Məhkəmə qərarları › İş №2(103)-3902/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3902/2021

22.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3902/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X5 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, X26 oğlunun katibliyi ilə, İddiaçı Osman qızının Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(007)-708/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Osman qızı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onun və övladlarının (08 may 2014-cü il təvəllüdlü X8 və 17 iyul 2009-cü il təvəllüdlü X9) ünvan 1 ünvana köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2010-cü il iyul ayının 10-da rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə ailə həyatlarından 08 may 2014-cü il təvəllüdlü X8 və 17 iyul 2009-cü il təvəllüdlü X9 adlı iki övladları olmuşdur. Cavabdeh ilə evləndikdən uzun müddət sonra münasibətləri pisləşmiş və gərginlik həddinə çatmışdır. Onlar artıq çoxdan ayrılmışlar, ər-arvad kimi yaşamırlar. Nikahları formal xarakter daşıyır və onun bərpası mümkün deyildir. Cavabdeh onları evdən çıxartmışdır. Hal-hazırda o, övladları ilə orada-burada yaşayır. Daimi yaşamağa yerləri yoxdur. Həyat yoldaşı Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, ev 6/1 ünvanda yaşayır. Həmin mənzilə o gəlin gəlmiş və onun cehiz əmlakları da həmin mənzildədir. Övladları da həmin mənzildə qeydiyyatdadırlar və orda anadan olmuşlar. Bu barədə olan şəxsiyyət vəsiqələrin surətini ərizənə əlavə edir. Cavabdeh onu və övladlarını həmin mənzilə buraxmır. Bütün bunlar onların vəziyyətlərinin və sağlamlıq durumlarının pisləşməsinə gətirib çıxarır. Buna görədə mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(007)- 708/2020 saylı qətnaməsi ilə (hakim Babək Qasımov) iddia təmin olunmamışdır. Həmçinin, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(007)-708/2020 saylı qərardadı ilə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X11 cavabdehlər İddiaçı Osman qızına və Cavabdeh qarşı «mənzildən əşyaların çıxarılması» tələbinə dair dair iddiası baxılmamış saxlanılmışdır. İddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, işə baxılarkən real faktların araşdırılmamasını, əsasız sübutlara üstünlük verilməsini göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 24 iyul 2010-cu il tarixdə nikah bağlanmış, nikahdan iki uşaqları (17 iyul 2009-cu il təvəllüdlü X9 və 08 may 2014-cü il təvəllüdlü X8) vardır. İşdə olan X15 ilə «xxxx» QSC arasında bağlanmış 03 avqust 2018-ci tarixli razılaşmadan görünür ki, X15 uzun müddət istifadəsində olan Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin Başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş qeydə alma nömrəsi 810 olan 08.06.2018-ci il tarixli arayışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin dəmir yolu xətlərinin mühafizə zolağına düşən tikililərin küçürülməsi layihəsi çərçivəsində köçürülmə ilə əlaqədar 128136,40 manat məbləğində kompensasiyaya görə «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə imtina etmişdir. İşdə olan «Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndədiliyi tərəfindən verilmiş 08.06.2018-ci il tarixli, 810 saylı arayışdan görünür ki, X15, X6, X12, X18, Cavabdeh, 2009-cu il təvəllüdlü X13 və 2014-cü il təvəllüdlü X8 ünvan 2 ünvanında qeydiyyatdadırlar. İşdə olan X1, X3, Cavabdeh və X11 09 iyun 2018-ci il tarixli ərizələrinin surətlərindən görünür ki, onların, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin «xxxx» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sökülməsinə görə ödəniləcək kompensasiyanın X10 verilməsinə heç bir etirazları yoxdur. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 2(007)-700/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından anadan olmuş 17 iyul 2009-cu təvəllüdlü X2 və 08 may 2014-cu il təvəllüdlü X4 anaları İddiaçı himayəsində saxlanılması, həmçinin Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən özbaşına tikili hesab edilən fərdi yaşayış evi X7 istifadəsində olmuşdur. X15 ilə «xxxx» QSC arasında bağlanmış 03 avqust 2018-ci tarixli razılaşmaya əsasən X15 uzun müddət istifadəsində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin dəmir yolu xətlərinin mühafizə zolağına düşən tikililərin küçürülməsi layihəsi çərçivəsində köçürülmə ilə əlaqədar 128136,40 manat məbləğində kompensasiyaya görə «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə imtina etmişdir. İddiaçı ilə Cavabdeh arasında rəsmi nikah 24 iyul 2010-cu il tarixdə bağlansa da, onlar faktiki olara 2008-ci ildə evlənmişlər və evləndikdən sonra X7 istifadəsində olan yaşayış evinə gəlin köçərək yaşamışdır. Birgə nikahından olan 17 iyul 2009-cu təvəllüdlü X9 və 08 may 2014-cu il təvəllüdlü X14 da həmin yaşayış sahəsində doğulmuşdur. Daha sonra həmin yaşayış evi söküldükdən sonra onlar X11 istifadəsində olan eyni həyətdə olan fərdi yaşayış evində yaşamağa başlamışlar. İddiaçı hal-hazırda gəlin köçdüyü evə deyil, daha sonra yerləşdiyi X11 istifadəsində olan fərdi yaşayış evinə köçmək istəyir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı ailə həyatı qurduqdan sonra X7 istifadəsində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış, daha sonra həmin ev söküldüyündən mübahisəli yaşayış sahəsinə köçərək orada yaşamış, sonradan evdən çıxarılmış valideynləri ilə yaşamalı olmuşdur. Hazırda evə köçüb yaşamasının isə cavabdeh tərəfin və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin yaratdığı maneələr nəticəsində mümkün olmadığı tərəflərin özünün izahatları və şahid ifadəsi ilə təsdiq olunur. İddiaçının mübahisəli evdən istifadə hüququnun tanınmasından əvvəl həmin evin cavabdehlərin mülkiyyətində olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, istifadə hüququ mülkiyyət hüququnu təşkil edən komponentlərdən (elementlərdən) biri olmaqla bu hüququn yaranmasında özünə məxsus hüquqi yer tutur. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, mübahisəli evlə bağlı nəinki cavabdehlərin, ümumiyyətlə hər hansı şəxsin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Başqa sözlə, mübahisəli mənzil cavabdehin mülkiyyətində deyildir, hüquqi nəticə etibarı ilə özbaşına tikilidir. İddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülübköçürülməməsinin bilavasitə fərdi yaşayış evinin hansı şəxsin mülkiyyətində olmasından, onun həmin fərdi yaşayış evinə hər hansı hüququnun, o cümlədən istifadə hüququnun yaranıb-yaranmamasından, fərdi yaşayış evinin hansı şəxsin vəsaiti hesabına alınmasından və iddiaçının həmin evin alınmasında hər hansı vəsait sərf etməsindən asılıdır. Belə ki, iddiaçının həmin evdə müvəqqəti yaşaması həmin mənzilə köçürülməsi üçün əsas ola bilməz. Qeyd olunanlardan göründüyü kimi, mübahisəli fərdi yaşayış evinin cavabdehin mülkiyyətində olması, həmin evin alınması və ya yaxşılaşdırılması üçün iddiaçının hər hansı məbləğdə vəsait sərf etməsi, habelə iddiaçının həmin evə hər hansı, o cümlədən istifadə hüququnun yaranması müəyyən edilməmişdir. İddiaçı izahatnda mübahisəli mənzilə artırmalar etməsini, həmçinin atası tərəfindən təmir işlərinin həyata keçirilməsini bildirsə də, bununla bağlı da məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saayraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. İşin hallarından göründüyü kimi, iddiaçı ilə Cavabdeh arasında rəsmi nikah 24 iyul 2010-cu il tarixdə bağlansa da, onlar faktiki olaraq 2008-ci ildə evlənmişlər və evləndikdən sonra X7 istifadəsində olan ünvan 2 ünvanında yerləşən yaşayış evinə gəlin köçərək yaşamışdır. Özbaşına tikili hesab edilən həmin fərdi yaşayış evi X7 istifadəsində olmuş, X15 ilə «xxxx» QSC arasında bağlanmış 03 avqust 2018-ci tarixli razılaşmaya əsasən fərdi yaşayış evi dəmir yolu xətlərinin mühafizə zolağına düşən tikililərin küçürülməsi layihəsi çərçivəsində kompensasiya ödənilməklə sökülmüşdür. Bundan sonra iddiaçı, X11 istifadəsində olan, eyni həyətdə olan fərdi yaşayış evində yaşamağa başlamışdır. Eyni zamanda, işdə olan X1, X3, Cavabdeh və X11 09 iyun 2018-ci il tarixli ərizələrinin surətlərindən də görünür ki, onların, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin «xxxx» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sökülməsinə görə ödəniləcək kompensasiyanın X10 verilməsinə heç bir etirazları yoxdur. Qeyd edilməlidir ki, mənzilə (yaşayış sahəsinə) köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: -iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, -iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, -iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa, -iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa, -iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa. Şəxsin mənzilə köçürülmə barədə tələbinin əsaslılığı, onun həmin daşınmaz əmlaka əmlak hüquqlarının (mülkiyyət hüququ, əmlakdan istifadə hüququ və s.) mövcud olunmasıdır. Qeyd edildiyi kimi, mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb əmlak hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir. Bu səbəbdən də ilkin olaraq iddiaçının mübahisəli yaşayış sahəsinə istifadə hüquqlarının yaranıb-yaranmaması, yaranmışsa həmin hüququnun hazırda da mövcudluğu yoxlanılmalıdır. İddiaçı isə mübahisəli yaşayış sahəsindən qanuni əsaslarla istifadə etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, tələbinin əsası kimi istinad etdiyi halları əsaslandırmamışdır. Həmçinin, iddiaçı yaşayış sahəsindən istifadə etmək sahəsində hər hansı razılaşmasının olması ilə bağlı da məhkəməyə sübut təqdim edə bilməmişdir. Göründüyü kimi, iddiaçının mübahisəli yaşayış sahəsinə köçürülməsi qanunvericiliyin tələblərinə zidd olmaqla, digər şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnə bilər. Bununla yanaşı, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh əvvəlki izahatlarından (iddia qarşı etirazından) fərqli olaraq sonradan məhkəməyə ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini bildirsə də, bu hal digər şəxsin (mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X11) hüquqlarını pozduğundan qəbul edilməməlidir. Eyni zamanda, iddiaçı da tələbini əsaslandıra və sübut edə bilməmişdir. Xüsusilə qeyd edilməldddir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin əsassızlığı ilə bağlı dəlillərinin nədən ibarət olmasını konkret olaraq göstərməmiş, ümumi formada qətnamənin əsassız olmasını, işə baxılarkən real faktların araşdırılmamasını, əsassız sübutlara üstünlük verilməsini göstərmiş, həminin prosessual hüquq normalarının qeyd etməklə kifayətlənmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır və cavabdehin etirazlarını araşdırmağa zərurət yoxdur. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmayaraq, onu əsassız hesab edir. Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki, iddiaçının hazırki vəziyyətdə mübahisəli yaşayış sahəsinə köçürülməsi, oradan barədə tələbinin hüquqi və faktiki əsası yoxdur, iddia özü-özlüyündə əsassızdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Osman qızının Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(007)-708/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(007)- 708/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar