Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3922/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3922/2023 (Açar sözlər:payın naturada bölünməsi, kompensasiya ödənilməklə payın əldə edilməsi, əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyətin mülkiyyətçiləri arasında paylarına uyğun bölüşdürülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan mənzilinin paylara uyğun naturada faktiki bölünməsi, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsi, ödənilməyən təqdirdə ümumi əmlakın açıq hərracda satışı və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-243/2023 saylı 29 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 14 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, tərəflərin birgə nikahından olmuş xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X2, X7 və X11 ataları İddiaçı alınaraq anaları X8 verilməsi və X4 himayəsində saxlanılması, İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X2, X7 və X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə sabit pul məbləğində 103 manat olmaqla cəmi 412 manat alimentin alınıb X8 ödənilməsi qət edilmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)-373/2016 saylı qətnaməsi ilə tərəflərin ümumi birgə mülkiyyətdə olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı mənzilində İddiaçı 1/3 hissədə, Cavabdeh 2/3 hissədə payları müəyyən edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-3804/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə “mənzildə payların müəyyən edilməsi” hissəsində birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********24-05301-093195 reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı mənzilinin 1/3 hissəsi iddiaçının, 2/3 hissəsi isə cavabdehin paylı mülkiyyətindədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı məhkəməyə müraciət edərək Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı ümumi paylı mülkiyyətdə olan mənzilinin paylara uyğun naturada faktiki bölgüsünə, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsinə, ödənilməyən təqdirdə ümumi əmlakın açıq hərracdan satışına və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə dair iddia tələbləri irəli sürmüşdür.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2006-cı il tarixdə Zərdab rayon qeydiyyat şöbəsinin xx.xx.2006-cı il tarixli, 207 saylı nikah akt qeydi ilə rəsmiləşdirilmiş nikaha daxil olmuş, sözügedən nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixi qətnaməsi ilə pozulmuşdur. Tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2008-ci il təvəllüdlü X12, xx.xx.2009-cu il təvəllüdlü X14 xx.xx.2009-cu il təvəllüdlü X17 doğulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)-373/2016 saylı iş üzrə qətnaməsi ilə tərəflərin ümumi birgə mülkiyyətdə olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı mənzilində İddiaçı 1/3 hissədə, Cavabdeh 2/3 hissədə payları müəyyən edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-3804/2016 saylı iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi ilə mənzildə payların müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Bakı şəhəri ünvan 1 ünvanında yerləşən 150,7 m2 ümumi sahəsi olan mənzildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********24-05301-093195 reyestr nömrəli çıxarışa əsasən mənzildə 1/3 hissədə paylı mülkiyyətçidir. Lakin digər paylı mülkiyyətçi hazırki mülki iş üzrə Cavabdeh qanunsuz hərəkətləri səbəbindən sözügedən mənzildən istədiyi kimi istifadə edə, istədiyi kimi sahib ola bilmir və digər mülkiyyətçi hüquqlarını həyata keçirə bilmir. Cavabdeh mənzilinin açarlarını dəyişmiş, eyni zamanda iddiaçının mənzilə daxil olmasına müxtəlif maneələr törədir. Bu səbəbdən iddiaçının öz mülkiyyətindən istifadə etməsini, sahiblik etməsini və mülkiyyət hüquqlarının həyata keçirilməsini mümkünsüz etməklə, iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Cavabdeh iddiaçının 1\3 hissədə mülkiyyətçi olduğu mənzilə köçürülməsinin qarşısını alır. Cavabdehin özü və vəkili həm şifahi həm də yazılı iddiaçının sözügedən mənzilə köçürülməsinə qəti şəkildə etiraz etmişlər. Bu səbəbdən iddiaçı sözügedən mənzildən istifadə edə bilmədiyi üçün iddianı dəyişərək paylı mülkiyyətində olan mənzilin paylara uyğun naturada faktiki bölgüsü, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsi, ödənilməyən təqdirdə ümumi əmlakın açıq hərracdan satışı və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamənin qəbul olunmasını tələb etmək niyyətindədir. Cavabdehə hazırkı mülki iş üzrə rəsmi yaşayış yerlərinə paylı mülkiyyətin ayrılması və ya payın dəyərinin ödənilməsi barədə təklif məktubu göndərilmişdir. Təklif cavabdeh tərəfindən qəbul edilmişdir. Ona görə də məhkəmədən Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı ümumi paylı mülkiyyətdə olan mənzilinin paylara uyğun naturada faktiki bölgüsünə, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsinə, ödənilməyən təqdirdə ümumi əmlakın açıq hərracdan satışına və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-243/2023 saylı 29 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia təmin edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13,29 və 60-cı maddələrinə, Mülki Məcəllənin 5.3, 152.1, 158.1, 158.2, 158.3, 158.4, 220.1, 220.3, 220.4, 220.6, 221-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apelyasiya şikayətinin dəlilləri
9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində qeyd edilir ki, birinci instansiya məhkəməsi iddiaçının valideynlərinə məxsus əmlakları sadalamışdır, halbuki valideynlərin əmlakının iddiaçıya hər hansı bir aidiyyatı yoxdur. Eyni zamanda məhkəmə İddiaçı məxsus Zərdab rayonunun Dəliquşçu kəndində yerləşən icarədə və ya mülkiyyətində olan kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinin olmasını vurğulayır, halbuki Zərdab rayonu Dəliquşçu kəndində paylı mülkiyyətində (1/2 hissə) 3,67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Zərdab rayonu Dəliquşçu kəndində xx.xx.2000-ci il tarixli, JN-132 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı ümumi birgə mülkiyyətində 2,68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Zərdab rayonu Dǝliquşçu kəndində xx.xx.2002-ci il tarixli, JN-132A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamǝyə əsasən İddiaçı ümumi birgə mülkiyyətində 0,20 ha həyətyanı torpaq sahələrinə dair sənədlərə nəzər salsaq müəyyən edilir ki, Cavabdeh sözügedən torpaq sahələrində ya paylı, ya da ki birgə mülkiyyətçidir, lakin bu hal məhkəmə tərəfindən nəzərə alınmamış, bu hala məhkəmə tərəfindən hər hansı münasibət bildirilməmişdir. Cavabdeh da İddiaçı kimi sözügedən torpaqlarda mülkiyyətçidir, lakin bu barədə məhkəmə öz qətnaməsində susmuşdur. Bundan başqa, qüvvədə olan qanunvericilik valideynin üzərinə övladlarının yaşamaları üçün yaşayış sahəsi ilə təmin etmək vəzifəsi qoymamışdır. Və bu cür vəzifənin iddiaçının üzərinə qoyulması nəinki milli qanunvericilikdə, hətda qanunvericiliyimizdə öz əksini tapmış hüquq prinsiplərində belə nəzərdə tutulmamışdır. Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları(uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Göründüyü kimi qanunvericilik uşaqdan ayrı yaşayan valideynin üzərinə uşağı yaşayış yeri ilə təmin etmək vəzifəsini qoymur. İlk növbədə məhkəmə təsdiqləyir ki, İddiaçı 4 övladı üçün alimenti ödəyir, bu da bizə deməyə əsas verir ki, o, öz valideynlik borcunu yerinə yetirir, baxmayaraq ki, təyin olunmuş alimentin miqdarı onun aldığı əmək haqqından 2 dəfə artıqdır. O ki qaldı mənzilin hərrac vasitəsi ilə satılmasına nail olmaq məqsədinə, burada birinci instansiya məhkəməsi sadəcə cavabdehin etirazlarını təkrarlamış, çıxılmaz vəziyyətin nədə ifadə olunmasına aydınlıq gətirməmişdir. Məhkəmənin gəldiyi nəticə ilə qəti şəkildə razılaşmayaraq bildiririk ki, məhkəmə faktiki olaraq İddiaçı öz mülkiyyət hüququndan mərhumetmişdir. Belə çıxır ki, İddiaçı öz mülkiyyətinə köçə bilməz, istifadə və sahiblik edə bilməz .Bu azmış kimi, mülkiyyətçi öz mülkiyyətdə olan əmlakına sərəncam vermək hüququndan da mərhum olunmalıdır. İşin hallarından da müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan daşınmaz əmlaklar sirasında mübahisəli mənzildən başqa yaşayış sahəsi yoxdur. Mübahisəli mənzilin orta bazar qiyməti iddiaçının bildirdiyinə görə 240.000 manat təşkil edir, bu məbləğdən İddiaçı öz payına uyğun 80.000 manat mülkiyyət hüququnun itirilməsi üçün kompensasiya şəklində ona ödənilməsini cavabdehə təklif etmiş, lakin cavabdeh 1 manat da ödəməyəcəyini bildirmiş, sual veriləndə ki, bəs İddiaçı harada yaşasın?, atasıgil varlıdır, gedib onların yanında yaşasın deyərək məhkəməyə cavab vermişdir. Əfsuslar olsun ki, məhkəmə heç bir qanuni əsası olmayaraq cavabdehlə razılaşmış, cavabdehin hüquqazidd, absurd cavablarını qətnaməsinin əsaslandırılmasına daxil etmişdir. Sual yaranın ki, Cavabdeh payına 160000 manat düşürsə, o, nə üçün çıxılmaz vəziyyətdə qalacaqdır? Məhkəmə nə üçün hesab edir ki, Cavabdeh öz mülkiyyətində olan əmlakın satışında əldə edilən pula yaşayış sahəsi ala bilməyəcəkdir? Birinci instansiya məhkəməsi özü də qeyd edir ki, İddiaçı adına mübahisəli mənzildən başqa hər hansı yaşayış sahəsi yoxdur. Bəs belə olan təqdirdə İddiaçı necə kənd təsərrüfatı təyinatlı torpaqda mal qara üçün inşa edilmiş tövlədə yaşamalıdır? Ya məhkəmə cavabdehlə razılaşır ki, İddiaçı valideynlərinə məxsus yaşayış sahəsində yaşamalıdır və əgər belədirsə bununla bağlı məhkəmə İddiaçı valideynlərinin münasibətini öyrənibmi? Hazırda mübahisələndirilən qətnamə qanuni qüvvəsini alarsa, İddiaçı əlindəki mülkiyyətə dair çıxarış sadəcə hər hansı bir əhəmiyyət kəsb etməyən kağız parçasına çevriləcəkdir. Hesab edirik ki, milli qanunvericiliyimiz, Konstitusiyamız və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr buna imkan vermir. Mübahisələndirilən qətnamə qanunaziddir, eyni zamanda əsasını cavabdehin absurd etirazları, məhkəmənin mülahizələri təşkil edir. Bu isə yolverilməzdir. İddiaçının paylı mülkiyyətdə 1/3 hissədə mülkiyyət hüququ dövlət tərəfindən tanınmasına baxmayaraq, o, özünə məxsus hissəsindən istifadə edə bilmir, sahiblik edə bilmir, sərəncam verilməsi hissəsində isə birinci instansiya məhkəməsi onu bu hüquqdan məhrum etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı cavabdehin etirazı daxil olmuşdur. 12.Cavabdeh etirazında bildirir ki, mübahisəli mənzil onlara “üçəm əkiz” övladlarının dünyaya gəlməsi ilə əlaqədar ölkə başçısı tərəfindən hədiyyə edilmişdir. Hazırda 4 nəfər yetkinlik yaşına çatmayan övladı onun himayəsindədir və onların valideynlərinə möhtac olduğu bir vaxtda atanın nəfsi ucbatından evin hərraca çıxarılıb satılmasına etiraz edir. Həmçinin iddiaçı həmin mənzilə bugünədək heç bir pul xərcləməyib. Onun məqsədi evi satışa çıxarıb, gəlir əldə etməkdir. Mübahisəli mənzil cavabdehin və övladlarının yeganə yaşayış yeridir. Mənzil verilərkən təmirsiz vəziyyətdə olub, nikahları pozulduqdan 5 il sonra anası 2019-cu ildə cavabdehin mərhum atasına məxsus evi sataraq, evi təmir etdirib. İddiaçı onu dəfələrlə döyüb işgəncə vermiş, buna görə də cavabdehə qısamüddətli və uzunmüddətli mühafizə orderi verilmişdir. İddiaçı ona bu qədər əziyyət verdiyinə görə evə köçürülməsinə etiraz etmişdir.Hazırda iddiaçının niyyəti hüquqlarından sui-istifadə edib cavabdehə ziyan vurmaqdır.Evə bir manat olsun belə pul xərcləməməsinə baxmayaraq, ondan 80.000 manat pul tələb edir. İddiaçı yaşamağa başqa evinin olmadığını desə də, bu yalandır.İddiaçının mülkiyyətində çox sayda daşınmaz əmlakı vardır. Belə iddia verməkdə məqsədi cavabdehi və övladlarını çətin vəziyyətdə qoymaqdır. Hazırda onun kompensasiya ödəməyə maddi imkanı yoxdur. Həmçinin iddiaçı mülkiyyət hüququnu əsas gətirərək, övladlarının yeganə mülkünün satılmasını tələb edə bilməz. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş edir.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
15. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz
16. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur
18. Maddə 220.2 Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
19. Maddə 220.3 Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
20. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
21. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
22. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 25.Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamə bütövlükdə mübahisələndirildiyindən, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməli, mübahisəli mənzil açıq hərracda satışa çıxarılaraq əldə olunan vəsait tərəflərin mənzildəki paylarına mütənasib olaraq onlar arasında bölüşdürülməlidir.
31. Belə ki, iş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyətinin başıçısının xx.xx.2012-ci il tarixli 054 saylı sərəncamının surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin göstərişinə əsasən İddiaçı 6 nəfər ailə tərkibi ilə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində inşa edilmiş yaşayış binasının A blokunun 1ci girişinin 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 169,02 kv.m, yaşayış sahəsi 82,18 kv.m olan 4 otaqlı 8 saylı mənzili ayrılmışdır
32. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(006)- 4195/2014 saylı qətnaməsinə əsasən ilk və qarşılıqlı iddia ərizələri qismən təmin edilərək İddiaçı ilə X13 arasında xx.xx.2006-cı il tarixdə Zərdab rayon qeydiyyat şöbəsində bağlanmış və 191 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından anadan olan xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X2, X7 və X11 ataları İddiaçı alınaraq anaları X8 verilməsi və X4 himayəsində saxlanılması, İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X2, X7 və X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə sabit pul məbləğində 103 manat olmaqla cəmi 412 manat alimentin alınıb X8 ödənilməsi qət edilmişdir.
33. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)-373/2016 saylı qətnaməsindən müəyyən olunur ki, ilkin iddia tələbi qismən təmin edilərək Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində inşa olunan yaşayış binasının A blokunun 1- ci girişinin 3-cü mərtəbəsində yerləşən, ümuni sahəsi 169,02 kv.m, yaşayış sahəsi 82,18 kv.m olan 4 otaqlı 8 saylı mənzilə Soltanova (Nəbiyeva) Günel Nəbi qızının payının 2/3 hissədə, İddiaçı oglunun payının 1/3 hissədə müəyyən edilməsi və Soltanova (Nəbiyeva) Günel Nəbi qızının Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində inşa olunan yaşayış binasının A blokunun 1-ci girişinin 3-cü mərətəbəsində yerləşən, ümumi sahəsi 169,02 kv.m, yaşayış sahəsi 82,18 kv.m olan 4 otaqlı 8 saylı mənzil sahəsinə köçürülməsi qət edilmişdir.
34. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin RX seriyalı № ******* saylı çıxarışının surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı mənzilinə dair 2/3 hissədə Cavabdeh, 1/3 hissədə İddiaçı paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 2770 nömrəli reyestr kitabının 258255 nömrəli vərəqində qeydiyyata alınmışdır.
35. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 235182 saylı xx.xx.2016-cı il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 327 nömrə qeyd olunmuş, nikah pozulduqdan sonra kişiyə Soltanov, arvada Nəbiyeva soyadı verilmişdir.
36. Zərdab Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(035)-36/2015 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 300 manat miqdarda cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən İddiaçı ibtidai istintaq zamanı xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək tutulduğu müddət nəzərə alınaraq barəsində təyin edilmiş cərimə cəzası yüngülləşdirilmiş və ona qəti olaraq 200 manat miqdarda cərimə cəzası təyin edilmiş və İddiaçı barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır.
37. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)- 4791/2022- ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi qismən təmin edilərək xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X7 18 yaşa çatanadək saxlanmaları üçün İddiaçı hər ay har uşağa görə 193 manat olmaqla ümumilikdə 772 manat sabit pul məbləğində aliment tutularaq X10 ödənilməsi və alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması qət edilmişdir.
38. Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından müəyyən olunur ki, İddiaçı barəsində fakta görə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət işi başlanmışdır.
39. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli 03/06-11-11/N-62/2-129/2 məktubdan müəyyən olunur ki, keçmiş əri İddiaçı tərəfindən məişət zorakılığına məruz qalması barədə Azərbaycan Respublikasının “Ailə Qadın və Uşaq problemləri üzrə” Dövlət Komitəsindən Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olan xx.xx.2022-ci il tarixli N- 2290 nömrəli məktuba və Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli N-62- 129 saylı ərizəyə baxılaraq, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən vətəndaş İddiaçı cinayət və inzibati məsuliyyəti izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi, Cavabdeh isə qısamüddətli mühafizə orderinin verilməsi haqqında xx.xx.2022-ci il tarixli 06/2022 saylı qərar qəbul edilməsi Cavabdeh bildirilmişdir.
40. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 06/2022 saylı qısamüddətli mühafizə orderindən müəyyən olunur ki, “Məişət zorakılığının qarşısının alınması” haqqında Azərbaycan Respublikasının Qanununun 11.2-ci maddəsinə və Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə” monitorinq qrupunun sədrinin məişət zorakılığı barədə xx.xx.2022-ci il tarixli 06/2022 saylı qərarına əsasən Bakı şəhəri ünvan 3 ünvanında yaşayan vətəndaş Cavabdeh 30 gün müddətinədək Cavabdeh keçmiş əri İddiaçı tərəfindən ona qarşı təkrar fiziki və psixi məişət zorakılığı edilməsinin qadağan olunması üçün qısamüddətli mühafizə orderi verilmişdir.
41. Kristal-AA MTK-nın xx.xx.2022-ci il tarixli 65 saylı məktubunun surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov 11D ünvanında yerləşən Kristal-AA MTK tərəfindən inşa olunan çoxmərtəbəli yaşayış binalarda 2012-ci ildə (yanvar-fevral aylarında) mənzillərin 1 kv.m qiyməti 600-700 manat olmuşdur.
42. Kristal-AA MTK-nın xx.xx.2022-ci il tarixli 73 saylı məktubunun surətindən müəyyən olunur ki, Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyev Bakı şəhər İcra Hakimiyyətinin başçısına göstərişi ilə xx.xx.2011-ci il tarixli S.R № 33 saylı məktubu ilə Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna mənzillər ayrıldığını nəzərə alaraq, Binəqədi rayonu, Biləcəri qəsəbəsində Kristal-AA MTK-ya məxsus inşa edilmiş yaşayış binasının A blokunun 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 169,02 kv.m, 4 otaqlı, 8 saylı mənzil verilmiş, sərancam əsasında mənzil verilmiş İddiaçı xx.xx.2014-cü il tarixdə mənzil üçün (3,5 kv.m) əlavə kvadrata görə 3200 manat ödəniş etmişdir. Cəmi mənzilin kv.m=172,52 kv.m-dir. Evlərin satışı zamanı mənzil sərhədləri xarici hüdudları (eləcə də balkonlar) götürülür. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi seriya RX ******* nömrəli çıxarışda 150,7 kv.m göstərilmişdir. Həmin tarixlərdə mənzilin yerləşməsi və mərtəbə fərqinə əsasən mənzillərin satış qiyməti 1 kv.m-nin qiyməti 900 manat olmuşdur.
43. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********09 saylı məktubunun surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı mənzilinin 1/3 hissəsi İddiaçı adına xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Zərdab rayonu Dəliquşçu kəndində icarəsində 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Zərdab rayonu Dəliquşçu kəndində icarəsində 1,00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 26.08 2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz emlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Zərdab rayonu Dəliquşçu kəndində paylı mülkiyyatində (1/2 hissə) 3,67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Zərdab rayonu Dəliquşçu kəndində xx.xx.2000-ci il tarixli, JN-132 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı ümumi birgə mülkiyyətində 2,68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Zərdab rayonu Dǝliquşçu kəndində xx.xx.2002-ci il tarixli, JN-132A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamǝyə əsasən İddiaçı ümumi birgə mülkiyyətində 0,20 ha həyətyanı torpaq sahəsi vardır. İddiaçı adına ölkə ərazisi üzrə qeydiyyata alınmış digər daşınmaz əmlakı aşkar edilməmişdir.
44. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/6691 saylı, xx.xx.2022-ci il tarixli rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılv küçəsi 11D saylı evin 8 saylı mənzilinin faktiki vəziyyətinə görə, mənzilin yalnız bir giriş-çıxış yolu olduğuna və tərkiblərində olan kommunal xidmətli sahələrin yeganə olduğuna görə, İnşaat Norma və Qaydalarının 1.1., 2.2., 2.4., 2.9., bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin payına uyğun naturada bölünməsi texniki cəhətdən mümkün deyildir.
45. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli təklifdən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********24-05301- 093195 saylı reyestr nömrəli çıxarışa əsasən, 1/3 hissədə İddiaçı, 2/3 hissədə Cavabdeh paylı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı mənzilinin təxmini bazar qiymətinin 240000 manat olması, İddiaçı digər payçı ilə sözügedən mənzildə yaşamasının mümkün olmaması səbəbindən mənzildəki payının naturada ayrılmasını, mənzilə tənasübsüz zərər vermədən bu mümkün olmadığı təqdirdə İddiaçı mənzildə olan payının dəyəri olan 80000 manatın ödənilməsini təklif etmiş, əks təqdirdə sözügedən mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda İddiaçı müvafiq kompensasiyanın, bu da mümkün olmadıqda mənzilin açıq hərracda satılması və əldə olunan pul məbləğinin paylı əmlakdakı payına nisbətdə payçıların arasında bölünməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. 46.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir.
47. Qeyd edilən Qərarın və paylı mülkiyyətə dair mülki qanunvericilik normalarının məzmunundan göründüyü kimi, paylı mülkiyyətçilər məhkəməyə müraciət etməzdən əvvəl ümumi mülkiyyətdən payın ayrılmasının üsul və şərtləri barəsində məsələnin həllini əvvəlcə öz aralarında qarşlıqlı razılıq əsasında həll etməyə çalışmalıdırlar. Qanunverici belə razılığın əldə edilmədiyi təqdirdə maraqlı tərəfin məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
48. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mübahisəli mənzildə cavabdehlə birgə yaşamasının mümkün olmaması səbəbindən o, həmin mənzildəki 1/3 hissədə payının naturada bölünməsini, bu mümkün olmadıqda isə payının real bazar qiymətlərinə uyğun dəyərinin - 80.000 manat kompensasiyanın ödənilməsini cavabdehə təklif etmiş, cavabdeh isə ümumiyyətlə iddiaçıya hər hansı bir məbləğ ödəməyəcəyini bildirmişdir. Bunun müqabilində isə iddiaçı ümümi paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin mülkiyyyətçilər arasında onların payına mütənasib surətdə bölünməsini xahiş edir.
49. Mübahisəli əmlakın tərəflərin paylarına uyğun naturada bölünməsinin mümkünlüyü ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza əsasında verilən rəydən məlum olur ki, sözügedən mənzilin mövcud paylara uyğun naturada ayrılması texniki cəhətdən mümkün deyil.
50. Həmçinin, qeyd olunduğu kimi cavabdeh, ümumiyyətlə, kompensasiya olaraq iddiaçıya hər hansı bir məbləğ ödəməyəcəyini bildirmişdir.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən Qərarında göstərilmişdir ki, Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
52. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı mənzilində payın ayrılması ona tənasübsüz zərər vurmadan açıq-aşkar mümkün olmadığından, eləcə də cavabdehin iddiaçıya payının dəyərinə görə kompensasiya vermək fikri olmadığından, qeyd edilən əmlak açıq hərracdan satılmalı və satış pulu tərəflər arasında paylarına mütənasib surətdə bölüşdürülməli, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır.
53. Kollegiya nəzərə alır ki, mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Çünki, hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
54. Göründüyü kimi, birinci instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin tələblərinə cavab vermir.
55. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
56. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4-cü maddəsinə görə isə, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin ləğvi üçün əsasdır.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-243/2023 saylı 29 mart 2023cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı mənzili açıq hərracdan satılsın. Əldə olunan vəsait İddiaçı və Cavabdeh arasında paylarına mütənasib surətdə, yəni 1/3 və 2/3 hissələrdə bölüşdürülərək onlara ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat İddiaçı tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova