Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3925/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: nikahın etibarsız hesab edilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 2328/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında xx.xx.2023-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Məlikməmmədov, arvada Məlikməmmədova soyadı verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydə alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki halına istinad edərək onunla əsaslandırmışdır ki, onların nikahları etibarsız hesab edilməlidir. Belə ki, nikaha daxil olmamışdan əvvəl cavabdeh ona bildirmişdir ki, o, Avropa ölkələrinin birinə getmək niyyətindədir. Orada ona yaşamaq hüququ almaq üçün nikah lazımdır. Nikah olduğu təqdirdə ona orada yaşamaq icazəsi veriləcək, maddi yardım göstəriləcək, müvafiq mənzil ayrılacaq və s. Daha sonra o da bu imtiyazlardan yararlana bilər. Ailə qurmamaq şərti ilə onlar nikah bağlamışlar. Nikaha daxil olduqdan sonra cavabdeh nə qədər Avropa ölkəsinə getməyə çalışsa da, nəticəsiz qalmışdır. Faktiki olaraq cavabdehlə ailə qurmamışlar. Nikaha ailə qurmaq niyyətləri olmadan, yalnız Avropa ölkələrinin birində yaşamaq arzusu ilə daxil olmuşlar. Onlar arasında həqiqi ailə münasibətləri, xüsusən də bir-birlərinə qarşılıqlı qayğı, qarşılıqlı maddi dəstək, birgə yaşayış üçün əmlak əldə etmək və ər-arvad üçün xarakterik olan digər münasibətlər yaranmamışdır. Beləliklə Ailə Məcəlləsi ilə müəyyən edilmiş mənada aralarında nikah bağlanmamışdır.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 2328/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. (hakim X7)
5. Məhkəmə iddia tələbini rədd edərkən qeyd etmişdir ki, hazırki işdə qanunvericliklə nikahın etibarsız hesab edilməsi üçün nəzərdə tutulan əsaslardan heç biri mövcud deyildir. Hər iki tərəf nikah bağlayarkən tam fəaliyyət qabiliyyətli olmaqla yetkinlik yaşına çatmış, heç bir təzyiq altında qalmadan etibarsız hesab edilməsini qeyd etdikləri nikahı bağlamışlar. Bununla yanaşı nə iddiaçı tərəf, nə də iddianı etiraf edən cavabdeh tərəf qeyd edilən iddianın əsaslılığı barədə sübutu (ailə qurmaq niyyəti olmadan saxta nikah bağlanmasını təsdiq edən faktı) məhkəməyə təqdim edə bilməmişlər. Qanunvericiliyin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflər xaricdə yaşamaq və güzəştlərdən istifadə etmək niyyətləri olduğunu bildirsələr də, məhkəməyə xarici ölkədə yaşamaqla bağlı hər hansı bir müraciətlərinin olmasını göstərən heç bir sübut təqdim etməmişlər. Qanunvericiliyin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddianın əsaslılığı ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşsə də, iddiaçı iddiasını əsaslandıra bilməmişdir. Bunun əksi olaraq, məhkəmə iclasında dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, cavabdehin iddiaçını sevdiyi barədə məlumatı olmuşdur. Qeyd edilən ifadə isə nikahın formal olaraq bağlandığı iddiasını şübhə altına alır və hesab etməyə əsas verir ki, tərəflərin nikah bağlanarkən ailə qurmaq niyyəti olmuşdur. Göründüyü kimi, tərəflər arasında nikah bağlanarkən nikahın etibarlılığını şübhə altına alan, qanunvericilkdə nəzərdə tutulan şərtlərin pozulması halı olmamış, nikah ailə qurmaq niyyəti ilə bağlanmışdır. Belə ki, qanunverici, nikahın etibarsızlığını məhz ilk andan tərəflərin ailə qurmaq niyyətinin olmaması ilə əlaqələndirmişdir. Hazırkı işin hallarından isə nikaha daxil olarkən hər iki tərəfin ailə qurmaq niyyətinin olduğu aydın olur. Bundan əlavə, məhkəmə eyni zamanda qeyd etmişdir ki, hazırki mülki iş üzrə iddia tələbi cavabdeh tərəfindən etiraf edilsə belə, bu məhkəmə tərəfindən qəbul edilmir. Belə ki, bu dövlətin ailə siyasətinə uyğun deyildir. Nikahın etibarsızlığı ilə bağlı iddialarda iddiaçı tərəfindən iddianın əsaslandırılmaması, cavabdeh tərəfindən isə iddianın etiraf edilməsi halında iddianın təmin ediləcəyi təqdirdə ailə münasibətləri ilə bağlı mövcud sabitlik pozulacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
6. Məhkəmə, həmçinin, hesab etmişdir ki, iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, 34-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1-2-ci, 11-13-cü, 25-ci, maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 52.5-ci, 77.1-ci, 88-ci, 119.1-ci, 217.4-cü maddələrinə, “Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın təmin eidlməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə nikahı mülki əqd kimi qələmə vermişdir. Halbuki, nikah mülki əqd yox, ailə hüquq müqavilələrinə aiddir. Bundan əlavə, cavabdehin iddianın etirafını da məhkəmə qəbul etməmişdir. Lakin mülki prosessual qanunvericilikdə göstərilmişdir ki, cavabdeh tərəf iddianı etiraf edirsə, iş üzrə sübutların araşdırılmasına zərurət aradan qalxır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamış, əksinə cavabdeh məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, iddia ilə razı olduğunu, iddianı etiraf etdiyini, bunun nəticəsinin ona aydın olduğunu bildirmiş və işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, iddiaçı hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, cavabdeh isə işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin ərizəsini də nəzərə alaraq, apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.
13. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir; 2.2-ci maddəsinə əsasən ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir; 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır; 9.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 11-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır; 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır; 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır; 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 191.4-cü maddəsinə əsasən məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
16. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini, iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas yoxdur.
19. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyəti müdəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmış nikah tərəflərin könüllü ittifaqıdır və ailə qurmaq məqsədi ilə bağlanır. Ailə Məcəlləsində nikahın etibarsız hesab edilməsi ilə bağlı tələb irəli sürmək hüququna malik olan şəxslərin dairəsi və nikahın etibarsızlığına əsas olan hallar aydın şəkildə göstərilmiş və könüllü razılıq olmadan, habelə ailə qurmaq məqsədi daşımayan nikahın etibarsız olması müəyyən edilmişdir.
20. Hazırda iddiaçı cavabdehlə aralarında xx.xx.2023-cü il tarixdə bağlanmış nikahın formal xarakter daşıdığını, ailə qurmaq məqsədlərinin olmadığını, cavabdehin Avropa ölkələrinin birinə getmək və yaşamaq icazəsi almaqla müvafiq imtiyazlardan istifadə etməsi və daha sonra onun da həmin imtiyazlardan yararlanması üçün nikah bağladıqlarını bildirir və məhz bu hallara istinadən nikahın etibarsız hesab edilməsini tələb edir.
21. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə istinadən ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).
23. Bu baxımdan iddiaçı öz mövqeyini, o cümlədən əsl niyyətlərinin (məqsədlərinin) ailə qurmaq deyil, avropa ölkələrinin birinə (Almaniyaya) getmək və orada yaşamaq hüququ əldə etməkdən ibarət olduğunu sübut etməli idi. Lakin sübuta yetirə bilməmiş, cavabdehlə ailə qurmaq məqsədinin olmamasını, habelə nikahın məhz iddia ərizəsində göstərilən səbəblərdən bağlanmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, iddia ərizəsində nikaha daxil olduqdan sonra cavabdehin Avropa ölkəsinə getməyə xeyli (nəqədər) çalışdığı qeyd edilmişdir ki, bu da birmənalı şəkildə onun tərəfindən müəyyən hərəkətlərin edildiyini özündə ehtiva edir. Başqa sözlə, avropa ölkələrinə köçüb orada yaşamaq niyyətində olan və məqsədini güdən cavabdeh, habelə iddiaçı bununla bağlı aidiyyəti qurumlara müraciət etməli, onların arasında yazışmalar aparılmalı, buna uyğun olaraq, tərəflər müvafiq sənədlər əldə etməli, bununla bağlı onların əldə etdiyi və ya onlara təqdim edilən sənədlərdə nikahda olmanın üstün şərt olması ən azı dolayısı ilə öz əksini tapmalı idi. Bundan başqa reallaşdırmaq istədikləri bu işin mahiyyəti tərəflərin öz aralarında da aidiyyəti yazışmaların aparılmasını şərtləndirməli idi. Xüsusilə qeyd edilməlidir ki, nikahın avropada yaşamaq hüququ (imkanı) əldə etmək məqsədi ilə bağlandığı bildirilsə də, nəinki bunu təsdiq edən sənəd, ümumiyyətlə məlumat olaraq bu işin nəticələri (imtina almaqları, fikirlərindən daşınmağı və sair) barədə də hər hansı fikir söylənilmir. Bununla belə, iddianın əsasını ümumiyyətlə hər hansı sübuta söykənməyən sözlər və ifadələr təşkil edir ki, bu da öz növbəsində mübahisələndirilən nikahın etibarsızlığını istisna edir.
24. Belə ki, nikah qeydə alındığı andan hüquqi nəticələrə səbəb olduğundan, onun etibarsızlığı halları da mötəbər sübutlardan asılı olmaqla qiymətləndirilməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının dəlilləri formal mülahizələrdən ibarətdir və bunlar tərəflər arasında bağlanmış və qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış nikahın etibarsız hesab edilməsi üçün əsas ola bilməz.
25. Məhkəmə kollegiyası öz mövqeyinin təsdiqi olaraq, onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında nikah bağlandıqdan sonra iddiaçıya Məlikməmmədova soyadı verilmişdir. Halbuki, ailə qurmaq niyyətinin olmadığı və ailə qanunvericiliyinin bunu qadağa etmədiyi bir halda, cavabdehin soyadına keçməsinə hər hansı zərurət yox idi, iddiaçı öz soyadını da saxlaya bilərdi. Hazırki iddia da yalnız nikah bağlandıqdan 5 ay sonra qaldırılmış və hər hansı hadisənin baş verməsi ilə əlaqələndirilmir. Ümumiyyətlə həm nikah bağlananadək, həm də nikah dövründə onun etibarsız olmasına, ailə qurmaq məqsədi ilə bağlanmamasına dəlalət edən hər hansı bir hal müəyyən edilmir.
26. Məhkəmə iclasında iştirakı cavabdeh tərəfindən təmin edilmiş şahidlərin ifadəsi isə nəticə etibarı ilə iddianın əsaslı olmasını deyil, əsassız olmasını təsdiq etmişdir. Belə ki, şahid X3 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında oğlu, yəni cavabdehlə iddiaçı arasında nikahın bağlanması barədə iki gün əvvəl xəbər tutduğunu bildirsə də, oğlunun hər hansı Avropa ölkəsinə getmək niyyətində olduğunu göstərmir. Digər Şahid isə 6-7 aydır ki, cavabdehin iddiaçını sevdiyi barədə məlumatının olduğunu qeyd etmişdir. Halbuki, tərəflər 2021-2022-ci illərdə “Asan” Xidmət Mərkəzində könüllü olaraq fəaliyyət göstərdiklərini və dostluq münasibətlərində olduqlarını vurğulayırlar. Başqa sözlə, nikahdan əvvəl onlar biri-birini xeyli müddətdir ki, tanımışlar və ən azı iddiaçının cavabdehə hissləri olmuşdur. Mövcud vəziyyətdə onların bir evdə yaşamaması, habelə cavabdehin anasının bu nikah barədə məlumatının olmaması həmin nikahın etibarsızlığına əsas olan hal deyil.
27. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, nikahın bağlanmasında tərəflər öz iradələrinə uyğun, könüllü və düşünülmüş şəkildə hərəkət edərək, ailə qurmaq məqsədi ilə nikaha daxil olmuşlar. Nikah qeydə alındığı andan həm tərəflərə, həm də dairəsi qeyrimüəyyən üçüncü şəxslərə münasibətdə ciddi hüquqi nəticələr yaradan hüquqi fakt olduğundan onun etibarsız hesab edilməsi üçün biri digərini tamamlayan, təkzib olunmazlıqla bağlı tələblərə cavab verən və hər hansı şübhədən kənar sübutlar mövcud olmalıdır. Hazırki halda isə nəinki iddiaçının, ümumiyyətlə hər iki tərəfin belə sübutları yoxdur.
28. Məhkəmə kollegiyası cavabdehin iddianı etiraf etməsinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, ailə cəmiyyətin özəyi olduğundan, həmçinin, nikah və ailənin dövlətin himayəsində olmasının konstitusion hüquqi təsbiti, bu münasibətlər üzrə meydana çıxmış ziddiyyətli təzahürlərin həllini dövlət və cəmiyyət maraqlarından asılı edir. Hazırki işdə birinci instansiya məhkəməsində işə baxılarkən tərəflərin izahatlarının eynilik təşkil etməsi iddia tələbi üzrə qarşı tərəfin cavabdehliyini istisna edir ki, bu da iddiaçı ilə yanaşı, cavabdeh kimi cəlb edilmiş tərəfi də sübutetmə vəzifəsi ilə yüklü edir. Lakin iddianı etiraf etməsinə baxmayaraq, cavabdeh də ailə qurmaq niyyətinin olmadığını və qeyd edilən nikahı hər hansı başqa məqsədlə bağladığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırmasının nəticələri üzrə cavabdehin ailə qurmaq niyyətinin olmadığının müəyyən edilmədiyi bir halda, onun tərəfindən iddianın etiraf edilməsi qanuna zidd xarakter daşıyır. Belə olan halda, cavabdeh həqiqətdə etibarlı olan və ailə qurmaq məqsədi ilə bağlanmış nikahın etibarsız olduğunu etiraf etmiş olur.
29. Həmçinin, nəzərə alınmalıdır ki, cavabdehin iddianı etiraf etməsi barədə mövqeyi həmin mələlələri tənzimləyən qanunvericiliyin tələblərinin hüquqi qüvvəsindən üstün ola bilməz. Tərəflər arasında nikahın ailə qurmaq məqsədi ilə deyil, başqa hər hansı məqsədlə bağlanması sübuta yetirilməyincə, cavabdehin iddianı etirafının qəbul edilməsi ailə qanunvericiliyinin bu məsələləri tənzimləyən aidiyyəti müddəalarının hüquqi qüvvəsini heçə endirməklə öz növbəsində ədalət mühakiməsinin həyata keçirilməsinin mahiyyəti ilə ziddiyyət təşkil etmiş olardı ki, bu da yol verilməzdir.
30. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2328/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.