Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3895/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, e-2(011)-769/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: xx.xx.2016-cı il tarixli Sazişdən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə görə Əhmədov Bala-Əmi Firdavus oğluna Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən varislik hüququ ilə Əhmədov Bala-Əmi Firdavus oğluna ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evə və torpaq sahəsinə 38500 manat (otuz səkkiz min beş yüz) pul məbləği xx.xx.2015-ci il tarixdə nəğd şəkildə ödəyib yerdə qalan 61500 manat isə alğı-satqı müqaviləsi rəsmiləşdirilən zaman İddiaçı Əhmədov Bala-Əmi Firdavus oğluna ödəməyi öhdəsinə götürür. RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış ev Əhmədov Bala-Əmi Firdavus oğlunun mülkiyyətindədir. X2 Reyestr Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş Əhmədov Bala-Əmi Firdavus oğlunun ölümü xx.xx.2019-cu ildə 2 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. Əhmədov Bala-Əmi Firdavus oğlu xx.xx.1972-ci il tarixdə Xəzər rayon Qeydiyyat Şöbəsində Cavabdeh ilə nikaha daxil olmuşdur. Əhmədov Bala-Əmi Firdavus oğlunun adına vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdehin mərhum həyat yoldaşı Əhmədov Bala-əmi Firdavus oğlu arasında xx.xx.2016cı il tarixində Bakı şəhəri 7 saylı Notariat kontrounda bağlanmış Saziş üzrə beh şəklində verilmiş 38.500 manat pul məbləğinin iki mislini təşkil edən 77.000 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavadehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdehin mərhum həyat yoldaşı Əhmədov Bala-əmi Firdavus oğlu arasında xx.xx.2016-cı il tarixində Bakı şəhəri 7 saylı Notariat kontrounda saziş imzalanaraq təsdiq edilmişdir. Həmin saziş üzrə tərəflər öz üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Sazişə əsasən, Əhmədov Bala-əmi Firdavus oğlunun mülkiyyətində olmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs. Yesenin küç.ev 96 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin dəyəri 100.000 manat məbləğində qiymətləndirilmişdir. Sazişin digər bəndinə əsasən, müqaviləyə görə İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs. Yesenin küç.ev 96 ünvanda yerləşən fərdi yaşayış evə və torpaq sahəsinə görə Əhmədov Bala-əmi Firdavus oğluna Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən varislik hüququ ilə Əhmədov Bala-əmi Firdavus oğluna Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs. Yesenin küç.ev 96 ünvanda yerləşən fərdi yaşayış evə və torpaq sahəsinə aid 38.500 manat pul məbləğini, yəni beh olaraq xx.xx.2015-ci il tarixində nəğd şəkildə ödəyib. Yerdə qalan 61.500 manatı isə alğı-satqı müqaviləsi rəsmiləşdirilərkən İddiaçı Əhmədov Bala-əmi Firdavus oğluna ödəməyi öz öhdəsinə götürmüşdür. Sazişə əsasən sənədləri tam hazır etdikdən sonra Əhmədov Bala-əmi Firdavus oğlu notariat kontorunda alğı-satqı müqaviləsinin bağlamasını öz öhdəsinə götürmüşdür. Tərəflər arasında sazişin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq, Əhmədov Bala-əmi Firdavus oğlu sənədləri tam hazır etməmiş və müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Sonradan isə İddiaçı məlum olmuşdur ki, Əhmədov Bala-əmi Firdavus oğlu vəfat etmiş və müqavilə icrasız qalmışdır. Göstərilənləri nəzərə alaraq, iddiaçının adından cavabdehə pretenziya məktubu göndərilərək, onun mərhum əri Əhmədov Bala-əmi Firdavus oğlunun hüqüqi varisi və qanun üzrə vərəsəsi olmasını nəzərə alaraq, Əhmədov Bala-əmi Firdavus oğlunun üzərinə götürdüyü öhdəlikləri 20 gün müddətində icra etməsini xahiş etmişdi. Cavabdehə pretenziya məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh məktubu qəbul etməkdən imtina etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, e-2(011)-769/2023 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı saziş üzrə ödədiyi məbləğin beh şəklində ödənildiyini iddia etsə də, nə müqavilənin məzmunundan, nə də müqavilə üzrə tərəflərin üzərinə götürdükləri öhdəliklərdən həmin məbləğin beh olaraq ödənildiyi müəyyən edilmir. Məhkəmə hesab etmişdir ki, İddiaçı və Əhmədov Balaəmi Firdavus oğlu gələcəkdə daşınmaz əmlakın alğı-satqısına dair müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə rəsmiləşdirdikləri saziş üzrə ödənilən 38.500 manat məbləğində pul vəsaiti avans olaraq ödənildiyindən, iddiaçı həmin məbləğin iki mislini tələb etməkdə haqlı deyildir. Digər tərəfdən, mülki iş üzrə Cavabdeh mərhum Əhmədov Bala-əmi Firdavus oğlunun vərəsəsi olaraq miras əmlakı qəbul etdiyi sübuta yetirilmədiyinə görə iddia təmin edilə bilməz. Məhkəmə araşdırması zamanı Əhmədov Bala-Əmi Firdavus oğlunun miras əmlakı barədə hər hansı vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Digər tərəfdən iddiaçı Cavabdeh Əhmədov Bala-Əmi Firdavus oğlundan qalan miras əmlakı faktiki qəbul etməsi ilə bağlı hər hansı sübut təqdim etməmiş, eləcə də bu cür sübutların əldə edilməsi üçün vəsatət verilməmişdir. Odur ki, iddia sübuta yetirilmədiyinə görə rədd edilməlidir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1, 491.2, 491.3, 1145, 1151.1, 1159.1.1, 1243, 1306.1, 1306.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh Əhmədov Balaəmi Firdavus oğlu ilə ər-arvad olduqlarından və verilmiş beh məbləği onların ailə büdcəsinə daxil olduğundan, qanunla cavabdeh həm vərəsə, həmçinin də faktiki olaraq birgə borclu hesab edilirlər. Həmçinin mərhum Əhmədov Bala-əmi Firdavus oğlu və onun arvadı - iş üzrə Cavabdeh bir ünvanda qeydiyyatda olmaqla birgə yaşadıqlarından və cavabdeh mərhum ərindən qalan əmlakları faktiki olaraq qəbul etdiyindən, həmçinin o qanun üzrə vərəsə olduğundan, iş üzrə bir başa cavabdehlik daşıyır. Bundan başqa işə baxan məhkəmə hazırki işə aidiyyatı olmayan sübutlara istinad edərək öz qətnaməsini əsaslandırmışdır. Belə ki, məhkəmə qətnaməsində göstərilmiş X10 ilə X1 hazırki işə necə aidiyyatının olması məlum deyil. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat veriıməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1306.1-ci və 1306.2-ci maddələrinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, mübahisələndirilən qətnamədən görünür ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş halları kimi göstərmişdir ki, xx.xx.2018-ci il tarixində X10 ilə X6 arasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 4 saylı Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli, **********49 reyestr nömrəli, **********9 qeydiyyat nömrəli çıxarışına əsasən Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi üzərinə icarə hüququnun alğı-satqısına dair ilkin müqavilə imzalanmışdır. X7 əvəzinə müqaviləni Bakı şəhəri 52 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə verilmiş 1303 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi X11 imza etmişdir. Mülki iş materiallarında olan pretenziya məktubundan və cavabdehin izahatından müəyyən edilmişdir ki, X6 tərəfindən X9, xx.xx.2018-ci il tarixli ilkin müqaviləni 10 gün müddətində ləğv edib, həmin müqavilə əsasında alınmış 5000 manat pul vəsaitini X4 10 gün müddətində geri qaytarılması barədə müraciət edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnaməsində göstərilən bu hallar hazırki işə aid olmayan hallar olmuşdur, başqa sözlə, məhkəmə hazırki işə aid olmayan hallara əsaslanmışdır. Halbuki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Azərbaycan Respublikasının MPM-nin 220.4-cü maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsində hazırki iddia tələbinin predmetinə aid olmayan hallarla əsaslandırması prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixli Sazişlə İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə görə Əhmədov Bala-Əmi Firdavus oğluna Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən varislik hüququ ilə Əhmədov Bala-Əmi Firdavus oğluna ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evə və torpaq sahəsinə 38500 manat (otuz səkkiz min beş yüz) pul məbləği xx.xx.2015-ci il tarixdə nəğd şəkildə ödəyib yerdə qalan 61500 manat isə alğı-satqı müqaviləsi rəsmiləşdirilən zaman İddiaçı Əhmədov Bala-Əmi Firdavus oğluna ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd olunan sazişə istinad etməklə qeyd edir ki, beh olaraq xx.xx.2015-ci il tarixində nəğd şəkildə ödəmiş, yerdə qalan 61.500 manatı isə alğı-satqı müqaviləsi rəsmiləşdirilərkən İddiaçı Əhmədov Bala-əmi Firdavus oğluna ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında sazişin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq, Əhmədov Bala-əmi Firdavus oğlu sənədləri tam hazır etməmiş və müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Sonradan isə İddiaçı məlum olmuşdur ki, Əhmədov Bala-əmi Firdavus oğlu vəfat etmiş və müqavilə icrasız qalmışdır. Göründüyü kimi iddiaçı xx.xx.2016-cı il tarixli Sazişə əsasən Əhmədov Bala-əmi Firdavus oğlu arasında xx.xx.2016- cı il tarixində Bakı şəhəri 7 saylı Notariat kontorunda bağlanmış saziş üzrə beh şəklində verilmiş 38500 manat ödənişi beh kimi qiymətləndirmiş, və həmin məbləğin iki mislini təşkil edən 77.000 manat pul vəsaitinin cavabdehdən tutulmasını iddia etmişdir. Məhkəmə kollegiyası bununla bağlı iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, yuxarıda qeyd edilən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. İddiaçının istinad etdiyi sazişdə isə həmin məbləğin beh olaraq ödənilməsi barədə hər hansı bir qeyd olmamış, həmçinin tərəflər bu barədə hər hansı öhdəlik götürməsi barədə sazişdə bənd olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı və Əhmədov Bala-əmi Firdavus oğlu gələcəkdə daşınmaz əmlakın alğı-satqısına dair müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə rəsmiləşdirdikləri saziş üzrə ödənilən 38.500 manat məbləğində pul vəsaiti avans olaraq ödənildiyindən, iddiaçı həmin məbləğin iki mislini tələb etməkdə haqlı deyildir. Bununla yanaşı qeyd edilməlidir ki, Əhmədov Bala-Əmi Firdavus oğlunun miras əmlakı barədə hər hansı vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Digər tərəfdən iddiaçı Cavabdeh Əhmədov Bala-Əmi Firdavus oğlundan qalan miras əmlakı faktiki qəbul etməsi ilə bağlı hər hansı sübut təqdim etməmiş, eləcə də bu cür sübutların əldə edilməsi üçün vəsatət verilməmişdir. Beləliklə də, mülki iş üzrə Cavabdeh mərhum Əhmədov Bala-əmi Firdavus oğlunun vərəsəsi olaraq miras əmlakı qəbul etdiyi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı verilmiş vəsaitin cavabdehlə mərhumun ailə büdcəsi olmasını göstərsə də buna dair də mötəbər sübutlar təqdim edə bilməmişdir. Belə olan halda isə iddia əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası bunu da qeyd etməyi zəruri hesab edir ki, hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Göstərilənlərə əsasən kollegiyanın qənaətinə görə, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, qismən, yalnız işə baxan məhkəmə hazırki işə aidiyyatı olmayan sübutlara istinad edərək öz qətnaməsini əsaslandırması hissəsinə dair dəlilləri ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, xx.xx.2015-ci il tarixində nəğd şəkildə ödənmiş məbləğin beh olması sübut olunmadığı üçün cavabdeh Əhmədov Bala-əmi Firdavus orlu ilə ər-arvad olmaları ilə ailə büdcəsinə daxil olub-olmamasından asılı olmayaraq cavabdehin həm vərəsə, həmçinin də faktiki olaraq birgə borclu hesab edilməsinə dair apellyasiya şikayətinin dəlilləri əsaslı olmamışdır. Göründüyü kimi, iddiaçının apellyasiya şikayətində iddia tələbinin təmin edilməsinin əsasları kimi qeyd etdiyi dəlillər formal xarakter daşıyır, sübutlara əsaslanmır və iddiaçının şəxsi mülahizələrindən ibarətdir. Məhkəmə kollegiyası eyni zamanda, iddiaçı tərəfindən xx.xx.2015-ci il tarixdə nəğd şəkildə 38500 manat (otuz səkkiz min beş yüz) ödənilməsi faktını nəzərə alaraq hesab edir ki, iddiaçıya qanunvericiliklə müəyyən edilmiş qaydada həmin pul məbləğini geri tələb etmək və yaxud xx.xx.2016-cı il tarixli Sazişin icrasını davam etdirmək üçün müvafiq prosessual hərəkətlər etmək (iddia qaldırmaq, müraciət etmək və s.) hüququnun olması izah edilməldir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin eləcə də apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, e-2(011)-769/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “İddiaçı ilə cavabdehin mərhum həyat yoldaşı Əhmədov Bala-əmi Firdavus oğlu arasında xx.xx.2016-cı il tarixində Bakı şəhəri 7 saylı Notariat kontrounda bağlanmış Saziş üzrə beh şəklində verilmiş 38.500 manat pul məbləğinin iki mislini təşkil edən 77.000 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavadehdən iddiaçının xeyrinə tutulması” barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə