Məhkəmə qərarları › İş №2(103)-3922/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3922/2025

27.08.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3922/2025 27.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi zamanı yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsinin həll edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı Hafiz qızının, Cavabdeh nümayəndəsi və vəkili Vəkil4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2835/2024 nömrəli 18 oktyabr 2024cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh ilə X2 20 fevral 2010-cu il tarixdə nikaha daxil olmuş, birgə nikahdan 3 uşaqları doğulmuşdur.

2. ünvan 1 ünvanında yerləşən 13 saylı mənzil ünvan 2arixli alğı-satqı müqaviləsinə əsasən X3 mülkiyyətinə, daha sonra 13 oktyabr 2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh mülkiyyətinə keçmişdir.

3. Tərəflərin nikahı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qətnaməsi ilə pozulmuş, uşaqların ananın yanında saxlanılması qət edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, ev 4, mənzil 13-də yerləşən iki otaqlı yaşayış sahəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ilin oktyabr ayından cavabdehlə birlikdə Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, ev 4, mənzil 13-də yerləşən iki otaqlı yaşayış sahəsində yaşamışlar və 2023-cü ilin dekabr ayının 8-də cavabdeh mənzilin kilidini dəyişməklə onu övladları ilə birlikdə yaşadıqları və istifadə etdikləri mübahisəli evdən çıxarmışdır. Cavabdeh onu və uşaqları yaşadıqları mübahisəli mənzildən çıxarandan sonra hal-hazıra kimi o, valideynlərinin evində müvəqqəti yaşamağa məcbur olmuşdur. Dəfələrlə mübahisəli evə getsə də, cavabdeh ona və uşaqlarına evə daxil olmağa imkan verməmişdir. Bundan başqa, uşaqları mübahisəli evin yaxınlığında yerləşən 141 saylı tam orta məktəbdə oxuyurlar.

6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı ilə arasında olmuş ailə münasibətlərinə xitam verilmişdir. Mübahisəli mənzil isə birgə vəsait hesabına alınmış hesab edilə bilmədiyinə görə cavabdehin həmin mənzilə hüquqları yoxdur.

7. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2835/2024 nömrəli, 18 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim Tural Məmmədov)

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı ilə cavabdeh 2010-cu il tarixdə nikaha daxil olmuş və qeyd olunan ünvan 1 ünvanında yerləşən 13 saylı mənzil 21 oktyabr 2015-ci il tarixdə Cavabdeh mülkiyyətinə keçmişdir. Başqa sözlə, tərəflərin ailə münasibətləri 2010-cu il tarixindən başlamış, cavabdehin mübahisə obyekti olan mənzilə mülkiyyət hüququ 21 oktyabr 2015-ci il tarixindən yaranmışdır. Mənzilin hüquqi statusu baxımından qeyd olunan mübahisəli mənzil tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilməsinə baxmayaraq, iş materiallarından göründüyü kimi, həmin mənzil 13 oktyabr 2015-ci il tarixli bağışlama müqaviləsi əsasında X5 tərəfindən Cavabdeh bağışlanmışdır. Tərəflərin nikah dövründə həddiyyə şəklində və yaxud vərəsəlik qaydasında əldə etdikəri əmlak onların birgə mülkiyyəti deyil, hər birinin ayrıca mülkiyyəti hesab edilir. Əmlakın birgə nikah dövründə əldə edilmiş hesab edilməsi üçün iki şərtin olması vacibdir. Birincisi əmlak birgə nikah dövründə alınmalıdır, ikincisi əmlak birgə vəsait hesabına alınmalıdır. Hazırkı halda əmlak birgə vəsait hesabına alınmamışdır. Deməli qeyd olunan mənzil tərəflərin birgə mülkiyyəti hesab edilə bilməz. İddiaçının həmin mənzilə yalnız istifadə hüququ ola bilərdi. tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları rəhbər tutulmaqla həll edilməlidir. Hazırki iddia tələbinə Mənzil Məcəlləsinin müddəalarının tətbiq edildiyi nəzərə alınarsa, iddiaçının qeyd olunan mənzilə istifadə hüququ mövcud deyildir. Belə ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi, tərəflərin 20 fevral 2010-cu il tarixdə rəsmi nikaha daxil olmalarına baxmayaraq, onlar arasında olan rəsmi nikah münasibətləri 20 iyun 2024-cü il tarixli məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Deməli hazırda tərəflər arasında ailə münasibətləri yoxdur. Belə olduğu halda, iddiaçının həmin mənzilə köçürülməsi üçün hüquqi əsaslar yoxdur. İddia tələbində iddiaçı ilə birlikdə tərəflərin nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan övladlarının da mənzilə köçürülməsi xahiş edilmişdir. Tələbin bu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə də təmin edilə bilməz. Ona görə ki, məhkəmənin 20 iyun 2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozularkən birgə nikahdan anadan olan yetkinlik yaşına çatmamış uşaqlar anaları - İddiaçı himayəsində saxlanıblar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanunun 2-ci maddəsinə görə yetkinlik yaşına çatmayanların yaşayış yerləri onların himayələrində qaldıqları valideynlərinin yaşayış yerləri sayılır. Nə dədər ki, yetkinlik yaşına çatmayanlar iddiaçının himayəsinə verilmişlər və hazırkı tələb iddiaçıya münasibətdə tələb təmin edilməyib, belə olduğu halda tələb birgə nikahdan anadan olan uşaqlara münasibətdə də tətbiq edilə bilməz. Ona görə ki, onların yaşayış yerləri analarının yaşadığı yer hesab olunur. Lakin bununla belə, məhkəmə yetkinlik yaşına çatmayanların mübahisəli mənzilə hüquqlarının olub-olmaması məsələsinə qiymət vermir və hazırkı tələbin onlara münasibətdə də rədd edilməsi onların mübahisə obyekti olan mənzilə hüquqlarının olmaması anlamına gəlməməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 34-cü, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair” 23 iyun 2021-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı və cavabdehin birgə nikahlarından anadan olmuş üç uşaq iddiaçının uşaqları olduğu kimi cavabdehin də uşağıdır və onlar arasında ailə münasibətlərinə məhkəmənin qərarı olmadan xitam verilməsi mümkün deyildir. Nəticə etibarı ilə həmin uşaqların mübahisəli yaşayış sahəsində yaşamaq və ondan istifadə etmək hüququ həmişə saxlanılır. Məhkəməyə təqdim olunmuş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9275/2024 saylı, 10 iyun 2024-cü il tarixli qərarına əsasən Cavabdeh Suraxanı rayon Polis İdarəsinə və ona qarşı yaşayış sahəsindən qeydiyyatdan çıxarılma barədə iddia tələbi rədd olunmuşdur. Məhkəmə qətnamə çıxararkən qeyd olunan qərarı araşdırmamış və heç bir hüquqi qiymət verməmişdir. Bu fakt qətnamənin ləğvi üçün əsasdır..

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-689/2025 nömrəli, 21 yanvar 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər F.H.Qasımov (sədrlik edən və məruzəçi), G.T.Axundova və X.Ə.Sarıyev)

c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 1314/2025 tarixli, xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 21 yanvar tarixli 2(103)-689/2025 nömrəli qətnaməsi ləğv edilmiş və işə yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır.

16. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin ikinci cümləsində bəhs olunan “yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanması” hüququ, məhz ailə münasibətlərinə xitam verilmiş şəxsə aid edilmişdir. Başqa sözlə iddiaçının tələbi, həmin normada yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılmasına əsas verən dispozisiya şərtləri (yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasların olmaması, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər halların özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməməsi) əsasında yoxlanılmalı idi. Göründüyü kimi məhkəmənin yalnız tərəflər arasında olan nikahın pozulması faktına istinad etməklə iddianı rədd etməsi qanunauyğun olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apelyasiya şikayətinin dəlillərində özü üçün müəyyən müddətə yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığını qeyd etməməsinə baxmayaraq, verilmiş iddia tələbinin bölünməz xarakteri, iddiaçıya münasibətdə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin dispozisiya şərtləri baxımından şikayətə qiymət verilməsini şərtləndirirdi. Bu halda işə baxan məhkəmə iddiaçının yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsinə hüquqi qiymət verməli, hüququn saxlanması barədə və ya hüququn saxlanmasının mümkünsüzlüyü barədə gəldiyi nəticəni əsaslandırmalı idi. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Həmin konstitusion dəyərindən çıxış edərək keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanmasını həll etməlidirlər. Nəzərə almaq lazımdır ki, mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olubolmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur. İşə baxmış məhkəmə cavabdehin mübahisəli mənzildən istifadə hüququnun müəyyən müddətə saxlanması üzrə tam və hərtərəfli araşdırma aparmamışdır.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, o, hazırda məcburiyyətdən 3 uşağı ilə birlikdə ata evində qalır. Mübahisəsi gedən evə qoymadıqdan sonra məcbur atasının evinə gəlmişdir. Uşaqlar Qaraçuxurda 141 nömrəli məktəbdə oxuyur və Razindən məktəbə aparmaq çətin olur. Ana-atası xəstədir, onlara narahatçılıq olur.

18. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

23. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh tələbi qismən təmin edilməlidir.

25. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin bununls bağlı mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

26. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə mövqeyində hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

27. Hazırkı işin faktiki hallarına əsasən iddiaçı cavabdehin keçmiş arvadıdır və Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi olan keçmiş ərindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsdir. Bu səbəbdən iddiaçı cavabdehin mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququna malik olduğunu bildirməklə mənzilə köçürülməsini tələb etmiş və cavabdeh bu tələbə etiraz etmişdir.

28. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, tərəflərin 20 fevral 2010-cu il tarixdə rəsmi nikaha daxil olmalarına baxmayaraq, onlar arasında olan rəsmi nikah münasibətləri 20 iyun 2024-cü il tarixli məhkəmə qətnaməsi əsasında pozulmuşdur, deməli hazırda tərəflər arasında ailə münasibətləri yoxdur və belə olduğu halda, iddiaçının həmin mənzilə köçürülməsi üçün hüquqi əsaslar yoxdur.

29. Lakin Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin ikinci cümləsində bəhs olunan “yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanması” hüququ, məhz ailə münasibətlərinə xitam verilmiş şəxsə aid edilmişdir. Başqa sözlə iddiaçının tələbi, həmin normada yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılmasına əsas verən dispozisiya şərtləri (yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasların olmaması, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər halların özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməməsi) əsasında yoxlanılmalı idi.

30. Belə ki, iddia tələbinin maddi hüquqi əsasını Mənzil Məcəlləsinin 30.4-cü maddəsi təşkil edir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Lakin mülkiyyətçinin keçmiş ailə üzvü kimi qanunvericilikdə nəzərdə tutulmuş hallar olduqda müəyyən müddətə onun malik olduğu istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

31. Qeyd olunmalıdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdır.

32. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə müvafiq olaraq keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılmasını (xitamı) tələb etmək hüququnu nə zaman həyata keçirmək məsələsinə gəldikdə isə, Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013cü il tarixli Qərarı).

33. Göründüyü kimi məhkəmənin yalnız tərəflər arasında olan nikahın pozulması faktına istinad etməklə iddianı rədd etməsi qanunauyğun olmamışdır. Halbuki məhkəmə iddiaçının yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsinə hüquqi qiymət verməli, hüququn saxlanması barədə və ya hüququn saxlanmasının mümkünsüzlüyü barədə gəldiyi nəticəni əsaslandırmalı idi.

34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir.

35. Həmin konstitusion dəyərindən çıxış edərək keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanmasını həll etməlidirlər.

36. Bu konstitusion dəyərin məqsədi konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmamasıdır. Bunu reallaşdırması üçün məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması vacibdir.

37. Nəzərə almaq lazımdır ki, mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olubolmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur.

38. Məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsi əsasında yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətini müəyyən edərkən, işin faktiki halları araşdırıldıqdan sonra mütənasiblik konstitusiya prinsipindən çıxış edərək müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməlidirlər.

39. İşə baxmış məhkəmə cavabdehin mübahisəli mənzildən istifadə hüququnun müəyyən müddətə saxlanması üzrə tam və hərtərəfli araşdırma aparmamışdır. Belə ki, iddiaçının hal-hazırda atasının evində yaşaması onun daimi yaşayış sahəsinin olması anlamına gəlmir.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, keçmiş ailə üzvü kimi iddiaçının mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun müəyyən müddətə saxlanılması və bu müddətin 1 il müəyyən edilməsi daha məqsədəmüvafiqdir. Həmin müddət isə iddiaçı qeyd edilən mənzilə köçürüldükdən sonra hesablanmalıdır.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2835/2024 nömrəli 18 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, İddiaçı Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 13 saylı mənzildən istifadə hüququnun saxlanılması müddəti 1 il müəyyən edilməklə həmin mənzilə köçürülməli, həmin müddət iddiaçı qeyd edilən mənzilə köçürüldükdən sonra hesablanmalıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2835/2024 nömrəli 18 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 13 saylı mənzildən istifadə hüququnun saxlanılması müddəti 1 il müəyyən edilməklə həmin mənzilə köçürülsün. Həmin müddət iddiaçı qeyd edilən mənzilə köçürüldükdən sonra hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar