Məhkəmə qərarları › İş №2(103)-3920/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3920/2022

12.05.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3920/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin "xxxx" MMC-nə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin "xxxx" MMC-nə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (məhkəmə) 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə təmin olunmamış, qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti məhkəmənin 12.11.2021-ci il tarixli qərardadı ilə elektron məhkəmə sistemində yaradılmış elektron kabinet vasitəsilə verilmədiyi əsas göstərilməklə geri qaytarılmışdır. İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş təkrar apellyasiya şikayəti 03.12.2021-ci il tarixdə elektron qaydada məhkəməyə daxil olmuş, məhkəmənin 07.12.2021-ci il tarixli qərardadı ilə bu şikayət də, mövcud olmayan 17.10.2021-ci il tarixli qətnamənin ləğvi istənildiyi və eyni zamanda apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ötürülməklə verildiyi üçün geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş şikayət 12.03.2022-ci il tarixdə məhkəməyə daxil olmuş, 16.03.2022-ci il tarixli qərardadla şikayətin müddət ötürülməklə verildiyi əsas göstərilməklə geri qaytarılması qərara alınmış, bu qərardaddan verilən şikayət isə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmənin 17.09.2021-ci il tarixli qətnaməsindən vaxtında apellyasiya şikayəti verilmiş, lakin qanunvericilikdə olan dəyişikliklərlə əlaqədar olaraq elektron qaydada göndərilmədiyindən şikayət geri qaytarılmış, sonradan, texniki səhvlər aradan qaldırılaraq qaydalara uyğun olaraq elektron şikayət vaxtında göndərilmişdir və buna görə də 16.03.2022-ci il tarixli qərardadı ləğv edilməklə apellyasiya şikayəti aidiyyəti üzrə göndərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İş materiallarından görünür ki, məhkəmənin 17.09.2021-ci il tarixli qətnaməsi 12.10.2021-ci il tarixdə iddiaçının nümayəndəsinin (vəkilinin) elektron kabinetinə yerləşdirilmiş, onun 05.11.2021-ci il tarixdə verdiyi apellyasiya şikayəti elektron qaydada verilmədiyindən geri qaytarılmış, bununla bağlı qəbul edilmiş 12.11.2021-ci il tarixli qərardad iddiaçıya 01.12.2021-ci il tarixdə çatdırılmış (yaşadığı ünvanda anası tərəfindən qəbul olunmuş), 03.12.2021-ci il tarixdə iddiaçının nümayəndəsi növbəti dəfə apellyasiya şikayəti vermiş, bu şikayətin geri qaytarılması barədə qərardad 08.12.2021-ci il tarixdə nümayəndənin (vəkilin) elektron kabinetinə yerləşdirilmiş, həmin qərardaddan şikayət isə 12.03.2022-ci il tarixdə verilmişdir. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı 07.12.2021-ci il tarixli qərardaddan şikayətini prosessual müddət keçdikdən sonra verdiyi, habelə bu zaman müddətin bərpa olunması barədə ərizə təqdim etmədiyi üçün məhkəmə əsaslı olaraq şikayəti geri qaytarmışdır və şikayətin dəlilləri 16.03.2022-ci il tarixli qərardadın ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6657/2021 saylı iş üzrə 16 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar