Məhkəmə qərarları › İş №2(103)-3895/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3895/2021

15.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3895/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: Anar Vəzir oğlu Tanrıverdiyev, Hakimlər: Tofiq Səməd oğlu Səmədov və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1500/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Binə südçülük sovxozu ərazisində yerləşən evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1500/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı Bakı şəhəri Xəzər rayonu Binə südçülük sovxozu ərazisində yerləşən evə köçürülməsi qət edilmişdir (sədrlik edən: Zaur Tağıyev). Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünü yoxlayarkən müəyyən etmişdir ki, Cavabdeh ünvanlanan birinci instansiya məhkəməsinin qətnaməsinin göndərilməsinə dair zərf (i.v. 107) geri qayıtdığından qətnamənin cavabdeh tərəfindən hansı tarixdə alınmasını müəyyən etmək mümkün olmamışdır. Həmin qətnamə cavabdehi birinci insansiya məhkəməsində təmsil edən vəkili X1 tərəfindən məhkəmə qəbzinə (i.v. 108) imza etməklə xx.xx.2021-ci il tarixində alınsa da, apellyasiya şikayəti cavabdehin vəkili tərəfindən deyil, cavabdehin özü tərəfindən imzalandığından, apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin axımı cavabdehin vəkilinin qətnaməni aldığı vaxtdan hesablana bilməz. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, cavabdehi birinci instansiya məhkəməsində təmsil edən vəkili H.Eynullayevin onu apellyasiya instansiyası məhkəməsində də təmsil etmək səlahiyyətini təsdiq edən order şikayətə əlavə edilməmiş və iş materiallarında aşkar edilməmişdir. Eyni zamanda, cavabhed tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsində nəzərdə tutulmuş tələblərə müvafiq olmadığı müəyyən edilmişdir. Belə ki, şikayəti verən şəxsin ünvanı apellyasiya şikayətində qeyd edilməmişdir. Apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə səbəb olan əsaslardan biri də cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu ilə bağlıdır. Belə ki, “Dövlət rüsumu haqqına” Qanunun 8.4-cü maddəsinə görə, apelyasiya və kassasiya şikayətlərindən birinci instansiya məhkəməsinə müraciət edilərkən; “- “bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı birinci instansiya məhkəməsinə müraciət edərkən qanunla müəyyən edilmiş məbləğdə ödədiyi dövlət rüsumu 30 manat olduğu halda (i.v. 6), cavabdeh apellyasiya şikayəti verərkən 06 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə, apelyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar;“ 361.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 361.2-ci maddəsinə görə, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.1-ci maddəsinə görə, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə görə, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361 və 363-cü maddələrinin tələbləri lazımınca yerinə yetirilməyərək qəbul olunmuş məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayəti qəbul edilərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Kollegiya şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366 və 402-406-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1500/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraat qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar