Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3929/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(011)-5511/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə və mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2(011)-5511/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.12.2021-ci il tarixli, 2(103)- 11991/2021saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(011)-5511/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilmiş və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29.12.2021-ci il tarixli, 2(011)-5511/2021 saylı qərardadına əsasən İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(011)-5511/2021 saylı qətnaməsindən verdiyi apelyasiya şikayəti geri qaytarılmışdır. 13.01.2022-ci il tarixində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(011)-5511/2021 saylı qətnaməsindən apelyasiya şikayəti təkrar olaraq iddiaçının vəkili tərəfindən “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmiş, və eyni zamanda, o, ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış prosessual müddətin üzrlü hesab edilərək müddətin bərpa olunmasını xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı ərizəni rəsmi qaydada poçt vasitəsilə 18.10.2021-ci il tarixində almışdır. İddiaçının vəkili tərəfindən apelyasiya şikayəti müddəti ötürülmədən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verilmişdir. Lakin, apelyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri gözlənilmədən elektron qaydada verilmədiyinə görə geri qaytarılmışdır. Bu səbəblə də iddiaçı tərəfindən yeni qaydalarla elektron apelyasiya şikayətini vermək mümkün olmamışdır. Odur ki, müddət bərpa edilməlidir. Bakı şəhər Xətai rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(011)-5511/2021 saylı qərardadı ilə İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(011)- 5511/2021 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin təmin olunmaması qərara alınmışdır. Qərardaddan İddiaçı şikayət verərək onun ləğv edilməsini, əks təqdirdə şikayətin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılır ki, iddiaçı hesab edir ki, məhkəmənin bu mövqeyi ilə razılaşmaq olmaz. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29.12.2021-ci il tarixli, 2(011)-5511/2021 saylı qərardadına əsasən İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(011)-5511/2021 saylı qətnaməsindən verdiyi apelyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı bundan xəbər tutan kimi dərhal yeni qaydalarla apellyasiya şikayətini göndərmişdir. İddiaçının hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdır. İddiaçı həmçinin şikayətin geri qaytarılmaması üçün müddətin bərpası barədə də vəsatət vermişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayəti nəzərdən keçirib hesab edir ki, şikayət qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən qeyd etmişdir ki, iddiaçı tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5511/2021 nömrəli, 22.09.2021-ci il tarixli qətnaməsindən 16.11.2021-ci il tarixində verilmiş apelyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət ərzində təqdim edilsə də, həmin şikayət qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apelyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) əməl etmədən verilmişdir. 13.01.2022-ci il tarixində iddiaçı təkrar olaraq qətnamədən apelyasiya şikayətini vermişdir. Lakin qeyd edilən apelyasiya şikayəti də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş formaya riayət edilmədən və həmin məcəllənin 361.1-ci maddəsi ilə müəyyən edilmiş məzmunda (şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməmişdir) verilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən apelyasiya şikayəti birinci dəfə qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyinə görə təkrar olaraq apelyasiya şikayətinin verilməsi və ötürülmüş prosessual müddətin bərpası üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bu isə apelyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpası üçün üzrlü səbəb hesab edilə bilməz. Odur ki, İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5511/2021 nömrəli, 22.09.2021-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti geri qaytarılmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.12.2021-ci il tarixli, 2(103)- 11991/2021saylı qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilərkən, qərardadda qeyd olunmuşdur ki, iddiaçı apellyasiya şikayətini qanunla müəyyən edilmiş formaya (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) əməl etmədən vermişdir. Kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03.12.2021-ci il tarixli, 2(103)-11991/2021saylı qərardadından sonra iddiaçı tərəfindən yenidən verilmiş apellyasiya şikayətində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş formasına əməl olunmaqla apellyasiya şikayəti verildiyi halda, birinci instansiya məhkəməsi bununla razılaşmamış, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutların göstərilmədiyini qeyd etmişdir. Həmçinin məhkəmə hesab etmişdir ki, qüsurların aradan qaldırılmadan apellyasiya şikayətinin yenidən verilməsi, müddətin bərpası üçün üzürlü hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla, mülki iş materialları prosessual müddətin bərpası ilə bağlı ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli, 2(011)-5511/2021 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2(011)-5511/2021 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəyə yenidən baxılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-3929/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3929/2022
11.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver