Məhkəmə qərarları › İş №2(103)-3917/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3917/2022

04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3917/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, İddiaçı X1 cavabdehlər Xaçmaz rayon 1 saylı Notariat Kontoruna və Cavabdeh2 QSC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın ipotekadan çıxarılması tələbinə dair mülki işin ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasındakı fikir ayrılığına Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X1 cavabdehlər Xaçmaz rayon 1 saylı Notariat Kontoruna və Cavabdeh2 QSC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın ipotekadan çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli 2(067)-948/2022 saylı qərardadı ilə mülki iş Xaçmaz Rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli 2(067)-948/2022 saylı qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2620/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərardadı ilə iddiaçı X1 cavabdehlər Xaçmaz şəhəri 1 saylı Notariat Kontoruna və Cavabdeh2 QSC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın ipotekadan çıxarılması tələbinə dair hazırki mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, mülki işə Xaçmaz Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, iddiaçı Xaçmaz şəhərindəki 1 saylı Notariat Kontorunu və Cavabdeh2 qapalı səhmdar cəmiyyətini cavabdeh kimi qeyd etməklə əri X2 ilə Cavabdeh2 QSC arasında bağlanmış 05.12.2012-ci il tarixli, 11M000000205 saylı ipoteka müqaviləsinin etibarsız sayılmasını və ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ikimərtəbəli, 5 otaqlı, 264,7 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin ipotekadan çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.13-cü maddəsinə əsasən, bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət (müstəsna aidiyyət) istisna olunmaqla, bu Məcəllənin 36.1- 36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.4-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəfindən iş bir məhkəmədən başqasına verilir. Əvvəla, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı ipoteka predmeti olan torpaq sahəsini və üzərində olan evin onun məlumatı və razılığı olmadan ipoteka qoyulduğunu mübahisələndirir. Demək, ipoteka müqaviləsi notariat orqanı tərəfindən təsdiq olunduğu üçün həmin orqan iddia tələbinin yönəldiyi cavabdeh olan şəxs ola bilər. Çünki, həqiqətən ipoteka predmetinin iddiaçının məlumatı və razılığı olmadan ipotekaya qoyulduğu və notariusun da bu müqaviləni təsdiq etdiyi müəyyən edilərsə, onda notarius ən azında mülki hüquqi məsuliyyət daşımalı olacaq. Bu cür məsuliyyət daşımalı olacaqsa, demək ki, iddia tələbinin yönəldiyi cavabdeh də olması mülki prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ancaq Xaçmaz Rayon Məhkəməsi Xaçmaz şəhəri 1 saylı Notariat Kontorunun iddia ərizəsində cavabdeh kimi göstərilsə də, o iddianın mahiyyəti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs hesab olunur və iddia ərizəsində formal cavabdeh qismində göstərildiyi qənaətinə gələrək işi baxılması üçün digər cavabdehin hüquqi ünvanının yerləşdiyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Düzdür, Xaçmaz rayon 1 saylı Notariat Kontoruna qarşı tələb yönəlməsəydi, məhkəmənin möqeyi başa düşülən ola bilərdi. Lakin qeyd olunduğu kimi Notariat Kontoruna qarşı tələbin yönəldiyi iddia ərizəsinin məzmunundan açıq-aşkar bəlli olur. Başqa sözlə iddiaçı Notariat Kontoruna qarşı tələbi ondan ibarətdir ki, niyə onun məlumatı və razılığı olmadan ipoteka müqaviləsini təsdiq etmişdir. Notariat Kontorunu da bu iddianı etiraf edə yaxud əsassız olduğu üçün qəbul etməyə bilər. Demək ki, bu vəziyyətdə ona qarşı tələbin yönəldilməsi mübahisəsiz olur. Göstərilənlərlə yanaşı,iddia ərizəsinin məzmunundan və işdə olan sənədlərdən görünür ki, ipoteka predmeti ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ikimərtəbəli, 5 otaqlı, 264,7 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evidir və iddiaçı həmin torpaq sahəsinin və fərdi yaşayış evinin ipotekadan çıxarılmasını tələb edir. İddiaçı da həmin əmlakın mərhum əri ilə birgə nikah dövründə əldə olunduğunu bəyan edərək özünü ümumi mülkiyyətin birgə mülkiyyətçisi yaxud qanuni sahibi hesab edərək həmin daşınmaz əşya ilə bağlı hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlı həm də həmin daşınmaz əşyanın ipotekadan çıxarılmasını tələb edir. İş üzrə cavabdehin birinin hüquqi ünvanı Xaçmaz rayonu, digərinin isə Bakı şəhəri Yasamal rayonu olsa da, mümkün idi ki, cavabdehlərin hüquqi ünvanı digər rayonda, məsələn Qazax rayonu ərazisində qeydə alınmış olsun. Belə çıxır ki, cavabdehlərin birinin Xaçmaz şəhərində hüquqi ünvanı olmasaydı, hazırki iddia Qazax Rayon Məhkəməsinə verilməli idi. Demək işə həmin daşınmaz əşyanın yerləşdiyi ərazidə deyil, Qazax Rayon Məhkəməsində baxılmalı olarsa, bu zaman məhkəmə tədqiqi zamanı evtorpaq sahəsi ilə bağlı bir sıra prosessual hərəkətlərin aparılması, o cümlədən məhkəmənin yerində baxış keçirməsi, Qazax rayonunda fəaliyyət göstərən mütəxəssisin(mühəndisin) yaxud qiymətləndiricinin ev-torpaq sahəsində tədqiqat aparması və.s. zərurəti yarana bilər. Əlbətdə ki, bu zaman cavabdehin hüquqi üvanının olduğu, məsələn Qazax Rayon Məhkəməsinin hakiminin yaxud mütəxəssis(mühəndis) və qiymətləndiricinin Xaçmaz rayonu ərazisinə gəlməsində, istər-istəməz narahatlıq və əlavə xərclər yaranması ortaya çıxa bilər ki, bu da ədalət mühakiməsinin həyata keçirilməsində səmərəliliyi təmin etmir. Əksinə buna süni əngəllər yarada bilər. Deməli, MPM-in 39.1-ci maddəsində nəzərdə tutulan müstəsna aidiyyətin güddüyü məqsəd də ədalət mühakiməsinin həyata keçirilməsində səmərəliliyə xidmət etmiş olur. Məhz bu mövqedən yanaşaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir müddəası bu iddia tələbinin mahiyyəti və məzmunu ilə bilavasitə bağlı olduğundan hazırki iddianın həm də daşınmaz əşyanın olduğu yer üzrə verilməsi düzgün olmuşdu. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki mülki iş də aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyindən Xaçmaz Rayon Məhkəməsi tərəfindən işin baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi düzgün olmamışdır. Çünki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin tələbi bu cür iddialar üzrə imperativ hesab olunur. Apellyasiya instansiyası məhkəməsi bir məsələni də xüsusilə vurğulayır ki, hazırki mülki işə baxılarkən mübahisələndirilən ipoteka müqaviləsinin etibarlılığı və qanuniliyi digər mülki iş üzrə artıq yoxlanılmışdırsa, bu zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarında formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq Xaçmaz Rayon Məhkəməsi iş üzrə mülki qanunvericiliyin tələblərinə uyğun müvafiq məhkəmə aktı qəbul edə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 35.2, 36.1.13, 39.1, 40.1, 45.4, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya isntansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı X1 cavabdehlər Xaçmaz şəhəri 1 saylı Notariat Kontoruna və Cavabdeh2 QSC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın ipotekadan çıxarılması tələbinə dair mülki iş baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar