Məhkəmə qərarları › İş №2(103)-3902/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3902/2024

03.07.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3902/2024 03.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-yə qarşı iş üzrə (Açar sözlər:işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlundan (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 03 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı Yük daşımaları departamentinin Lokomotivlərin istismarı xidmətinin İmişli lokomotivlərin istismarı deposunun Lokomotiv briqadasının teplovoz maşinisti işləmişdir. İddiaçının ntizam məsuliyyəti hissinin artırılması barədə Xidmətin rəisi Afiq Nəzərovun xx.xx.2023-cü il tarixdə verdiyi əmrlə Lokomotivlərin istismarı xidmətinin İmişli lokomotivlərin istismarı deposunun Lokomotiv briqadasının teplovoz maşinisti İddiaçı xx.xx.2023-cü il tarixdə TE33A-0291 saylı teplovozda 346 kq (404.03 lt) dizel yanacağının israfının aşkar edilməsi səbəbi ilə öz vəzifə öhdəliklərini keyfiyyətlə yerinə yetirmədiyinə görə töhmət elan edilmişdir.

2. Azərbaycan Dəmir Yolları QSC-nin Yük Daşımaları Departamenti Lokomotivlərin istismarı Xidmətinin rəisi Afiq Nəzərovun xx.xx.2023-cü il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70cı maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi üçün əsas kimi xx.xx.2023-cü ildə yanacaqdan istifadə vəziyyəti yoxlanılarkən teplovozlarda 372 və 516 kq dizel yanacağının qənaətlə istifadə edilmədiyi, yanacağın israfına yol verildiyi faktlarının aşkar olunduğu göstərilmişdir.

3. Hadisə İmişli stansiyası X8 də araşdırılmış, araşdırma ilə xx.xx.2023-cü il tarixdə yanacağın oğurlanması və satılması faktının baş vermədiyi, lakin 12 oktyabr 2023cü il tarixdə iddiaçının 3TE10M-1354AB saylı teplovozdan 494,37 manat dəyərində 516 kq (617.96 litr) dizel yanacağı talaması faktı müəyyən olunmuşdur. Polis şöbəsində baş vermiş oğurluq hadisəsi Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi kimi qiymətləndirilməmiş, xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanması rədd edilmiş, hadisənin İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş xırda talama maddəsinin tərkibini yaratdığı nəzərə alınaraq materiallar iddiaçının barəsində tədbir görülməsi üçün XPŞ-nin X3 göndərilmişdir. Həmin qərarda ekspert rəyinə istinadən talanmış 516 kg dizel yanacağının qiymətinin 494,37 manat olduğu qeyd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dəmir Yolları QSC-nin Yük Daşımaları Departamenti Lokomotivlərin istismarı Xidmətinin rəisi Afiq Nəzərovun onunla əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, o, xeyli müddətdir ki, İmişli Lokomotivlərin istismarı deposunda qüsursuz olaraq teplovoz maşinisti işləmişdir. Azərbaycan Dəmir Yolları QSC-nin Yük Daşımaları Departamenti Lokomotivlərin istismarı Xidmətinin rəisi Afiq Nəzərovun xx.xx.2023-cü il tarixli əmri ilə onunla əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-cı maddəsinin "ç" bəndi ilə pozulmuşdur. Səbəb də xx.xx.2023-cü ildə yanacaqdan istifadə vəziyyəti yoxlanarkən teplovozlarda 372 və 516 kq dizel yanacağının qənaətlə istifadə edilmədiyi, yanacağın israfına yol verildiyinin aşkar olunması göstərilmişdir. Bunda onun heç bir təqsiri olmamışdır. Onun yanacaq mənimsəməsi barədə heç bir fakt olmamışdır. İmişli st. X9 apardığı araşdırma zamanı da əməlində cinayət tərkib olmadığı müəyyən edilib cinayət işinin baslanılması rədd edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bununla belə yanacaq əskikliyi onun əmək haqqından tutulmuşdur. Onun işlədiyi müddətdə heç bir qüsuru olmamış, heç bir cəza almamışdır. Ona görə də müdiriyyətin onunla əmək müqaviləsinə xitam verməsi əsassız və qanunsuzdur.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-1957/2024 saylı, 23 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim N.Abbasov) iddia rədd olunmuşdur.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçının hansı tarixdən, hansı əmrlə və hansı əsasla işdən azad edilməsi barədə ətraflı məlumatı olmuşdur. Belə ki, göstərilən məsələlərlə əlaqədar yazılı izahat vermiş, vurulmiş zərəri etiraf etmiş, hüquq mühafizə orqanlarında aparılan araşdırmalardan sonra vurulmuş zərəri aradan qaldırmış, barəsində qaldırılmış məsələlərlə bağlı ümumi yığıncaqda iştirak etmişdir. Azərbaycan Dəmir Yolu QSC Yük Daşımaları Departamentinin X4 komitəsinin Rəyasət heyəti İmişli Lokomotivlərinin istismar deposunun teplovoz maşinisti X5 əmək funksiyasının kobud şəkildə pozduğu üçün əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə etiraz etməmişdir. İddiaçı barəsində tərtib edilmiş əmrlərdə göstərilən dizel yanacağının dəfələrlə israfını, qənaətlə istifadə edilməməsi səbəblərini teplovozların istismarında baş verən nasazlıqlarla əlaqədar olduğunu əsaslandırmağa çalışmış, lakin bu hallar barədə əsaslı və mötəbər sübutlar təqdim edə bilməmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 68ci maddəsinin 1-ci, 2-ci, 186-cı maddəsinin 2-ci, 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsinin 2, 3-cü hissəsi, 72-ci maddəsi “e” bəndi, 83-cü maddəsinin 1-ci hissəsi, 84-cü maddəsinin 1-ci hissəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.

c) Apellyasiya instansiyası məhkəməsində icraat

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

13. Cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Əmək Məcəlləsi

Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Maddə 68, hissə 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68, hissə 2, «a» bəndi. Tərəflərdən birinin təşəbbüsu əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Maddə 186, hissə 2. İşçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin «ç» bəndində nəzərdə tutulmuş «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbehini verə bilər. Maddə 70, bənd «ç». İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71, hissə 2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyimiş olsun. Maddə 71, hissə 3. İşəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72, bənd «e». Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrnin kobud şəkildə pozulması hesab edilir. Maddə 83, hissə 1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 84, hissə 1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Hazırkı işdə iddia tələbi bütünlüklə rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən dəlillərini əsassız sayaraq aşağıdakıları qeyd edir.

18. İddiaçı bildirir ki, onun yanacaq mənimsəməsi barədə heç bir fakt təsdiqini tapmamış, cinayət işinin başlanması rədd edilmişdir.

19. İş materiallarında olan İmişli st.X9 İstintaq və təhqiqat qrupunun xx.xx.2023cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə yanacaq talaması faktı müəyyən edilməsə də, 12 oktyabr 2023-cü il tarixdə onun 3TE10M-1354AB saylı teplovozdan 494,37 manat dəyərində 516 kq (617.96 litr) dizel yanacağı talaması gaktı öz təsdiqini tapmışdır. Baş vermiş oğurluq hadisəsi Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi kimi qiymətləndirilməmışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyəti əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı ziyan vurulduğu hallarda yaranır. Buna görə də aparılmış ilkin tədqiqat araşdırmasının nəticələri ilə bağlı bu fakt üzrə AR CM-in 177.1-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıla bilməz. Ona görə də İddiaçı əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş, lakin onun əməlində Azərbaycan Respublikasının İXM-in 227-ci (xırda talama) maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti İmişli st.XPŞ-nin X3 göndərilmişdir.

20. Göründüyü kimi, iddiaçı tərəfindən işlədiyi xidmət sahəsində xx.xx.2023-cü il tarixdə teplovozu idarə edərkən teplovozdan dizel yanacağının xırda talaması faktı təsdiq olunmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi iddiaçının öz vəzifə öhdəliklərini keyfiyyətlə yerinə yetirmədiyini və talama faktının mövcudluğunu aradan qaldırmır.

21. Məhkəmə iclasında təqdim edilmiş sənədlər əsasında müəyyən olundu ki, işəgötürən tərəfindən iddiaçıya münasibətdə onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə tutdluğu vəzifədən azad edilməsinə dair əmr verilməsinə əsaslar mövcud olmuşdur.

22. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunmuş, hər hansı pozuntuya yol verilməmişdir.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar