Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3909/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli 2(008)-4249/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 Mabud oğlu, X2, Teymurova (Həsənova) Dilarə Yusif qızı və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli 2(008)- 4249/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 10689,87 ABŞ dolları məbləğində kredit borcu, 9758,95 ABŞ dolları məbləğində faiz borcu və 300 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 20748,20 ABŞ dolları məbləğində borc, 25,50 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 25,50 manat dövlət rüsumu və xidmət haqqının tutulması, iddianın Cavabdeh2 Mabud oğluna qarşı və qalan hissədə rədd edilməsi, tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində 6 saylı evin 5-ci mərtəbəsində yerləşən 57,8 kv.m ümumi, 43,0 kv.m yaşayış, 14,8 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 19 №-li mənzilə yönəldilməsi, həmin mənzilin hərracdan satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsaitin cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutulması, Cavabdeh1 mülkiyyətində olan qeyd olunan mənzilə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, X1, Teymurova (Həsənova) Dilarə Yusif qızının və Cavabdeh5 həmin mənzilə istifadə hüquqlarına xitam verilməklə onlar həmin mənzildən çıxarılmaqla, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 75000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İddiaçı QSC tərəfindən məhkəməyə ərizə göndərilərək kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirildiyinə görə iddiadan imtina edildiyi bildirilmiş və hazırkı mülki işin icraatına xitam verilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, iddiadan imtina qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd olunan müddəaları rəhbər tutmaqla hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 191, 261, 370, 391, 400, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı QSC-nin iddiadan imtina edilməsi barədə ərizəsi qəbul edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli 2(008)- 4249/2020 saylı qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3909/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3909/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver