Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3924/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Cavabdeh3, Cavabdeh2 və X3 qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-3924/2025 (Açar sözlər: müqavilə üzrə öhdəliklərin icra edilməsi; mənzilin təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil3, Cavabdeh X6, Cavabdeh MTK-nın nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Cavabdeh3, Cavabdeh2 və X3 qarşı “müqavilə üzrə öhdəliklərin icra edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-113/2024 nömrəli 29 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. MTK ilə cavabdeh Səxavət Mövlayev arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilədən görünür ki, MTK, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbə, ümumi sahəsi 105,36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 66 saylı mənzili kooperativin üzvlərindən bir olan Səxavət Mövlayevə kooperativdəki pay kimi verməyi öhdəsinə götürmüşdür.
2. Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Səxavət Mövlayev həqiqətən MTK-nın Qaraçuxur qəsəbəsi 4048/49-cu məhəllədə inşa etdirdiyi yaşayış kompleksində 2-ci bina 14-cü mərtəbədə, 3 otaqdan ibarət, ümumi sahəsi 105,36 kv.m olan 66 saylı mənzilin dəyərini tam ödəmişdir (arayış hazırki apelyasiya baxışında təqdim olunmuşdur).
3. Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 MTK Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105.36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 71 saylı mənzili İddiaçı pay kimi verməyi öhdəsinə götürmüşdür.
4. Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının mübahisəli mənzilin dəyəri İddiaçı tərəfindən Cavabdeh1 MTK -ya tam olaraq ödənilmişdir.
5. Səxavət Mövlayev tərəfindən MTK-nın rəhbərliyinə ünvanlanmış ərizəyə əsasən, o, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105,36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 66 saylı mənzilin mərtəbə və nömrəsində dəyişiklik olduğuna görə müqavilənin və “Maliyyə arayışın” dəyişdirlməsinə, mənzilə yeni nömrə - “71” nömrəsinin verilməsinə etiraz etmir.
6. xx.xx.2019-cu il tarixli müqavilənin surətinə əsasən Cavabdeh1 MTK 71 saylı mübahisəli mənzili X3 pay kimi verməyi öhdəsinə götürmüşdür.
7. MTK tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 08/224 saylı məktuba əsasən, 71 saylı mənzil MTK tərəfindən Səxavət Mövlayevə satılmış və mənzil sonuncuya məxsusdur.
8. Cavabdeh1 MTK-nın Ümumi Yığıncağının xx.xx.2015-ci il tarixli 009 saylı İclas protokolundan çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQsi, 4048/49 ünvanında Cavabdeh1 MTK-nın inşa etdiyi yaşayış binasının 1-ci və 2-ci bloklarında mənzillərin nömrələnməsində yaranmış uyğunsuzluq və qeyri-yaşayışı nəzərə almaqla mənzillərin yenidən nömrələnməsi qərara alınmışdır (çıxarış hazırki apelyasiya baxışında təqdim olunmuşdur).
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Cavabdeh3, Cavabdeh2 və X3 qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Səxavət Mövlayevin Cavabdeh1 MTK tərəfindən mübahisəli mənzildən çıxarılması, mənzilin giriş-çıxış qapısının açarlarının ona (iddiaçıya) təqdim edilməsi, mənzilin akt əsasında ona təhvil verilməsi, təmir işlərinin aparılmasına şərait yaradılması, mənzildə istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia ərizəsi işin faktiki hallarına istinad edilərək belə əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış müqavilənin 4.1-ci bəndində qeyd olunmuşdur ki, müqavilə üzrə mənzilin dəyəri 1 kv.m sahə üçün 237 manat təyin edilmiş cəmi, 105,36 kv.m sahə üçün 25.000 manat təşkil etmişdir. “Payçı” olaraq onun tərəfindən həmin mənzilin dəyəri 25.000 manat tam şəkildə ödənildiyi üçün Cavabdeh1 MTK-nın direktoru Cavabdeh3 tərəfindən ona maliyyə arayışı verilmiş və həmin arayışda göstərilmişdir ki, İddiaçı tərəfindən həqiqətən Cavabdeh1 MTK-nın mübahisəli 71 saylı mənzilin dəyəri tam ödənilmişdir. Həmin arayış Cavabdeh1 MTK-nın möhürü ilə təsdiq edilmiş və direktor Cavabdeh3 tərəfindən imzalanmışdır. Həmin Müqavilənin 8.1.-ci bəndinə əsasən tikinti işləri başa çatdıqdan sonra müqaviləni əsas predmet kimi “İcraçı” təhvil verir, “Payçı” isə mənzili qəbul edir. Lakin müqavilənin imzalandığı xx.xx.2015-ci il tarixdən bu günə kimi artıq 8 ilə yaxın müddətin keçməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 MTK, Kooperativin direktoru Cavabdeh3 və Kooperativə faktiki rəhbərlik edən Cavabdeh2 və s. digər vəzifəli şəxslər qanunsuz hərəkətlərə yol vermiş, mənzilin ona təqdim edilməsindən əsassız olaraq imtina etmiş, çoxsaylı müraciətlərinə baxılmamış, görüşlərdən daima yayınmış və telefon zənglərinə cavab verilməmişdir. Sözügedən yaşayış binası artıq sakinlərin istifadəsinə verilsə də, özünə məxsus və dəyərini tam ödədiyi mübahisəli 71 saylı mənzilə daxil ola bilmir, mənzil ona təqdim edilmir, təhvil verilmir, tanımadığı şəxs tərəfindən mənzilin giriş qapısı dəyişdirilsə də, cavabdehlər buna göz yumur, hər hansı izahat verilməsindən yayınır, mülkiyyət hüquqları kobud şəkildə pozulur. Həmin Müqavilənin 4.2-ci bəndində göstərilmişdir ki, bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin qiymətinin, müqavilə qiymətindən 100% miqdarında, yəni 25.000 AZN məbləğində ödənilib. Lakin, mənzilin dəyəri onun tərəfindən cavabdehlərə tam şəkildə ödənilsə də, ödənişlə bağlı kassamədaxil qəbzi ona verilməmiş, sonra veriləcəyi bildirilmiş, bununla bağlı dəfələrlə Cavabdeh1 MTK-nın ofisinə gedərək qəbzin verilməsi tələb edilsə də, məsələnin həlli qanunsuz olaraq daima uzadılmış, qəsdən gecikdirilmiş, süründürməçiliyə yol verilərək sözügedən qəbz ona təqdim edilməmişdir. Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış bina cavabdeh MTK tərəfindən inşa edilmişdir. Cavabdeh3 MTK-nın direktoru, Cavabdeh2 isə MTK-nın faktiki rəhbəridir.
11. Cavabdeh MTK iddia tələbinə qarşı etiraz təqdim edərək belə əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 MTK arasında xx.xx.2015-ci il tarixdə bağlanması ehtimal edilən müqaviləyə əsasən mübahisəli 71 saylı mənzilin iddiaçıya verilməsi əsassızdır. Belə ki, iddiaçı özü də qeyd etmişdir ki, onunla X4 arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və o, X2 15000 ABŞ dolları kurs üzrə 23400 manat məbləğində borc vermişdir. Lakin həmin borcun müqabilində X4 özünə məxsus olan Cavabdeh1 MTK-dan aldığı mənzillə bağlı onunla müqavilə bağlayacağı barədə razılığa gəlmiş və elə həmin gün Cavabdeh1 MTK-nın ofisinə gedərək hazırkı müqaviləni əldə etmişdir. Həmin mənzilin dəyəri onun tərəfindən Cavabdeh1 MTK-ya deyil, X2 ödənilmişdir. Cavabdeh1 MTK tərəfindən binanın tikintisi zamanı maddi problemlər yarandığından İddiaçı X2 pul vermişdir ki, əlavə qazanc əldə etsin, X4 həmin pulu götürərək binanın tikintisinə sərf etmişdir. İddiaçının niyyəti ümumiyyətlə mənzil almaq olmamış, kredit müqaviləsi üzrə verilmiş pulun qaytarılması niyyəti ilə Cavabdeh1 MTK-dan müqavilə əldə edərək həmin müqaviləni girov qismində saxlamışdır. Həmin binada 2017-ci ildən yaşayış vardır və hazırkı mübahisələndirilən həmin mənzil Cavabdeh1 MTK ilə X6 arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən ona təhvil verilmişdir. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Şahid qismində dindirilmiş X4 öz ifadəsində bildirmişdir ki, o, iddiaçını 7-8 ildir ki tanıyır, həmçinin Cavabdeh1 MTK-da təmir işləri ilə məşğul olur. O, əvvəllər Cavanşir adlı şəxsdən 10.000 ABŞ dolları borc pul almışdır. Təxminən 3 ay sonra iddiaçı ona zəng vuraraq bildirmişdir ki, Cavanşirə 15.000 ABŞ dollar pul lazımdır. Həmçinin ona təklif etmişdir ki, notarial qaydada borc müqaviləsi bağlansın. O, iddiaçıdan 15.000 ABŞ dollar məbləğində pulu alaraq Cavanşirə qaytarmışdır. İddiaçı pulun qaytarılmasının təminatı kimi MTK-dan ona müqavilə verilməsini tələb etmiş və o da MTK-nın direktoru Cavabdeh3la danışaraq müqavilə tərtib olunmasına nail olmuş və həmin müqaviləni iddiaçıya təqdim etmişdir. İddiaçı ona söz vermişdir ki, o, pulu qaytaran kimi, müqaviləni də dərhal MTK-ya geri qaytaracaq. İddiaçı ondan heç vaxt mənzil tələb etməmiş, yalnız pulu tələb etmişdir.
13. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Leyla Talıbova) 2(010)- 113/2024 saylı, 29 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır.
14. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, borcverən İddiaçı ilə borcalan X4 arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və o X2 15000 ABŞ dolları kurs üzrə 23400 manat məbləğində borc vermişdir. Elə həmin gün xx.xx.2015ci il tarixdə İddiaçı ilə Cavabdeh1 MTK arasında müqavilə bağlanmış və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105.36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 71 saylı mənzili İddiaçı pay kimi verməyi öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli Cavabdeh1 MTK tərəfindən verilmiş arayışından müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105.36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 71 saylı mənzilin dəyərinin İddiaçı tərəfindən Cavabdeh1 MTK-ya tam olaraq ödənilməsi qeyd edilmişdir.
15. İddiaçı izahatında qeyd etmişdir ki, onunla X4 arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və o X2 15000 ABŞ dolları kurs üzrə 23400 manat məbləğində borc vermişdir. Lakin həmin borcun müqabilində X4 özünə məxsus olan Cavabdeh1 MTK-dan aldığı mənzillə bağlı onunla müqavilə bağlayacağı barədə razılığa gəlmiş və elə həmin gün Cavabdeh1 MTK-nın ofisində hazırkı müqaviləni əldə etmişdir. Həmin mənzilin dəyəri İddiaçı tərəfindən Cavabdeh1 MTK-ya deyil, X2 ödənilmişdir. İddiaçı X4 tərəfindən ona pul qaytarılan kimi, Cavabdeh1 MTK tərəfindən verilmiş müqaviləni geri qaytaracağını bildirmişdir. Lakin müqavilənin bağlanmasından uzun müddət keçdiyindən o Cavabdeh1 MTK-dan artıq mənzilini tələb edir.
16. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin predmetini İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış müqavilə təşkil edir. İddiaçı özü müqavilə üzrə nəzərdə tutulmuş məbləği Cavabdeh1 MTK-ya ödəmədiyini, mənzilin X2 məxsus olduğunu və buna görə də mənzilə dair vəsaitin MTK-ya deyil, həmin şəxsə verdiyini, beləliklə də müqavilə üzrə öhdəliyi yerinə yetirmədiyini qeyd etməklə hazırkı müqavilənin etibarlı olmadığını qeyd edir. İddiaçı tərəf həmin əqd əsasında daşınmaz əmlaka sahiblik və istifadə hüququ əldə etdiyini iddia etsə də, müqavilə üzrə öhdəlik onun tərəfindən yerinə yetirilmədiyindən həmin müqavilə üzrə onun tələb etmək hüququ da istisna olunur.
17. Məhkəmə hesab etmişdir ki, hazırkı halda sübut etmə yükü iddiaçı tərəfin üzərinə düşür. Belə ki, cavabdeh tərəf məhkəməyə iddiaçı ilə digər şəxs arasında notariat qaydada bağlanmış kredit müqaviləsi təqdim etmişdir. İddiaçı tərəf həmin kredit müqaviləsini bağladığını etiraf etmiş və onunla MTK arasında mənzilin pay kimi ona təhvil verilməsinə dair bağlanmış müqavilə təqdim etmişdir. İddiaçı tərəf mənzilə dair vəsaitin MTK-ya ödənilmədiyini və borc verdiyi şəxsə ödənildiyini onunla əsaslandırır ki, əvvəllər həmin həmin mənzil borc verdiyi X2 məxsus olmuşdur.
18. Məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzilin əvvəllər başqa şəxsin adına rəsmiləşdirilməsi, həmin şəxslə Cavabdeh1 MTK arasında bağlanmış müqavilənin surəti və sonradan iddiaçının adına rəsmiləşdirilməsinə dair etirazın olmaması barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır.
19. Cavabdeh1 MTK tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli müqavilənin surətindən müəyyən olunmuşdur ki, Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105.36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 71 saylı mənzili X3 pay kimi verməyi öhdəsinə götürmüşdür.
20. Məhkəmə belə hesab etmişdir ki, X6 ilə Cavabdeh1 MTK arasında əvvəl xx.xx.2012ci il tarixdə, daha sonra isə müqavilə yenilənərək xx.xx.2019-cu il tarixdə müqavilə bağlandığından, cavabdeh tərəfindən kooperativin üzvü kimi müqavilədə qeyd olunan pay haqqı tam ödənildiyindən və onun həmin əmlaka dair sahiblik və istifadə etmək hüququ yarandığından iddia tələbi rədd olunmalıdır.
21. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.5, 157.4, 157.8, 146.1, 146.2, 178.1, 178.2-ci, Mənzil Məcəlləsinin 113.1, 113.2, 113.3-cü, Mülki Prosessual Məcəllənin 14.1, 77 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
22. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti işin faktiki hallarına və iddia tələbinə uyğun əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakim Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), hakimlər Fuad Talışinski və Azad İmanovdan ibarət tərkibdə) 15 oktyabr 2024-cü il tarixli, 2(103)-4733/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 113/2024 saylı, 29 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını qət etmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, rayon məhkəməsi tərəfindən iş üzrə şahid qismində dindirilmiş X4 öz ifadəsində bildirmişdir ki, o, iddiaçını 7-8 ildir ki tanıyır, həmçinin Cavabdeh1 MTK-da təmir işləri ilə məşğul olur. O, əvvəllər Cavanşir adlı şəxsdən 10.000 ABŞ dolları borc pul almışdır. Təxminən 3 ay sonra iddiaçı ona zəng vuraraq bildirmişdir ki, Cavanşirə 15.000 ABŞ dollar pul lazımdır. Həmçinin ona təklif etmişdir ki, notarial qaydada borc müqaviləsi bağlansın. O, iddiaçıdan 15.000 ABŞ dollar məbləğində pulu alaraq Cavanşirə qaytarmışdır. İddiaçı pulun qaytarılmasının təminatı kimi MTK-dan ona müqavilə verilməsini tələb etmiş və o da MTK-nın direktoru Cavabdeh3la danışaraq müqavilə tərtib olunmasına nail olmuş və həmin müqaviləni iddiaçıya təqdim etmişdir. İddiaçı ona söz vermişdir ki, o pulu qaytaran kimi, müqaviləni də dərhal MTK-ya geri qaytaracaq. İddiaçı ondan heç vaxt mənzil tələb etməmiş, yalnız pulu tələb etmişdir.
27. İşə baxmış Rayon Məhkəməsi tərəfindən mübahisəli mənzilə yerində müayinə keçirilmiş və bu zaman müəyyən edilmişdir ki, MTK tərəfindən mənzil, mənzili faktiki olaraq almış Səxavət Mövlayeva təhvil verilmişdir.
28. Qeyd edilənlərə, o cümlədən iddiaçının məhkəmələrə verdikləri izahatlardan bəlli olur ki, iddiaçı, cavabdeh MTK tərəfindən ona verilmiş xx.xx.2015-ci il tarixli müqaviləyə əsaslanaraq mübahisəli mənzilin ona təhvil verilməsini tələb etsə də, həmin müqavilə, müqavilədə əks olunan öhdəliklərin və şərtlərin yerinə yetirilməsi üçün deyil, iddiaçının xx.xx.2015-ci il tarixdə Elsevər Səmədov ilə bağladığı “Kredit müqaviləsi” üzrə sonuncunun ondan aldığı borcun qaytarılmasının təmin edilməsi niyyəti ilə tərtib edilmişdir. Mənzilin dəyərinin MTK-ya ödənilməsi barədə iddiaçıya “Maliyyə arayışı” verilsə də, mənzilin dəyəri iddiaçı tərəfindən MTK-ya ödənilməmişdir.
29. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin predmetini iddiaçı ilə cavabdeh MTK arasında bağlanmış müqavilə təşkil edir. İddiaçı özü müqavilə üzrə nəzərdə tutulmuş məbləği MTK-ya ödəmədiyini, mənzilin əvvəllər Elsevər Səmədova məxsus olduğunu və buna görə də mənzilə dair vəsaitin MTK-ya deyil, həmin şəxsə verdiyini bildirir. İddiaçı həmin müqavilə əsasında mübahisəli mənzilə sahiblik və istifadə hüququ əldə etdiyini iddia etsə də, müqavilə üzrə cavabdeh MTK qarşısında icra edilməli olan öhdəlik iddiaçı tərəfindən icra edilmədiyindən həmin müqavilə üzrə iddiaçının cavabdeh MTK-dan üzərinə düşən qarşılıqlı öhdəliyin icra edilməsini tələb etmək hüququ da istisna olunur.
30. İddiaçı mənzilə dair vəsaitin MTK-ya ödənilmədiyini və borc verdiyi şəxsə ödənildiyini onunla əsaslandırır ki, əvvəllər həmin mənzil borc verdiyi Elsevər Səmədova məxsus olmuşdur. Lakin iddiaçı tərəfindən mübahisəli mənzilin əvvəllər başqa şəxsin adına rəsmiləşdirilməsi, həmin şəxslə MTK arasında bağlanmış müqavilənin surəti və sonradan iddiaçının adına rəsmiləşdirilməsinə dair etirazın olmaması barədə məhkəmələrə heç bir sübut təqdim olunmamışdır.
31. İş materiallarından müəyyən edilir ki, cavabdeh MTK ilə Səxavət Mövlayev arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, MTK mübahisəli mənzili Səxavət Mövlayevə pay kimi verməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, mənzil hazırda qanuni əsaslarla sonuncunun sahibliyində və istifadəsindədir.
32. Beləliklə göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlmişdir ki, rayon məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının istinad etdiyi müqavilə formal xarakteri daşıdığından, mübahisəli mənzilə görə iddiaçı tərəfindən MTK-ya pay haqqı ödənilmədiyindən, cavabdeh Səxavət Mövlayev ilə MTK arasında əvvəl xx.xx.2012-ci il tarixdə, daha sonra isə müqavilə yenilənərək xx.xx.2019-cu il tarixdə müqavilə bağlandığından, onun tərəfindən kooperativin üzvü kimi müqavilədə qeyd olunan pay haqqı MTK-ya ödənildiyindən və onun həmin əmlaka dair sahiblik və istifadə etmək hüququ yarandığından iddia tələbinin təmin edilməsi üçün əsas yoxdur.
33. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 146.1,146.2, 152.1, 152.5, 157.4, 157.8-ci, Mənzil Məcəlləsinin 113.1, 113.2, 113.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 88-ci maddələri ilə əsaslandırmışdır.
d) Kassasiya instansiya məhkəməsindəki icraat
34. İddiaçı (vəkili Vəkil3) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-4733/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra kassasiya instansiya məhkəməsi) 2(102)-1063/2025 nömrəli 02 may 2025-cü il tarixli qərarı ilə (hakimlər Əhliman Xıdırov (məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayev) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4733/2024 nömrəli 15 oktyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
36. Kassasiya instansiya məhkəməsi göstərmişdir ki, iddiaçının pul məbləğini Cavabdeh1 MTK-ya deyil, Elsevər Səmədova vermiş olsa belə qeyd edilən müqavilə üzrə Cavabdeh1 MTK üzərinə öhdəlik götürmüşdür. Apellyasiya məhkəməsi iddiaçının cavabdeh MTK-dan üzərinə düşən qarşılıqlı öhdəliyin icra edilməsini tələb etmək hüququnun istisna olunduğunu kifayət qədər əsaslandıra bilməmişdir. Müqavilə tərəfi olan Cavabdeh1 MTK ilə Elsevər Səmədov arasında olan hər hansı hüquqi münasibətə (məsələn Cavabdeh1 MTK-nın aralarındakı hər hansı hüquqi münasibətə görə Elsevər Səmədova pul məbləği ödəmək öhdəliyinin olması və s. ) Cavabdeh1 MTK digər şəxslərlə müqavilə bağlaması və üzərinə öhdəlik götürməsi istisna deyil.
37. Digər tərəfdən birinci instansiya məhkəməsində iş üzrə keçirilmiş 26 aprel 2024-cü il tarixli məhkəmə iclasının protokolunda qeyd edilmişdir ki, cavabdeh MTK-nın nümayəndəsi (vəkili) Vəkil2 izahat verərkən göstərmişdir ki, binanın tikintisi zamanı maddi problemlər yarandığından X4 həmin pulu götürmüşdür ki, binanın tikintisinə sərf olunsun. İş üzrə apellyasiya məhkəməsində keçirilmiş 24 sentyabr 2024-cü il tarixli məhkəmə iclasının protokolunda da cavabdeh MTK-nın nümayəndəsi (vəkili) Vəkil1 da oxşar məzmunda izahat verdiyi qeyd edilmişdir.
38. Apellyasiya məhkəməsi göstərilənlər nəzərə alınmaqla sübutlara qiymət verməli və bu qiymətləndirmənin nəticəsi olaraq maddi hüquq normalarını tətbiq etməli olduğu halda belə qiymətləndirtmə aparmamışdır. Həmçinin apellyasiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə müvafiq olaraq fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bildiyi, onların bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bildiyi halda iddiaçı tərəfindən mübahisəli mənzilin əvvəllər başqa şəxsin adına rəsmiləşdirilməsi, həmin şəxslə MTK arasında bağlanmış müqavilənin surəti və sonradan iddiaçının adına rəsmiləşdirilməsinə dair etirazın olmaması barədə məhkəmələrə heç bir sübut təqdim olunmadığı barədə qənaəti yanlışdır. Apellyasiya məhkəməsi iddiaçının sübut etməli olduğu halı düzgün məyyənləşdirməmişdir. İddiaçının göstərilən halı sübut etməsinə zərurət olmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, digər şəxs (əslində X4 nəzərdə tutulur) müqavilənin İddiaçı ilə bağlanmasını mübahisələndirməmişdir.
39. Ümumiyyətlə məhkəmələr tərəfindən Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin etibarsız olması aydın şəkildə əsaslandırılmadığından qətnamədə gəlinən nəticə də əsaslı sayıla bilməz.
40. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin cavabdeh Səxavət Mövlayev ilə MTK arasında əvvəl xx.xx.2012-ci il tarixdə, daha sonra isə müqavilə yenilənərək xx.xx.2019-cu il tarixdə müqavilə bağlandığı barədəki mövqeyi ilə də razılaşmışdır.
41. Kassasiya həmin mövqeni də əsaslı hesab etmir. Belə ki, Cavabdeh1 MTK ilə X6 arasında 14 iyun 2012-ci il tarixində bağlandığı qeyd edilən müqavilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 14-cü mərtəbə, ümumi sahəsi 105,36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 66 saylı mənzil, xx.xx.2019-cu il tarixdə bağlandığı bildirilən müqavilə isə Suraxanı rayonu, Qaraçuxur ştq-si, 4048/49 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 105,36 kv olan izolə olunmuş 3 otaqdan ibarət olan 71 saylı mənzil barədədir. Yəni mənzillərin mərtəbəsi və nömrəsi də fərqlidir. Həmçinin 2012-ci il tarixli müqavilə üzrə mənzilin dəyərinin ödənilməsi iş materialları ilə təsdiqlənmir.
42. Apellyasiya məhkəməsi göstərilən müqavilələrdəki mənzillərin mərtəbəsi və nömrəsinin fərqli olmasını nəzərə almaqla müqavilələrdəki fərqliliyin səbəblərini tərəflərlə müzakirə edərək araşdırıb hüquqi qiymət verməli olduğu halda belə araşdırma və hüquqi dəyərləndirmə aparmamışdır. e) Proses iştirakçılarının izahatı
43. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.
44. İddiaçı əlavə olaraq bildirdi ki, mənzildə arakəsmə divarların yeri düzəldilmiş, təxminən 1 metr hündürlüyündə divarların tikildiyini bildirmişdir. Müqavilədən uzun müddət sonra mənzili tələb etməyinə gəldikdə isə, bu binanın təmirə gec təhvil verilməsi ilə bağlı olmuşdur. Mənzilə giriş qapısının kənar şəxs tərəfindən quraşdırıldığını gördükdən sonra MTK-ya müraciət etmiş, lakin MTK ona hər hansı izahat verməkdən yayınmış, müxtəlif bəhanələr gətirmişlər.
45. Cavabdeh və digər cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
46. Cavabdeh Səxavət Mövlayev əlavə olaraq bildirdi ki, mənzilə dair müqavilə bağladıqdan sonra daim tikinti işləri tanış olmaq üçün əraziyə baxış keçirmişdir. Mənzili 2012-ci ildə almışdır, lakin 2019-cu ildə küçənin və mənzillərin nömrəsinin dəyişməsi səbəbindən MTK-ya ərizə ilə müraciət etmişdir. Mənzildə ondan əvvəl hər hansı təmir işi görülməmişdir. Mənzilə zibil atılması səbəbindən o, əvvəlcə mənzilə 80 manata işlənmiş giriş qapısı quraşdırmışdır. Daha əvvəl giriş qapısı mövcud olmayıb. Təmir işlərini maddi imkanı olmadığına görə hissə-hissə (əlinə pul düşdükcə) etmişdir. Hazırda mənzildə bir çox işlər yekunlaşmışdır, lakin mənzil hələ yaşayış üçün yararlı vəziyyətə gətirilməmişdir.
47. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlərə məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
48. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
49. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır.
50. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
51. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
52. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
53. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
54. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
55. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
56. Maddə.157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
57. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
58. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
59. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
60. Maddə 389.3. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir.
61. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
62. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.
63. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
64. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
65. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
66. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğısatqı qaydaları tətbiq edilir.
67. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
68. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır.
69. Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.
70. Maddə 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
71. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
72. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
73. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
74. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
75. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
76. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
77. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
78. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
79. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir.
80. Göründüyü kimi iddiaçı ilə MTK arasında xx.xx.2015-ci il tarixdə 71 saylı mənzilə dair müqavilə bağlanmış, həmçinin cavabdeh Səxavət Mövlayevlə xx.xx.2012-ci il tarixdə 66 saylı, xx.xx.2019-cu il tarixdə isə 71 saylı mənzilə dair müqavilələr bağlanmışdır. Mübahisəli mənzil hazırda S.Mövlayevin sahiblik və istifadəsindədir, lakin iddiaçı hazırda həmin mənzilin müqavilə üzrə ona təhvil verilməsini tələb edir.
81. Kollegiya müqavilədə qeyd edilən ünvan üzrə mənzillərin nömrələrində olan fərqi aydınlaşdırmaq və faktiki olaraq yaranmış vəziyyətlə yerində tanış olmaq üçün iş üzrə yerində müayinə həyata keçirmişdir.
82. Müayinə zamanı müəyyən olundu ki, mübahisəli mənzil olan girişdə (blokda) 1-ci mərtəbə qeyri-yaşayış sahələri olmaqla, yaşayış mənzilləri faktiki olaraq “0” səviyyəsindən hesabladıqda 2-ci mərtəbədən başlayır. Hər mərtəbədə 5 mənzil mövcuddur. Liftin düymələri də “0”-dan başlayır. Liftlə qalxdıqda, mübahisəli mənzil “0” səviyyəsindən 15-ci, yaşayış mərtəbəsindən isə 14-cü mərtəbədə yerləşir. Hazırki vəziyyətdə (sənəd üzrə) mübahisəli mənzil 15-ci mərtəbədə, soldan sağa saydıqda 1-ci mənzildir. Mənzilin nömrəsi hazırda 71-dir. Mübahisəli mənzildən sonrakı mənzil “72”, ondan sonrakı “73” saylı olduğu, bu qaydada artaraq davam etdiyi müəyyən olundu. Həmin mərtəbədə olan digər mənzillərin qapısı döyülsə də, qapını açan olmadığından kollegiya bir mərtəbə aşağıda yerləşən mənzillərin nömrəsini müəyyən etmək məqsədi ilə 14-cü mərtəbəyə də baxış keçirmişdir.
83. Mübahisəli mənzilin altındakı mənzilin qapısını açan olmadığına görə, sonrakı mənzilin istifadəçisi 2019-cu ilin dekabr ayından hazırki ünvanda yaşadıqlarını, həmin vaxtdan bu günədək ünvanlarının dəyişmədiyini, yaşadıqları mənzilin nömrəsinin 67 olduğunu, özündən əvvəlki mənzilin nömrəsinin 66 olduğunu bildirdi.
84. Belə olduqda hazırda mübahisənin binanın 15-ci mərtəbəsində yerləşən 71 nömrəli mənzil barədə getdiyi müəyyən olunur. İddiaçı da məhz cavabdehin sahibliyində olan həmin mənzili tələb etdiyini qeyd etdi.
85. Mübahisəli 71 nömrəli mənzilə baxış keçirildikdə cavabdeh S.Mövlayev tərəfindən mənzilə müassir giriş qapısının quraşdırıldığı və onun tərəfindən açıldığı, mənzildə təmir işlərinin tam başa çatmadığı, bununla belə artıq elektrik, santexnik işlərinin görüldüyü, tavan və divarların üzləndiyi və s. "xxxx" işlərin görüldüyü məlum oldu.
86. Kollegiya MTK tərəfindən təqdim edilən payçıların siyasına uyğun olaraq kommunal xidmət müqavilələrinin kiminlə bağlandığını müəyyən etmək məqsədi ilə müvafiq sorğular vermişdir.
87. “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” Publik hüquqi şəxsindən daxil olmuş 09 oktyabr 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, 71 nömrəli mənzilə görə xx.xx.2019-cu il tarixdə Səxavət Mövlayevlə, 66 nömrəli mənzilə görə isə Nicat Şirinovla müqavilə bağlanmışdır.
88. Həmçinin cavabdeh S.Mövlayevin təqdim etdiyi “Qaz saycağıcının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2019-cu il tarixli Aktdan görünür ki, Cavabdeh1 MTK-nın sifarişi əsasında 71 saylı mənzilə qaz sayğacı quraşdırılmışdır.
89. İddiaçı, onunla MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə istinad edərək, 71 saylı mənzilin ona təhvil verilməli olması qənaətindədir.
90. Birinci instansiya məhkəməsi isə hesab etmişdir ki, iddiaçı xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə əsasən X2 15000 ABŞ dolları məbləğində borc vermişdir və bu borcun 71 saylı mənzilə aidiyyəti ola bilməz, başqa sözlə, iddiaçı 71 mənzilə görə MTK-ya ödəniş etməmişdir ki, hazırda da sonuncudan mənzil tələb etsin.
91. Kollegiya, göstərilən məsələyə dair kassasiya instansiya məhkəməsinin mövqeyini də nəzərə alaraq, hesab edir ki, iddiaçı ilə MTK arasında 71 saylı mənzilə dair müqavilə bağlanmış, mənzilin dəyəri isə məhz həmin MTK ilə işbirliyi olan və iddiaçıdan aldığı pulu da məhz binanın inşasına sərf edən X2 ödənilmişdir. Burada hər hansı pozuntu müəyyən olunmur, çünki fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (göstərilən məsələyə kassasiya məhkəməsi tərəfindən ətraflı qiymət verildiyindən təkrarlamağa zərurət yoxdur).
92. Odur ki, iddiaçı ilə MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə etibarlıdır və iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ vardır. Birinci instansiya məhkəməsi müqavilənin mötəbərliyini şübhə altına almaqda səhv etmişdir, müqavilə qüvvədə olmaqla keçərlidir və onun tərəfləri üçün hüquq və vəzifələr yaratmışdır.
93. Lakin, işdən göründüyü kimi, cavabdeh S.Mövlayevlə də, biri 66 saylı mənzilə, digər isə 71 saylı mənzilə dair olmaqla iki müqavilə bağlanıb. MTK həmin müqavilələri etibarlı əqd kimi təqdim edir və bildirir ki, xx.xx.2012-ci il tarixli müqavilədə cavabdeh S.Mövlayevə satılmış mənzilin nömrəsinin “66” göstərilməsinin səbəbi həmin vaxt yaşayış mərtəbəsinin “0” səviyyəsindən hesablanması olmuş, halbuki “0” səviyyəsindən hesablandıqda 1-ci mərtəbədə qeyri-yaşayış sahələri yerləşmişdir. Buna görə MTK-nın Ümimi Yığıncağının xx.xx.2015-ci il tarixli 009 saylı Qərarı ilə mənzillərin nömrələrində yaranmış uyğunsuzluq aradan qaldırılaraq yaşayışın 1-ci mərtəbəsi “0” səviyyəsindən 2-ci mərtəbədən başlayaraq nömrələnmiş və bunun nəticəsində cavabdeh S.Mövlayevə satılmış mənzilin mərtəbəsi 14-dən 15-ə, nömrəsi isə 66-dan 71-ə dəyişdirilmişdir.
94. Göstərilən hallar yerində müayinə zamanı da təsdiq olunduğundan Kollegiya onları şübhə altına almaq üçün əsas görmür.
95. Kollegiya hesab edir ki, iddiaçının tələbi hazırki vəziyyətdə təmin edilə bilməz.
96. Kollegiya qeyd edir ki, yeni inşa edilən çoxmənzilli binalarda mənzil almaq istəyən şəxslə həmin binanı inşa edən tikinti şirkəti (MMC və ya MTK adlanmasından asılı olmayaraq) arasında yaranan hüquq münasibətləri podrat münasibəti hesab olunur. Podrat müqaviləsinə görə isə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi (hazırki hada mənzili tikməyi), sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir.
97. Bu münasibətlərə Mənzil və Mülki Məcəllələrinin tənzimlədiyi mənzil-tikinti kooperativlərindəki payın alınması ilə bağlı yaranmış münasibətləri (hüquq və vəzifələri) aid etmək olmaz. Çünki, mənzil-tikinti kooperativlərinin yaradılmasında əsas məqsəd onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması çıxış edir.
98. Payçı ilə MTK arasında bağlanan müqavilə heç bir halda podrat müqaviləsi hesab oluna bilməz. Belə müqavilə, bina inşa edildikdən sonra həmin binada mülkiyyətinə yaşayış sahəsi əldə etmək üçün pay haqqının ödənilməsi şərtlərini müəyyən edən pay yığımı müqaviləsidir. Müqavilənin məqsədi yaşayış binasının inşasıdır, payçı pay haqqını ödəyərək, nəticədə bina inşa edildikdən sonra həmin binada pay əldə edir. Məhz buna görədir ki, mənzil-tikinti kooperativləri istehlak kooperativləri hesab olunur.
99. Podrat müqaviləsi isə müəyyən işləri görməyə və sifarişçiyə təhvil verməyə podratçını məcbur edən müqavilədir. Podrat müqaviləsi sifarişçi ilə podratçı arasında bağlanır, sifarişçi konkret iş sifariş edir, podratçı isə həmin işi görüb onun nəticəsini təhvil verir (bu, yaşayış evinin tikintisi, təmir və s. ola bilər.)
100. MTK-da müqavilənin xarakteri gələcəkdə yaşayış sahəsi əldə etmək üçün yaşayış binasının inşası məqsədilə səy və maliyyələşmənin birləşdıiriməsindən ibarət olduğu halda, podratda sifarçi müəyyən haqq müqabilində konkret işin görülməsi üçün podratçı seçir.
101. Beləliklə, hər iki müqavilə üzrə tərəflərin öhdəlikləri fərqli xarakter daşıdığından, onları eyniləşdirmək yolverilməzdir.
102. Hazırki işdə istər iddiaçı, istərsə də cavabdeh S.Mövlayev cavabdeh MTK ilə məhz podrad müqaviləsi bağlamışdır. Mülki Məcəllənin 762.1-ci maddəsinin tələbinə görə isə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Lakin cavabdeh MTK eyni mənzil barəsində iki şəxlə podrat müqaviləsi bağlamışdır.
103. Araşdırma zamanı müəyyən edilmişdir ki, 71 nömrəli mənzilə dair müqavilə cavabdeh S.Mövlayevlə daha əvvəl - 14 iyun 2012-ci ildə bağlanmış, mənzil ona təhvil verilmiş və o, mənzili təmir etməyə başlamaqla, faktiki ona sahiblənmiş, kommunal xidmətlərə dair müqavilələr onunla bağlanmış, 2019-cu ildə isə mərtəbə dəyişikliyi ilə bağlı mənzilin nömrəsi də dəyişmişdir.
104. İddiaçı ilə MTK arasında isə müqavilə 31 dekabr 2015-ci ildə bağlanmışdır. Nəzərə almaq lazımdır ki, nə iddiaçının, nə də cavabdeh S.Mövlayevin hüquqlarının dövlət reyestrində qeydiyyatı aparılmamışdır. MTK ilə cavabdeh S.Mövlayev arasında müqavilə öhdəliyinin icra edilməsi ilə bağlı hər hansı mübahisə yoxdur.
105. Belə vəziyyətdə mübahisə Mülki Məcəllənin 452-ci maddəsinin şərtləri daxilində həll olunmalıdır. Həmin normaya görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
106. İstinad olunan normanın təhlilindən belə aydın olur ki, iddiaçı mənzilin cavabdeh MTK-nın əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Lakin həmin mənzil MTK tərəfindən artıq cavabdeh S.Mövlayevə təhvil verildiyindən, bu hüquq aradan qalxmışdır. Bu səbəbdən, iddiaçı mənzilin ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
107. Hətta hesab olunsa ki, cavabdeh S.Mövayevlə bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə başqa – 66 saylı mənzili ehtiva edib və xx.xx.2019-cu il tarixli müqavilə ilə ona digər – 71 saylı mənzil təhvil verilib, bu halda da vəziyyət dəyişməyəcəkdir, çünki, iddiaçının tələbi müqavilənin daha əvvəl kiminlə bağlanması yox, məhz mənzilin cavabdeh S.Mövayevə daha əvvəl təhvil verilməsi əsası ilə aradan qalxmış olur. Əgər mənzil hələ tərəflərdən heç birinə təhvil verilməmiş olsaydı, onda xx.xx.2012-ci il tarixli müqavilənin mötəbərlik məsələsi aktual ola bilərdi. Hazırki vəziyyətdə isə bunun heç bir əhəmiyyəti yoxdur.
108. Beləliklə, 71 nömrəli mənzil daha əvvəl cavabdeh S.Mövlayevə təhvil verildiyindən və sonuncu da həmin mənzilə yiyələnərək sahibləndiyindən və artıq təqribən 60-70 faiz təmir işlərini başa çatdırdığından, iddiaçı həmin mənzilin ona təhvil verilməsini MTK-dan tələb edə bilməz.
109. Qeyd edilənləri nəzərə alaraq, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddia tələbi təmin edilməməlidir.
110. Hazırki halda iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumları onu ödəmiş iddiaçının özünə aid edilməlidir.
111. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-113/2024 nömrəli iş üzrə 29 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilməklə İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Cavabdeh3, Cavabdeh2 və X3 qarşı “müqavilə üzrə öhdəliklərin icra edilməsi tələbinə dair” iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.