Məhkəmə qərarları › İş №2(103)-3898/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3898/2024

14.06.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3898/2024 14.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-224/2024 saylı qərardadından Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və sair tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-224/2024 saylı, xx.xx.2024-cü il tarixli saylı qətnaməsinə əsasən iddia tələbinin təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə, 4V saylı evin 82 saylı (yeni qaydalarla: AZ 1106, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 16, M14, m3) ümumi sahəsi 145 m2 olan mənzilindən əşyaları ilə birlikdə çıxarılması və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə, 4V saylı evin 82 saylı (yeni qaydalarla: AZ 1106, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, 16, M14, m3) ümumi sahəsi 145 m2 olan mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayəti ilə verməklə yanaşı həmçinin müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001) 224/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini ərizə ilə məhkəməyə müraciət etdikdən sonra, xx.xx.2024-cü il tarixdə rəsmi olaraq almışdır. Məhkəməyə ərizə ilə müraciət edərkən ona bildirilmişdir ki, qətnamə birinci instansiya məhkəməsində vəkilin kabinetinə yerləşdirilmişdir. Lakin onu təmsil edən vəkil sonuncu məhkəmə iclasına getməmiş və bu barədə ona məlumat verməmişdir. Bundan sonra o, vəkilinin səhlənkarlığına görə həmin vəkildən imtina edərək başqa vəkillə müqavilə bağlamışdır. Həmçinin ərizədə qeyd etmişdir ki, o, qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşamır, faktiki olaraq 2014-cü il tarixdən mübahisə edilən ünvan 2 ünvanında ailə üzvrləri ilə birlikdə yaşayır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-224/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-224/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 şikayət verərək, qərardadın ləğv edilməsini və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-224/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əvvəlki vəkilinin səhlənkarlığına və işi uduzduğuna görə ondan imtina etmişdir. Vəkilə verdiyi etibarnaməyə də xitam verilmişdir. Etibar etdiyi başqa vəkillə müqavilə bağlamışdır. Qeyd edir ki, ünvanına qətnamə göndərilməmişdir. Birinci instansiya məhkəməsində onu təmsil edən vəkilin sözügedən məhkəmə aktını ona çatdırmaq öhdəliyini yerinə yetirməmişdir. Vəkilin səhlənkarlığına və ona vaxtında məlumat vermədiyinə görə hüquqları kobud surətdə məhkəmədə pozula bilməz. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər bir vətəndaşın hüquqları qanunla qorunur. Lakin bu gün vəkilin səhvinə görə heç bir halda konstitutsion hüquqlarından məhrum edilə bilməz. Məhkəmədə müddətin itirilməsinin üzrlü hesab edilməməsi onun hüquqlarından istifadə etməsinə maneə yaradır. Əgər apellyasiya şikayəti vermək niyyətində olmasa idi yenidən bununla bağlı məhkəməyə müraciət etməz və apellyasiya şikayətinin göndərilməsini israrla tələb etməzdi. Hazırda qeydiyyatda olduğu ünvan 4 ünvanında yaşamır, faktiki olaraq 2014-cü ildən mübahisə edilən ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə daimi yaşayır. Ona göndərilmiş 26 may 2023-cü il tarixli məhkəmə bildirişində faktiki ünvanı öz əksini tapmışdır və həmin ünvan (ünvan 6 məlum idi. Lakin məhkəmə bu bildirişi onun ünvanına deyil səhlənkar vəkilin kabinetinə göndərmiş həmin vəkil də bu barədə heç bir məlumat verməmişdir. Göründüyü kimi onun konstitusiya ilə təsbit edilmiş şikayət vermə hüququ məhdudlaşmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(001)- 224/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir, iddiaçının nümayəndəsi-vəkili tərəfindən şikayətə etiraz ərizəsi və ona əlavə edilmiş məhkəmə qərarları elektron qaydada məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə Sistemindən Çıxarışdan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-224/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi cavabdehin nümayəndəsi-vəkilinin elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Göründüyü kimi cavabdehə münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət 12 mart 2024-cü il tarixədək olmuşdur. Lakin apellyasiya şikayəti qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət ötürülməklə, yəni 02 aprel 2024-cü il tarixdə verilmişdir. Bununla yanaşı cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin üzrlü səbəbləri barədə hər hansı sübut təqdim etməmişdir. Nəticə etibarilə cavabdeh qanunvericiliklə müəyyən edilmiş müddət ərzində apelyasiya şikayətini vermək iqtidarında olmamasını sübut edəcək hər hansı dəlil, sübut da təqdim etməmişdir. Göründüyü kimi Cavabdeh üçün qətnamədən apellyasiya şikayəti vermə müddətinin üzrlü səbəblərdən ötürülməsi müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması barədə ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə isə qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzürlü səbəblər sırasına, məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s.aid edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. «Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Şikayət vermək hüququ, konkret şəxsin mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir, lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafizəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Bu hüquqdan belə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq təmin edilsin. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən buraxılmış müddət yalnız buraxılmanın səbəblərini üzrlü hesab etdikdə bərpa edilə bilər. Hər bir halda konkret səbəbi üzürlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, buraxılmış müddətin bərpa edilməsi imkanı həmin müddətin davamiyyəti ilə əlaqəli olmalı, hüquq normasından sui-istifadəyə yol açmamalıdır. Cavabdeh isə müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, qeyd olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmiş, müddətin bərpasından imtina ilə bağlı gəldiyi bu nəticəsi tam qanuni və işin hallarına uyğundur. Bununla yanaşı məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, qətnamənin cavabdehin özünə deyil, nümayəndəsi-vəkilinə çatdırılması artıq şikayət vermə müddətinin hesablanması üçün əsasdır, çünki cavabdeh tərəfindən verilmiş etibarnamədə nümayəndənin apellyasiya şikayəti vermək səlahiyyəti olmuş və bəhs edilən dövrdə etibarnamə qüvvədə olmuşdur. Cavabdeh şikayətində təmsil edən vəkilin sözügedən məhkəmə aktını ona çatdırmaq öhdəliyini yerinə yetirməməsi və vəkilin səhlənkarlığına görə ona vaxtında məlumat verməməsini göstərsə də, məhkəmə kollegiyası hesab edir ki, bu halların mövcudluğu belə müddətin bərpasının ötürülməsinin səbəblərini üzürlü sayılması üçün əsas vermir. Göründüyü kimi, nümayəndə qətnamədən apellyasiya şikayəti vermək səlahiyyəti olsa da apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-224/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar