüquqlarının itirilməklə evdən çıxarılması və yeni tikilən evə köçürülməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də mövcud iddia üzrə tərəflərin və iddianın əsasının fərqli olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, hazırda mülkiyyətçi olan ilk iddia üzrə iddiaçıların onların ailə üzvü olmayan və başqa yaşayış yerinə malik olan cavabdehlərə qarşı yönələn iddia tələbi cavabdehlərin evdən istifadə hüquqlarının itirilməsi və evdən çıxarılması hissəsində əsaslı hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (əri, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına əsasən, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Beləliklə, iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüququ qeydə alınmayan, ailə qanunvericiliyi əsasında evin mülkiyyətçisi ilə birlikdə yaşamaq və evin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olmayan, yaşayış sahəsinə ehtiyacı aradan qalxan cavabdehlərin ilk iddia üzrə iddiaçılara məxsus evdən istifadə hüquqlarının itirilməklə çıxarılması barədə iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbinin təmin edilməsi hissəsində düzgün nəticəsinə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas təşkil edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-162/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 tərəfindən birgə apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-162/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Rəşad Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar