Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3907/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilə öhdəliyinin icra edilməsi və pul tələbi barədə” iddiasına dair mülki işə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 aprel 2023-cü il tarixli qərardadından iddiaçının verdiyi şikayətə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, Cavabdeh MTK-nın nümayəndəsi X1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Sanayi Ticaret Anonim Şirkətinin vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ:
1. İddiaçı cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh MTK-dan onun xeyrinə ödənilməmiş icarə haqqlarına görə 125.000 manat, icarə haqqlarının ödənilməməsi səbəbi ilə hesablanmış cəriməyə görə 37.500 manat, qeyri-yaşayış sahəsinin vaxtında təhvil verilməməsinə görə ödəniş gününə olan məzənnə ilə 210.000 ABŞ dollarının Azərbaycan manatı ekvivalentində tutulması, iş üzrə üçüncü şəxs olan Şirkətin Bakı filialının tibb mərkəzi kimi fəaliyyət göstərə bilməsi üçün xx.xx.2019-cu il tarixli müqavilənin 1.1.2-ci bəndində nəzərdə tutulmuş ərazidə və ölçülərdə, həmin müqavilənin 2.2.5, 2.2.7, 3.3-3.5-ci bəndində nəzərdə tutulmuş öhdəliklərin cavabdeh tərəfindən icra edilmədikdə qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulması, ödənilmiş 809,50 manat məbləğində dövlət rüsumunun cavabdeh MTK-dan onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 53-cü maddəsinə əsaslanaraq “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə Rayon məhkəməsinə müraciət etmişdir.
3. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə “iddia tələbinin həcminin artırılması barədə” ərizənin geri qaytarılması qərara alınmışdır.
4. Rayon Məhkəməsi bu nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən verilmiş “iddia tələbinin həcminin artırılması barədə” ərizə gec verilmişdir. Belə ki, iddiaçının iddia tələbinin həcminin artırılması üçün kifayət qədər vaxtı və imkanı olsa da, iddiaçı bu imkandan istifadə etməmiş işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər tələbini artırmamış, mülki iş tərəflərin iştirakı ilə məhkəmə baxışına təyin edildikdən sonra xx.xx.2023-cü il tarixdə “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin həcminin artırılması üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmişdir. Belə olan halda “iddia tələbinin həcminin artırılması barədə” ərizə qaytarılmalıdır.
5. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verilərək, qərardadın ləğv edilməsini və “iddia tələbinin həcminin artırılması barədə” ərizənin icraata qəbul edilməsini xahiş edilmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, işin məhkəmədə baxılmağa hazırlanması ilə bağlı keçirilən iclasda iddiaçı və iş üzrə üçüncü şəxs olan Şirkətin verdikləri “əlavə məhkəmə tikinti-texniki ekspertizanın təyin edilməsi barədə” vəsatətləri Rayon Məhkəməsinin xx.xx.2023-cü il qərardadı ilə rədd edilmişdir. Bunun ardınca sədrlik edən hakim iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi proses iştirakçılarına təklif etmədən məhkəmə baxışı iclasını xx.xx.2023-cü il tarixə saat 16:15-ə təyin etmiş, daha sonra həmin iclasın keçirilməyəcəyi barədə tərəflər şifahi formada məlumatlandırılmış, xx.xx.2023-cü il tarixə, saat 17:00-a isə yenidən hazırlıq iclası təyin olunmuşdur. Göründüyü kimi, “əlavə məhkəmə tikinti-texniki ekspertizanın təyin edilməsi barədə” vəsatət təmin edildiyi halda “iddia tələbinin həcminin artırılması barədə” ərizənin xx.xx.2023-cü il tarixdə verilməsi iddiaçı baxımdan yersiz prosessual addım olardı. Odur ki, iddiaçı tərəf, onun tərəfindən və iş üzrə üçüncü şəxs olan Şirkət tərəfindən verilmiş “əlavə məhkəmə tikinti-texniki ekspertizanın təyin edilməsi barədə” vəsatətin həll edilməsini gözləmişdir ki, bunun nəticəsindən asılı olaraq “iddia tələbinin həcminin artırılması barədə” ərizəni hazırlayaraq işə baxan Rayon Məhkəməsinə versin. Lakin işə baxmış Rayon Məhkəməsi vəsatəti təmin etməmiş və qeyd edildiyi kimi, iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi proses iştirakçılarına təklif etmədən mülki işi məhkəmə baxışı iclasına təyin etmişdir. Lakin bundan sonra Rayon Məhkəməsi bir daha, yəni xx.xx.2023-cü il tarixə, saat 17:00-a isə hazırlıq iclası təyin etsə də “iddia tələbinin həcminin artırılması barədə” ərizəni qəbul etməmişdir.
7. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara alınmışdır.
8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra Məhkəmə) xx.xx.2023-cü il tarixli qərardadı ilə işin halları və şikayətin dəlillərini nəzərə alınaraq hazırki işə MPM-nin 397.2-ci maddəsinə əsasən məhkəmə iclasında şifahi qaydada (tərəflərin iştirakı ilə) baxılması qərara alınmışdır.
9. Məhkəmə şikayətin dəlillərini, iş üzrə tərəflərin izahatlarını və mülki iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş xx.xx.2023-cü il tarixli qərardad ləğv edilməli və iddiaçı tərəfindən verilmiş “iddia tələbinin həcminin artırılması barədə” ərizə qəbul edilməli və baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir.
10. Belə ki, yuxarıda artıq qeyd edildiyi kimi, işə baxmış Rayon Məhkəməsi “iddia tələbinin həcminin artırılması barədə” ərizənin geri qaytarılması barədə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələbinin həcminin artırılması üçün kifayət qədər vaxtı və imkanı olsa da, iddiaçı bu imkandan istifadə etməmiş işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər tələbini artırmamış, mülki iş tərəflərin iştirakı ilə məhkəmə baxışına təyin edildikdən sonra xx.xx.2023-cü il tarixdə “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin həcminin artırılması üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmişdir. Belə olan halda “iddia tələbinin həcminin artırılması barədə” ərizə qaytarılmalıdır.
11. Məhkəmə isə Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Çünki iş materiallarından görünür ki, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş “əlavə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi” barədə vəsatətinin rədd edilməsinə dair qərardad qəbul etmiş, həmin tarixli digər qərardadla isə mülki işin məhkəmə baxışına təyin edilmişdir.
12. Bununla belə iş materiallarından görünür ki, Rayon Məhkəməsi iş məhkəmə baxışına təyin etsə də xx.xx.2023-cü il tarixli iclasa dair “Məhkəmə hazırlıq iclasının protokolu” tərtib edilmiş və həmin protokolda “Məhkəmə hazırlıq iclasının” protokolunun xx.xx.2023-cü il tarixdə tərtib edildiyi qeyd edilmişdir.
13. İddiaçı tərəf isə “iddia tələbinin həcminin artırılması barədə” ərizəni xx.xx.2023cü il tarixdə elektron kabinet vasitəsilə vermişdir.
14. Məhkəmə işin qeyd olunan hallarına münasibətdə bildirir ki, MPM-nin 53-cü maddəsinə görə, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
15. İşin faktiki hallarından göründüyü kimi Rayon Məhkəməsi iş üzrə məhkəmə baxışı təyin etsə də xx.xx.2023-cü il tarixdə, yəni iddiaçı tərəfin “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizəni verdiyi tarixdə Rayon Məhkəməsi iş üzrə hazırlıq iclası keçirilmişdir və iddiaçı tərəf də haqlı olaraq MPM-nin 53-cü maddəsinin tələblərinə əsasən işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər “iddia tələbinin həcminin artırılması barədə” ərizəni vermişdir.
16. Belə olan halda məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iddiaçı tərəfin verdiyi “iddia tələbinin həcminin artırılması barədə” ərizənin geri qaytarılması barədə gəldiyi nəticə işin hallarına uyğun olmamaqla istinad edilən prosessual normanın tələblərinə zidd olmuşdur.
17. MPM-nin 398.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir.
18. Odur ki, göstərilənləri nəzərə alan və MPM-nin 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏRARA ALDİ:
İddiaçı vəkili (nümayəndəsi) Vəkil şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 aprel 2023-cü il tarixli qərardad ləğv edilsin. İddiaçı hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsaslanaraq verdiyi “iddia tələbinin həcminin artırılması barədə” ərizə icraata qəbul edilsin və baxılması üçün işlə birlikdə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.