Məhkəmə qərarları › İş №2(103)-3924/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3924/2023

05.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3924/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3924/2023 (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 Əzizağa qızının, Cavabdeh2, Cavabdeh5 nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması və mənzilin boşaldılmaqla qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-550/2023 saylı 30 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 30 mart 2022-c il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 35.29 kvadratdan ibarət mənzili X5 almışdır. Bundan sonra, mənzil üzərində hüquqlarını xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinən çıxarışla tam mülkiyyət hüququ ilə rəsmiləşdirmişdir. Həmin mənzildə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qeydiyyatda olmuşlar. Cavabdeh4 və Cavabdeh5 isə həmin mənzildə qeydiyyatda olmasalar da, mənzildə yaşayırlar.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mülkiyətində olan ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilmiş hesab edilməsi və həmin mənzildən məcburi çıxarılmaları, mənzilin boşaldılmış vəziyyətdə ona, yəni, İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə edilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 mülkiyətində olan ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilmiş hesab edilməsi və həmin mənzildən məcburi çıxarılmaları, mənzilin boşaldılmış vəziyyətdə ona, yəni, İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 mart 2022-c il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 35.29 kvadratdan ibarət mənzili X5 almışdır. Bundan sonra, mənzil üzərində hüquqlarını xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinən çıxarışla tam mülkiyyət hüququ ilə rəsmiləşdirmişdir. O, mənzili alarkən həmin mənzildə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qeydiyyatda olmuşlar. Alqı-satqı müqaviləsi bağlanılarkən, mənzilə təcili ehtiyacı olmadığından, mənzildə qeydiyyatda olmaqla yaşayan 3 nəfərin 6 ay ərzində mənzili boşaltmalı olması barədə razılaşmışlar. Həmin şəxslər alqı-satqı müqaviləsi bağlandıqdan sonra 6 ay ərzində mənzildən çıxacaqlarını öhdələrinə götürsələr də dəfələrlə müraciət etməyinə baxmayaraq hələ də, mülkiyyətində olan mənzildən çıxmağı yubadır və əmlakı qanuni sahibinə verməkdən boyun qaçırırlar. Hal-hazırda həmin şəxslər qanunsuz olaraq heç bir hüquqları olmadığı halda onun mənzilində qeydiyyatda olmaqla yaşayırlar. Cavabdehlərin onun mülkiyyətində olan mənzildə qalmaları onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Belə ki, nə evinə köçə, nə də onu kirayə verə bilmir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, sözügedən mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur və heç bir yüklülüyü yoxdur. Bundan başqa İddiaçı xx.xx.2022ci il tarixli, AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 35,29 kv.m ibarət mənzili X5 alınmışdır. Bundan sonra, mənzil üzərində hüquqlarını xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla tam mülkiyyət hüququ ilə rəsmiləşdirmişdir. İddiaçı mənzili almazdan əvvəl həmin mənzildə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 qeydiyyatda olmuşlar. Hazırda isə məlum olmuşdur ki, Cavabdeh4 və Cavabdeh5 hazırda iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olmasalar da, mənzildə qanunsuz yaşamağa davam edirlər.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-550/2023 saylı, 30 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, ev 2 ünvanında yerləşən 4 saylı mənzildən istifadə hüquqlarına xitam verilmiş hesab edilməsi, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, ev 2 ünvanında yerləşən 4 saylı mənzildən çıxarılmaları, Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, ev 2 ünvanında yerləşən 4 saylı mənzil boşaldılaraq İddiaçı təhvil verilməsi, iddia tələbinin Cavabdeh1 yönələn hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 140, 146.1, 157.2, 152.3, 152.5, 157.2, 157.4, 178.1, 228.4, 340-ci maddələrinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh5 apelyasiya şikayəti verərək qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edib, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətini onunla əsaslandırmış ki, iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, ev 2 ünvanında yerləşən, ümumi sahəsi 35.29 kv.m, yaşayış sahəsi 16.59 kv.m olan mənzil X7 formal olaraq alınan 30.000 manat pul vəsaiti müqabilində alqı-satqı kimi rəsmiləşdirilmişdir. X10 ilə onun oğlu Cavabdeh2 arasında ona iddiaçı tərəfindən verilmiş 30.000 manat borc pul müqabilində aylıq 1500 manat faiz borcu ödəmək və ana borc olan 30.000 manat ödənib bağlandıqdan sonra evin yenidean əvvəlki sahibinin (Cavabdeh5) adına geri qaytarılması şərti ilə alqı-satqı etmişdir. Bağlanmış alqısatqı müqaviləsinin mahiyyəti evin alqı-satqısı deyil, faizə cavabdeh tərəfindən verilmiş pul vəsaiti əvəzində girov olaraq cavabdehin adına formal alqı-satqı edilməsidir. Evin real bazar qiyməti 100.000 manat təşkil edir. Hansı ki, həmin evin hər iki alqı-satqı müqaviləsində qeyd edilən formal rəqəmlər (qiymət olaraq) real bazar qiyməti ilə ciddi zidiyyət təşkil etməsi alqı-satqının formal və aldatma yolu ilə bağlanmasından ibarət olmasını bir daha təsdiqləmiş olur. Bildirir ki, cavabdeh tərəf olaraq hər ay faziə pul vəsaitini borc vermiş X7 aylıq 1500 manat olmaqla bir neçə ay pul vəsaiti ödənmişdir. Buna dair müvafiq sübutlar tərəflərizdən məhkəməyə təqdim ediləcəkdir. Cavabdeh X7 aylıq 1500 manat (verilmiş 30.000 manat pul vesaitinin 5% olan ) olan faiz borcu gecikdirildikdə, o narazılıq etmiş və daha sonra onun istəyi ilə digər cavabdeh tapılmış və onun onlara verdiyi faiz şərtləri ilə borc vəsaiti digər cavabdeh tərəfindən ona (40.000 min manat şəklində) ödənilərək eyni əvvəlki cavabdehin fazi borcun verilməsi və tələb edilməsi mexanizm üzrə onun oğlunun borcuna girov olaraq formal alqı-satqı formasında digər iddiaçı tərəf olan İddiaçı adına rəsmiləşdirilmişdir. Həmin alqı-satqı müaviləsi iki cavbadeh arasında onun oğluna verilmiş ana borcun 30.000 manat olduğu, əlavə faiz borcu olaraq hesablanan 10.000 manat toplam 40.000 manat borc vəsaitinin ödənilərək, aylıq faiz borcu olaraq 2000 manat verilməsi va ana borc bitdikdən sonra formal alqı-satqının geri sahibinin (iddiaçının) geri adına qaytarılması şərtəi ilə rəsmiləşdirilmişdir. Bildirir ki, Cavabdeh2 tərəfindən İddiaçı aylıq 2000 manat olmaqla bir neçə ay fazi borclan ödənilmişdir. İddiaçı dələduzluq yolu ilə bazar qiyməti 100.000 manat olan mənzili faiz şərtləri ilə verdiyi 40.000 mant borc pul vəsaiti müqabilində mənimsəyərək, formal bağlanmış, alqı-satqı müqbiləsinə qanuniymiş kimi don geyindirmək məqsədi daşıyr. Cavabdeh tərəf olaraq iddiaçının adına rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi və onun əsasında verilmiş mülkiyyətdən çıxarışın etibarsızlığnı sübuta yetirən şahidlər, səs yazıları və digər sübutlar məhkəmənin nəzərinə çatdırılacaqdır. Həmin səs yazıları Binəqədi rayon Məhkəməsinin işin icraatını aparmış hakiminə təqdim edilməsinə baxmayaraq, onun tərəfidən nəzərə alınmamışdır. Əksinə həmin sübutlar takzib edilmişdir. Hal-hazırda iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, ev 2 ünvanında yerləşən, ümumi sahəsi 35.29 kv.m, yaşayış sahəsi 16.59 kv. m olan mənzil üzrə onun, X10, X10 ilə İddiaçı arasında formal olaraq bağlanmış alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında İddiaçı adına rəsmiləşdirilmiş mülkiyyətdən çıxarışın etibarsız hesab edilməsi və onun vicdanlı alıcı olmaması faktlarının müəyyən edilməsi mütləq və zəruridir. Lakin məhkəmə bu hallara nəzər yetirməmişdir. X2, X10 ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinin formal olub olmamasının müəyyən etmək üçün Hüseynova Güneli 3-cü şəxs qismində məhkəməyə cəlb etməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. İddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz verərək, apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 550/2023 saylı, 30 mart 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

d) Proses iştirakçılarının izahatı

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 nümayəndəsi-vəkili və Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

12. İş üzrə digər cavabdehlərə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

14. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir

15. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

16. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

17. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

18. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

19. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

20. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

21. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

22. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

23. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

24. Maddə 337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

25. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində Cavabdeh5 aid hissədə qanunliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, iş materiallarında olan Cavabdeh5 ilə X10 arasında bağlanan xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi ilə bağlı “Elektron notariat” X1 çıxarışdan görünür ki, Cavabdeh5 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 35,29 kv.m, yaşayış sahəsi 16,59 kv.m olan 1 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəni alıcı X8 mülkiyyətinə 50000 manata satmışdır. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi **********DW70701 olan arayışa əsasən müqavilə bağlanan anda ünvan 2 ünvanında yerləşən mənzil yüklüdür.

35. "xxxx" ASC tərəfindən 14 saylı notariat ofisinə ünvanlanan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, bank Cavabdeh2 ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, MK/55379/78/15 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası məqsədilə xx.xx.2021-ci il tarixli, 3M-39 saylı ipoteka müqaviləsinə əsasən bankın xeyrinə ipoteka hüququ ilə yüklü edilmiş Cavabdeh5 məxsus olan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın qeyd edilən kredit müqaviləsi üzrə öhdəliyin tam icra edilməsi şərti ilə mənzillə bağlı alğı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilməsinə etiraz etmir.

36. "xxxx" ASC tərəfindən Cavabdeh2 verilən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, "xxxx" ASC-də olan xx.xx.2021-ci il tarixli, MK/55379/78/15 saylı kredit müqaviləsi üzrə qalıq borc (14999 manat) tam ödənildiyindən hal-hazırda heç bir borc öhdəliyi qalmamışdır.

37. X10 ilə İddiaçı arasında bağlanan AN-İ seriyalı, ******* saylı, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, X10 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 35,29 kv.m olan mənzili 40000 manata İddiaçı satmışdır. Müqavilənin 3-cü bəndində göstərilir ki, real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi **********KD70701 olan arayışa əsasən müqavilə bağlanan anda mənzil yüklüdür. Müqavilənin 13-cü bəndindən görünür ki, satıcı xx.xx.2022-ci il tarixinədək qeydiyyatından çıxmağı öhdəsinə götürür.

38. "xxxx" ASC tərəfindən verilən xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 40000 manat ödəniş edilmişdir.

39. İddiaçı tərəfindən tərəfindən 14 saylı notariat ofisində yazılan 30 mart 2022-ci il tarixli, **********827 saylı ərizədən görünür ki, Əmirova X3 Günel Aqil qızına məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, ev 2 ünvanıında yerləşən 4 saylı mənzil üzərində məhdudiyyət (girov) olmasının ona məlum olduğunu bildirmiş və buna baxmayaraq, əmlakın öz adına rəsmiləşdirilməsini xahiş etmişdir.

40. Daşınmaz Əmlakın Dövlət Reyestrindən olan çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsi, ev 2 ünvanında yerləşən 4 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2022-ci il tarixində qeydiyyatdan keçmişdir.

41. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Həmin ünvanda Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 adlı şəxslər də qeydiyyatdadır.

42. Cavabdeh3 tərəfindən 11 saylı notariat ofisində yazılan 04 mart 2022-ci il tarixli, **********698 saylı ərizədən görünür ki, o, qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir, razıdır. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür.

43. Cavabdeh1 tərəfindən 11 saylı notariat ofisində yazılan 04 mart 2022-ci il tarixli, **********695 saylı ərizədən görünür ki, o, qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir, razıdır. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür.

44. Cavabdeh2 tərəfindən 11 saylı notariat ofisində yazılan 04 mart 2022-ci il tarixli, **********694 saylı ərizədən görünür ki, o, qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir, razıdır. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür.

45. Cavabdeh4 tərəfindən 11 saylı notariat ofisində yazılan 04 mart 2022-ci il tarixli, **********699 saylı ərizədən görünür ki, o, qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir, razıdır. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür.

46. Cavabdeh5 tərəfindən 11 saylı notariat ofisində yazılan 04 mart 2022-ci il tarixli, **********703 saylı ərizədən görünür ki, o, qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir, razıdır. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür.

47. İddiaçı ilə X9 arasında bağlanan xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 91.3 kv/m olan 3 otaqlı mənzili 15000 manata alıcıya satmışdır

48. İşin hallarından da müəyyən edildiyi kimi iddiaçı alqı-satqı müqaviləsinə və daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq, onun mülkiyyət hüquqlarından irəli gələn istifadə, sahiblik, sərəncam hüquqlarını həyata keçirməsinə cavabdehlərin mane olduğunu iddia edir. Cavabdehlər isə öz növbəsində əqdin əhəmiyyətsiz olduğuna əsaslanmaqla iddiaçının həmin mənzilə dair hər hansı subyektiv hüququnun yaranmadığını bildirir.

49. Kollegiya qeyd edir ki, iddiaçı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə hüquqi etimad edərək müqavilə bağlamışdır. Çünki qeyd edilən mənzilin satıcının mülkiyyətində olub-olmadığını müəyyən etmək üçün daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd onun üçün yetərli idi. Yəni satıcı ilə cavabdehlər arasında əvvəllər yaranmış hər hansı münasibətin mövcudluğu ona maraqlı olmamışdır. Hərçənd ki, onun ümumiyyətlə bu barədə konkret məlumatı olmamış və əgər şübhəli məqamları sezmişdirsə belə, dövlət reyestrinin həqiqiliyini araşdırmaq kimi məsuliyyəti yox idi.

50. Ümumiyyətlə kollegiya qeyd edir ki, əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir. (“Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərardadı).

51. Hazırki iş üzrə isə müəyyən edilmişdir ki, cavabdeh tərəf alqı-satqı müqavilələrinin ayrıca tələblə mübahisələndirsələr də, birinci instansiya məhkəməsi tərəfindən iddia baxılmamış saxlanılmış və həmin qərardaddan şikayət verilməmişdir.

52. Belə olan halda isə kollegiyanın qənaətinə görə iddianın təmin olunan hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin nəticəsi əsaslıdır.

53. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

54. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

55. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

56. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-550/2023 saylı iş üzrə 30 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar