Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3928/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 mart 2022-il tarixli, 2(005)-674/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı (üçüncü şəxs "xxxx" Sığorta Şirkəti ASC 3-cü şəxs qismində olmaqla) “müalicə və sığorta pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X6 and Enginecring Group” MMC-dən istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində 4000 (dörd min) manat sığorta haqqı, 5000 (beş min) manat məbləğində müalicə haqqının, həmçinin ödənilmiş 110 (bir yüz on) manat məbləğində dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, “X4 and Engineering Group’' MMC-də qəlibçi işində çalışmışdır. O, 01 sentyabr 2020-ci il tarixində saat 11:45 radələrində Cavabdeh MMC-nin iş icraçısı Ramin Aslanov, X11, digər qəlibçilər Fəqan Səmədov, Vüsal Ələkbərov, Asif Əbilov, Samir Çobanov və digər işçilərlə birlikdə işlədiyi “Bakı Ağ şəhər" layihəsində yerləşən “Pasaj” obyektinin iş sahəsinə gəlmişdir. Qeyd olunan ərazidə ayaqaltı konstruksiyanın üstünə çıxıb taxta qəlibləri sökdüyü zaman ani olaraq ayaqaltının döşəməsinə vurulmuş lövhələrin üstündən müvazinətini saxlaya bilməyərək metal ayaqaltının içərisindəki boşluqdan təxminən 8 metr hündürlükdən döşəmənin üstünə yıxılmışdır. Hadisə nəticəsində sol diz oynağında 175 dərəcə açıcı və 70 dərəcə bükücü kontraktura vəziyyəti ilə qeyd olunan sol bud və sağ daban sümüklərinin qapalı sınıqları və sol əzilmiş dəri yarası nəticəsində sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuşdur. Hadisə baş verdikdən sonra Mahir Əliyev onu, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gətirmiş, həkimlər tərəfindən rentgen müayinəsindən keçirildikdən və müvafiq tibbi yardımlar göstərildikdən sonra palataya yerləşdirilmişdir. Həmin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 20 gün yatdıqdan sonra evə buraxılmışdır. Sənədlərdə isə xəstəxanada 10 gün yatdığı qeyd olunmuşdur. İl yarımdan çox müalicələrin getməsinə baxmayaraq “X4 and Engineering Group" MMC tərəfindən ona itirilən sağlamlığının bərpası üçün heç bir müalicə və sığorta haqqı ödənilməmişdir. Bütün bunlara əsasən ona 4000 (dörd min) manat məbləğində sığorta haqqı və 5000 (beş min) manat məbləğində müalicə haqqı ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 mart 2022-il tarixli, 2(005)-674/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28.03.2022-ci il tarixli 2(005)-674/2022 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, iddiaçı məhkəmə iclaslarında iştirak etmiş, orada izahatını vermişdir. Həmçinin məhkəmənin hakiminə cavabdeh tərəfindən sığorta sənədlərinin verilmədiyini bildirmişdir. Məhkəmənin hakimi cavabdehə sığorta sənədlərini iddiaçıya verməyi tapşırsa da, cavabdeh tərəf hakimin tələbini yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı Tibbi- Sosial Ekspert Komissiyasına müraciət edə bilməmişdir. Halbuki, məhkəmənin hakimi iddiaçının Tibbi Sosial Ekspert Komissiyasından keçməyini lazım bilib iddiaçıya göndəriş verə bilərdi. Məhkəmənin hakimi iddiaçının sığorta sənədlərinin ona təqdim olunmasını cavabdehdən tələb etməyib və iddiaçının Tibbi-Sosial Ekspert Komissiyasından keçməyi üçün ekspertiza təyin etməyib. İddiaçı bildirir ki, cavabdeh “X4 and Engineering Group" MMC-nin rəhbərliyi tərəfindən guya ki, İddiaçı 12000 manat pul vəsaiti verilmişdir. Halbuki məhkəmə həmin pulun iddiaçıya hansı səbəbə verdiyini araşdırmamışdır. Bildirmək istəyir ki, iddiaçı fəhlə adamdır, iddiaçı yıxıldıqdan sonra ona qarşı laqeyid münasibət göstərildiyi üçün heç bir prossedur qaydaları həyata keçirilməyib və bu səbəbdən də məhkəmədə lazım olan sənədləri təqdim edə bilməmişdir. Məhkəmədə iddiaçının Tibbi-Sosial Ekspert Komissiyasından keçməsi barədə sənəd yox idi. Bu səbəbdən də iddiaçının Tibbi Sosial Ekspert Komissiyasından keçməsi üçün ekizpertiza təyin olunmasını istəyir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətinin təmin edilməsini xahiş etdi. İş üzrə Cavabdeh MMC-nin nümayəndəsi X2 apelyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. İş üzrə üçüncü şəxs "xxxx" Sığorta Şirkəti ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəfin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan: İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01.04.2021-ci il tarixli, 01 №-li Aktın məzmunundan görünür ki, 01 sentyabr 2020-ci il tarixində saat 11-45 radələrində Cavabdeh MMCnin iş icraçısı Ramin Aslanov, X11, digər qəlibçilər Fəqan Səmədov, Vüsal Ələkbərov, Asif Əbilov, Samir Çobanov və digər işçilərlə birlikdə işlədiyi “Bakı Ağ şəhər" layihəsində yerləşən “Pasaj” obyektinin iş sahəsinə gəlmişdir. Qeyd olunan ərazidə ayaqaltı konstruksiyanın üstünə çıxıb taxta qəlibləri sökdüyü zaman ani olaraq ayaqaltının döşəməsinə vurulmuş lövhələrin üstündən müvazinətini saxlaya bilməyərək metal ayaqaltının içərisindəki boşluqdan təxminən 4,5 metr hündürlükdən döşəmənin üstünə yıxılmışdır. İnzibati xəta haqqında MN seriyalı, ******* №-li protokoldan görünür ki, Cavabdeh MMC-nin direktoru X8 tərəfindən işçisi İddiaçı 01.09.2020-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada X9 Xidmətinə həmin gün məlumat verilməmişdir. X3 tərəfindən AR İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında MN seriyalı, ******* №-li qərardan görünür ki, “X4 and Engineering Group" MMC-nin direktoru X8 tərəfindən işçisi İddiaçı 01.09.2020-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada X9 Xidmətinə həmin gün məlumat verilməmişdir. X3 tərəfindən AR İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 1000 manat məbləğində cərimə edilmişdir. 14.10.2021-ci il tarixli əlyazmadan görünür ki, İddiaçı 12000 manat məbləğində pulu “X4 and Engineering Group" MMC-nin rəhbərliyindən almışdır. Araşdırılmış sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı “X4 and Engineering Group" MMC-də qəlibçi kimi işləmişdir. 01.09.2020-ci il tarixdə işdə olarkən bədbəxt hadisə baş vermiş və nəticədə İddiaçı peşə xəsarəti almışdır. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində 4000 (dörd min) manat sığorta haqqı, 5000 (beş min) manat məbləğində müalicə haqqının onun xeyrinə ödənilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini 5000 manat məbləğində müalicə pulunun tutulması hissəsində rədd edərkən düzgün nəticəyə gəlmişdir. Belə ki, Azəpbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonar-MM) 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Göründüyü kimi, iddiaçı 5000 manat məbləğində müalicə pulunun cavabdehdən tutulmasını xahiş etsə də, bu müalicənin nədən ibarət olması, tələb olunan xərclə bağlı sübutlar təqim etməmişdir. Əksinə, iş materiallarından görünür ki, 14.10.2021-ci il tarixli əlyazmada İddiaçı 12000 manat məbləğində pulu Cavabdeh MMC-nin rəhbərliyindən almışdır. Apellyator 12000 manat məbləğində pulun ona hansı məqsədlə ayrılmasının birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamasını qeyd etsə də, apellyasiya mərhələsində qeyd olunan pulun ona hansı məqsədlə verilməsinə heç bir aydınlıq gətirməmişdir. Kollegiya qeyd edir ki, iddiaçı müalicəsinin pulsuz almaq hüququnun olmadığı müəyyən olunduğu halda, onun müalicəsinə görə çəkdiyi və ya çəkilməli olan xərclərlə bağlı sübutlar əldə edəcəyi təqdirdə, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “j” bəndinə əsasən işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqlarına aiddir. Həmin Məcəlləsinin 225.1-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Həmin Məcəlləsinin 225.2-ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında” icbari sığorta haqqında Qanunun 2.0.12-ci maddəsinə əsasən icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan hal sığorta hadisəsi hesab edilir. Həmin Qanunun 2.0.21. maddəsinə əsasən "peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi sığorta olunanın sığorta hadisəsi baş verənədək malik olduğu peşə əmək qabiliyyətinin davamlı itirilməsinin faizlə ifadəsi” kimi müəyyən edilib. Qanunvericiliyin tələblərindən görünüdüyü kimi əmək qabiliyyətinin davamlı itirilməsinin faizlə ifadəsi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müəyyən edilməlidir. Hazırkı iş üzrə İddiaçı sığorta olunan kimi peşə əmək qabiliyyətinin itirilməsinin faiz dərəcəsi ilə bağlı Tibbi-Sosial Ekspert Komissiyasının qərarını təqdim etmədiyindən, baş vermiş hadisə müvafiq Qanuna əsasən sığorta hadisəsi hesab edilmir. Kollegiya bu hissədə də qeyd edir ki, iddiaçının peşə əmək qabiliyyətinin itirilməsinin faiz dərəcəsi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müəyyən olunduğu halda, o, sığorta hadisəsi üzrə sığorta ödənişinin ödənilməsini sığortaçı "xxxx" Sığorta Şirkəti ASC-dən tələb edə bilər. Hazırki iş üzrə isə iddiaçı sığorta haqqını sığortaçı "xxxx" Sığorta Şirkəti ASC-dən (hazırki iş üzrə 3-cü şəxs) deyil, Cavabdeh MMC-dən tələb etmişdir. Kollegiya apellyatorun ekspertiza təyin edilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, ekspertiza rəyi MPM-nin 76.2-ci maddəsinə əsasən sübutun bir növü olmaqla, sübutlar MPM-nin 78.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinə təqdim edilir. İddiaçı birinci instansiya məhkəməsinə ekspertiza təyin edilməsi ilə bağlı vəsatət verməmiş, apellyasiya mərhələsində isə yeni sübutlar MPM-nin 372.2-ci maddəsinə əsasən qəbul edilmir. Kollegiya apellyatorun cavabdehin təqsiri üzündən Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edə bilməməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01.04.2021-ci il tarixli, 01 №-li Akt tərtib edilmiş, həmin akt iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuşdur. İddiaçının həmin akt əsasında peşə əmək qabiliyyətinin itirilməsinin faiz dərəcəsinin müəyyən edilməsi üçün Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etməsi müəyyən olunmur. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin 4000 manat məbləğində sığorta haqqının tutulması hissəsində iddianı rədd edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 mart 2022-il tarixli, 2(005)- 674/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-3928/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3928/2022
25.05.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver