Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3927/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: əmrin ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, e-2(011)-5416/2024 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İşin halları
1. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi ilə əmək müqaviləsi bağlayaraq əmək münasibətlərinə daxil olmuşdur.
2. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X8 İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə əsasən, Ştat vahidlərinin mütərəqqi normativlər hesabına təkmilləşdirilməsi və işçilərin say tərkibinin optimallaşdırılması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə) və “b” (işçilərin sayı və ştatları ixtisar edildikdə) bəndlərinə, o cümlədən, əmək fəaliyyətini dəniz obyektlərində həyata keçirən şəxslərin struktur dəyişiklikləri ilə əlaqədar quru obyektlərində həyata keçirən şəxslərin struktur dəyişiklikləri ilə əlaqədar quru obyektlərində yerləşdirilməsi ilə bağlı 68-ci maddənin 2-ci hissəsinin “c” (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş (SOCAR üzrə sosial dayanıqlığın təmin olunmasına dair proqrama qoşulan şəxslər istisna olmaqla), habelə qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətinə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur.
3. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizədə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən pensiya yaşına çatdığı üçün orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməklə ləğv edilməsini xahiş etmişdir.
4. xx.xx.2024-cü il tarixli, 14-2-4/3-1K-168/2024 nömrəli Əmrlə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin “X5” istehsalat bölümünün Naviqasiya və mühəndisi topogeodeziya ekspedisiyasının ekspedisiya rəisi İddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli 1400 nömrəli əmək müqaviləsinə, həmin müqavilənin 9-cu bəndinin 9.1.1 hissəsi (işçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş təqaüd yaşına çatdıqda) nəzərə alınaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən 19 mart 2024-cü il tarixindən xitam verilmişdir.
5. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunda yaşla əlaqədar güzəştli şərtlərlə əmək pensiyası hüququnun uzun müddətdir əmələ gəldiyindən (2011-ci il tarixindən etibarən) İddiaçı əmək haqqının 5 mislini ödəmək üçün heç bir hüquqi əsasın olmaması bildirilmişdir.
6. İddiaçı istehsalatın zərərli sahələrində işlədiyindən güzəştli şərtlərlə onun 2009-ci ildən pensiya hüququ yaranmış, eyni zamanda əmək münasibətlərinə davam etməklə xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsində çalışmışdır.
7. Hazırda İddiaçı pensiya yaşına çatdığı üçün orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsini xahiş edir və tələbinin əsası kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X8 İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Saziş bağlanmasına və həmin Sazişin işçilərə qanunvericiliklə nəzərdə tutulmuş pensiya yaşına çatdıqdan sonra 1 ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermək imkanı təklif edilməsi, şəxsin bu imkandan istifadə etdiyi halda isə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət verilməsinin nəzərdə tutulmasına dair 5.16- cı bəndinə istinad etmişdir. Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunvericiliklə 65 yaşda pensiya yaşına çatdığı üçün ARDNŞ və ANQİRK arasında bağlanmış 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi (bundan sonra mətndə-cavabdeh və ya İdarə) tərəfindən hesablanıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh İdarənin “X5” X1 və mühəndisi topogeodeziya ekspedisiyasının ekspedisiya rəisi vəzifəsində işləmişdir. İddiaçı qanunvericiliklə müəyyən olunmuş qaydada pensiya yaşına çatdığına görə xx.xx.2024-cü il tarixdə İdarəsinin rəhbərliyinə ərizə ilə müraciət etmişdir. Ərizədə xx.xx.2024-cü il tarixdən pensiya yaşına (65) çatdığı üçün orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməklə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X8 İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndində qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətinə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur (ƏMR-QƏRAR, № SOCAR**********00030020A00003, xx.xx.2020). İdarənin rəhbərliyi iddiaçını güzəştli şərtlərlə əmək pensiyası aldığını (2011-ci il tarixindən), ona əmək haqqının 5 mislini ödəmək üçün heç bir hüquqi əsasın olmaması haqqında 14-2-4/3-6-364/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubla cavab vermişdir. Buna baxmayaraq, iddiaçı ilə bağlanmış müqaviləyə (işçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş təqaüd yaşına çatdıqda) Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən xx.xx.2024-cü il tarixli, 14-2-4/3-1K168/2024 nömrəli əmrlə xitam verilmişdir. Yəni bağlanmış müqaviləyə "xxxx" Qanunun 7-ci maddəsinə əsasən kişilər 65 yaşına çatdıqda yaşa görə əmək pensiyası hüququnun yaranması əsas götürülərək xitam verilmişdir. Bu barədə iddiaçının əmək kitabçasında da “təqaüd yaşına çatdığına görə” müvafiq qeyd aparılmışdır. Cavabdehin mövqeyi ilə razılaşmaq olmaz. Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası almaq deyildir. İdarə tərəfindən güzəştli şərtlərlə pensiya almaq hüququna istinad olunaraq iddiaçıya orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsindən imtina olunması qanunsuz və əsassızdır. Bu münasibət iddiaçıya qarşı sosial ədalət prinsipinin pozulması deməkdir. Güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ uzun illər zərərli sahədə işləyənlər üçün dövlət tərəfindən yaradılmış sosial ədalət imkanıdır. Bu imkandan istifadə etməsi pensiya yaşına çatdıqda (65 yaş üçün nəzərdə tutulan şərtlərə əməl etdiyi halda) əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin verilməsi hüququnu məhdudlaşdırmamalıdır. "xxxx" Qanunun 7-ci maddəsi, “Kollektiv Saziş”in 5.16-cı maddəsi, əmək müqaviləsinə xitam verilməsi haqqında əmr və əmək kitabçasındakı “təqaüd yaşına çatdığına görə” müvafiq qeyd iddiaçının haqlı olduğunu sübut edir. Eyni zamanda, bununla bağlı oxşar məhkəmə qərarları da vardır.
10. Cavabdeh iddia ərizəsinə etiraz və etiraza əlavə təqdim etmişdir. Etiraz belə əsaslandırlıb ki, SOCAR-ın və Azərbaycan Neft Qaz X4 İttifaqı Respublika Komitəsinin ANQSİHİRK-nın 22 aprel 2009-cu il tarixli, 57/06-19ə nömrəli “Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” əmrqərarına əsasən, işçi qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqda, bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının 5 misli məbləğində işdənçıxma müavinətinin ödənilməsi nəzərdə tutulur. Məzmunundan göründüyü kimi istinad olunan norma dispozitivdir və yalnız bütün şərtlər eyni anda ödənildiyi halda müraciət müəllifi belə müavinəti almağa ixtiyar qazanır. Bu şərtlər isə aşağıdakılardır: 1) Qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmaq; 2) Pensiya yaşına çatdıqdan sonra 1 ay müddətində öz təşəbbüsü ilə işdən azad olunmasını xahiş etmək; 3) İşdən azad olunduqdan sonra ona müavinətin ödənilməsi ilə bağlı işəgötürəninə ərizə ilə müraciət etmək və bu barədə tərəflərin razılığa gələrək ikitərəfli razılaşma sənədini imzalaması; 4) Cari məsələ ilə bağlı SOCAR-ın qərar qəbul etməsi. Qeyd olunan Əmr-Qərarda nəzərdə tutulan “qanunvericiliklə müəyyən olunmuş pensiya yaşı” dedikdə, "xxxx" Qanunun “Yaşa görə əmək pensiyası” fəslində nəzərdə tutulduğu kimi 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların, həmçinin güzəştli şərtlərlə əmək pensiyası hüququ olanların, çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddi nəzərdə tutulur. Həmin qanuna edilmiş dəyişikliyə əsasən, Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən qanunun tələblərinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ ayrı-ayrı əsaslarla əmələ gələ bilər. Bu əsaslardan biri də güzəştli şərtlərlə əmək pensiyası almaq hüququdur. İddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ uzun müddətdir əmələ gəldiyindən (2011-ci il tarixindən etibarən) ona əmək haqqının 5 mislini ödəmək üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, iddiaçı hələ 2011-ci ildən pensiya yaşına çataraq pensiya hüququ qazansa da, işdən azad olunmadan əmək münasibətlərini davam etdirməsi hazırda belə bir iddianın verilməsini istisna edir. İddiaçı iddiasında o zaman haqlı ola bilərdi ki, ilk dəfə pensiya hüququ verən yaş həddinə (2011) çatarkən, 1 ay müddətində əmək münasibətlərinə xitam verilməsini xahiş etmiş olsun. Lakin iddiaçı bu qaydada davranmadığı üçün, dolayısıyla, hazırkı reallıqda belə bir iddianın verilməsi üçün iddiaçının subyektiv hüququ aradan qalxmış olur. Sözügedən kollektiv Sazişin bağlanmasında məqsəd, Preambulasında da qeyd olunduğu kimi, Dövlət Neft Şirkətində aparılan struktur islahatları çərçivəsində ştat vahidlərinin təkmilləşdirilməsi və işçilərin say tərkibinin optimallaşdırılması, başqa sözlə, Şirkətin müəssisə və təşkilatlarda işçi heyətindən daha səmərəli istifadə etmək və xərclərin azaldılmasına nail olmaqdan və s. ibarət idi. Bu bir həvəsləndirmə tədbiridir ki, ARDNŞ pensiya yaşına çatmış işçiyə 5 misli miqdarında müavinət ödənilməsini bəyan etməklə işçini işdən azad olunmasına dəvət edir, əvəzində isə daha yeni kadrların, işçi qüvvələrinin işə cəlb olunmasına nail olmaq istəyir. Belə olan halda hazırki mübahisə üzrə zamanında (2011) pensiya yaşına çatmış iddiaçı 13 il ərzində əmək münasibətlərinə davam etdirməklə, dolayısıyla, özünə münasibətdə işəgötürəni çatmaq istədiyi hədəfdən məhrum etmişdir. Bundan əlavə, əks yanaşmanın tətbiq olunması, həmçinin, güzəştli şərtlərlə pensiya yaşına çatan və 1 ay ərzində əmək münasibətlərinə xitam verilən işçilərə münasibətdə qeyri-bərabərliyə səbəb olar. Çünki həmin şəxslər güzəştli şərtlərlə pensiya hüququ qazanan kimi müvafiq müavinəti almaq üçün 1 ay ərzində əmək münasibətlərinə xitam verməli olduqları halda (onların da illər sonra yaşa görə əmək pensiyasının ümumi əsaslarla təyin olunması istisna olunmurdu), iddiaçının işdən azad olunmadan əmək münasibətlərinə davam etdirməsi və hazırda həmin müavinətə yiyələnməsi işçilər arasında ayrı-seçkiliyə gətirib çıxarar ki, bu da Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən yolverilməzdir. Sözügedən müavinətin verilməsi üçün işçi işdən azad olunduqdan sonra ona müavinətin ödənilməsi ilə bağlı işəgötürəninə ərizə ilə müraciət etməli və bu barədə tərəflərin razılığa gələrək ikitərəfli razılaşma sənədini imzalaması da tələb olunurdu. Hazırkı iş üzrə iddiaçı ona verilən səlahiyyətdən vaxtında istifadə etmədiyi üçün tərəflər arasında belə bir razılaşma imzalanmamışdır. Başqa sözlə, işçi ilə müvafiq məzmunda razılaşma bağlanmadığı üçün işəgötürənin müvafiq müavinəti ödəmək öhdəliyi də yaranmamışdır. Çünki mübahisələndirilən normanın ilkin şərtinin yerinə yetirilməməsi, sonrakı şərtlərin mövcudluğunu və əhəmiyyətini istisna edir. Buna görə də tələb əsassız və qanunsuzdur.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)2357/2024 nömrəli, 12 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsi və "xxxx" Qanunin müvafiq normalarına istinadən göstərmişdir ki, Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Yəni dövlət müəssisəsində çalışan hər bir vətəndaş 65 yaşınadək çalışa bilər. Bu müddətin uzadılması səlahiyyəti isə müvafiq dövlət orqanının rəhbərinə həvalə edilmişdir. Digər tərəfdən Qanunla əmək pensiyasının üç növü müəyyən edilmişdir ki, bunlardan biri də yaşa görə əmək pensiyasıdır. Yaşa görə əmək pensiyası hüququ isə müxtəlif şərtlərlə əmələ gələ bilər. Belə ki, yaşa görə əmək pensiyası hüququnun əmələ gəlməsi üçün ümumi şərt kişilərin 63 yaşına, qadınların isə 60 yaşına çatmış olması və fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması kimi müəyyən edilir (Kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Güzəştli şərlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün isə fərqli şərtlər – fərqli yaş hədləri və stajlar nəzərdə tutulur. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinin 65 olması, yaşa görə əmək pensiyası hüququnun daha erkən yaşlarda əmələ gəlməsini istisna etmir.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə iddiaçı "xxxx" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X8 İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2020-2023- cü illər üçün Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə istinad edərək, yaşa görə əmək pensiyasına çıxdığı üçün cavabdehdən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsini tələb edir. Sözügedən Sazişin 5.16-cı bəndinin məzmunundan aydın olur ki, işçilərə qanunvericiliklə nəzərdə tutulmuş pensiya yaşına çatdıqdan sonra 1 ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermək imkanı təklif edilir, şəxs bu imkandan istifadə etdiyi halda isə tərəflərin razılığı ilə SOCARın qərarı əsasında orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulur.
14. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 2011-ci ildən yarandığından o, SOCAR-ın və Azərbaycan Neft Qaz X4 İttifaqı Respublika Komitəsinin ANQSİHİRK-nın xx.xx.2009-cu il tarixli, 57/06-19ə nömrəli “Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” əmr qərarına əsasən bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etməklə bu imkandan istifadə edərək, müstəsna hal kimi işəgötürən tərəfindən onun orta aylıq əmək haqqının 5 misli məbləğində işdənçıxma müavinətinin ödənilməsini tələb edə bilərdi. Lakin iddiaçı 2011-ci ildə yaranmış bu hüququndan istifadə etməməyi seçərək, əmək münasibətlərini davam etdirmişdir. Belə olan halda iddia tələbi təmin edilən bilməz.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddələrinin İİ, İV bəndləri, 38-ci maddəsinin İİİ-cü bəndi, Əmək Məcəlləsinin 3, 35, 39, 42.1, 10-1.1, 10-1.2., 287, 288, 292-ci, "xxxx" Qanunun 4.1, 4.1.1, 4.1.2, 4.1.3, 7, 9.1-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X8 İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişin 5.16-ci bəndinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə nəticəyə gələrkən SOCAR-ın və Azərbaycan Neft Qaz X4 İttifaqı Respublika Komitəsinin ANQSİHİRK-nın xx.xx.2009-cu il tarixli, 57/06-19ə nömrəli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Əmr- Qərarına istinad etmişdir. Məhkəmə 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr- Qərara istinad etsə də, həmin Əmr-Qərar iş materiallarında mövcud deyil. Buna görə də birinci instansiya məhkəməsinin iddiaçı ilə əmək müqaviləsinə əslində işçilərin ixtisarı əsası ilə xitam verilməsini, üstəlik, işdə olmayan sənəddə göstərilən halları nə ilə müəyyən etməsi məlum deyil. Halbuki Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa, cavabdehin və məhkəmənin öz qətnaməsində istinad etdiyi və sübut kimi məhkəməyə təqdim olunmadığı 22 aprel 2009- cu il tarixli 57/06-19ə nömrəli ƏmrQərar 2009-cu il və ondan sonrakı 2 il üçün şamil olunmuşdur və 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərar 2011-ci ilədək qüvvədə olmuşdur. 2024-cü ildə həmin Əmr-Qərarın heç bir hüquqi qüvvəsi yoxdur və bu gün qüvvədə olmayan 22 aprel 2009-cu il tarixli Əmr-Qərara istinad etmək olmaz. Bundan başqa, 22 aprel 2009-cu il tarixli Əmr- Qərardan sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Azərbaycan Neft Qaz X4 İttifaqı Respublika Komitəsinin ANQSİHİRK-nın 2011-2013-cü il tarixləri, 2014-2017-ci il, 2017-2020-ci il və 2020-2023-cü il tarixləri üçün Əmr-Qərarları əsasında bağlanılmış “Sahə (tarif) Kollektiv Saziş”lər bağlanmışdır və həmin Sazişlər İşəgötürən SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Azərbaycan Neft Qaz X4 İttifaqı Respublika Komitəsinin ANQSİHİRK-nın arasındakı işçilərin sosial müdafiəsi, əmək şəraitinin yaxşılaşdırılması, əməyin ödənilməsi, əməyin mühafizəsi və digər sosial-əmək münasibətlərini tənzimləyən hüquqi aktlardır. İddiaçının 65 yaşı (xx.xx.1959-cu il təvəllüdlüdür) xx.xx.2024-cü ildə tamam olmuşdur və iddiaçı cavabdeh İdarəyə xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən “pensiya yaşına çatdığı üçün orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməklə ləğv edilməsini xahiş etmişdir. İddiaçının 65 yaşa (pensiya yaşına) çatdığı xx.xx.2024-cü il tarixdə qüvvədə olan hüquqi akt-22 aprel 2009-cu il tarixli Əmr-Qərar və onun əsasında imzalanmış Kollektiv Saziş deyil, SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Azərbaycan Neft Qaz X4 İttifaqı Respublika Komitəsinin ANQSİHİRK nın arasında 23 mart 2020-ci il tarixdə imzalanmış “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft Qaz X4 İttifaqı Respublika Komitəsi arasında 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişin bağlanması haqqında” SOCAR**********00030020A00003 nömrəli Əmr-Qərar olmuşdur. Tərəflər arasında olan hazırki mübahisənin həlli xx.xx.2009-cu il tarixdə qəbul olunmuş 57/06-19ə nömrəli Əmr-Qərara istinad edilməklə həll edilə bilməz, çünki həmin Əmr-Qərar 2011-ci ildə qüvvəsini itirmişdir, hazırki mülki mübahisə xx.xx.2020-ci il tarixli Əmr-Qərara və ondan sonra qəbul olunmuş Əmr Qərara istinad olunmaqla həll edilməlidir. Birinci instansiya məhkəməsi hüququn tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft Qaz X4 İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə əsasən, ştat vahidlərinin mütərəqqi normativlər hesabına təkmilləşdirilməsi və işçilərin say tərkibinin optimallaşdırılması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə) və “b” (işçilərin sayı və ştatları ixtisar edildikdə) bəndlərinə, o cümlədən, əmək fəaliyyətini dəniz obyektlərində həyata keçirən şəxslərin struktur dəyişiklikləri ilə əlaqədar quru obyektlərində həyata keçirən şəxslərin struktur dəyişiklikləri ilə əlaqədar quru obyektlərində yerləşdirilməsi ilə bağlı 68-ci maddənin 2-ci hissəsinin “c” (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş (SOCAR üzrə sosial dayanıqlığın təmin olunmasına dair proqrama qoşulan şəxslər istisna olmaqla), habelə qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətinə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh iddiaçının müraciətinə əsasən razılaşma imzalamaqdan imtina etmişdir. Məhkəmə həmin məsələyə düzgün münasibət bildirməmişdir. Bununla yanaşı, iddiaçı 2006-cı ilin 1 yanvarınadək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli, 305 №-li “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13- cü maddəsinin “a” bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı” üzrə 2009-cu ilin 26 fevralında 50 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə pensiya hüququ əldə edib müraciət etmiş və ona 29 may 2009-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmuş və həmin pensiya onun 50 yaşının tamamlandığı xx.xx.2009cu il tarixdən hesablanmışdır. Yəni, iddiaçının oğlunun güzəştli şərtlərlə pensiya hüququ 2011-ci ildən deyil, xx.xx.2009-cu ildən yaranmış və ona xx.xx.2009-cu il tarixindən etibarən 50 yaşa görə güzəştli şərtlərlə pensiya təyin olunmuşdur. Sonradan 2021-ci ildə iddiaçıya 2009-cu ildən təyin olunmuş pensiya ləğv edilmiş və ona 2011-ci ildən pensiya təyin olunması barədə qərar qəbul edilmişdir. Nərimanov rayon Məhkəməsində iddiaçının 2011-ci ildən pensiya hüququ əldə etməsi ilə bağlı qeyd olunanlar yanlışdır. İddiaçı xx.xx.2009-cu il tarixdən pensiya hüququ əldə etmiş və xx.xx.2009-cu il tarixdən ona 50 yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilmiş, xx.xx.2009-cu ildən hesablanmış pensiya ödənilməyə başlanmışdır, eyni zamanda iddiaçı cavabdeh İdarədə əmək fəaliyyətini davam etdirmişdir. Məhkəmənin qətnaməsində istinad olunan xx.xx.2009-cu il tarixli, 57/06-19ə nömrəli “Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Əmr-Qərarı iddiaçının 50 yaşa görə güzəştli şərtlərlə pensiya hüququ əldə etdiyindən sonra imzalandığı üçün həmin Əmr- Qərar iddiaçıya şamil oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 22 aprel 2009-cu il tarixli Əmr Qərarının 4-cü bəndinə görə bu Əmr – Qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmrin birinci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı olduğu gündən bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi barədə müraciət etdikdə müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənişlər və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq razılaşma imzalanır. Dövlət Neft Şirkətinin 14 avqust 2009-cu il tarixli Əmr-Qərarı ilə 22 aprel 2009-cu il tarixli qərarın 4-cü bəndində “qərarı olduğu tarixdən” sözlərindən sonra “habelə 22 may 2009-cu il tarixdən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda” sözləri əlavə edilmişdir. Bu o deməkdir ki, 22 aprel 2009-cu il tarixli, 57/06-19ə nömrəli Əmr-Qərarda qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatması xx.xx.2009-cu il tarixdən etibarən nəzərdə tutulur. Yəni, xx.xx.2009-cu ildən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatmış işçi orta aylıq əmək haqqının 5 misli miqdarında müavinət almaq hüququ əldə edir. Lakin İddiaçı qanunvericilikdə müəyyən olunmuş 50 yaşa görə güzəştli şərtlərlə pensiya hüququ xx.xx.2009-cu ilədək yaranmışdır, buna görə də sözü gedən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 22 aprel 2009-cu il tarixli, 57/06-19ə nömrəli Əmr-Qərarı iddiaçının güzəşti şərtlərlə pensiya yaşına (50 yaş) çatdıqdan sonra qəbul olunduğu üçün ona tətbiq oluna bilməzdi. Bu məsələdə birinci instansiya məhkəməsi səhvə yol vermişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-927/2025 saylı, xx.xx.2025-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilmiş, iddiaçı 65 yaşda pensiya yaşına çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin cavabdeh İdarədən tutularaq iddiaçıya ödənilməsi və cavabdeh İdarədən 100 (yüz) manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Vahid Sadıqov, Sabit Bəhrəmzadə)
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materialları ilə iddiaçının 2009-cu ildən güzəştli şərtlərlə təqaüd alması müəyyən edilmişdir. Müavinətin ödənilməsi isə yaşa görə təqaüdə çıxmış şəxslər üçün nəzərdə tutulub. Göründüyü kimi, iddiaçının əmək münasibətlərinə davam etməsi onun yaşa görə deyil, güzəştli şərtlərlə təqaüd almasından sonra olmuşdur. Hazırda isə iddiaçı 65 yaşa, yəni yaşa görə təqaüd vaxtı olmuş və bunun üçün sazişdə qeyd edildiyi kimi cavabdehə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən “pensiya yaşına çatdığı üçün orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməklə ləğv edilməsini xahiş etmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı qeyd olunan sazişə əsasən yaranmış hüququndan istifadə etməmiş, 2009-cu ildən güzəştli şərtlərlə təqaüdə çıxmaqla əmək münasibətlərini davam etdirmişdir. Müavinətin verilməsi kollektiv müqavilə ilə nəzərdə tutulduğundan işçinin güzəştli şərtlərlə təqaüdə çıxması onun bugünkü gün müqavilədə istinad olunan müavinəti almaqdan imtina üçün əsas ola bilməzdi. Belə ki, nə qanunvericilik müstəvisində, nə də kollektiv müqavilədə digər növdə təqaüd alan şəxslərin yaşa görə təqaüdə çıxdıqları zaman bu müavinəti almaqdan məhrum edilmələri ilə bağlı hər hansı bir qeyd-şərt yoxdur.
21. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsinin iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun 2011-ci ildən yaranmasına istinad etməsi də düzgün olmamışdır. Halbuki, iddiaçının güzəştli pensiya hüququ 2009-cu ildən yaranmışdır. Belə ki, 1959-cu il təvvəllüdlü iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh İdarənin rəhbərliyinə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdən pensiya yaşına (65) çatdığı üçün orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməklə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmiş və bu tələbində də haqlı olmuşdur. Cavabdehin nümayəndəsi öz izahatında bildirmişdir ki, iddiaçı 65 yaşına çatmasına baxmayaraq ərizə ilə müraciət etmədiyi halda öz işini davam edə bilərdi.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 239cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.
23. Apellyasiya instansiyası məhkəməsi diqqətə çatdırmışdır ki, Konvensiyanın 14cü maddəsi ilə ayrı-seçkilik qadağan olunur və təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və sosial mənşə, milli azadlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.
24. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçının uzun illər xidmət etməsinə baxmayaraq onun müqaviləsinə xitam verilməsi zamanı 65 yaşda pensiya yaşına çatdığı üçün ARDNŞ və ANQİRK arasında bağlanmış 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin cavabdeh tərəfindən ona verilməməsi, bu müavinətin verildiyi digər işçilərlə müqayisədə ayrı-seçkilik kimi qəbul edilməli və bu halın baş verməsi özü-özlüyündə ayrı-seçkiliyin əsası kimi hesab olunmalıdır.
25. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulayıb ki, analoji işlər üzrə bu xarakterli, digər dövlət orqanlarına qarşı birdəfəlik müavinət almaq hüququna malik olan şəxslərin bu hüquqlarının bərpasına dair əvvəllər də apellyasiya instansiyası məhkəməsinin icraatında çoxsaylı işlər olmuş və qanuni qüvvəsini məhkəmə aktları ilə işçilərin pozulmuş hüquqları bərpa edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 3, 10- 1.1, 10-1.2, 16, 35, 39, 42.1, 287, 288, 292-cu, "xxxx" Qanunun 4.1, 4.1.1, 4.1.2, 4.1.3, 7, 9.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat
27. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbiniın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti belə əsaslandırmışdır ki, iddiaçı pensiya təyin olunduğu müddətdən 15 ildən çox əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh tərəfindən orta aylıq əmək haqqının 5 misli həcmində birdəfəlik müavinət pensiya yaşına çatmış (ilk dəfə təqaüdə çıxan) şəxslərə ərizə ilə müraciət etdikdə tərəflər arasında bağlanmış razılaşmaya əsasən təqaüdə çıxan işçinin maddi vəziyyətini müəyyən müddətə yaxşılaşdırmaq üçün ödənilir. İddiaçıya birdəfəlik müavinətin verilməsi nəzərdə tutulsa idi, onunla işəgötürən arasında razılaşma bağlanacaqdı. İddiaçıya birdəfəlik müavinətin verilməsi nəzərdə tutulmadığından onunla razılaşma bağlanmamışdır. Həmçinin, "xxxx" Qanunun 9-cu bəndində də müəyyən olunur ki, güzəştli şərtlərlə əmək pensiyası hüququ elə yaşa görə əmək pensiyası hüququdur. Qətnamədən də görünür ki, məhkəmə iddianı təmin etmək üçün "xxxx" Qanunu, ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarını, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X8 İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişi təhrif etmiş və hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmənin iddiaçının güzəştli şərtlərlə təqaüdə çıxmasını yaşa görə təqaüdə çıxması ilə fərqli olduğunu qeyd etmişdir. Halbuki, "xxxx" Qanunun 9-cu bəndinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ elə yaşa görə əmək pensiyası hüququdur. Görünür məhkəmə bu halı nəzərdən qaçırmış ya da iddianı təmin etmək üçün təhrif etmişdir. Məhkəmənin hazırki əsassız yanaşması, güzəştli şərtlərlə təqaüd alan şəxslərlə pensiya yaşına çatan və 1 ay ərzində əmək münasibətlərinə xitam verilən işçilərə münasibətdə qeyri-bərabərliyə səbəb olar. Çünki həmin şəxslər güzəştli şərtlərlə pensiya hüququ qazanan kimi müvafiq müavinəti almaq üçün 1 ay ərzində əmək münasibətlərinə xitam verməli olduqları halda (onların da illər sonra yaşa görə əmək pensiyasının ümumi əsaslarla təyin olunması istisna olunmurdu), iddiaçının işdən azad olunmadan əmək münasibətlərinə davam etdirməsi və hazırda həmin müavinətə yiyələnməsi işçilər arasında ayrı-seçkiliyə gətirib çıxarar ki, bu da Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən yolverilməzdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 20 may 2025-ci il tarixli, 2(102)-1535/2025 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 yanvar 2025-ci il tarixli, 2(103)-927/2025 saylı qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır.
30. Ali Məhkəmənin Qərarının əsaslarına görə, “ - 41. Belə ki, "xxxx" Qanunun 4.1-ci maddəsinə görə əmək pensiyalarının 3 növü vardır: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası. - 42. Hazırki iş yaşa görə əmək pensiyası ilə bağlı olduğu üçün mübahisəyə də həmin pensiya üzrə qanunvericiliyin müəyyən etdiyi qaydalara diqqət yetirilməlidir. - 43. "xxxx" Qanunun İİ fəsli (7-10-cu maddələr) yaşa görə əmək pensiyasına həsr olunub və həmin Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 7-ci maddənin qeydinə görə bu maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 44. Göründüyü kimi, Qanunun 7-ci maddəsi kişi və qadınların hansı yaşda və hansı şərtlər daxilində yaşa görə əmək pensiyası hüququnu müəyyən edib. - 45. Eyni zamanda Qanunun 8 və 9-cu maddələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslərin də dairəsini müəyyən edib. Qanunun 8-ci maddəsi uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslərlə bağlıdır ki, bu normanın hazırki işə aidiyyəti yoxdur. - 46. Qanunun hazırki işə aid olan 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 47. Qanunun 8 və 9-cu maddələrinin adından və məzmunundan da görünür ki, həmin normada müəyyən edilən əmək pensiyası yaşa görədir, lakin sosial həssaslıq və iş şəraiti baxımından işçinin yaşa görə daha tez pensiya çıxmasına imkan verir. Başqa sözlə, işçinin sosial həssaslıq və iş şəraiti baxımından güzəştli şərtlərlə daha tez yaşda pensiya hüququ, elə yaşa görə pensiyadır. Çünki həmin maddələrdə qeyd edilən şərtlər (sosial həssaslıq və iş şəraiti) mövcud olsa belə, bu, özlüyündə işçinin əmək pensiyası hüququnu yaratmır, bunun üçün işçinin müəyyən yaş həddinə çatması da zəruri şərtdir. - 48. İşin müəyyən edilmiş halına görə iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ güzəştli şərtlərlə daha əvvəl yaranmış, iddiaçı əmək münasibətlərini davam etdirmiş və ümumi pensiya yaşına çatdıqda əmək müqaviləsinə öz xahişi ilə müavinət ödənilməklə xitam verilməsini xahiş etmişdir. - 49. Lakin işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən qətnamənin “tətbiq edilən hüquq” bölməsində "xxxx" Qanunun 7 və 9-cu maddələrinə istinad etsə də, iddia tələbini həmin normaların kontekstində qiymətləndirməmiş, ümumi ifadələrlə kifayətlənərək, iddiaçının əmək şəraitinə görə daha əvvəllər pensiya hüququnun həm də yaşa görə pensiya hesab edilib-edilməməsi məsələsinə aydınlıq gətirməmişdir. Halbuki cavabdehin istər iddiaya etirazının, istərsə də apellyasiya şikayətinin əsas dəlili məhz bunlar olmuşdur. İddianın qanuni və əsaslı həlli üçün də Kollektiv Sazişin şərtləri nəzərə alınmaqla qeyd edilən normalar mərkəzi hüquq normaları kimi təfsir və tətbiq edilməli idi. - 50. Həmçinin apellyasiya instansiyası məhkəməsi Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin cavabdeh tərəfindən ona verilməməsini bu müavinətin verildiyi digər işçilərlə müqayisədə iddiaçıya ayrı-seçkilik kimi qiymətləndirmişdir. - 51. Məhkəmə kollegiyası da nəzərə alır ki, hər hansı əlamətə görə, o cümlədən əmək münasibətlərində ayrı-seçkiliyə yol verilməsi Konstitusiyanın 25-ci maddəsinin İİİ hissəsi və Əmək Məcəlləsinin 16-cı maddəsi ilə qadağan edilir. Belə bir faktın müəyyən edilməsi işin digər halları nəzərə alınmaqla əmək münasibətlərindən doğan tələblərin təmin edilməsini istisna etmir. - 52. Bununla belə, hər bir halın ayrı-seçkilik kimi qiymətləndirilməsi üçün ilk növbədə həmin hala əsas verən xüsusatlar müəyyən edilməlidir. Məsələn, hazırki işin halları baxımından, bu nəticəyə gəlmək üçün cavabdehin iddiaçı ilə eyni vəziyyətdə olan digər işçiyə fərqli münasibət göstərərək müavinət verib-verməməsi müəyyən edilməli idi. Lakin işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi bu halı müəyyən etmədən cavabdehin iddiaçıya qarşı ayrıl-seçkilik etməsi nəticəsinə gəlmişdir. - 53. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsinin iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun 2011-ci ildən yaranmasına istinad etməsi də düzgün olmamışdır, halbuki, iddiaçının güzəştli pensiya hüququ 2009-cu ildən yaranmışdır. - 54. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, əvvəla, bu halın iş üçün nə kimi əhəmiyyət daşımasına qiymət verilməyib. İkincisi, iddiaçı özü birinci instansiya məhkəməsində güzəştli şərtlərlə pensiya hüququnun 2011-ci ildə yaranmasını bildirməklə, cavabdehin bu barədə dəlilini təsdiq edib (İ cild, iş v.85). İddiaçının güzəştli şərtlərlə pensiya hüququnun 2009-cu ildən yaranması barədə birinci instansiya məhkəməsinə hər hansı sübut da təqdim edilməyib. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun 2009cu ildən yaranmasının hansı sübutun qiymətləndirilməsi nəticəsində müəyyən edilməsi və bunun mübahisənin həllində nə kimi mühüm olması işdən görünmür. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə görə isə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar... göstərilməlidir. - 55. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, bundan sonra tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.”
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
31. Apellyasiya şikayətinin dəlilləri qətnamənin 19-cu bəndində qeyd olunmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
33. İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdilər.
34. Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirdi.
Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 10-1.1 Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Maddə 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Maddə 35. Münasibətlərin tənzimlənməsi sahəsindən asılı olaraq aşağıdakı kollektiv sazişlər bağlanıla bilər: a) Baş kollektiv saziş-respublikada sosial-iqtisadi siyasətin aparılmasının razılaşdırılmış ümumi prinsiplərini müəyyən edir. b) Sahə (tarif) kollektiv sazişi- müvafiq sahənin sosial-iqtisadi inkişafı istiqamətlərini, peşə qrupları, sahənin işçiləri üçün əmək şəraiti və əmək haqqı, sosial təminatları müəyyən edir. c) Ərazi (rayon) kollektiv sazişi- ərazi xüsusiyyətləri ilə bağlı müəyyən sosial iqtisadi problemlərin həlli şərtlərini müəyyən edir. Maddə 39 1. Kollektiv saziş bir ildən üç ilədək müddətə bağlanıla bilər. Maddə 39.2. Kollektiv saziş imzalandığı və ya sazişdə göstərilən gündən qüvvəyə minir.
36. "xxxx" Azərbaycan Respublikasının Qanunu: Maddə 4.1 bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. Yaşa görə əmək pensiyası; 4.1.2. Əlilliyə görə əmək pensiyası; 4.1.3. Ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1 dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
40. İddiaçı tələbində pensiya yaşına çatması ilə əlaqədar öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsi barədə ərizə verdiyi üçün orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsini xahiş edir və tələbinin əsası kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X8 İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Saziş bağlanmasına və həmin Sazişin işçilərə qanunvericiliklə nəzərdə tutulmuş pensiya yaşına çatdıqdan sonra 1 ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermək imkanı təklif edilməsi, şəxsin bu imkandan istifadə etdiyi halda isə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsinin nəzərdə tutulmasına dair 5.16-cı bəndinə istinad etmişdir. Cavabdehin etirazı isə ondan ibarətdir ki, iddiaçının yaşla əlaqədar güzəştli şərtlərlə əmək pensiyası hüququ uzun müddətdir (2011-ci il tarixindən etibarən) əmələ gəldiyindən iddiaçıya əmək haqqının 5 mislini ödəmək üçün Kollektiv Sazişdə nəzərdə tutulan şərt mövcud deyil. İşin müəyyən edilmiş hallarına görə iddiaçı ilə əmək müqaviləsinə sonuncunun öz xahişinə əsasən Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-cü hissəsinin “d” bəndinə əsasən (əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə müəyyən etdiyi digər hallar üzrə) xitam verilmişdir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" Qanunun 4.1-ci maddəsinə görə əmək pensiyalarının 3 növü vardır: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası. İddiaçının da istehsalatın zərərli sahələrində işlədiyindən güzəştli şərtlərlə 2009-ci ildən pensiya hüququ yaranmışdır və bu pensiya da məhz yaşa görə əmək pensiyasıdır. Pensiya hüququ yarandıqdan sonra iddiaçı eyni zamanda əmək münasibətlərinə davam etməklə 19 mart 2024-cü il tarixədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsində çalışmış, ümumi pensiya yaşına çatdıqda əmək müqaviləsinə öz xahişi ilə müavinət ödənilməklə xitam verilməsini xahiş etmişdir. Buna görə də iddiaçının istinad etdiyi kollektiv sazişin şərtlərinin bu münasibətlərə tətbiq olunması üçün heç bir əsas mövcud deyildir.
42. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə görə digər araşdırılmalı xüsusat iddiaçıya müavinatın verilməməsinin ayrı-seçkilik kimi qiymətləndirilməsi, cavabdehin iddiaçı ilə eyni vəziyyətdə olan digər işçiyə fərqli münasibət göstərərək müavinət verib-verməməsinin müəyyən edilməsi olmuşdur.
43. Bu xüsusatın araşdırılması məqsədilə həm iddiaçıya, həm də cavabdehə sübutlar təqdim olunması təklif edilmiş, bununla bağlı məhkəmə iclasları təxirə salınmışdır. İddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamış, cavabdeh tərəfindən isə müxtəlif dövrləri əhatə edən əmrlər təqdim edilmişdir. Həmin əmrləri də nəzərdən keçirərkən məhkəmə kollegiyası iddiaçı ilə eyni vəziyyətdə olan digər işçilərə fərqli münasibət göstərilməsi halını müəyyən etməmişdir.
44. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
45. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, e-2(011)- 5416/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, e-2(011)- 5416/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.