Məhkəmə qərarları › İş №2(103)-3917/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3917/2020

21.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3917/2020 21.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, iddiaçının nümayəndəsi Şəhriyar Yusiflinin iştirakı ilə, iddiaçı «xxx» Bank ASC-nin cavabdehlər x3, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və qeydiyyatda olan şəxslərin yaşayış sahəsindən çıxarılması» tələbinə dair 2(010)-4108/2019 nömrəli mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh Şəhla Həsənova tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxx» Bank ASC cavabdehlər x3, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 mənzil 10 ünvanında yerləşən mənzildə qeydiyyatda olan cavabdehlərin yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilmsi və onların yaşayış sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh Şəhla Həsənova apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yaşayış üçün başqa yeri yoxdur. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmamışdır. Baş vermiş devalivasiyadan sonra ödənişə dair çətinlik yaranmışdır. Məhkəmə nəzərə almamışdır ki, cavabdehlər mütəmadi ödənişlər etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayətə etiraz edərək, təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın cavabdeh Şəhla Həsənovaya qarşı təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən işin tədqiq edilmiş və mübahisəsiz halları bunlardır ki, xx.xx.2018-ci il tarixli, Y-455 saylı hərracın nəticələri haqqında yekun protokolu ilə iddiaçı mübahisəli mənzili 35063 manata almışdır. Mübahisəli mənzilə dair satıcı qismində “x1 Mərkəzi” ilə alıcı qismində «xxx» Bank ASC arasında xx.xx.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı satqısı barədə müqavilə bağlanmışdır. Mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestri xidmətində iddiaçının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Cavabdehlər mübahisəli mənzildə qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157.2-ci, “İpoteka haqqında” Qanunun 59.3 və 59.4-cü maddələrini, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 9-cü maddəsinin 5-ci bəndini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın cavabdeh Şəhla Həsənovaya qarşı təmin olunmuş hissəsində mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, əmlak üzərində tam mülkiyyət hüququ iddiaçıya məxsus olduğundan cavabdehlərin yaşayış sahəsinə olan istifadə hüququ itirilmiş hesab edilməsi və onların yaşayış sahəsindən çıxarılması tələbi qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh x2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4108/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın cavabdeh x3 qarşı təmin olunmuş hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Emin Mehdiyev Hakimlər imzalar: Vahid Sadıqov İlham Kərimli Əsli ilə düzdür: Hakim Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar