Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3919/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 aprel 2024-cü il tarixli qətnamədən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və İddiaçı vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybət Heybətov küçəsi, ev № 18-də yerləşən 2, 4 və 5 saylı mənzillərə, həmin küçədə yerləşən 18/A №-li evə sudan istifadəyə görə əsassız hesablanmış cəmi 1.414,48 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir Maştağa qəsəbəsi, Heybət Heybətov küçəsi, ev 18-də yerləşən və özünə məxsus 5 saylı mənzildə ailəsi ilə birlikdə yaşayır. İddia ərizəsində qeyd edilən digər yaşayış sahələri də iddiaçıya məxsusdur. 2020-ci ilin aprel ayında ASC-nin Sabunçu Rayon Sukanal İdarəsindən bir qrup əməkdaş qəsəbəyə gələrək iddiaçıdan və digər sakinlərdən su sayğaclarının quraşdırılacağını bildirərək şəxsiyyət vəsiqələri məlumatlarını almışlar. Daha sonra müxtəlif vaxtlarda yaşadığı ərazidə su xətləri mövcud olmadığı halda ASC-nin əməkdaşları iddiaçıya məxsus yaşayış sahələrində sudan qanunsuz istifadə edilməsini əsassız olaraq iddia edərək, iddiaçıya 84 və 168 manat məbləğində cərimə tətbiq etmişlər. Cərimə tətbiq edildiyi zaman iddiaçı ilə cavabdeh ASC arasında müqavilə bağlanmamış və su xətti çəkilməmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli, 3378 nömrəli “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının təsdiq edilməsi haqqında” Sərəncamı çərçivəsində 2022-ci ilin avqust ayında ASC tərəfindən su xətləri çəkilmişdir. Lakin bugünə kimi su sayğacları quraşdırılsa da, mənzillərə gedən su xətləri ilə birləşdirilməmişdir. Sonradan iddiaçı, cavabdeh ASC-nin “Elektron su” portalına daxil olaraq abonent hesabında ümumi olaraq 1.414,48 manat məbləğində borcun olduğu görmüşdür. Lakin bu müddət ərzində sudan istifadəyə görə vəsaitin həcmini əks etdirən hesab (qəbz) təqdim edilməmişdir. İddiaçı bildirir ki, hesablanmış borc əsassız və “Sudan istifadə Qaydalarının” tələblərinə ziddir. Buna görə də borc silinməlidir. b) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh ASC tərəfindən iddiaçıya hesablanmış 1.414,48 manat məbləğində borcun qanuni əsaslarla yazılmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddia əsaslı hesab edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh ASC-nin buna səlahiyyəti olan nümayəndəsi həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus ünvanda yeni şəbəkə qurulan zaman köhnə su xəttindən qeydiyyatsız olaraq istifadə edən 4 ünvan üzrə “X3” 4 nömrəli Əlavəyə uyğun olaraq itirilmiş sərfiyyat bərpa edilərək qeydiyyata alınmışdır (itirilmiş sərfiyyat: hər mənzilə görə 240 kub metr). Bu səbəbdən də itirilmiş suyun həcmi Qaydaların 4 nömrəli Əlavəsinə uyğun olaraq ötən 1 il müddətinədək (240 kub m. x 4 mənzil x 0,35 manat=) 336 manat hesablanmışdır. Qalan məbləğ isə mənzillərə sayğac quraşdırılanadək ailə tərkibinə əsasən hesablanmış borcdur. İddiaçıya hesablanmış 1.414,48 manat məbləğində borc “X3” müvafiq olaraq hesablanmış, iddiaçının istifadə etdiyi suyun dəyərinin ödənilməmiş məbləğidir. Lakin qeyd edilənləri nəzərə almamış Rayon Məhkəməsi iş üzrə sübutlara düzgün hüquqi qiymət verməmiş və iddianın təmin edilməsi ilə bağlı qanunsuz və əsassız nəticəyə gəlmişdir. d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat
7. Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
8. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
9. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
10. Belə ki, işdə olan sənədlərdən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heybət Heybətov küçəsi, ev № 18-də yerləşən 2, 4 və 5 saylı mənzillər, həmin küçədə yerləşən 18/A №-li ev iddiaçıya məxsusdur.
11. İddiaçının adına olan abonent kartlarından görünür iddiaçının aşağıda qeyd edilən qaydada borcu vardır: - **********050: 43899273 nömrəli abonent hesab üzrə 222,37 manat; - **********000: 43899335 nömrəli abonent hesabı üzrə 401,57 manat; - **********040: 43899371 nömrəli abonent hesabı üzrə 398,07 manat; - **********020: 43899424 nömrəli abonent hesabı üzrə 392,47 manat.
12. İş materiallarına əsasən müəyyən edilir ki, yuxarıda qeyd edilən və iddiaçıya məxsus yaşayış sahələrinə aid su xətti ASC tərəfindən 2022-ci ilin avqust ayında çəkilmiş, həmin yaşayış sahələrində su sayğacları xx.xx.2022-ci il tarixində quraşdırılsa da, yaşayış sahələrinə gedən su xətlərinə birləşdirilməmişdir.
13. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan 43899424, 43899371, 43899273, 43899335 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilələrdən görünür ki, həmin müqavilələr birtərəfli qaydada ASC-nin rəisi Elşad Quliyev tərəfindən imzalanaraq iddiaçıya təqdim edilmişdir. Sözügedən müqavilələr iddiaçı tərəfindən imzalanmamış, müqavilələr ASC-nin möhürü ilə təsdiq edilməmişdir.
14. Rayon Məhkəmənin tələbi ilə ASC həmin müqavilələrin digər nüsxələrini məhkəməyə təqdim edilmişdir. Bu müqavilələrdən isə görünür ki, bu müqavilələrdə iddiaçının imzası yoxdur, amma müqavilələr ASC-nin möhürü ilə təsdiq edilmişlər. Bu müqavilələr iddiaçının təqdim etdiyi müqavilələrdən fərli olaraq ASC-nin rəisi Elşən Həsənzadə tərəfindən imzalanmışlar. xx.xx.2021-ci il tarixli, 43899273 nömrəli müqavilədə ailə tərkibi 1 nəfər olmaqla, ona 20 kub hesablanmış, eyni zamanda ailə tərkibi 4 nəfər kimi qeyd olunan 43899371 nömrəli müqavilə də 20 kub 703 sərfiyyat kimi qeyd olunsa da sonradan məhkəməyə təqdim edilmiş müqavilələrdə isə bundan fərqli olaraq 1 nəfər üçün 5 kub kimi göstərilmişdir.
15. İddiaçının xx.xx.2023-cü il tarixli müraciətinə cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, iddiaçının mübahisələndirdiyi borc su təchizatı xidmətindən istifadəyə görə yaranmış borcdur. Borc hər bir mənzil üçün müqaviləsiz su təchizatı xətdindən istifadəyə və ailə tərkibinə əsasən hesablanan məbləğin ödənilməsi hissəsidir. “Sudan istifadə Qaydalarının” 8.6-cı bəndinə əsasən, su təchizatı sisteminə özbaşına qosulma halları aşkar edildikə STKM qanunsuz xətt dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş ziyan ödənilməsini həmin şəxsdən tələb etməlidir.
16. İş materiallarından görünür ki, iddiaçıya məxsus yaşayış sahələrinə aid müqavilələrin xx.xx.2021-ci il tarixdə bağlanmasına baxmayaraq, həmin yaşayış sahələrinə 22 ay sonra – xx.xx.2022-ci il tarixdə su sayğacı quraşdırılmasının səbəbi cavabdeh ASC tərəfindən izah edilə bilməmişdir.
17. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqısı müqavilə əsasında həyata keçirilir (maddə 5.3.). Hər bir su təchizatı müəssisəsi öz zonası hüdudlarında səmərəli və qənaətcil su təchizatı sistemini yaratmaq və saxlamaqla su kəmərlərindən ətraf mühitə su sızmasının aradan qaldırılmasını və belə halların baş verməsinin qarşısının alınmasını təmin etməlidir (maddə 12.; bənd “b”). Yaşayış binaları, o cümlədən mənzillər yalnız su təchizatı sisteminə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün Dövlət qəbul komissiyasına təqdim edilə bilərlər. Yaşayış binalarının, o cümlədən mənzillərin su təchizatı sisteminə qoşulma qaydası və haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (maddə 23, bənd 4). Verilən suyun həcminin hesablanması qaydalarına görə su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir (maddə 30.). Fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Su təchizatının düzgün ölçülməsini və qeydiyyatını təmin etmək məqsədi ilə suölçən cihazın yerinin dəyişdirilməsi, təmiri, çıxarılması, quraşdırılması, onun fəaliyyətinə mane olan amillərin aradan qaldırılması və ya hər hansı digər işlər su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi tərəfindən və ya onun iştirakı ilə aparılır. İstehlakçının suölçən cihazın dəqiqliyinin yoxlanılması üçün su təchizatı müəssisəsinə yazılı şəkildə müraciət etmək hüququ var. Su təchizatı müəssisəsi müraciət daxil olduğu gündən üç həftə müddətində istehlakçının vəsaiti hesabına belə yoxlamanı həyata keçirməyə borcludur (maddə 31.). Suölçən cihazın göstəricisi pozulduğu halda su təchizatı müəssisəsi bu dövrdə istifadə olunmuş suyun həcmini əvvəlki müvafiq dövrdəki göstəricini nəzərə almaqla, borunun suburaxma qabiliyyətinə əsasən müəyyənləşdirir. Suölçən cihazın göstəricisinin pozulması dövrünün müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Suölçən cihazın yenidən quraşdırılmasına ehtiyacı olan istehlakçı bu barədə həmin ehtiyacın yarandığı gündən yeddi gündən gec olmayaraq qabaqcadan su təchizatı müəssisəsinə yazılı müraciət etməlidir. Suölçən cihazın göstəricisi onun yenidən qurulması anında götürülür (maddə 32.). Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olubolmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır (maddə 61.1.).
18. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər (maddə 3.). İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir (maddə 26.).
19. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinin hazırki işin hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. Lakin cavabdeh ASC tərəfindən iddiaçının imzası olan hər hansı müqavilə təqdim edilməmişdir.
21. Sabunçu Rayon Sukanal İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən, “Sudan istifadə Qaydalarının” 8.7-ci bəndinə əsasən “su təchizatı sisteminə qanunsuz qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən bir il müddətinədək hesablanır.
22. İddiaçı tərəfindən qanunsuz qoşulma halları müəyyən edilmişdirsə, ASC-nin əməkdaşları tərəfindən sudan qanunsuz qoşulma hallarını əks etdirən foto və video görüntülər əlavə edilməklə dərhal bu barədə akt tərtib olunmalı idi. Lakin cavabdeh ASC tərəfindən belə bir sübutlar məhkəmələrə təqdim edilməmişdir.
23. “Sudan istifadə Qaydalarının” 3.1.1-ci bəndinə əsasən, STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb edilməlidir.
24. ASC-nin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddiaçının 2021-ci ilin iyul ayında **********050 nömrəli müqavilədə ailə tərkibinin 4 nəfər deyil 1 nəfər olması barədə müraciətinin nəzərə alınaraq, qeyd olunan müqavilə üzrə ailə tərkibinin 1 nəfər qeydə alındığını və hesablamaları 1 nəfərə uyğun aparıldığını, digər 3 müqavilə üzrə belə müraciət olunmadığından həmin müqavilələr üzrə hesabatın ailə tərkibi kimi 4 nəfər olması əsası ilə hesabat aparılmasını bildirmişdir.
25. Məhkəmə hesab edir ki, bu hal da ziddiyətlidir. Belə ki, iş materiallarında olan 4 ünvanla bağlı müqavilələrin hər biri xx.xx.2021-ci il tarixdə bağlanmışdır. xx.xx.2021-ci il tarixdə müqavilələrin bağlanması zamanı 3 müqavilə üzrə ailə tərkibi 4 nəfər qeyd olunsa da, 1 müqavilə üzrə ailə tərkibi 1 nəfər kimi qeyd olunmuşdur.
26. ASC-nin nümayəndəsinin məhkəmə iclasında və iş materiallarında vətəndaşın müraciətinə vermiş olduğu cavab məktubunda müqavilələrdən yalnız biri ilə bağlı 2021-ci ilin iyul ayında müraciət edərək ailə tərkibinin 4 nəfər deyil 1 nəfər kimi qeyd olunmasını xahiş etməsini deməsi həmin müqavilələrin həqiqiliyinə şübhə yaradır.
27. Beləliklə, su istehlakçısı olan iddiaçının cavabdeh ASC-yə 1.414,48 manat borcunun olmasını sübut etmək vəzifəsi cavabdeh ASC-nin üzərinə düşür. Lakin cavabdeh ASC həmin borcun qanuni əsaslarla hesablanmasını sübut edə bilməmişdir.
28. Buna görə də Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi də eyni nəticəyə gəlməkdə və iddianı əsaslı hesab etməkdə haqlı olmuşdur. Cavabdeh ASC-nin apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. e) apellyasiya baxışının nəticəsi
29. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
30. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
31. Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
33. Odur ki göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 aprel 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.