Məhkəmə qərarları › İş №2(103)-3921/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3921/2020

17.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3921/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) X4 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-605/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ünvan 1 mənzil 31 ünvanında yerləşən evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar, yəni İddiaçı2 Flidayət qızı və İddiaçı1 xx xxx 1990-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından İddiaçı3 anadan olmuşdur. Ailə qurduqdan sonra, yəni 1992-ci ildə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 64 saylı evin 31 saylı mənzili alınmış və həmin mənzilə köçərək orada yaşamağa başlamışlar. Bundan sonra aralarında yaşanan mübahisə zəminində İddiaçı2 cavabdehlərin anası tərəfindən evdən qovulmuşdur. Bununla bağlı İddiaçı2 məcburiyyət qarşısında qalaraq mənzilə köçürülmə ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx xxxx 1998-ci il tarixli qətnaməsi ilə o, və qızları Nüşabə Əliyeva mənzilə qeydiyyata alınmış və həmin mənzilə köçürülmüşdür. Ancaq yaşadıqları evdə hələ də ailə daxili münaqişə davam edir. Bu da onların bir yerdə yaşamaqları üçün maneələr yaradır. Bununla bağlı cavabdehlər onlara qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair məhkəməyə müraciət etmişlər. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli qətnaməsi ilə onların iddiası təmin edilməmiş, mübahisəli mənzilə dair İddiaçı2 və İddiaçı3 istifadə hüquqları tanınmışdır. Ancaq cavabdehlərlə aralarındakı münaqişə mənzildən istifadə hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Cavabdehlər onlara aid əşyaları bloka tökmüşlər və onların mülkiyyət hüquqlarını pozur. Bu baxımdan yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsinə ehtiyac vardır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-605/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 64 saylı evin 31 saylı mənzilində yaşayış sahələri 16.0m2(3.2x5.0)m, 16,9m2(3.2x5.3)m olan otaqlar iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, yaşayış sahələri 13,8m2(4.3x3.2)m, 20.8m2(6.5x3,2) olan otaqların Cavabdeh2 və ailə üzvlərinin istifadəsinə verilməsi, digər sahələr: mətbəx, eyvan, dəhliz və sanitar qovşağın ümumi istifadədə saxlanılması, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh1 qarşı “mənzildən istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2992/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6806/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 64 saylı evin 31 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla mənzilin ilk kirayəçisi atası Şirasər Əliyev olmuş, həmin mənzil Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli, 014134 saylı orderlə atası X5 və onun ailə üzvlərinin istifadəsinə verilmişdir. Atası X6 xx.xx.1997-ci il tarixdə vəfat etdikdən sonra mənzilin kirayəçisi anası Bəstiqız. Əliyeva olmuşdur. Xətai Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri. Xətai rayonu, Babək prospekti, ev 64, mənzil 31 -də yerləşən mənzilin kirayə müqaviləsinin Bəstiqız Əliyevanın adına rəsmiləşdirilməsi barədə qanuni qüvvəyə minmiş qətnamə qəbul edilsə də, anası Bəstiqız Əliyeva 2016-cı ildə vəfat etmişdir. Eyni qətnamə əsasında iddiaçılardan İddiaçı2 və İddiaçı3 Bakı şəhəri. Xətai rayonu, Babək prospekti, ev 64, mənzil 31-ə köçürülməsi qət edilmişdir. Lakin onlar həmin mənzildə yaşamayaraq köçüb başqa yerdə yaşamağa başlamışlar. Hal-hazırda həmin mənzildə o, həyat yoldaşı, iki övladı, qardaşı Fikrət, onun həyat yoldaşı və iki övladı yaşayırlar. İddiaçılar X7, İddiaçı2 və İddiaçı3 da Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 64 saylı evin 31 saylı mənzildə qeydiyyatdadırlar. Mənzildə bütün daimi qeydiyyatda olanların əvəzinə kommunal və digər xərcləri o və qardaşı Fikrət ödəmiş, bu günə kimi bütün cari və əsaslı təmirlər də onların hesabına aparılmışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 qardaşı Fikrətə və ona qarşı iddia qaldırdığı ərəfədə şəxsi işləri ilə əlaqədar müvəqqəti olaraq Bakı şəhərində olmadığından onun məhkəmə mübahisəsindən xəbəri olmamış, qardaşı Fikrət isə bu barədə ona heç nə bildirməmişdir. Lakin onun müvəqqəti olaraq başqa yerə getməyi onun həmin mənzildən istifadə hüququnun xitam verilməsinə əsas ola bilməz. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, həmçinin onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişlər, Cavabdeh1 izahatında əlavə olaraq bildirmişdir ki, o, qardaşı Fİkrətlə mübahisəli mənzildə qalmış, sonradan qardaşı ilə aralarında mübahisə düşdükdən və o ailə qurduqdan sonra 2008-ci il tarixdə ipoteka ilə ev alaraq ora köçmüşdür. Hazırda həmin mənzil onun mülkiyyətində deyil, ipoteka müqaviləsi üzrə aylıq ödənişlər edir. Qardaşının qaldığı mübahisəli mənzillə özünün aldığı mənzilin arası yaxındır. Ailə üzvləri rayona gedən ərəflərdə, yəni ara-sıra o, mübahisəli mənzildə yaşayır. Buna görə onun da mübahisəli mənzillə bağlı istifadə qaydası müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçılar isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər, əlavə olaraq bildirmişlər ki, Kamilə mübahisəli mənzilə gəlin köçmüş və cehizləri həmin mənzildədir. Sonradan əri Rauf həbsə düşmüş və onu həmin evdən çıxarmışlar. Həmin hadisədən sonra onlar mübahisəli mənzildə yaşamamışlar. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər iddiaçı və cavabdeh məhkəmə iclasında iştirakı etməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş şəxsə münasibətdə yoxlanılması təşkil edir. Qətnamədən Cavabdeh2 daha əvvəl şikayət verdiyindən və onun şikayəti üzrə qanuni qüvvəsini almış yekun məhkəmə aktı qəbul edildiyindən hazırki qətnamə ona münasibətdə yoxlanılmır. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, qətnamə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmaldır. Belə ki, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1991 -ci il tarixli 014134 saylı orderin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 64 saylı evin 31 saylı mənzil Əliyev Şirasər oğlunun ailə üzvləri ilə birlikdə istifadəsinə verilmiş, orderdə Əliyev Şirasər oğlunun ailə üzvləri qrafasında onun arvadı, 3 oğlu və gəlini İddiaçı2 göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-687 saylı, xx xxxx 1998-ci il tarixli qətnaməsinin surətindən məlum olur ki, İddiaçı2 cavabdehlər X2 və qeyrilərinə qarşı yaşayış sahəsinə köçürülmə və sair tələbinə dair iddiaları təmin edilmiş, ünvan 1 mənzil 31 də yerləşən 4 saylı yaşayış sahəsinin kirayə müqaviləsinin X1 adına rəsmiləşdirilməsi, İddiaçı2 bir azyaşlı uşağı ilə birlikdə ünvan 1 mənzil 31-ə köçürülməsi qət edilmişdir. Həmin qətnamə ilə təsdiq edilir ki, ünvan 1 mənzil 31 ilə bağlı kirayə müqaviləsi ilkin olaraq X6 ilə bağlanmış, o, xx.xx.1997-ci il tarixdə vəfat etmiş, həmin qətnamə ilə kirayə müqaviləsinin X1 adma rəsmiləşdirilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2( 103)-1513/2015 saylı, xx xxxxx 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli qətnaməsindən cavabdehlər İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı2 qızma və İddiaçı3 qızma qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan 29 saylı MKİS-si tərəfindən verilmiş xx xxxx 2016-cı il tarixli arayışdan görünür ki, ünvan 1 mənzil 31 ünvanında İddiaçı1, İddiaçı2, Cavabdeh2. Cavabdeh1 və İddiaçı3 qeydiyyatdadırlar. İş materiallarında olan 339312 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə İddiaçı2 arasında xx.xx.1990-cı il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2016-cı il tarixli, 18617 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən 64 saylı evin 31 saylı mənzilinin tərəflərin paylarına uyğun olaraq bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01,89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Rəyin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan 31 saylı mənzil 4 yaşayış otağından və yardımçı sahələrdən ibarət olmaqla 10 mərtəbəli binanın üçüncü mərtəbəsində yerləşir. Tədqiq olunan 31 saylı mənzilin yaşayış otaqlarının da sahələri 16.0m2(3.2x5.0)m, 16,9m2(3.2x5.3)m, 13,8m2(4.3x3.2)m, 20.8m2(6.5x3,2) mətbəx otağının daxili sahəsi 18.9m2(4.2x2.9+3.5xl.9)m, eyvanın daxili sahəsi 3.84 m2 , dəhliz otağının daxili sahəsi 7.8m2(3.2xl,8)m, daxili sahələri 2,6m2(2.15xl.2), 1.12m2(1.4x0.8)m olan sanitar qovşaqlarından ibarət olduğu müəyyən edilmişdir. Qərardadda tədqiq olunan Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən 64 saylı evin 31 saylı mənzilindən istifadə qaydalarının müəyyən olunması sualı qoyulduğunu nəzərə alaraq, ekspert tədqiqatın mənzilin istifadə qaydalarının həmin mənzilin paylara uyğun olaraq naturada bölünməsinin mümkün olub-olmaması üzrə aparılır. Qeyd olunur ki, yaşayış evlərinin tərəflər arasında bölünməsi təcrid şəklində aparılır. Yəni bölgü zamanı tərəflərdən hər birinin sərəncamında (istifadəsində), yuxarıdakı bəndlərin tələblərində göstərildiyi kimi, ayrı-ayrılıqda yaşayış-yardımçı tikililəri, həmin tikililərə ayrıca giriş-çıxış qapıları olmalıdır. Tədqiq olunan halda mübahisəli mənzilin tikililərin planlı yerləşməsini, köməkçi tikililərin (mətbəx, hamam, tualet və s.) yalnız bir ailənin yaşaması üçün nəzərdə tutulduğunu nəzərə alaraq, həmin mənzilin tərəflər arasında paylara uyğun olaraq bölünməsi texniki cəhətdən mümkün deyildir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubdan məlum olur ki, İddiaçı1 ərizəsinə baxılmış və məhkəmə qətnaməsinin icrası ilə əlaqədar aidiyyəti üzrə məhkəmə orqanlarına və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xəta Rayon İcra Şöbəsinə müraciət etməsi tövsiyyə edilmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin (məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır) 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Həmin Məcəllənin 60-cı maddəsinə görə, “kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir”. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, “kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Kollegiya qeyd edir ki, cavabdehin Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən 64 saylı evin 31 saylı mənzilə istifadə hüququnun yaranmış olduğu mübahisəli deyildir; tərəflərin mübahisə etdikləri hal, onun mübahisəli mənzilə istifadə qaydalarının müəyyən edilməsi ilə bağlıdır. Kollegiya, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, iş materiallarında, həmçinin cavabdehin apellyasiya baxışı zamanı verdiyi izahatından aydın olur ki, o, mübahasilə mənzili 2008-ci il tarixdə tərk etmiş, nə işə birinci instansiyada baxılan dövrdə, nə də hazırda qeyd edilən mənzildə yaşamamış və yaşamır, daimi olaraq başqa mənzildə yaşayır. Məhz bu əsasla birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, şəxsin əvvəllər yaşadığı yaşayış sahəsini tərk edərək daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi qənaətinə gəlmək üçün mütləq onun özünə məxsus yaşayış sahəsinə malik olması halının müəyyən olunmasına ehtiyac yoxdur. Burada əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstəribgöstərmədiyidir. Bu mənada kollegiya hesab edir ki, cavabdeh ailə qurub və ipoteka ilə manzil alaraq ora köçmüş, belə olan halda onun yenidən ata evinə qayıtmaq niyyətinin olması inandırıcı deyildir. Kollegiya onu da nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, hazırki mübahisə həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) cavabdeh mübahisəli mənzildə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci hal mövcud olsa da, cavabdeh öz istəyi ilə yeni mənzil alaraq ora daimi yaşamaq üçün köçdüyündən onun apellyasiya şikayətinin dəlilləri əsassızdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin Cavabdeh1 münasibətdə ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-605/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğ onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar