Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-391/2025 08.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh S.E.E. Construction Group MMC-yə qarşı iş üzrə (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), X1 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə və cavabdehin nümayəndələri Qanuni nümayəndə (direktor), Vəkil2 (vəkil) iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-136/2024 nömrəli iş üzrə xx.xx.2024cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 08 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli tikinti və təmir xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağ massivində yerləşən bağ evində təmir-tikinti işlərinin görülməsi üçün müqavilənin qiyməti 39.000 manat müəyyən edilmiş, əlavə olaraq 9100 manat olmaqla, İddiaçı xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə, ümumilikdə 48.100 manat məbləğində pul vəsaitini "xxxx" MMC-nə ödəmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin direktoru Qanuni nümayəndə ona qaytarmalı olduğu 25.000 (iyirmi beş min) manatın, tərəfindən ödənilmiş 180 (yüz səksən) manat dövlət rüsumunun, eyni zamanda, ona vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 5000 (beş min) manat pulun, ümumilikdə 30180 (otuz min yüz səksən) manat məbləğində pulun cavabdeh "xxxx" MMC-nin direktoru Qanuni nümayəndə tulularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Cavabdeh "xxxx" MMC İddiaçı qarşı qarşılıqlı iddia verərək, İddiaçı görülmüş təmir-tikinti işlərinə görə 37000 manat və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 202 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə onunla "xxxx" MMC-nin direktoru Qanuni nümayəndə arasında bağlanmış müqaviləyə əsasən Pirşağı bağ massivində ona məxsus olan bağ sahəsndə 39.000 manat dəyərində 2 ay müddətində tikinti və təmir xidmətlərı göstərilməli idi. Lakin Qanuni nümayəndə tərəfdən işlər ləng aparılmış, günlərlə iş dayandırılmış, əksər vaxtlarda iş bir və iki nəfər tərəfindən həyata keçirilmişdir. İşin getməməsi ilə bağlı hər dəfə sual olduqda evin vaxtında təhvil veriləcəyi bildirilmişdir. Bununla yanaşı, yalan vədlər verilməklə müqavilənin tələblərindən kənara çıxılmış, sonda ondan müqavilədə göstərildiyindən 9100 manat artıq, 48.100 manat almasına baxmayaraq, tikinti işləri müqavilədə göstərildiyi kimi 2 ay müddətində, yəni 12 iyunda tamamanıb təhvil verilməmişdir və bununla da bağ sahəsi tamam yararsız vəziyyətə salınmışdır. Belə ki, qeyd olunan müqavilədə göstərilmədiyi halda MMC tərəfindən mövcud yardımçı tikililər hamam, ayaqyolu və hamam önü sökülmüş, bununla yanaşı müqavilənin tələbləri kobud surətdə pozulmaqla tikilməli olan binanın tikintisi çertyoja uyğun tikilməyərək yarımçıq saxlanmışdır. Tikinti zamanı zəruri olan dəmir-beton işləri düzgün aparılmamış, seysmik kəmər atılmamış, pəncərələrin yeri düzgün qoyulmamış, dam örtüyü əyri vurulmuşdur. Yaranmış mübahisə ilə bağlı tikintiyə çəkilmiş xərclər hesablanmış və tikintiyə cəmi 23 min manat xərc çəkildiyi müəyyən edilmişdir. Bununla yanaşı, ümumi bağ sahəsi dağıdılaraq yararsız hala salınmaqla MMC tərəfdən ona maddi olaraq 25.000 manat ziyan vurulmuşdur. Bununla yanaşı, ona ailəsi və yaxın qohumları ilə birlikdə yay istirahətinin bağda keçirilməsinin mümkün olmaması səbəbindən mənəvi olaraq 5000 manat ziyan vurulmuşdur. Cavabdehin verdiyi pulun müqabilində görməli olduğu işi tam yerinə yetirməməsi, görmədiyi işə görə ona qaytarmalı olduğu məbləği ona qaytarmaması, ona qarşı etdiyi hərəkətlər, onu müxtəlif üsul və vasitələrlə aldatması, ona qarşı saymazyana münasibət bəsləməsi onu mənən alçaltmış, özünə, etdiyi hərəkətə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır. Cavabdehin ona qarşı etdiyi etinasız hərəkətlər nəticəsində o, həm də mənəvi zərərə məruz qalmışdır. Cavabdehin ona vurduğu mənəvi zərəri 5000 (beş min) manat məbləğində dəyərləndirir.
5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış “tikinti və təmir xidmətlərinin göstərilməsi haqqında” 12 aprel 2022-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən İddiaçı məxsus Pirşağı bağ massivində yerləşən həyətdə söküntü, tikinti və təmir işləri görülməli idi. "xxxx" MMC tərəfindən İddiaçı istəyinə uyğun olaraq ümumilikdə 83000 manatlıq söküntü, tikinti və təmir işləri görülsə də, lakin İddiaçı üzərinə düşən öhdəliyi pozaraq "xxxx" MMC-nə ümumilikdə 83000 manat ödəniş etməli olduğu halda, cəmi 46000 manat ödəniş etmiş, ondan yerdə qalan məbləği tələb etdikdə isə hər dəfə müxtəlif bəhanələr gətirərək, ödənişi etməkdən yayınmışdır. Görülməli işlərin 80 faizdən çox hissəsi tamamlansa da, lakin iddiaçı ödəniş etmədiyinə görə cavabdeh məcburiyyət qarşısında qalaraq işləri dayandırmışdır.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-136/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qətnaməsi (hakim Ş.Qədirova) ilə ilk iddia rədd rədd edilmiş, qarşılıqlı iddia isə qismən təmin olunaraq, iddiaçıdan 29262 manat məbləğində pul vəsaiti və 177,79 manat məbləğində dövlət rüsumunun tutularaq cavabdehə ödənilməsi, məhkəmə mühəndis-texniki ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 200 manat məbləğində pulun tərəflərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin olunmamışdır.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı mübahisədə müqavilə öhdəliklərinin lazımı qaydada icra edilməməsi nəticəsində ona ziyan dəyməsini sübut etmək vəzifəsi İddiaçı üzərinə düşür. Lakin İddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, iş üzrə alınmış ekspert rəyi toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Hazırkı iş üzrə İddiaçı Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağ massivində yerləşən bağ evində təmirtikinti işlərinin görülməsinə görə "xxxx" MMC-nə 48.100 manat məbləğində pul ödəməsinin işin mübahisəsiz halı olmasını, ekspertin gəldiyi nəticələr əsas götürülməklə həmin bağ evində smeta üzrə yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin (zəhmət haqqı və material nəzərə alınmaqla) dəyərinin 77.362 manat məbləğində olmasını nəzərə alaraq məhkəmə xx.xx.2022-ci il tarixli tikinti və təmir xidmətlərinin göstərilməsi haqqında müqavilə əsasında "xxxx" MMC tərəfindən İddiaçı maddi ziyan dəyməsi öz təsdiqini tapmadığı qənaətinə gəlmişdir. Məhkəmə həmçinin, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsini məhkəmədə sübuta yetirə bilmədiyi əsası ilə iddianı həmin hissədə də rədd etmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442 ,752.1, 759-cu, Mülki Prosessual Məcəllənin 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi zamanı təqdim etdiyi sübutlar, telefon danışıqları, fotoşəkillər, tikintiyə dair smeta xərcləri, hesablamalar və izahatlar nəzərə alınmamışdır. Bununla yanaşı, xx.xx.2024-cü il tarixli 2ci ekspertiza rəyində göstərilmiş nöqsanlara və xx.xx.2023-cü il tarixli 1-ci ekspertiza rəyində göstərilmiş eyni işlərlə bağlı müxtəlif qiymətlərin çıxarılması məhkəmənin nəzərinə çatdırılmasına baxmayaraq araşdırma aparılmamış və ziddiyyətlər aradan qaldırılmamışdır. Belə ki, ekspert rəyləri arasında olan ziddiyyətlər və qiymət fərqləri ilə bağlı yenidən ekspertizanın kecirilməsinə və ya ekspertin dəvət edilərək izah verməsinə dair verdikləri vəsatət təmin edilməmiş, yalnız ilkin iddia üzrə cavabdehin təqdim etdiyi smeta əsasında qiymətlər müəyyən edilməklə tam qərəzli olaraq qanunsuz qətnamə qəbul edilmişdir. "xxxx" MMC-nin rəyi iş üzrə cavabdeh Qanuni nümayəndə tərəfindən təqdim edilmiş smeta əsasında hazırlanmış saxta rəydir. Belə ki, həmin rəyin hazırlanması ilə bağlı yarımçıq tikiliyə və həyətə baxış keçirilməmişdir. 93.000 manatın nəyə əsasən müəyyən edildiyi müəyyən deyildir ki, bu da mötəbər sübut kimi qəbul edilə bilməz. Ekspert rəyində qeyd edilən ilkin ekspertiza və əlavə nəticəsində əmələ gələn qiymət fərqi (77362,0- 27184,0) 50178,0 manat ilkin ekspertiza zamanı gizli və gözə görünməyən (beton armatur torpağın qazılması, tikililərin sökülməsi və s.) işlərin nədən ibarət olması, (yəni, hansı işlərlə bağlı beton armaturun torpaq qazılması və tikintinin sökülməsi) ekspertiza tərəfindən açıqlanmır. Belə ki, ilkin ekspertiza rəyindən sonra iddiaçı tərəfindən bağ sahəsində təmir tikinti işləri başqa ustalar tərəfindən davam etdirilmiş, bağ sahəsi üzrə tamet döşənmiş, yarımcıq qalmış ev tam təmir edilərək əlavə olaraq 45.000 manat əlavə xərc qoyulmaqla bütün işlər yekunlaşmış, ümumilikdə bağa 72.000 manat pul xərclənmişdir. İkinçi ekspertiza (əlavə) ekspertiza kecirilən zaman bağ sahəsi tam təmirli vəziyyətdə olmuşdur. Ekspert bu məqamdan istifadə edərək iddiaçı tərəfdən görülmüş bütün işləri əlavə olaraq yenidən qiymətləndirmiş və ümumi qiymət şişirdilərək 50178,0 manat fərq müəyyən etmişdir. Şişirdilmiş qiymətləri ilkin ekspertiza zamanı gizli və gözə görünməyən (beton armatur torpağın qazılması, tikililərin sökülməsi və s.) işlər adı ilə əsaslandırmışdır. Ekspert tərəfindən onların təqdim etdiyi smetaya isə ümumiyyətlə münasibət bildirilməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatlar Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
12. Cavabdehin nümayəndələri isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı iş üzrə ilkin iddia rədd, qarşılıqlı iddia isə qismən təmin olunduğundan və mübahisə predmeti bölünməz olduğundan məhkəmə kollegiyası qətnamənin əsaslılığını bütövlükdə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin halları üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə yanlış qənaətə gəlmişdir.
18. İddiaçı cavabdeh tərəfindən müqavilə şərtlərinin pozularaq, təmir-tikinti işlərinin vaxtında başa çatdırılmadığını, işlərin natamam, keyfiyyətsiz görüldüyünü, tikintiyə cəmi 23.000 manat xərc çəkildiyini iddia edərək, ona vurulmuş (görülmüş işlərdən artıq ödənilmiş) 25.000 manat maddi, 5000 manat isə mənəvi ziyanın ödənilməsini tələb edir.
19. Cavabdeh isə iddianı qəbul etməyərək, cavabdeh tərəfindən 83000 manatlıq söküntü, tikinti və təmir işləri görüldüyünü, iddiaçının üzərinə düşən öhdəliyi pozaraq həmin məbləği ödəmədiyini, cəmi 46000 manat ödəniş etdiyini və qalıq məbləği ödəməkdən yayındığını bildirir.
20. Birinci instansiya məhkəməsi iddiaçının 48.100 manat məbləğində pul ödəməsinin işin mübahisəsiz halı olmasını, ekspertin gəldiyi nəticələr əsas götürülməklə həmin bağ evində smeta üzrə yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin (zəhmət haqqı və material nəzərə alınmaqla) dəyərinin 77.362 manat məbləğində olmasını nəzərə alaraq hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli tikinti və təmir xidmətlərinin göstərilməsi haqqında müqavilə əsasında iddiaçıya maddi ziyan dəyməsi öz təsdiqini tapmamışdır.
21. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iş üzrə yanlış nəticəyə gəldiyini bildirir və eyni zamanda qeyd edir ki, məhkəmə prosesi zamanı təqdim etdiyi sübutlar, telefon danışıqları, fotoşəkillər, tikintiyə dair smeta xərcləri, hesablamalar və izahatlar nəzərə alınmamışdır. Bununla yanaşı, xx.xx.2024-cü il tarixli 2-ci ekspertiza rəyində göstərilmiş nöqsanlara və xx.xx.2023-cü il tarixli 1-ci ekspertiza rəyində göstərilmiş eyni işlərlə bağlı müxtəlif qiymətlərin çıxarılmasının məhkəmənin nəzərinə çatdırılmasına baxmayaraq araşdırma aparılmamış və ziddiyyətlər aradan qaldırılmamışdır.
22. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə yeni qətnamə qəbul edilməli, ilkin iddia tələbi qismən təmin, qarşılıqlı iddia rədd olunmalıdır.
23. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, tərəflər arasında podrat münasibətləri mövcud olmuş və hazırkı mübahisə də həmin münasibətdən yaranmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin podrat münasibətlərini tənzimləyən 752-ci, 759-cu və s. maddələri çıxış edir.
24. Hazırkı iş üzrə iddiaçının Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağ massivində yerləşən bağ evində təmir-tikinti işlərinin görülməsinə görə cavabdehə 48.100 manat məbləğində pul ödəməsi, iddia veriləndən sonra müəyyən işləri iddiaçının özünün yekunlaşdırması işin mübahisələndirilməyən halıdır.
25. Mübahisələndirilən hal cavabdeh tərəfindən müqavilə şərtlərinin pozularaq, təmir-tikinti işlərinin vaxtında başa çatdırılmadığı, işlərin natamam, keyfiyyətsiz görüldüyü, tikintiyə çəkilən xərclərin cəmi məbləği bağlıdır.
26. İşdən göründüyü kimi, iddiaçı cəmi 23.000 manat, cavabdeh isə 83 manat dəyərində tikinti-təmir işləri görüldüyünü iddia edir.
27. Hazırkı vəziyyətdə mübahisənin düzgün həlli bununla bağlı sübutetmə vəzifəsinin kimin üzərinə düşməsindən və tələbin hansı sübutlarla təsdiq olunmasından asılıdır.
28. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Göründüyü kimi, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
30. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (MPM-in 64.1, 79.1 və 97.1-ci maddələri).
31. İş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla yanaşı, işin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Əgər verilmiş rəylərdə anlaşılmazlıqlar, ziddiyyətlər, natamamlıq və qeyrimüəyyənliklər varsa, MPM-in 175-ci maddəsində ifadə edilmiş məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi prinsipinə görə hakim bu məsələni aydınlaşdırmaq üçün ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləməyə borcludur. Eyni zamanda zərurət olarsa MPM-in 206-cı maddəsinə müvafiq olaraq məhkəmə əlavə və ya təkrar ekspertiza təyin edə bilər.
32. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ olduğu kimi, MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qəbul etdiyi qətnamədə və ya qərardadda əsaslandırmaq vəzifəsi də vardır.
33. Baxılan iş üzrə birinci instansiyası məhkəməsi iş üzrə verilmiş rəylərdə olan natamamlığı aradan qaldırmadan, prosessual qanunvericiliyin ona verdiyi ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləmək, zərurət olduğu halda əlavə və ya təkrar ekspertiza təyin etmək, yaxud sübutları yerdə müayinə və tədqiq etmək imkanlarından istifadə etmədən yekun qənaətə gəlmişdir.
34. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilllərinin araşdırılması məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2025-ci il tarixli, 10/8192 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiq olunan ünvanda cavabdeh tərəfindən bir mərtəbədən ibarət fərdi yaşayış evinin inşa edilərək təmir edildiyi, həmin fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin perimetr boyu hasarının suvandığı, mişarlanmış əhəng daşından 8 ədəd sütunun inşa edilərək suvandığı, girişə nisbətdə sağ yan hasarın 2 mişar daşı hündürlüyündə qaldırıldığı, mişarlanmış əhəng daşından 3 ədəd istinad divarının inşa edildiyi müşahidə olunmuşdur. Həmçinin, qeyd olunur ki, baxış zamanı iş üzrə tərəflər fərdi yaşayış evinin müəyyən hissələrinin döşəməsinə vurulmuş metlax işlərini, divarların boyanması və tavana vurulmuş alçipan işlərinin iş üzrə iddiaçı tərəfindən görüldüyünü qeyd etmişlər.
35. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən müvafiq qiymətləndirmə aparılmadığından məhkəmə kollegiyası görülmüş işlərin dəyərinin müəyyən olunması məqsədilə müvafiq mütəxəssis rəyinin alınmasına da zərurət görmüşdür.
36. "xxxx" MMC-nin 19 iyul 2025-ci il tarixli, 82 nömrəli rəyinə əsasən görülmüş bütün işlərə (o cümlədən beton və alçipan işi də daxil olmaqla) ümumilikdə çəkilmiş xərcin dəyəri 30638,55 manat təşkil edir. İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən bağ evində beton, armatur, torpağın qazılması, tikililərin sökülməsi və s. ayrı-ayrılıqda dəyəri (İddiaçı tikinti-təmir işlərinin tamamlanması ilə bağlı gördüyü işlər çıxılmaqla) beton, armatur qazılması 6322 manat, tikililərin sökülməsi 500 manat, cəmi 6822 manat təşkil edir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, bağ evində beton, armatur, torpağın qazılması, tikililərin sökülməsi və s. kimi birbaşa gözlə görünməyən işlərlə bağlı çəkilən xərcin müəyyən olunması birinci instansiya məhkəməsində keçirilən məhkəmə ekspertizalarının tədqiqat predmeti olmamışdır. Ona görə də həmin ekspertlər tərəfindən bu barədə rəy verilməmişdir. Lakin qalan hissədə görülən işlərin dəyəri ilə bağlı xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə hazırkı rəy arasında ciddi fərq yoxdur. xx.xx.2023-cü il tarixli ekspert rəyində görülən işlərin dəyəri 27184,0 manat, apellyasiya baxışı zamanı alınmış hazırkı rəydə isə 30638,55 manat göstərilmişdir.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq apellyasiya baxışı zamanı alınmış 30 aprel 2025-ci il tarixli ekspert rəyinin və 19 iyul 2025-ci il tarixli mütəxəssis rəyinin mötəbərliyini qəbul edir.
39. Göründüyü kimi, ekspert və mütəxəssis rəyləri ilə işlərin cavabdeh tərəfindən yerinə yetirildiyi və ümumilikdə görülən işlərə 37460,55 (30638,55+6822) manat sərf edildiyi müəyyən edilir. Tərəflər iddiaçı tərəfindən 48.100 manat ödəniş edildiyini mübahisələndirmirlər. Belə olan halda iddiaçı cavabdehə görülən işlərə görə 10.639,45 manat artıq ödəniş etmiş (48100-37460,55) və cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Ona görə də cavabdeh əsassız əldə etdiyi 10.639,45 manat vəsaiti iddiaçıya qaytarmalıdır.
40. Mülki Məcəlləyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1091 və 1092).
41. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirmək vəzifəsi daşısa da, o, istinad etdiyi faktları sübut edə bilməmişdir.
42. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
45. Məhkəmə kollegiyası işin araşdırılan və müəyyən edilən hallarına əsasən bu qənaətə gəlir ki, iddiaçı mübahisələndirilən hissədə öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirsə də, cavabdeh həmin hissədə tələbə etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
47. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390).
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 10 639,45 manat (on min altı yüz otuz doqquz manat, qırx beş qəpik) pul vəsaiti tutulub İddiaçı ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin olunmasın. Qarşılıqlı iddia rədd edilsin. Ekspertiza xərci olan 100 manatın 50 manatı cavabdeh "xxxx" MMC-dən, 50 manatı isə İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, mütəxəssis rəyinin xərci olan 200 manatın 100 manatı cavabdeh "xxxx" MMC-dən, 100 manatı isə İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.