Məhkəmə qərarları › İş №2(103)-3899/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3899/2023

21.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3899/2023 21.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (kompensasiyanın ödənilməsi) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı və cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakları ilə, iddiaçı X3 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-409/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı 40000 manat depozitdən 14260,43 manat məbləğ çıxıldıqdan sonra qalan 25739,57 manat məbləğində əmanətin və 23 dekabr 2016-cı il tarixdən "xxxx" ASC-nin lisenziyasının ləğv edildiyi 22 dekabr 2017-ci il tarixədək 40000 manat depozitə hesablanmış 651.11 manat məbləğində faizlərin cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq ona kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 məhkəməyə etiraz təqdim edərək, mülki iş üzrə icraata xitam verilməsinə dair yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-409/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Əmanətlərin Sığortalanması Fondundan 117.65 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 210 manat dövlət rüsumunun 2 manat hissəsinin cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilməsi, qalan 208 manat hissəsinin isə iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373.3, 375, 385.1, 386.1, 527.1, 551.2, 739.1, 739.2, 944.1, 950.1; Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 82.3, 88, 107, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4; “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.1, 2.1.2, 2.1.3, 2.1.11, 3, 4.1.4, 5.1, 8.1.20, 25.1.4, 26.1, 26.2, 27.2-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” xx.xx.2023-cü il tarixli Qərarına; Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 11 fevral tarixli Qərarına istinadən qeyd edilmişdir ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2016-cı il tarixdə bank əmanəti müqaviləsi (göy əmanət) bağlanmış, müqaviləyə əsasən iddiaçı 40000 manat məbləğində pulu əmanət qismində "xxxx" ASC-də açılan hesaba qoymuş, bank ona illik 14.2 faiz ödəmək şərtilə həmin əmanəti qəbul etmiş və müqavilə bir il müddətinə bağlanmışdır. İddiaçı ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixdə 2, xx.xx.2017-ci il tarixdə isə 1 kredit müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli 49/1 saylı qərarı ilə "xxxx" ASC-yə bank fəaliyyəti üçün verilmiş lisenziya 23 dekabr 2017-ci il tarixindən ləğv edilmiş, "xxxx" ASC-də sığorta hadisəsi günü 22 dekabr 2017-ci il müəyyən edilmişdir. "xxxx" ASC-də sığorta hadisəsi baş verən günə iddiaçıya məxsus əmanət hesabında 40685.05 manat məbləğində pul vəsaiti olmuşdur. Bununla yanaşı, iddiaçının həmin günə banka müvafiq kredit müqavilələri üzrə cəmi 40567.4 manat məbləğində borcu olmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə LPO "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı qarşı xx.xx.2016-cı il tarixli müqavilələr üzrə olan borclarına dair iddia tələbləri iddia müddəti keçdiyinə görə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə ləğv prosesində olan "xxxx" ASC-nin ödənişlərinin növbəliyi çatmış kreditorlarının, onların bank qarşısında olan öhdəlikləri ilə əvəzləşdirilməsinə icazə verilmişdir. Həmin qərardad icra olunaraq, iddiaçının bankda olan 40685.05 manat məbləğində əmanəti ilə bank qarşısında olan 40567.4 manat məbləğində öhdəlikləri əvəzləşdirilmiş və iddiaçının bankda cəmi 117.65 manat məbləğində pulu qalmışdır. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankda olan 40000 manat məbləğində əmanətindən qalıq kredit borcu olan 14260.43 manat çıxıldıqdan sonra qalan məbləğin və hesablanmış 651.11 manat əmanət faizi üzrə kompensasiyanın ödənilməsini xahiş edir. İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsaslanaraq, xx.xx.2016-cı il tarixli müqavilələr üzrə borcuna münasibətdə iddia müddətləri tətbiq edildiyindən belə hesab edir ki, həmin müqavilələr üzrə borcu yoxdur, buna görə də həmin müqavilələr üzrə əvəzləşdirilmə aparılması qanuni hesab oluna bilməz. Cavabdeh tərəf sığorta hadisəsi baş verən günə iddiaçının əmanət hesabında 40685.05 manat məbləğində pulun, kredit müqavilələri üzrə 40567.4 manat məbləğində borcunun olduğunu bildirərək, Bakı Apellyasiya Məhkəməsinin qərardadına əsasən müvafiq qaydada əvəzləşdirmə aparıldığını qeyd edir və iddiaçının iddiasının əsassız olduğundan rədd edilməsini xahiş edir. Tələb qismən əsaslıdır. Belə ki, iş materialları əsasında sübut olunur ki, iddiaçı ilə "xxxx" ASC arasında olan kredit müqavilələri üzrə sığorta hadisəsi baş verən – "xxxx" ASC-nin lisenziyası ləğv edilən tarixə iddiaçının bank qarşısında 40567.4 manat məbləğində borcu olmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilən məsələ ondan ibarət olmuşdur ki, İddiaçı xx.xx.2016-cı il tarixli müqavilələr üzrə "xxxx" ASC qarşısında borc öhdəlikləri vardır, LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun tələbi əsaslıdır, lakin bank İddiaçı həmin borcları məhkəmə qaydasında tələb etmək hüququnu vaxtında həyata keçirməmiş, yəni iddia müddətini ötürmüşdür. X6rşı olan tələblərinin əsaslı olmasına baxmayaraq, məhz həmin kateqoriya tələblər üçün qanunla müəyyənləşdirilmiş iddia müddəti ötürüldüyündən bankın tələbləri təmin edilməmişdir. Bu isə o deməkdir ki, iddiaçının bank qarşısında olan öhdəlikləri qalmış, lakin həmin öhdəlikləri məhkəmə qaydasında tələb etmək hüququ itirilmişdir. Bundan başqa müəyyən olunmuşdur ki, iddiaçının sığorta hadisəsi baş verən – "xxxx" ASC-nin lisenziyası ləğv edilən tarixə bankda açılmış əmanət hesabında 40685.05 manat məbləğində pul olmuşdur. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixdə qəbul etdiyi qərardadla ləğv prosesində olan "xxxx" ASC-nin ödənişlərinin növbəliyi çatmış kreditorlarının, onların bank qarşısında olan öhdəlikləri ilə əvəzləşdirilməsinə icazə vermiş, qərardad İddiaçı münasibətdə icra olunaraq əvəzləşdirilmə aparıldıqdan sonra iddiaçının bankda cəmi 117.65 manat məbləğində pulu qalmışdır. Həmin pulun iddiaçıya qaytarılması isə müvafiq qaydada sübuta yetirilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, iddia qismən təmin olunmalıdır.

5. Birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilmiş sübutlardan görünür ki: - 23 dekabr 2016-cı il tarixli, 70065372-39 nömrəli “bank əmanəti müqaviləsi”nə (göy əmanət) və həmin müqaviləyə Əlavə № 1-ə əsasən "xxxx" ASC əmanətçi İddiaçı və ya əmanətçi üçün daxil olmuş pul məbləğini qəbul etməyi və əmanət məbləğini müqavilə ilə müəyyən olunmuş qaydada əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür. Əmanət xx.xx.2016cı il tarixdən xx.xx.2017-ci il tarixinədək 12 ay müddətinə qəbul edilmişdir. Bu Müqavilə üzrə Bank tərəfindən qəbul edilən məbləğ 40000 AZN təşkil etmişdir. Bank əmanət üzrə əmanətçiyə, əmanətin saxlanma müddətindən asılı olaraq hər ay illik 14.2 % ödəməyi öhdəsinə götürmüşdür; - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(011)-2019/2021 saylı qətnaməsindən məlum olur ki, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh İddiaçı qarşı cəmi 20350,59 manat borc – bundan 9011,31 əsas, 5008,39 faiz, 5008,39 cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış 1322,50 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi tələbi barədə iddiasına iddia müddəti tətbiq edilmiş və iddianın rədd edilməsi qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1930/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qətnaməsindən məlum olur ki, cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(011)-2013/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinə iddia müddətinin tətbiq edilməklə, iddianın rədd edilməsi qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin 2-3.1(103)-76/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadından məlum olur ki, ləğvetmə prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun “öhdəliklərin əvəzləşdirməsinə icazə verilməsi haqqında” ərizəsi təmin edilmiş, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci və 82-ci maddələrinin müəyyən etdiyi qaydalar nəzərə alınmaqla, ləğv prosesində olan "xxxx" ASC-nin ödənişlərinin növbəliyi çatmış kreditorlarının, onların bank qarşısında olan öhdəlikləri ilə əvəzləşdirilməsinə icazə verilməsi qərara alınmışdır; - LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan məlum olur ki, "xxxx" ASC tərəfindən aralarında bağlanmış xx.xx.2016-cı il tarixli, 003T12160023 nömrəli kredit müqaviləsi üzrə İddiaçı 11 ay müddətinə 16000 AZN məbləğində kredit verilmişdir. Bundan başqa "xxxx" ASC tərəfindən aralarında bağlanmış xx.xx.2017-ci il tarixli, KM003T10170012S01 nömrəli kredit müqaviləsi üzrə İddiaçı 60 ay müddətinə 15000 AZN məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixinə qeyd edilən hər iki kredit müqaviləsi üzrə İddiaçı borc öhdəliyi mövcud deyildir; - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan məlum olur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(011)-2019/2021 saylı qətnaməsi xx.xx.2021ci il tarixdə qanuni qüvvəsini almışdır; - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 65/56575 nömrəli cavab məktubundan məlum olur ki, iddiaçı ləğv prosesində olan "xxxx" ASCnin cavabdeh İddiaçı qarşı “kredit borcunun qaytarılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1930/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(011)-2013/2021 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddia tələbi rədd edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilmədiyindən Bakı Apellyasiya Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 393-cü maddəsinə əsasən qanuni qüvvəyə minmişdir; - Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məlumatdan məlum olur ki, hazırda ləğv prosesində olan "xxxx" ASC-də sığorta hadisəsi baş verən dövrdə iddiaçının bank qarşısında kredit müqavilələri üzrə vaxtı çatmış aşağıdakı öhdəlikləri mövcud olmuşdur: 1) xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə - əsas borc 14683.33 AZN, faiz borcu 126.65 AZN; 2) xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə - əsas borc 9011.31 AZN, faiz borcu 268.60 AZN; 3) xx.xx.2016-cı il tarixli digər kredit müqaviləsi üzrə - əsas borc 15999.65 AZN, faiz borcu 477.86 AZN. Həmin dövrə olan 3 kredit müqaviləsi üzrə cəmi öhdəlik 40567.4 AZN təşkil etmişdir. Həmçinin, iddiaçının yuxarıda qeyd edilən dövrdə Bankda açılan hesablarında 40685.05 AZN ekvivalentində pul vəsaiti mövcud olmuşdur. Bank qarşısında olan öhdəliklərlə bankdakı hesablardakı pul vəsaitləri üzrə əvəzləşmə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-3.1(103)-76/2021 nömrəli qərardadına əsasən aparılmışdır. Məlumata əlavə edilmiş çıxarışdan məlum olur ki, İddiaçı "xxxx" ASC-də olan əmanət hesabında 40685.05 manat məbləğində pul olmuş, kredit müqavilələri üzrə isə 39694.29 manat əsas, 873.11 manat məbləğlərində faiz borcu olmuşdur (iş səh. 8, 13, 18, 41, 54, 86, 121-122). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

6. İddiaçı apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)- 409/2023 saylı qətnaməsinin qismən – “iddia qalan hissədə təmin edilməsin” hissəsində ləğv edilməsini və həmin iddia tələbinin tam həcmdə təmin edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.2, 421.1, 527.1, 551, 944.1, 947.2, 948.1, 949, 950; Mülki Prosessual Məcəlləsinin 217, 218, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.1, 2.1.2, 2.1.2.6, 2.1.3, 2.1.11, 3, 4.1, 5.1, 8.1.20, 25.1.4, 26.1, 27.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə bu maddələrin məzmununa nəzər yetirməmiş və yalnız cavabdehin mövqeyini üstün tutmaqla kifayətlənmişdir. Məhkəmə yalnız iddiaçının iddia ərizəsində göstərilənləri əsaslı hesab edərək heç bir araşdırma aparmadan tələbin təmin olunması haqqında qətnamə qəbul etmişdir. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. İddiaçı ilə "xxxx" ASC arasında kredit müqavilələrinin olması faktdır. Lakin həmin müqavilələr üzrə iddiaçının banka borcu yoxdur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə iddia müddətinin ötürülməsi səbəbindən cavabdehin İddiaçı qarşı olan iddiaları təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin əvəzləşdirilmənin müəyyən edilməsi barədə qərardadı yekun məhkəmə aktı deyildir və İddiaçı adı məhz həmin qərarda göstərilməmişdir. Buna görə də məhkəmənin həmin qərardada əsaslanması doğru deyildir. İşin təkzibedilməz faktiki hallarından göründüyü kimi məhkəmələr tərəfindən iddia müddəti tətbiq edilərək ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiaları təmin edilməmişdir. xx.xx.2016-cı il tarixli 003T12160023 nömrəli və xx.xx.2016-cı il tarixli 003T12160025 nömrəli kredit müqavilələrinin təminatı olaraq "xxxx" ASC-də depozit 40000 manat məbləğində pul girov qoyulmuşdur. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, 40000 manat depozitdən 14260,43 manat məbləğ çıxıldıqdan sonra qalan 25739,57 manat məbləğində əmanətin və xx.xx.2016-cı il tarixdən "xxxx" ASC-nin lisenziyasının ləğv edildiyi xx.xx.2017-ci il tarixədək 40000 manat depozitə hesablanmış 651.11 manat məbləğində faizlərin tutulması əsaslıdır. İddiaçının əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aid olduğundan, tam şəkildə kompensasiya olunmalı və kompensasiya məbləği tam şəkildə iddiaçıya ödənilməlidir. Əmanət müqaviləsinin şərtlərinin iddiaçının xəbəri olmadan dəyişdirilməsi və qorunmayan əmanət hesab edilməsi Mülki Məcəllənin və depozit müqaviləsinin şərtlərinə ziddir.

7. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-409/2023 nömrəli qətnaməsinin təmin edilən hissədə ləğv edilməsi, iddia tələbinin təmin edilən hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.11, 8.1.18, 12.1, 13.1, 14.1, 16.1, 22.1.2, 27.11, 28.2; “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 59.6, 71.4, 72, 72.1.3; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2, 390-cı maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi yalnız iddianın təmin edilən hissəsində yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmə rəsmi sorğu ilə ƏSF-dən iddiaçı tərəfin kredit müqavilələri üzrə ətraflı məlumatı əldə etmişdir. Lakin onu nəzərə almamışdır ki, ƏSF iddiaçının bankda sığorta hadisəsi baş verən anda kredit müqavilələri üzrə borc öhdəliyinin icrasının təmin edilməsi üçün yetərli olan vəsaitdən artıq hissəni İddiaçı ödəmişdir. İddiaçı da bu barədə bilə-bilə məhkəməyə məlumat verməkdən yayınmış, məhkəmənin yanlış nəticəyə gəlməsinə əsas olan qətnamə qəbul etməsinə zəmin yaratmışdır. Belə ki, xx.xx.2018-ci il tarixində sözügedən vəsait 117 manat ƏSF tərəfindən təyin edilmiş agent bank "xxxx" ASC tərəfindən iş üzrə iddiaçıya ödənilmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək və cavabdehin apellyasiya şikayətində qeyd edilən halı etiraf edərək 118 manat kompensasiyanın ona ödənildiyini bildirmiş, şikayətinin təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 verdiyi apellyasiya şikayətini müdafiə edərək və iddiaçının verdiyi apellyasiya şikayətinə etiraz edərək, iddiaçının şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı maddələri nəzərdən keçirilməlidir 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.2. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 527.2. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. 945.2. Hüququ çatmayan şəxs tərəfindən və ya qanunla müəyyənləşdirilmiş qayda, yaxud qanuna uyğun qəbul edilmiş bank qaydaları pozulmaqla fiziki şəxsdən əmanət qəbul olunduqda əmanətçi əmanət məbləğinin dərhal qaytarılmasını, habelə onun üçün faizlər ödənilməsini və bundan əlavə, əmanətçiyə vurulmuş bütün zərərin əvəzinin verilməsini tələb edə bilər. Belə bir şəxs bank əmanəti müqaviləsinin şərtləri əsasında hüquqi şəxsin pul vəsaitini qəbul etdikdə, bu cür müqavilə etibarsızdır. 948.1. Bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir. 948.2. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bankın tələbli əmanətlər üçün ödənilən faizlərin miqdarını dəyişməyə ixtiyarı vardır. Bank faizlərin miqdarını azaltdıqda faizlərin yeni miqdarı faizlərin azaldılması haqqında əmanətçilərə məlumat verilənədək qoyulmuş əmanətlərə həmin məlumatın verildiyi andan bir ay keçəndən sonra tətbiq olunur, bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmasın. 948.3. Fiziki şəxs əmanəti müəyyən müddət qurtardıqdan sonra və ya müqavilədə nəzərdə tutulan hallar baş verdikdə qaytarılmaq şərtləri ilə qoyduqda əmanət üçün faizlərin bank əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarı bank tərəfindən birtərəfli qaydada azaldıla bilməz. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, bankın hüquqi şəxslə bağladığı bu cür bank əmanəti müqaviləsi üzrə faizlərin miqdarı birtərəfli qaydada dəyişdirilə bilməz. 949.1. Bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Bu qayda bir günlük depozitlərə tətbiq edilmir. 949.2. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bank əmanəti məbləğinə hesablanan faizlər əmanətçiyə hər rüb başa çatdıqdan sonra onun tələbi ilə əmanətin məbləğindən ayrılıqda ödənilir, həmin müddətdə tələb olunmamış faizlər isə üstünə faizlər hesablanan əmanətin məbləğini artırır. Əmanət qaytarıldıqda həmin anadək hesablanmış bütün faizlər ödənilir. 950.1. Banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. 950.3. Bank əmanəti müqaviləsi bağlanarkən bank əmanətin qaytarılmasının necə təmin ediləcəyi barədə əmanətçiyə məlumat verməlidir. 950.4. Bank əmanətin qaytarılmasının təmin edilməsi üçün bank əmanəti müqaviləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə əmanətin qaytarılması üçün təminat itirildikdə və ya onun şərtləri pisləşdikdə, əmanətçi bankdan əmanət məbləğini dərhal qaytarmağı, bu Məcəllənin 948.1ci maddəsinə uyğun müəyyənləşdirilmiş miqdarda faizlər ödəməyi və vurulmuş zərərin əvəzini verməyi tələb edə bilər. 951. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əmanətçinin əmanət üzrə hesabına dair lazımi məlumat göstərilməklə banka onun adına üçüncü şəxslərdən daxil olmuş pul vəsaiti əmanət üzrə hesaba daxil edilir. Həm də nəzərdə tutulur ki, əmanətçi həmin şəxslərdən pul vəsaiti almağa razılığını ifadə edərək, onlara əmanət üzrə hesaba dair lazımi məlumat vermişdir. 952.1. Əmanət banka müəyyən üçüncü şəxsin adına qoyula bilər. Əgər bank əmanəti müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, həmin şəxs bu hüquqlara əsaslanan ilk tələbini banka verdiyi və ya belə hüquqlardan istifadə etmək niyyətini başqa üsulla banka bildirdiyi andan əmanətçi hüququ qazanır. Xeyrinə əmanət qoyulan fiziki şəxsin və ya hüquqi şəxsin adının göstərilməsi müvafiq bank əmanəti müqaviləsinin mühüm şərtidir. Müqavilənin bağlandığı vaxt sağ olmayan fiziki şəxsin və ya bu vaxt mövcud olmayan hüquqi şəxsin xeyrinə bank əmanəti müqaviləsi əhəmiyyətsizdir. 952.2. Bank əmanəti müqaviləsi bağlamış şəxs onun əmanət üzrə hesabına qoyulmuş pul vəsaiti barəsində əmanətçi hüquqlarından üçüncü şəxs əmanətçi hüquqlarından istifadə etmək niyyətini bildirənədək istifadə edə bilər. 952.3. Üçüncü şəxsin xeyrinə müqavilə haqqında qaydalar üçüncü şəxsin xeyrinə bank əmanəti müqaviləsinə bu şərtlə tətbiq edilir ki, belə tətbiq bu maddənin qaydalarına və bank əmanətinin mahiyyətinə zidd olmasın. 963.1. Hesabın kreditləşdirilməsi və bank xidmətlərinin haqqının ödənilməsi ilə bağlı bankın müştəriyə qarşı pul tələblərinə, habelə pul vəsaitindən istifadə üçün faizlərin ödənilməsi haqqında müştərinin banka qarşı tələblərinə əvəzləşdirmə yolu ilə xitam verilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı qayda nəzərdə tutulmasın. Göstərilən tələblər bank tərəfindən əvəzləşdirilir. 963.2. Bank aparılmış əvəzləşdirmə haqqında müştəriyə müqavilədə nəzərdə tutulmuş qaydada və müddətlərdə, əgər tərəflər müvafiq şərtləri razılaşdırmayıblarsa, müvafiq hesabdakı pul vəsaitinin vəziyyəti haqqında müştərilərə məlumat verilməsinin bank praktikası üçün adi olan qaydada və müddətlərdə məlumat verməlidir. 964.1. Hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. 964.2. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələrinə əsasən 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

13. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir.

14. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılarkən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 943-953; MPM-in 14.2, 76.1, 77.1, 80-82, 119, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılsa da, ƏSF tərəfindən iddiaçının bankda sığorta hadisəsi baş verən anda kredit müqavilələri üzrə borc öhdəliyinin icrasının təmin edilməsi üçün yetərli olan vəsaitdən artıq hissənin İddiaçı ödənildiyi nəzərə alınmamışdır. İddiaçının apellyasiya şikayəti əsassız olsa da, cavabdehin apellyasiya şikayəti və onun sübutedici dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi üçün əsasdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2-3.1(103)-76/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadından məlum olur ki, ləğvetmə prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun “öhdəliklərin əvəzləşdirilməsinə icazə verilməsi haqqında” ərizəsi təmin edilmiş, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci və 82-ci maddələrinin müəyyən etdiyi qaydalar nəzərə alınmaqla, ləğv prosesində olan "xxxx" ASC-nin ödənişlərinin növbəliyi çatmış kreditorlarının, onların bank qarşısında olan öhdəlikləri ilə əvəzləşdirilməsinə icazə verilməsi qərara alınmış, bu əsasla sığorta hadisəsi üzrə depozit və kredit müqavilələri üzrə əvəzləşdirilmiş borcdan qalıq olan 117.65 manat məbləğində pul vəsaiti iddiaçıya kompensasiya qismində ödənilmişdir. Yəni, iddiaçı kompensaiya məbləğin qəbul etməklə razılaşmış, kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi və əvəzləşdirmə prosedurları üzrə halları mübahisələndirmədən kompensasiya tələbi irəli sürmüşdür. Qeyd edilməlidir ki, kredit öhdəlikləri üzrə tələb edilən borcun məhkəmə qətnaməsi ilə müddətin ötməsi əsası ilə rədd edilməsi öhdəliklərə xitam verilməsi üçün əsas deyildir. Lakin öhdəliklərə əvəzləşdirmə əsasında xitam verilə bilər. Beləliklə də, iddiaçı əvəzləşdirməni qəbul etməklə öhdəliklərə xitam verilməsini qəbul etmiş sayılır. Bununla belə, əvəzlədirmə proseduru məhkəmə baxışının (tələbin) predmeti olmadığından onun qanuniliyi üzrə xüsusatların müzakirəsi və araşdırılması, habelə hazırkı mülki iş üzrə ona qiymət verilməsi prosessual səlahiyyətlərdən kənardır.

15. Kollegiya belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti rədd, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-409/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi qismən (cavabdeh Əmanətlərin Sığortalanması Fondundan 117.65 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi) – təmin edilən hissədə ləğv edilərək həmin hissədə iddia rədd edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə xərcləri barədə məsələni müzakirə edərək kollegiya qeyd edir ki, dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri ödəyən tərəflərin özlərinə aid edilməlidir.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-409/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi qismən (cavabdeh Əmanətlərin Sığortalanması Fondundan 117.65 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi) – təmin edilən hissədə ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar