Məhkəmə qərarları › İş №2(103)-3922/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3922/2024

14.08.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3922/2024 14.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3622/2024 (Açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-441/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 14 avqust 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əsas olaraq isə onun üzrsüz səbəbdən işə gəlməməsi və bu barədə işəgötürəni xəbərdar etməməsi göstərilmişdir. İddiaçı isə bu barədə işəgötürənə məlumat verilməsini bildirmiş və həmin əmrin ləğv edilməsi barədə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 01- 14/23A nömrəli əmrinin ləğv edilməsi, onun "xxxx" MMC-də sürücü vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MMC-də sürücü vəzifəsində işləmişdir. İddiaçı təhkim edilmiş **-PU-*** qeydiyyat nişanlı “FİAT DOBLO” markalı minik avtomobili ilə əmək funksiyanı icra edərkən avtomobildə qəfil yaranmış nasazlıq səbəbindən xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə avtomobilə zərər dəymişdir. Hadisədən sonra İddiaçı rəhbərliyə müraciət edərək, öz hesabına avtomobili təmir etmək məqsədilə avtomobilin ona təqdim edilməsini xahiş etsə də, rəhbərlik buna etiraz edərək zərərin əvəzi kimi ondan əsassız yerə 7000 manat pul tələb etmişdir. İddiaçı məbləğlə razı olmadığını bildirməklə yanaşı, avtomobilə baxış keçirilməsi üçün dəvət etdiyi mütəxəsislərin də zərərin həcminin təxminən 1500-2000 manat aralığında olduğunu dediyini bildirmişdir. Lakin buna baxmayaraq rəhbərlik İddiaçı xəbərsiz avtomobilin təmirinə başlayaraq avtomobildə olan, yol nəqliyyat hadisəsi ilə əlaqəsi olmayan əvvəlcədən zədələnmiş hissələri də təmir etdirib, sonradan həmin hissələrin də pulunu ondan almaq istəmişdir. İddiaçı isə razılaşmamışdır. Buna görə də İddiaçı mübahisiyə baxılıb qurtaranadək avtomobilin təmirinin cavabdehə qadağan edilməsi və avtomobilin dövlət yol polis idarəsinin müvəqqəti saxlama meydançasına yerləşdirilməsi barədə müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə təmin edilməmişdir. Eyni zamanda qanunvericiliyin tələbinə uyğun xx.xx.2023-cü il tarixdə cavabdehə mübahisə ilə bağlı mediasiya təklifi də göndərmişdir. İş 10 saylı mediasiya təşkilatının icraatında olmuşdur. Cavabdeh ilkin mediasiya sessiyasından yayınmaqla yanaşı xx.xx.2023-cü il tarixli əmrlə İddiaçı vəzifədən azad etmişdir. İşdən azad edilməsi barədə əmri qanunsuz və əsassız sayır. Belə ki, əmrlə tanış olduqda İddiaçı məlum olmuşdur ki, əmək müqaviləsinə xitam verilmə səbəbi kimi əmək funksiyasını və əmək müqaviləsində göstərilən öhdəliklərini yerinə yetriməməsi göstərilmişdir. Bu tam yalandır və bu barədə heç bir subut mövcud deyildir. Bu səbəbdən də həmin əmr qanunsuz və əsassız hesab edilməklə ləğv edilməli, əvvəlki işinə bərpa edilməklə yanaşı məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Bundan başqa əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 441/2024 saylı qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddianın təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5, 70-ci maddəsinin ”ç” bəndi, 72-ci maddəsinin “a” bəndi, 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndi, 310-cu maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 360, 362-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir.

10. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı xx.xx.2023 – xx.xx.2023-cü il tarixi aralığında işdə olmamışdır və bu müddət ərzində cavabdeh hələ pozuntu olduğunu bilməmiş, işçi işə çıxarkən üzrlü səbəb təqdim edəcəyini gözləmişdir. Lakin ayın 28-i işə gəlib ərizə yazan zaman işəgötürən olaraq pozuntudan xəbərdar olmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

11. Maddə 10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur.

12. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

13. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər.

14. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

15. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

16. Maddə 72, “a” bəndi. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

17. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

27. Belə ki, işdə olan rəsmi sənədlərlə təsdiq edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi "xxxx" MMC-də sürücü vəzifəsində işləmişdir.

28. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 01-05/22K saylı əmrindən müəyyən edilir ki, "xxxx" MMC-də sürücü vəzifəsində işləyən İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək iş vaxtında bütün gün işdə olmaması məsələsinin araşdırılması məqsədilə komissiyanın sədri Nigar Mehdizadə (direktor müşaviri), komissiyanın üzvləri Rabiyyə İsmayılova (aparıcı mütəxəssis-mühasib), Nigar Mustafayeva (aparıcı mütəxəssis-ofis meneceri və İdris Cəfərzadə (anbardar) tərkibdə komissiya yardılmış, İddiaçı əsassız şəkildə işə gəlməməsi qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmişdir.

29. "xxxx" MMC tərəfindən tərtib edilmiş və komissiyanın sədri Nigar Mehdizadə (direktor müşaviri), komissiyanın üzvləri Rabiyyə İsmayılova (aparıcı mütəxəssismühasib), Nigar Mustafayeva (aparıcı mütəxəssis-ofis meneceri və İdris Cəfərzadə (anbardar) tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli 06/23 saylı aktından müəyyən edilir ki, müəssisənin sürücüsü İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iş saatlarında işdə olmamışdır.

30. "xxxx" MMC-nin sürücüsü İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə "xxxx" MMC-yə müraciət edərək, onun xx.xx.2023-cü il tarixdən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir.

31. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 01-05/02P nömrəli protokolundan müəyyən edilir ki, İddiaçı işə gəlməməsinin araşdırılması məqsədilə komissiyanın sədri Nigar Mehdizadə (direktor müşaviri), komissiyanın üzvləri (katib) Rabiyyə İsmayılova (aparıcı mütəxəssis-mühasib), Nigar Mustafayeva (aparıcı mütəxəssis-ofis meneceri və İdris Cəfərzadə (anbardar) tərkibdə həmin tarixdə 15.30-da keçirilmiş, iclasda katib çıxış edərək bildirmişdir ki, işçi xx.xx.2023-cü il tarixdən hər hansı səbəb göstərmədən işə gəlməmiş və bu aktlaşdırılmışdır. Bununla bərabər işçi cəmiyyətə ərizə ünvanlayaraq xx.xx.2023-cü il tarixdən, yəni ərizə verdiyi gündən işdən azad olunmasını xahiş etmişdir. Lakin faktiki halda işçinin yoxluğu cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun göstərdiyi xidmətlərdə axsamalar yarada, işin normal ahəngini poza və nəticədə cəmiyyətə ziyan vurulmasına səbəb ola bilər. Buna görə də təklif etmişdir ki, qanunvercilikdə nəzərdə tutulmuş müddətdə o işdə saxlanılsın. Komissiya işini yekunlaşdıraraq o qənaətə gəlmişdir ki, işçi hər hansı üzürlü səbəb göstərmədən işə gəlməmiş və gəlməməsinin səbəbini cəmiyyətə bildirməmişdir. Protokol iclasda iştirak edən şəxslər tərəfindən imzalanmışdır.

32. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 01-05/23Q saylı əmrindən müəyyən edilir ki, qanunverilikdə nəzərdə tutulmuş müddət ərzində işçi İddiaçı işdə saxlanılması, ona bu barədə xəbərdarlıq məktubu göndərilməsi və onun yerinə yeni işçinin qəbulu üçün müvafiq hərəkətlər edilməsi əmr edilmişdir.

33. SPEKTR MED” MMC tərəfindən tərtib edilmiş və komissiyanın sədri Nigar Mehdizadə, komissiyanın üzvləri Rabiyyə İsmayılova, Nigar Mustafayeva və İdris Cəfərzadə tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli 07/23 saylı aktından müəyyən edilir ki, müəssisənin sürücüsü İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iş saatlarında işdə olmamışdır.

34. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 01-14/23A saylı əmri ilə "xxxx" MMC-də sürücü vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda xitam verilmişdir.

35. Poçt qaimələrindən görünür ki, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixdə iddiaçıya xəbərdarlıq məktubları göndərilmişdir, lakin iddiaçının ünvan 1 ünvanda olmaması səbəbindən məktubların çatdırılması mümkün olmamışdır.

36. Məhkəmə kollegiyası ilk növbədə iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı öz ərizəsində ötən ilin avqust ayında işəgötürənə məxsus avtomobillə törətdiyi qəzanın nəticəsində sonuncuya vurduğu ziyanla bağlı tərəflər arasında razılıq əldə olunmadığını göstərmiş və işəgötürənin məhz buna görə onunla bağlanmış əmək müqaviləsinə xitam verməsini əsassız hesab etmişdir. Göstərilənlərə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından da göründüyü kimi işəgötürən tərəfindən iddiaçı ilə bağlanılan əmək müqaviləsinə xitam verilməsinin əsası heç də iddiaçının qeyd etdiyi məsələ olmamış, sonuncunun uzun müddət üzrsüz formada işə gəlməməsi təşkil etmişdir və bu hal cavabdeh tərəfindən iddiaçının hərəkətlərinə qiymət verilməsi üçün təşkil olunmuş daxili komissiya sənədlərində də öz əksini tapmışdır. Buna görə də məhkəmə iddiaçının baş vermiş qəza ilə bağlı tərəflərin arasında mövcud olan mübahisə barəsində göstərdiyi dəlillərə münasibət bildirməyi zəruri hesab etmir.

37. Növbəti olaraq kollegiya qeyd edir ki, iddiaçı xx.xx.2023 – xx.xx.2023-cü il tarix aralığında və xx.xx.2023 – xx.xx.2023-cü il tarix aralığında işdə olmamışdır və bu işin mübahisəsiz halını təşkil etməklə istər iddiaçının izahatlarında, istərsə də cavabdeh tərəfindən bu barədə tərtib edilən rəsmi sənədlərdə öz əksini tapmışdır. Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Qeyd edilən normanın tələblərindən irəli gələrək məhkəmə hesab edir ki, hazırda işə gəlməməsinin yuxarıda göstərilən əsaslardan birindən irəli gəlməsini və üzrlü səbəbə söykənməsini sübut etmək yükü məhz iddiaçının üzərinə düşmüşdür.

38. Hazırki iş materiallarından görünür ki, iddiaçı X3 xidmətinə xx.xx.2023-cü il tarixdə təqdim etdiyi ərizəsində işdə olmamasını məzuniyyətdə olması ilə əsaslandırmış, ona şifahi olaraq məzuniyyətdə olduğunu bildirdiklərini, qayıtdıqdan sonra isə işdən kənarlaşdırdıqlarını qeyd etmişdir. Halbuki iş materiallarında iddiaçı tərəfindən verilmiş hər hansı məzuniyyət ərizəsi və ya bununla bağlı işəgötürənin əmri aşkar edilməmiş, üstəlik iddiaçı həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışında verdiyi izahatlarda isə işə gəlməməsinin səbəbi kimi həmin dövrdə xəstə olduğunu göstərmiş, lakin bu faktı da təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

39. Bundan əlavə iddiaçı apellyasiya baxışı zamanı məhkəməyə yol qəzası zamanı avtomobilə dəymiş zərərin düzgün hesablanmaması, həmçinin səhhətində yaranmış problemlərə görə işə gələ bilməyəcəyi barədə xx.xx.2023-cü il tarixli “Bildiriş” təqdim etmişdir. Həmin sübut növünə münasibətdə kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 361.4-cü maddəsinə əsasən apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin iddiaçı həmin sübutun birinci instansiya məhkəməsinə də təqdim edildiyini bildirsə də, iş materiallarına baxış keçirilən zaman bu hal öz təsdiqini tapmamış, iddiaçı isə həmin “Bildiriş”in birinci instansiya məhkəməsinə təqdim edə bilməsinin ondan asılı olmayan səbəblərdən qeyri-mümkün olduğunu əsaslandırmamışdır.

40. Hərçənd ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməyən sübutlara istinad olunmasına yol verilməsə də, məhkəmə işin bütün hallarına qiymət verilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin “Bildiriş” sübutlar siyahısına aid olsa idi belə, həmin sənəddə iddiaçının özü tərəfindən işə çıxa bilməməsinin üzrlü səbəbinin olması barədə xəstəlik vərəqəsi təqdim edəcəyini göstərmişdir. Lakin belə bir xəstəlik vərəqəsinin verilməsinə dair hər hansı sübut iş materiallarında aşkar olunmamışdır.

41. Kollegiya qeyd edir ki, bu cür xəstəlik vərəqəsinin təqdim edilməsinin zəruriliyi ondan ibarətdir ki, şəxsin xəstə olub-olmaması və bu xəstəliyin işə gəlməsinə nə dərəcədə mane ola bilməsi ilə əlaqədar məsələ yalnız bu barədə peşəkar və xüsusi biliyə malik olan şəxslər tərəfindən müəyyənləşdirilə bildiyindən və iddiaçının bu barədə sadəcə sözlü mülahizə bildirməsi bu faktı təsdiq etməyə kifayət etmədiyindən, qanunvericilikdə yuxarıda göstərilən maddənin dispozisiyasında xəstəliyi təsdiq edən sənədin xüsusilə göstərilməsinə ehtiyac yoxdur və bu sənədin tələb olunması formal mülahizələrdən deyil, işin düzgün və hərtərəfli araşdırılmasından irəli gəlir.

42. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının xx.xx.2023 – xx.xx.2023-cü il tarix aralığında və xx.xx.2023 – xx.xx.2023-cü il tarix aralığında işə gəlməməsinin üzrlü səbəblə bağlı olduğunu təsdiq edən hər hansı mötəbər dəlil iş materiallarında aşkar edilməmişdir.

43. Bundan əlavə kollegiya qeyd edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə işə gələrək əmək müqaviləsinə öz arzusu ilə elə həmin gündən xitam verilməsini xahiş etsə də, Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən (dəyişiklik edilməzdən öncəki redaksiyada) işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Göründüyü kimi iddiaçı işəgötürən olaraq cavabdehi bununla bağlı ən azı 1 ay öncədən xəbərdar etməli olduğu halda həmin müddəti gözləməmişdir və buna görə də cavabdehin ərizədə göstərildiyi kimi elə həmin gün işçi ilə əmək münasibətlərinə xitam verə bilməməsi haqlı olmuşdur.

44. Həmçinin, iddiaçının cavabdeh tərəfindən onun işdə olmamasının səbəblərinin öyrənilməsi məqsədilə ona göndərilən məktubların faktiki yaşamadığı ünvana göndərilməsi, o cümlədən X3 Xidmətinə və cavabdehin özünə ünvanladığı məktublarda qeyd edilən ünvana göndərilməli olduğu ilə bağlı dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, ünvanının dəyişməsi ilə bağlı məlumatlandırma vəzifəsi iddiaçının üzərində olmuşdur və istər X3 Xidmətinə, istərsə də cavabdehin özünə ünvanladığı məktublarda göstərilən ünvanlar məhz həmin orqanlara və məhz həmin məktublara cavab verilməsi üçün nəzərdə tutulmuşdur. Həmin ünvanın birmənalı olaraq bütün yazışmalarda istifadə edilməsi ilə məlumatı isə məhz iddiaçı təqdim etməlidir.

45. Məhkəmə kollegiyası o cümlədən apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq hazırki işin mahiyyəti, yəni iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasını nəzərə alaraq bu barədə qanunvericiliyin digər tələblərinin də hazırki mübahisə çərçivəsində yoxlanılmasını zəruri hesab edir.

46. Əmək Məcəlləsinin 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2023 – xx.xx.2023-cü il tarix aralığında və xx.xx.2023 – xx.xx.2023-cü il tarix aralığında işdə olmamış, işəgötürən tərəfindən bu halın aydınlaşdırılması və üzrlü səbəb olub-olmaması barədə iddiaçıya bildirişlər göndərilmiş, iddiaçı isə xx.xx.2023-cü il tarixdə işə gələrək ərizə yazsa da, bu zaman öncəki dövr ərzində işdə olmamasının üzrlü səbəblərlə bağlı olması barədə hər hansı sübut təqdim etməmişdir. Bununla da həmin gün iddiaçının əmək intizamının pozması cavabdeh tərəfindən aşkar edilmiş və xx.xx.2023-cü il tarixində onunla bağlanılan əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi işəgötürən tərəfindən intizam tənbehinin verilməsi üçün qanunla müəyyən olunan 1 aylıq müddət ötürülməmişdir.

47. Beləliklə, yuxarıda göstərilənlərdən də məlum olduğu kimi iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi prosesi qanunvericiliyə uyğun şəkildə aparılmışdır.

48. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli 01-14/23A nömrəli əmri qanunvericilyin tələbinə əsasən qanuni olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

50. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

51. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

52. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

53. MPM-in 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini təmin etmədən, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlaya bilər.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 441/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar