Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3919/2025 25.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iş üzrə (Açar sözlər: əmək haqqının, əmək məzuniyyəti kompensiyasının ödənilməsi, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödəncin verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “əmək haqqının ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-104/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı xx.xx.2019-cu il tarixdə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında İnsan resursları üzrə mütəxəssis/mühasib köməkçisi vəzifəsinə müddətsiz olaraq işə qəbul edilmişdir.
2. Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə bildirişlərə əsasən xx.xx.2022-ci il tarixindən iddiaçının əmək haqqı 726,85, xx.xx.2023-cü il tarixindən isə 995,15 manat müəyyən edilmişdir.
3. İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru X2 ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində xx.xx.2023-cü il tarixdə onun tutduğu vəzifədən azad edilməsini xahiş etmiş və xx.xx.2022-xx.xx.2023-cü iş ili üçün istifadə edilməmiş 8 gün məzuniyyətinə görə kompensasiya verilməsinə etiraz etmədiyini bildirmişdir.
4. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru X4 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli əmr ilə İddiaçı xx.xx.2023-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən vəzifəsindən azad edilməsi və xx.xx.2022-xx.xx.2023-cü iş ili üçün istifadə edilməmiş 8 gün növbəti məzuniyyətinə görə kompensasiya ödənilməsi əmr edilmişdir.
5. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru X4 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli əmr ilə filialda çalışan bəzi əməkdaşlar, eyni zamanda İddiaçı 2022-ci təqvim ilində əmək funksiyalarını yüksək səviyyədə yerinə yetirdikləri üçün mükafatlandırılmışlar.
6. "xxxx" Şirkətinin qərarı ilə həmin Şirkətin Azərbaycan Respublikasındakı Filialının direktoru X1 xx.xx.2023-cü il tarixdən vəzifəsindən azad edilməsi, onun yerinə xx.xx.2023-cü il tarixdən X11 təyin edilməsi qərara alınmışdır.
7. Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, cavabdeh filialın direktoru qeydiyyata alındığı xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək X13 və X4, xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək X4, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X13, xx.xx.2023-cü il tarixdən hazıradək Nümayəndə olmuşdur.
8. X10 Hakanın xx.xx.2023-cü il tarixli, 02 nömrəli əmri ilə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsası ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrə əsasən işçinin xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin maliyyə şöbəsinə həvalə edilməsi və işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir.
9. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2024-cü il tarixli 03 №-li qərarından görünür ki, Filialın keçmiş direktoru X4 tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək verilmiş bütün ezamiyyət, mükafat və əmək haqqının artırılması barədə əmrlərin etibarsız və qanunsuz hesab edilməsi, onun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək saxta sənəd verməsi barədə hüquq-mühafizə orqanlarına müraciət edilməsi qərara alınmışdır.
10. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Abşeron Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X11 "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktoru X1 və digər işçilərin Hakanın etibarından sui-istifadə edərək filiala məxsus daşınar əmlakları və malları qanunsuz olaraq ələ keçirdikləri barədə müraciəti üzrə cinayət işinin başlanması rədd edilmişdir.
11. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə müraciət edərək, bu günə qədər nə onun, nə o gün işdən çıxarılan digər iş yoldaşlarının haqq-hesabının ödənmədiyini, isifadə edilməyən məzuniyyətin kompensasiya kimi verilmədiyini, əmək kitabçasının təqdim edilmədiyini bildirmişdir. İddiaçı həmçinin bildirmişdir ki, xx.xx.2023-cü il tarixində rəsmi olmayan yollarla 70 “ç” maddəsi ilə işdən çıxarıldığını öyrənmiş, Hakan bəydən telefonda səbəbini soruşmuş, xəbəri olmadığını bildirmişdir.
12. X12 Xidmətinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, onunla xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə dair bildirişin xx.xx.2023-cü il tarixdə direktor X14 tərəfindən ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsaslanmaqla qüvvədən salındığı müəyyən edilmişdir. Təqdim edilmiş bank hesabından çıxarışdan bəlli olmuşdur ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozularaq iddiaçıya düşən bütün ödənclərin tam məbləğdə sonuncu iş günü ödənilmədiyinə görə cavabdeh müəssisənin direktoru X14 barədə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati icraata başlanılmış və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “ödənilməyən əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının 2023-cü il fevral ayının maaşı 995,00 AZN gross, istifadə etmədiyi 8 günlük əmək məzuniyyəti kompensiyası olan 210,00 AZN gross olmaqla, cəmi 1.205,00 AZN pulun ödənilməsi, əmək kitabçasının müvafiq dəyişikliklər edilərək verilməsi və qanunsuz işdən çıxarıldığına görə cavabdehin iddiaçıya işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2023-cü il tarixindən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ali təhsillidir, Türkiyə Respublikası İstanbul Universiteti İqtisadiyyat fakültəsinin məzunudur. O, cavabdeh şirkətdə işləməyə dəvət olunmuşdur və aralarında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanaraq mühasib köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. Həmin əmək müqaviləsi müddətsiz bağlanmışdır və işçiyə hər ay 300 manat gross məbləğdə əmək haqqının ödənilməsi qeyd edilmişdir. Daha sonra mütəmadi maaş artışları olmuş, Sonuncu xx.xx.2023-cü il tarixdə onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilərək işçiyə hər ay 995,15 manat məbləğində gross əmək haqqı ödənilməsi qeyd olunmuşdur. Cavabdeh tərəfindən ona 2023-cü il fevral ayının əmək haqqı ödənilməmişdir. Cavabdeh ona xx.xx.2022-ci il tarixdən işdən çıxarıldığı xx.xx.2023-cü il tarixinə qədər istifadə etmədiyi 8 günlük məzuniyyət kompensasiyası (son haqq-hesab) ödənilməmişdir. O, işlədiyi şirkətə xx.xx.2023-cü il tarixdə öz ərizəsi ilə müraciət edərək xx.xx.2023-cü il tarixdən işdən ayrılmaq istədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdəki direktor X5 xx.xx.2023-cü il tarixli № 201/K nömrəli əmr ilə onu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) işdən azad olunması barəsində əmr imzalamışdır. xx.xx.2023-cü il tarixdə Azinfo Dış Ticarət Anonim Şirkətinin təsisçisi X14 təsisçi qərarı ilə direktor X3 tutduğu vəzifədən azad etmiş, xx.xx.2023-cü il tarixdə iddiaçının xx.xx.2023-cü il tarixli xahişi ilə işdən azad olunması ərizəsini və direktor X1 xx.xx.2023-cü il tarixli 201/K nömrəli əmrini diqqətə almayaraq qanunsuz olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 ç maddəsi ilə işdən azad etmişdir. O, cavabdehin qanunsuz hərəkətlərindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə şikayət etmişdir. X12 Xidməti tərəfindən iddiaçının şikayəti araşdırılaraq cavabdeh şirkətin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq qaydada inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. X12 Xidməti tərəfindən iddiaçının şikayəti araşdırılaraq cavabdehin Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin (işçi işdən çıxarkən öna düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) tələblərini pozduğu aşkar edilmişdir. İddiaçı uzun müddətdir ki, işsizdir və başqa heç bir yerdən gəliri yoxdur. Cavabdeh ilə dəfələrlə əlaqə yaradılsa da hər dəfə müxtəlif bəhanələr gətirərək ödənilməyən əmək haqqı və son haqq-hesabını ödəməkdən boyun qaçırılmışdır. İddiaçı cavabdeh tərəfindən işdən azad olunarkən “Əmək Müqaviləsinə xitam verilməsi” barədə əmr ilə tanış olmamış və ona əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş heç bir sənəd təqdim olunmamışdır. Göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən onun 2023-cü il fevral ayının əmək haqqı və xx.xx.2022-ci il tarixdən işdən çıxarıldığı xx.xx.2023-cü il tarixədək istifadə etmədiyi 8 günlük məzuniyyət kompensasiyası (son haqq-hesab) ödənilməmişdir. Ödənilməmiş aylıq əmək haqqı və son haqq-hesabı ödənilməlidir. Həmçinin, cavabdeh tərəfindən qanunsuz işdən çıxarıldığına görə cavabdeh ona işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqını ödəməyə borcludur.
15. Cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti keçməklə verildiyi üçün iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, elektron sistemə daxil edilmiş əmr və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi çap edilərək iddiaçıya xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Filial tərəfindən xx.xx.2023-cü il tarixli 02 saylı əmr iddiaçıya xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə göndərilmişdir. İddia müddətinin keçməsi barədə verilən ərizə məhkəmə üçün ilkin iddiadan imtina edilməsinə dair qətnamə qəbul edilməsinə qeyd şərtsiz əsas yaradır.
16. İddiaçı xx.xx.2024-cü il tarixində iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyi üçün hər gecikdirilmiş gün üçün cavabdehdən əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsini, həmçinin əmək kitabçasının əmək qanunvericiliyinə uyğun olaraq cavabdeh tərəfindən işdən çıxarıldığı gün ona təqdim edilmədiyi və bu səbəbdən işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqının ödənilməsini tələb etmişdir.
17. Cavabdehin nümayəndəsi məhkəməyə iddiaya qarşı etiraz ilə müraciət edərək bildirmişdir ki, iddiaçının şirkətdə insan resursları üzrə mütəxəssis vəzifəsində çalışıb və əmək kitabçalarının saxlanması, doldurulması və s. işlər onun səlahiyyətinə aid edilmişdir. Lakin iddiaçı işdən çıxarkən onun tərəfindən heç bir təhvil-təslim işləri aparılmamışdır. Həmçinin, şirkətdə iddiaçıya dair əmək kitabçası aşkar edilməmişdir.
18. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək həmçinin qeyd etmişdir ki, iddiaçı bir tərəfdən işə bərpasını, digər tərəfdən isə işdən çıxarılması ilə razılaşaraq son haqq hesabın ödənilməsi barədə tələblər irəli sürmüşdür. Belə olan halda cavabdeh hesab edir ki, iddia tələbi qeyri-müəyyəndir və həmin tələblər bir-biri ilə ziddiyyət təşkil edir. Bundan əlavə, iddiaçı tərəfindən verilmiş sonrakı dəqiqləşdirilmiş iddia tələbi üzrə həm 1 aylıq, həm də 1 illik iddia müddətləri də ötürülmüşdür. Qeyd olunanları nəzərə alaraq və iddiaçı tərəfindən iddia tələbi (dəqiqləşdirilmiş tələbi) qanunla müəyyən edilmiş həm 1 aylıq, həm də 1 illik iddia müddəti keçməklə verildiyi üçün həmin iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
19. İddiaçı cavabdehin etirazına qarşı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, o, işdən çıxış ərizəsini şirkətin həmin dövrlərdə direktoru olan Pərviz Əlniyazzadəyə təqdim etmişdir. İşdən çıxışı dövründə direktoru ezamiyyətdə olduğu üçün təhvil-təslim proseduru qayıtdıqdan sonra icra edilməli idi. Qanunvericiliyin müvafiq maddələrinə əsasən hər bir işçi işə girərkən əmək kitabçasını şirkətə təqdim etməlidi və eləcə də işdən çıxışı zamanı şirkət əmək kitabçasına müvafiq qeydləri edib işçiyə təhvil verməlidir. İddiaçı işdən çıxarıldığı gündən ərizəni yazdığı günə kimi cavabdehin rəhbərliyindən ona sənədlərin olmaması/aşkar edilməməsi və ya təhvil-təslimin edilməməsi ilə bağlı heç bir bildiriş edilməmişdir. İddiaçının işlədiyi dövrdə kargüzarlıq yüksək səviyyədə təşkil edilmişdir. Rəhbərlik tərəfindən ona verilmiş mükafat və təltiflər bunun ən bariz nümunəsidir.
20. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 1041/2024 nömrəli qərardadı ilə İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert vəsatətində qeyd olunan sənədlər tam təqdim edilmədiyindən və tərəflər ekspertiza tədqiqatında iştirak etmədiklərindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli məlumatına əsasən ekspertizanın aparılmasından imtina edilmişdir.
21. "xxxx" MMC tərəfindən təqdim edilmiş müstəqil auditor rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya cavabdeh tərəfindən fevral ayı ərzində ödəniş olunmamış, onun əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq son haqq-hesab ödənilməmişdir. Həmçinin, fevral ayı üzrə ödənilməmiş əmək haqqının 793,93 manat, istifadə edilməmiş 8 məzuniyyət günü üçün ödənilməmiş son haqq-hesabın 191,28 manat təşkil etdiyi və əmək haqqının hər gecikdirilmiş günü üçün 1% məbləğində pulun hesablanması qaydası göstərilmişdir.
22. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)- 104/2025 nömrəli qətnaməsi ilə (hakim G.Ç.Abidova) iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 2023-cü ilin fevral ayı üzrə ödənilməmiş 793,93 manat əmək haqqı, 191,28 manat istifadə edilməmiş 8 gün üçün əmək məzuniyyətinin kompensasiyası olmaqla, cəmi 985,21 manat məbləğində pulun (son haqq-hesab), həmçinin xx.xx.2023-cü il tarixdən qətnamə icra olunan günədək hər gecikdirilmiş gün üçün əmək haqqının 1 %-i məbləğində ödəncin tutularaq İddiaçı verilməsi, İddiaçı əmək kitabçasının ona təqdim edilməsi vəzifəsinin cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş mediasiya xərcinin 30 manat hissəsinin cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialından tutularaq İddiaçı verilməsi, qalan hissəsinin İddiaçı aid edilməsi, mütəxəssis rəyi üçün tələb edilən 500 manat məbləğində pulun cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialından alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.
23. Məhkəmə iddia tələbinin “işə bərpa” hissəsinə münasibətdə qeyd etmişdir ki, əmək mübahisələrinə dair 1 aylıq iddia müddəti tətbiq edilərək həmin hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı iddia müddətinin ötürülmədiyini və barəsində olan cinayət işi ilə əlaqədar proseslər getdiyinə görə məhkəməyə gec müraciət etdiyini bildirmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən qeyd olunan hal müddətin ötürülməmiş hesab edilməsi üçün əsas deyil. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdə ləğv edilməsinə və bu barədə iddiaçının məlumatlı olmasına baxmayaraq (X8 Xidmətinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktubları) iddiaçı xx.xx.2023cü il tarixdə cavabdehə mediasiyanın tətbiqi barədə təklif göndərmişdir. Həmçinin, X8 Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. Bunlardan əlavə mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixdə arayış tərtib edilməsinə baxmayaraq iddiaçının xx.xx.2023cü il tarixdə məhkəməyə müraciət etməsi də nəzərə alınmalıdır.
24. Məhkəmə iddia tələbinin “ödənilməmiş əmək haqqının və son haqq-hesabın ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş müstəqil auditor rəyindən və hesabdan çıxarışlardan aydın olur ki, iddiaçıya fevral ayı üçün əmək haqqı və işdən çıxarkən son haqq-hesab ödənilməmişdir. Məhkəmə icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş “iddiaçıya əmək münasibətləri zamanı ödənilməli olan əmək haqqından daha çox pul ödənildiyi” barədə arayışa münasibətdə qeyd olunur ki, iddiaçıya əmək fəaliyyəti ilə bağlı ödənilən vəzifə maaşı, mükafatlar, əlavələr, avanslar və s. işəgötürən tərəfindən ödənilir və həmin ödənişlərin təyinatının nə olmasını sübut etmək işəgötürənin üzərinə düşür. Bundan əlavə, işçiyə əmək haqqı onun gördüyü işə görə verilir. Cavabdeh isə işçiyə fevral ayı ərzində gördüyü işə görə əmək haqqının ödənilməsi barədə sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, işçiyə son haqqhesabın ödənildiyi də cavabdeh tərəfindən sübut edilməmişdir. Hazırkı mübahisədə işçinin əmək haqqının ödənilməsi həm də onun son haqq-hesabının ödənilməsi kateqoriyasına daxildir. Əgər cavabdeh tərəfindən iddiaçıya həmin dövrün əmək haqqının və son haqqhesabın ödənildiyi iddia edilirsə, bunu cavabdeh mötəbər dəlillərə əsaslanaraq sübut etməlidir. Məhkəmə nəzərə alır ki, iddiaçıya artıq ödənilmiş ödənclərin cavabdehlə qarşılıqlı razılıq əsasında əvəzləşdirilməsi, iddiaçı ezamiyyətə gedən zaman onun həyat yoldaşının da otel xərclərinin cavabdeh tərəfindən qarşılanması və həmin xərclərə görə edilmiş ödənişin onun son haqq-hesabı ilə əvəzləşdirildiyi barədə cavabdeh izahat versə də, bunu təsdiq edən hər hansı sübut təqdim edilməmiş, cavabdehin şifahi izahatı iddiaçı tərəfindən qəbul edilməmişdir. İddiaçı ezamiyyətə gedən vaxt əmək müqaviləsinə xitam veriləcəyini bilmirdi. O, etiraf etmişdir ki, həyat yoldaşının otel xərclərinin şirkət tərəfindən qarşılanması və iddiaçının borc kimi onu geri qaytaracağı razılaşdırılmış, lakin ezamiyyətdə olanda Türkiyədə şirkət təsisçisi Hakan bəy həmin borcun qaytarılmasına ehtiyac olmadığını bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, otel xərcləri 400 ABŞ doları təşkil etdiyi halda, iddiaçıya ödənilməli olan son haqq-hesab həmin məbləğdən daha artıqdır. Yəni, cavabdeh o pulun əvəzləşdirildiyini hesab etsəydi, geri qalan ödənişi son haqq-hesab olaraq ödəməli idi. Lakin cavabdeh iddiaçıya son haqq-hesabla bağlı ümumiyyətlə heç bir ödəniş etməmişdir. Əgər cavabdeh iddiaçının ona borcu olduğunu və ya iddiaçıya ümumi qaydadan əlavə ödənişlər etdiyini bildirirsə, öz pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququ var.
25. İddiaçının son haqq-hesabına münasibətdə qeyd olunmuşdur ki, iddiaçı 2022- 2023-cü iş ili üçün istifadə edilməmiş məzuniyyətin kompensasiya kimi son haqq-hesab olaraq ona ödənilməsini tələb etməkdə haqlıdır. Cavabdeh tərəfindən isə həmin məzuniyyətin daha əvvəl istifadə edilməsi və ya kompensasiyanın ödənilməsi sübut edilmir. Məhkəmə “filialın keçmiş direktoru X4 ilə şirkətin təsisçisi arasında olan mübahisə, o cümlədən keçmiş direktorun əmrlərinin etibarsızlığı barədə əmr”ə dair qeyd etmişdir ki, həmin müəssisənin işçilərinə münasibətdə, daha konkret ifadə edilsə, iddiaçıya münasibətdə verilən əmrlərdə üçüncü şəxslərin hüquqlarının müdafiəsi baxımından iddiaçının vicdanlılığı nəzərə alınmalı və onun xeyrinə (maaş artırılması və s.) verilmiş əmrlər işçinin (iddiaçının) ziyanına olacaq formada etibarsız hesab edilməməlidir. Bunun əksi olduğu təqdirdə əmək qanunvericiliyinin bütün mahiyyəti, onun əsas prinsipləri nəzərə alınmamış olar. Buna görə də məhkəmə auditor rəyinə əsaslanmaqla hesab etmişdir ki, 2023-cü ilin fevral ayı üzrə ödənilməmiş 793,93 manat əmək haqqı, 191,28 manat istifadə edilməmiş 8 (səkkiz) gün üçün əmək məzuniyyətinin kompensasiyası olmaqla, cəmi 985,21 manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
26. Məhkəmə iddia tələbinin “əmək kitabçasının müvafiq dəyişikliklər edilərək iddiaçıya verilməsi“ hissəsinə münasibətdə hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada iddiaçının əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü işçiyə verilməli idi. Məhkəmə cavabdehin bu hissədə etirazını əsassız hesab etmiş və qeyd etmişdir ki, əmək kitabçasını təhvil vermək işəgötürənin vəzifəsidir. Doldurulmamış əmək kitabçaları və əlavə içliklər ciddi hesabat sənədləri kimi işəgötürənlərin mühasibatında saxlanılmalı, əmək kitabçalarının saxlanılması üçün məsul olan şəxslər onları təhvil-təslim qaydası ilə verməlidir. İddiaçının müəssisədə kargüzarlıqla məşğul olması əmək kitabçasının ona verilməli olmaması kimi qəbul edilə bilməz. Bundan əlavə əmək kitabçasının işçiyə təhvil verilməməsi davam edən hüquq pozuntusu olduğuna görə işçinin işlədiyi son gün əmək kitabçasının ona təhvil verilməməsi pozuntunun bitdiyi anlamına gəlmir. Yəni, əmək kitabçası verilməyənədək hüquq pozuntusu hər gün yenilənir. Buna görə də kitabçanın verilməməsi səbəbindən şəxsin işə düzələ bilmədiyi hər günə görə qanunvericilik işəgötürəni əlavə maddi məsuliyyət ilə yükləyir. Bu halda işçinin əmək kitabçasını almadığı hər gün pozuntu davam etdiyi üçün iddia müddəti tətbiq edilmir. Çünki, iddia müddətinin mahiyyəti hüquqi sabitliyin yaradılmasını, sübutların qorunmasını, iqtisadi dövriyyənin etibarlılığını və s. ehtiva edir. Qanunvericilik müəyyən səbəblərdən götürülməyən əmək kitabçasının iki il müddətində işəgötürəndə saxlanılmasını, daha sonra idarə arxivlərində uzun müddət mühafizə olunması qaydasını müəyyən etmişdir. Çünki bu sənəd işçinin özünə məxsusdur. İşəgötürən bu sənədi özü üçün deyil, işçi üçün tərtib edir. Nəzərə almaq lazımdır ki, iddiaçının ilk iş yeri həmin müəssisə olmuş və iddiaçı üçün əmək kitabçası açılması işəgötürənin vəzifəsi olduğu kimi əmək kitabçasının əmək müqaviləsinə xitam verilən işçiyə verilməsi də işəgötürənin vəzifəsidir.
27. Məhkəmə iddiaçının iddia tələbinin həcmini artıraraq iddia tələbinə əlavə etdiyi “əmək haqqının işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin verilməsi” tələbinə münasibətdə qeyd edir ki, həqiqətən də iddiaçının fevral ayına münasibətdə əmək haqqı (həmçinin son haqq-hesab) iddiaçıya ödənilməmişdir. Buna görə müəssisənin direktoru inzibati məsuliyyətə cəlb edilmişdir. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Belə olan halda məhkəmə hesab etmişdir ki, gecikdirilmiş əmək haqqı məbləğinin bir faizi məbləğində ödənc iddiaçıya ödənilməlidir. Lakin məhkəmə iddiaçının həmin tələb ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməsini nəzərə almalı və bu hissədə cavabdeh tərəfindən tətbiq olunması xahiş edilmiş 1 illik iddia müddəti tətbiq edilməlidir. Belə ki, iddiaçıya işdən çıxdığı ay üçün əmək haqqı son iş günü – xx.xx.2023-cü il tarixdə ödənilməli olduğu halda ödənilməmiş, iddiaçı isə məhkəməyə xx.xx.2024-cü il tarixdə “iddia tələbinin həcminin artırılması”na dair ərizə ilə müraciət etmişdir. Əmək haqqının gecikdirilməsi davam edən proses olduğuna görə cavabdehin ərizəsi nəzərə alınmaqla 1 illik iddia müddəti tətbiq edilməli və əmək haqqının gecikdirilməsinin başlanğıc tarixi müvafiq tələb irəli sürülən tarixdən bir il əvvəlki – xx.xx.2024-cü il tarixdən hesablanmalıdır.
28. Məhkəmə iddia tələbinin “əmək kitabçasının əmək qanunvericiliyinə uyğun olaraq cavabdeh tərəfindən işdən çıxarıldığı gün ona təqdim edilmədiyi və bu səbəbdən işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı əmək kitabçasının ona təqdim edilməməsi səbəbindən işə düzələ bilmədiyini qeyd etsə də, bunu sübut edəcək heç bir dəlil məhkəməyə təqdim edə bilməmiş və məhkəmə iclasında buna dair yazılı sübutunun olmadığını bildirmişdir. Bundan əlavə, iddiaçının izahatına və elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən müəyyən edilir ki, iddiaçı 2024-cü ilin noyabr ayında "xxxx" MMC-də işə qəbul olmuşdur. Həmçinin "xxxx" MMC-də işləmişdir. İddiaçının bu dedikləri onun əmək kitabçası olmadan işə qəbul oluna bilinməsi faktını təsdiq edir. Nəzərə almaq lazımdır ki, təcrübədə işə qəbul prosesində (müsahibə, müsabiqə, imtahan və s.) şəxsin işə götürülməsi üçün əmək kitabçasının tələb edilməsi adətən işçinin işə qəbul edilməsinin son mərhələsində tələb olunur və işçinin işə qəbul edilməməsi müxtəlif səbəblərdən baş verə bilər. İddiaçının istinad etdiyi normanın mahiyyəti isə onun sırf əmək kitabçası olmaması əsası ilə işə götürülmədiyini ehtiva edir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin (mübahisənin baş vediyi tarixdə qüvvədə olan normalara istinad edilmişdir) 2-ci maddəsinin 3-cü hissəsinə, 83-cü maddəsinin 2-ci hissəsinə, 85-ci maddəsini 1-ci hissəsinə, 87-ci maddəsinin 3-cü hissəsinə, 110-cu maddəsinin 1-ci hissəsinə, 135-ci maddəsinin 2-ci hissəsinə, 138-ci maddəsinin 1-ci hissəsinə, 138-ci maddəsinin 3-cü hissəsinə, 144-cü maddəsinin 2-ci hissəsinə, 154-cü maddəsinin 1-ci hissəsinə, 172-ci maddəsinin 1-ci, 4-cü, 5-ci, 6-cı hissələrinə, 173-cü maddəsinin 1-ci, 2-ci hissələrinə, 174cü maddəsinin 2-ci hissəsinə, 175-ci maddəsinin 5-ci hissəsinə, 178-ci maddəsinin 1-ci hissəsinə, 195-ci maddəsinin d bəndinə, 296-cı maddənin 1-ci, 2-ci, 3-cü, 4-cü, 6-cı və 7-ci hissələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” qaydalarının 1.1, 1.2, 4.1, 6.1, 6.2, 8.2, 9.1, 9.2ci bəndlərinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 80, 88, 107, 119.1, 217.3, 214.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
30. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsini və iddia tələbinin bütövlükdə rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
31. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar düzgün aydınlaşdırılmamışdır və bu da öz növbəsində işin hallarına uyğun gəlməyən nəticəyə səbəb olmuşdur. Hesab edir ki, tərəfindən bütövlükdə iddia tələbinə münasibətdə iddia müddətinin tətbiqi ilə bağlı ərizə verildiyindən məhkəmə tərəfindən iddia tələbinin qismən təmin edilməsi əsassızdır. Məhkəmənin istinad etdiyi Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələblərinə görə, əgər tərəflər arasında əmək haqqı borcunun yarandığı barədə mübahisə yoxdursa, yəni işəgötürən əmək haqqı borcunun yarandığını mübahisələndirmirsə, lakin ondan asılı olan üzürsüz səbəblərdən onun ödənilməsini gecikdirirsə və məhz bu gecikdirmə tərəflər arasında mübahisəyə səbəb olursa həmin mübahisəyə bu norma tətbiq edilməli və hesablanmış ödəncişəgötürəndən tutulmalıdır. Lakin əgər əmək haqqı borcunun yarandığı tərəflər arasında mübahisəyə səbəb olursa, onda qeyd olunan ödənc tutula bilməz. Hazırki işin mübahisəsiz hallarından biri də odur ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2024-cü iltarixli arayışından və bank çıxarışından müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 8709,00 manat məbləğində əmək haqqı hesablansa da, ona əmək haqqı, məzuniyyət və digər ödənişlər olmaqla 10092,00 manat ödənilmişdir. Ona görə də, ümumiyyətlə cavabdehin iddiaçıya onun iddia etdiyi əmək haqqı borcu yoxdur. Belə olan halda isə işəgötürən ümumiyyətlə əmək haqqı borcunun olmadığını iddia etdiyi üçün tələb olunan pulun verilmədiyi faktı özü-özlüyündə işəgötürənin təqsiri üzündən gecikdirilmə kimi qəbul oluna bilməz. Çünki borcun olub-olmadığı yalnız mübahisənin səlahiyyətli orqan və ya məhkəmə tərəfindən həlli nəticəsində müəyyən edilir. Sözügedən maddənin qeydindən də göründüyü kimi, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” ifadəsi, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Göründüyü kimi, maddədə söhbət tərəflərin mövcudluğunu mübahisəsiz qaydada qəbul etdikləri əmək haqqının gecikdirilməsindən gedir. Baxılan iş üzrə fərdi əmək mübahisənin predmetini məhz cavabdehin iddiaçıya əmək haqqı borcunun mövcud olub-olmadığı təşkil etmişdir. Bundan əlavə, iddiaçı tərəfindən ödəncin verilməsi ilə bağlı ərizə 1 illik iddia müddəti ötürülməklə verilmişdir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinəəlavə edilmiş “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı” xx.xx.2023-cü iltarixli əmək müqaviləsi bildirişindən də müəyyən olunur ki, həmin bildiriş xx.xx.2023-cü il tarixdə çap edilərək iddiaçıya təqdim olunmuş və onun artıq həmin tarixdən bu barədə məlumatı olmuşdur. Lakin buna baxmayaraq iddiaçıtərəfindən ödəncin verilməsi barədə ərizə ilə yalnız xx.xx.2024-cü ildə 1 illik iddia müddəti ötürülməklə məhkəməyə verilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
33. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
34. Azərbayan Respublikasının Əmək Məcəlləsi: Maddə 8.1. Bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə — illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. Maddə 8.3. İllərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. Maddə 8.4. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir. Maddə 48.1. Əmək müqaviləsi bağlanılarkən işçi şəxsiyyətini təsdiq edən sənədi, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda isə habelə əmək kitabçasını təqdim edir. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 87.3. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Maddə 135.2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə 138.1. Bütün növ məzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir. Maddə 138.3. İşəgötürən məzuniyyətlərin verilməsinin uçotunu dürüst və vaxtında aparmağa borcludur. Məzuniyyətlərin verilməsinin uçotu işçilərin iş illəri, məzuniyyətlərin növləri, müddətləri, verildiyi vaxt və müvafiq əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi göstərilməklə aparılmalıdır. Məzuniyyətlərin verilməsi işəgötürənin imkanlarına müvafiq olaraq kompüter proqramları və ya sadələşdirilmiş kargüzarlıq yolu ilə aparılır. Maddə 144.2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Maddə 154.1. Əmək haqqı dedikdə, müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusu nəzərdə tutulur. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
35. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2001-ci il tarixli Qərarı: İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
37. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı: Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları: Bənd 7.1. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. Bənd 7.2. Əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. Bənd 8.1. Əmək kitabçası (əlavə içlik) verilən zaman işçidən əmək kitabçasına çəkilmiş xərclərin dəyəri tutulur.
39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Hazırkı işdə iddia tələbi qismən təmin edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi iddia müddəti tətbiq edilməklə təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. İşdən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən tərəflər arasında əmək münasibətləri yaranmış, cavabdeh (işəgötürən) "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 02 nömrəli, xx.xx.2023-cü il tarixli əmrinə əsasən iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir.
44. Hazırda iddiaçının “2023-cü ilin fevral ayı üzrə ödənilməmiş əmək haqqı, istifadə edilməmiş 8 gün üçün əmək məzuniyyətinin kompensasiyası, xx.xx.2023-cü il tarixdən hər gecikdirilmiş gün üçün əmək haqqının 1%-i məbləğində ödənc tutulması və əmək kitabçasının ona təqdim edilməsi” ilə bağlı təmin edilən tələbləri apellyasiya baxışının predmetini təşkil edir.
45. Məhkəməyə təqdim edilmiş müstəqil auditor rəyindən və hesabdan çıxarışlardan aydın olur ki, iddiaçıya fevral ayı üçün əmək haqqı və işdən çıxarkən son haqq-hesab ödənilməmişdir. Cavabdeh tərəfindən işçiyə fevral ayı ərzində gördüyü işə görə əmək haqqının və istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa işdən müəyyən edilir ki, bununla bağlı cavabdeh hüquqi şəxsin direktoru inzibati məsuliyyətə də cəlb edilmişdir.
46. Kollegiya onu da qeyd edir ki, əmək kitabçasının işçiyə işəgötürən tərəfindən sonuncu iş günü verilməli olduğuna baxmayaraq, cavabdeh tərəfindən iddiaçıya məxsus əmək kitabçasının ona təhvil verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
47. Əmək qanunvericiliyin tələblərinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
48. Kollegiya hesab edir ki, əmək kitabçasına çəkilmiş xərclərin dəyəri işçidən tutulduğundan və nəticə etibarı ilə işçiyə məxsus sənəd olduğundan, başqa sözlə onun əmlakı olduğundan, iddiaçı 2023-cü ilin fevral ayı üzrə ödənilməmiş əmək haqqı, istifadə edilməmiş 8 gün üçün əmək məzuniyyətinin kompensasiyası və əmək kitaçasının ona təqdim edilməsi tələbi ilə məhkəməyə nəzərdə tutulmuş bir il ərzində - xx.xx.2023-cü il tarixində müraciət etdiyindən birinci instansiya məhkəməsi bu tələblərlə bağlı iddianı təmin etməkdə haqlı olmuşdur.
49. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, əmək kitabçası işəgötürən tərəfindən itirildiyi və ya yararsız hala düşdüyü təqdirdə belə onun dublkatının işəgötürən tərəfindən verilməsi mümkündür.
50. Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə hər gecikdirilmiş gün üçün əmək haqqının 1%-i məbləğində ödəncin tutulması tələbini təmin etməklə səhv nəticəyə gəlmişdir.
51. İşdən görünür ki, iddiaçı bu tələbini məhkəməyə xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verməklə təqdim etmişdir.
52. İş materiallarında olan iddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən müəyyən edilir ki, iddiaçı həmin ərizədə bu günə qədər nə onun, nə o gün işdən çıxarılan digər iş yoldaşlarının haqq-hesabının ödənmədiyini, isifadə edilməyən məzuniyyətin kompensasiya kimi verilmədiyini, əmək kitabçasının təqdim edilmədiyini bildirmişdir. İddiaçı həmçinin bildirmişdir ki, xx.xx.2023-cü il tarixində rəsmi olmayan yollarla 70 “ç” maddəsi ilə işdən çıxarıldığını öyrənmiş, Hakan bəydən telefonda səbəbini soruşmuş, xəbəri olmadığını bildirmişdir.
53. Göründüyü kimi, iddiaçı artıq ən geci xx.xx.2023-cü il tarixindən cavabdeh tərəfindən əmək haqqının və istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ona verilmədiyindən, başqa sözlə hüququnun pozulduğundan məlumatlı idi, lakin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş 1 il müddəti ötürdükdən sonra – xx.xx.2024-cü il tarixində həmin tələblə məhkəməyə müraciət etmişdir. O da vurğulanmalıdır ki, xx.xx.2023-cü il tarixi, yəni müddətin son günü qeyri-iş günü olmamışdır.
54. Əmək qanunvericiliyinə əsasən illərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir.
55. Kollegiya hesab edir ki, cavabdehin nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edildiyindən bu tələbə münasibətdə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-104/2025 nömrəli qətnaməsi qismən - hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamənin “hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi” hissəsindən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamənin “əmək kitabçasının cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsi” hissəsindən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.