Məhkəmə qərarları › İş №2(103)-3908/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3908/2025

16.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3908/2025 16.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1179/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 059587 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid küçəsindəki 24 nömrəli yaşayış evinin 33 nömrəli mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabında 30/111916 nömrəsi ilə xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır.

2. İş materiallarında olan Qaradağ rayonu X13 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 50 saylı qərarına əsasən verilmiş xx.xx.1993-cü il tarixli, 017416 saylı orderin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, 27,94 kv.m. sahəsi olan 2 otaqlı 33 saylı mənzil 3 (üç) nəfərdən ibarət ailə üzvü olan İddiaçı verilmişdir.

3. İş materiallarında olan Qaradağ rayon Prokurorunun 24 dekabr 1996-ci il tarixli qərarının surətindən görünür ki, Qızıldaş qəsəbəsi 8 saylı Bakı Peşə Liseyinin yataqxanasında yaşayış sahəsi ilə təmin edilməklə Cavabdeh1 öz ailəsi ilə özbaşına tutduğu ünvan 1, 33 saylı mənzildən inzibati qaydada çıxarılması qərara alınmışdır.

4. İş materiallarında olan Qaradağ rayon MKTB 152 saylı MKİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 263 saylı arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 rayonundan məcburi köçkündürlər və 1993-cü ildən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, ev 24, 33 saylı mənzildə məskunlaşıblar.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 ilə birlikdə iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, ev 24, 33 saylı mənzildən çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, ev 24, 33 saylı mənzil 1997-ci ildən onun mülkiyyətindədir, həmin mənzili növbəlilik qaydasında almışdır. Belə ki, əvvəllər Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən Puta toxuculuq fabrikində fəhlə işləyərkən ev növbəsinə durmuşdur, mənzil ona Qaradağ rayonu X13 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 50 saylı qərarı əsasında order ilə verilmişdir. Lakin həmin mənzil Zəngilan rayonundan məcburi köçkün olan Cavabdeh1 və onun ailə üzvləri tərəfindən zəbt edilmişdir. O, həmin vaxt Azərbaycan Respublikası Prokurorluğuna və Qaradağ rayon prokurorluğuna şikayət ərizələri ilə müraciətlər etmiş, qeyd olunan orqanlar tərəfindən araşdırmalar aparılmışdır, lakin Qaradağ rayon prokurorunun cavabdehin inzibati qaydada mənzildən çıxarılması barədə 24 dekabr 1996-cı il tarixli qərarı icra olunmamışdır. Cavabdehlər indiyə kimi ona məxsus mənzili boşaltmaq istəmirlər. Onlara görə öz evindən məhrum edilmiş, uzun müddət kirayədə yaşamağa məcbur olmuşdur. Hazırda torpaqlarımız işğaldan azad edilmişdir, məcburi köçkünlər dövlət tərəfindən evlə təmin olunurlar. Mübahisəli mənzil ona ailəsi ilə birgə yaşamaq üçün verilsə də, mənzildə yaşaya bilmir. İllərlə kirayədə yaşamış, artıq övladları böyümüş, nəvələri olmuşdur. Eyni zamanda, həyat yoldaşının səhhətində ciddi problemlər var, ona sakitlik lazımdır, artıq övladları və nəvələri ilə eyni mənzildə yaşamaq onlar üçün çətinlik yaradır. O, cavabdehlərə ona məxsus mənzilin boşaldılmasını dəfələrlə təklif etsə də, cavabdehlər məcburi köçkün olduqlarını bildirməklə mənzildən çıxmaqdan imtina etmişlər. Cavabdehlər onun qanunla qorunan hüquqlarını pozaraq mənzil hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən o, məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir.

7. Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, həqiqətən mənzil iddiaçıya məxsusdur. Lakin 1993-cü ildən məcburi köçkün kimi həmin mənzildədir, hazırda mənzildə həyat yoldaşı, oğlu, gəlini və üç yetkinlik yaşına çatmayan nəvəsi ilə birlikdə yaşayır. Bundan əvvəl məcburi köçkünlər üçün inşa edilmiş Qobupark yaşayış kompleksində mənzillə təmin olunmaq üçün müraciət etmiş, lakin Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən onlara mənzil verilməmişdir. Hazırda başqa yaşayış yeri yoxdur. Dövlət tərəfindən mənzillə təmin olunduqdan sonra mənzildən çıxmağa və mənzili iddiaçıya təhvil verməyə etirazı yoxdur.

8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1179/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Fuad Hüseynov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X4 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, ev 24, 33 saylı mənzildən çıxarılmaları və mənzilin boşaldılması qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə, «İnsan hüquqlarının və X6 haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə 27 sentyabr 2007-ci il tarixli qərarına, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun 5ci maddəsinə, Azərbaycan Respublikası Nazirləri Kabinetinin xx.xx.1999-cu il tarixli, 200 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası”nın 4-cü bəndinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ikinci Qarabağ müharibəsi zamanı qazandığımız Qələbə nəticəsində işğaldan azad olunmuş torpaqlarımıza köç edilməsinə baxmayaraq Zəngilan rayon Ördəkli Kəndində heç bir tikinti və abadlıq işləri ilə bir sözlə yenidənqurma işləri başlamışdır. Hal-hazırda yaşayış üçün heç bir şərait olmadığını səbəbindən öz torpaqlarında məskunlaşa bilmirlər. Buna görə də dövlət işğaldan azad olunmuş Zengilan Rayon Ördəkli kəndində yenidənqurma işləri il əlaqədər evlə təmin edildikdə İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, ev 24, 33 saylı mənzildən çıxarılmaları və mənzilin boşaldılması ilə bağlı heç bir etirazı yoxdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

15. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

16. 29-cu maddəsinə əsasən Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

17. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 152.1 mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

19. Maddə 157.2 mülkkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

20. Maddə 157.4 əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

21. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduğu halda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999-cu il tarixli 149 saylı Fərmanına əsasən, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Qaçqınların və X10 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər.

22. Azərbaycan Respublikası Nazirləri Kabinetinin xx.xx.1999-cu il tarixli, 200 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası”nın 4-cü bəndinə əsasən, müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. Qaydaların 5-ci bəndinə əsasən, məcburi köçkün ailələrinin başqa yaşayış sahəsinə köçürülməsi Qaçqınların və X10 üzrə Dövlət Komitəsi ilə razılaşdırılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

26. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1179/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

35. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Məhkəmə qeyd edir ki, ərizəçi sözügedən mənzilə dair yaşayış orderi almışdır. Sonradan daxili məhkəmələr ərizəçini mənzilə dair yaşayış orderinin qanuni sahibi olmasını təsdiq etdilər. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında “sosial kirayə müqaviləsi” adlanan müqavilə bağlanmalı idi. Həmin müqavilənin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda əks olunmuş şərtlərinə görə ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı və “Mənzil Fondunun Özəlləşdirilməsi Haqqında” Qanuna uyğun olaraq müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. Belə olan halda, Məhkəmə razılaşır ki, ərizəçinin mənzilə olan iddialarını 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən mülkiyyət hesab etmək üçün kifayət qədər əsaslar var. Qeyd edilən qərarda, ərizəçinin hüququ mülkiyyətçinin hüququna bərabər qiymətləndirilmişdir.

36. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduğu halda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999-cu il tarixli 149 saylı Fərmanına əsasən, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Qaçqınların və X10 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər.

37. Azərbaycan Respublikası Nazirləri Kabinetinin xx.xx.1999-cu il tarixli, 200 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası”nın 4-cü bəndinə əsasən, müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar. Qaydaların 5-ci bəndinə əsasən, məcburi köçkün ailələrinin başqa yaşayış sahəsinə köçürülməsi Qaçqınların və X10 üzrə Dövlət Komitəsi ilə razılaşdırılır.

38. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçı mənzilin boşaldılmasını və cavabdehlərin həmin mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Odur ki, cavabdehlər mübahisəli mənzildən çıxarılmalı və mənzil boşaldılmaldır. İddiaçının öz mülkiyyətində olan mənzilə dair hüquqları həm milli, həm də beynəlxalq hüquq normalarına əsasən tanındığından birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.

39. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, hazırda cavabdehin digər yaşayış sahəsi ilə təmin olunmaması hazırki iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1179/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar