Məhkəmə qərarları › İş №2(103)-3908/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3908/2022

01.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3908/2022 01.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdeh Mustafayev X9 qarşı “borcla əlaqədar pul” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4053/2021 saylı, 10 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı “Azərişıq" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdeh Mustafayev X9 qarşı “borcla əlaqədar pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Mustafayev X7 istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 6166,36 manat borc və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci ıl tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Abonent kodu olan Mustafayev X7 elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 6.166,36 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrık enerjisinin haqqı olan 6.166,36 manat borcu bu günə qədər ödəməyərək "xxxx"xxxx"Azərişıq'' ASC-nin əməkdaşları hər ay cavabdehin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərin etiraf etməsi kimi qiymətləndirilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4053/2021 saylı, 10 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş və məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" ASC-yə aid edilmişdir. Həmin qətnamədən iddiaçı "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam şəkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin adına olan **********80030 saylı abonent kodunun təhlili zamanı onun istifadə etdiyi elektrik enerjisinin haqqı olaraq 6166.36 manat ödəməli olduğu halda heç bir ödəniş etməmiş və etməkdən də qəsdən yayınaraq, cemiyyət qarşısında debitor borcunun yarandığı aydın görsənir. Qeyd edilən fakt məhkəmə baxışında təqdim edilən invoys ve maliyyə arayışında öz əksini tapmışdır. Lakin məhkəmə tərəfindən istehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənilməsi barədə qətnamə çıxarılmış və iddia tələbi rədd edilmişdir. Göründüyü kimi məhkəmə gəldiyi qərarı ilə invoys və maliyyə arayışında qeyd edilən borc məbləğini lazımınca araşdırmamışdır Məhkəmə iclasında iştirak etmiş iddiaçı “Azərişıq" ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, hazırda cavabdehdən tutulması xahiş edilən vəsait abonent koduna hesablanmış debitor borcdur. Düzdür abonent kodu Rəhilə Müstafayevanın adına olmuşdur, lakin onlarda olan məlumata görə R.Mustafayeva vəfat etmişdir. Bundan sonra evdə qeydiyyatda olan Mustafayev X11 ilə müqavilə bağlanmışdır. Hazırki borc da məhz Cavabdeh tələb edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixə verilmiş bildirişdən görünür ki, ünvan 1i rayonu, Nəsimi küçəsi, ev (bina) 0028, 0030 saylı mənzil üzrə X1 6166,36 manat işıq borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Mustafayev X11 arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 02.2005 cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın: 8.14 cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir; 8.20-ci bəndinə əsasən, yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır və hər birinə istifadə etdikləri elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçalarını verir (özünəxidmət üsulu); 8.21-ci bəndinə əsasən, elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya xüsusi yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açır və istifadə edilən elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçasını verir (özünəxidmət üsulu); 8.22-ci bəndinə əsasən, məişət abonenti mənzildən və ya xüsusi yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evinin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. İş materiallarında olan bildirişdən görünür ki, ünvan 1i rayonu, Nəsimi küçəsi, ev (bina) 28, 30 saylı mənzil ünvanına quraşdırılmış sayğac üzrə abonentin adı X2r və onun borcu 6.166,36 manat təşkil edir. Bu barədə xx.xx.2021-ci il tarixdə onun adına bildiriş onun adına verilmiş, bundan sonra cavabdeh Mustafayev X11 ilə xx.xx.2021-ci il tarixdə “Enerji təchizatı müəssisəsi ilə məişət abonenti arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi” bağlanılmışdır. Göründüyü kimi enerjitəchizatı müəssisəsi cavabdehin adına şəxsi hesab açmadan, X3 abonent kimi saxlanılmaqla, sonuncunun adına vərəsəlik işi açılmadan, onun adına borc bildirişi göndərilməklə, X4 məxsus borc məbləğini məhkəmə qaydasında cavabdehdən tələb etməkdə haqlı olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci istansiya məhkəməsi düzgün olaraq iddianın rədd edilməsi barədə nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, iş materiallarından görünür ki, hazırda tələb edilən borc Rəhilə Mustafayevanın adına olan abonent koduna hesablanmış, lakin borc Cavabdeh tələb edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, xx.xx.2021-ci il tarixli Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Mustafayev X11 arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlansa belə hesablanmış borc məhz Rəhilə Mustafayevanın adına olan abonent koduna aid olmuşdur. Göründüyü kimi Rəhilə Mustafayevanın adına hesablanmış borcun başqa şəxsdən – iddiaçı Mustafayev X6 tələb edilməsi əsassız olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı “Azərişıq" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4053/2021 saylı, 10 dekabr 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar