Məhkəmə qərarları › İş №2(103)-393/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-393/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-393/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "əsas və faiz borcunun qaytarılması və sair") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-970/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı QSC BOKT Cavabdeh qarşı «əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 6.245 manat, faiz borcu 3.903,05 manat olmaqla, cəmi 10.148,05 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 120,44 manat məbləğində dövlət rüsumunun iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-EN-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Touareq” markalı minik avtomobilinə (buraxılış ili 2008, Ban-WVGZZZ7LZ9DO14788, rəngi-ağ) yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının xeyrinə ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub iddiaçının hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-970/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Natavan Tağıyeva) ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 6.245 (altı min iki yüz qırx beş) manat məbləğində əsas borc, 3.903,05 (üç min doqquz yüz üç manat, beş qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 10.148,05 (on min yüz qırx səkkiz manat beş qəpik) manat məbləğində kredit borcu və həmçinin, ödənilmiş 120,44 (yüz iyirmi manat qırx dörd qəpik) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı QSC BOKT-a ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan **-EN-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Touareq” markalı minik avtomobilinə (buraxılış ili 2008, Ban-WVGZZZ7LZ9DO14788, rəngi-ağ) yönəldilməsi, Cavabdeh mülkiyyətində olan **-EN-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Touareq” markalı minik avtomobilin (buraxılış ili 2008, BanWVGZZZ7LZ9DO14788, rəngi-ağ) açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitin kredit borcuna müvafiq şəkildə İddiaçı QSC BOKTa ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) ödənilməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onların dəlili:

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində əsas dəlil kimi ekspert rəyləri arasında ziddiyyətin olduğunu, həmin ziddiyyətlərin aradan qaldırılması üçün yenidən ekspertiza təyin olunmasına dair onların tərəfindən qaldırılmış vəsatətin hansısa səbəbdən məhkəmə tərəfindən qəbul edilmədiyini, bu səbəbdən qətnamənin ləğv edilməsi, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Belə ki, Hazırkı iş üzrə işinmübahisə olunmayan halı tərəflər arasında 06 yanvar 2009-cu il tarixdə 169 nömrəli krediti müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən cavabdehə Bank tərəfindən avtomaşın alınması məqsədilə 60 ay müddətinə illik 19% ödəmək şərtilə 39.500 manat məbləğində kredit verilməsidir. Alınmış kreditin müqabilində cavabdeh tərəfindən Banka xx.xx.2020-ci il tarixədək ümumilikdə 63382 manat vəsaitin ödənilməsi, iddiaçının həmin ödənilən məbləğin 33.108 manatının əsas borca, qalan məbləğin isə faiz borcundan ibarət olmasıdır. Buna baxmayaraq iddiaçıbu gün cavabdehdən cəmi 10148,05 manat borc tələb edir- 6245 manat əsas +3903,05 manat faiz borcu. Və bu borcun hansı qaydada hesablanmasına dair məhkəməyə hər hansı bir sübut, sənəd təqdim etməmiş və ona görə də hazırkı mübahisəyə baxan məhkəmələr iş üzrə iki dəfə məhkəməmühasibatlıq ekspertizası təyin etməyə məcbur olurlar. İlk ekspert rəyi (xx.xx.2022-ci il tarixli, 9/987 saylı rəy) iddiaçının tələb etdiyi məbləği təxmini də olsa təsdiq etmişdir, yəni belə qənaətə gəlmişdir ki, cavabdehin hazırkı vaxta Banka 6391,95 manat əsas, 54,15 manat faiz borcu qalmışdır. Məhkəmə həmin rəyə müvafiq qətnamə qəbul etmişdir və həmin qətnamə ilə iddiaçırazılaşaraq ondan şikayət etməmişdir. Hazırkı iş üzrə məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli, 2(006)-970/2023 saylı qərardadla təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/1723 saylı rəyi ilə isə müəyyən edilmiş hesab edilir ki, guya cavabdehin banka xx.xx.2014cü ilə olan borcunun məbləği əsas borc üzrə 18.924,58 manat, faiz borcu üzrə isə 129,84 manat təşkil edir. Həmçinin xx.xx.2022-ci il tarixinə Banka olan borcunun məbləği əsas borc üzrə 7.708,31 manat, faiz borcu üzrə isə 5517,48 manat təşkil edir.

5. İddiaçı Bank iddia edir və razılaşır ki, borclunun ona 6245 manat əsas borcu, 54 manat faiz borcu qalıb, “ekspert” isə iddia edir ki, yox borclunun Banka 7708,31 manat əsas, 5517,48 manat faiz, cəmi13325,79 manat borcu qalmışdır. Həm də “ekspert” həmin borcun haradan və necə əmələ gəlməsini açıqlamır, halbuki, məhkəmə onun qarşısında əsas və faiz borcunun müqavilə şərtlərinə uyğun olaraq düzgün hesablanıb-hesblanmamasının müəyyən edilməsinə dair sual da qoymuşdur. Bununla yanaşı məhkəmə ekspert rəyini deyil, iddia tələbini əsas göstərmiş və qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbindən kənara çıxmamaq üçün ekspert rəyini deyil, iddia tələbini əsas tutur.

6. Onda sual olunur ki, məhkəməninekspertiza təyin etməkdə məqsədi nə olmuşdur? Məgər iddia ərizəsində əsas və faiz borcunun nə qədər və nə cürə hesablanması açıqlanmışdır? Yaxud hazırkı qətnamədə məhkəmə bu suallara cavab vermişdirmi?

7. Hesab edir ki, hazırkı vəziyyətdə qanuni, ədalətli və obyektiv qərar qəbul olunması mümkünsüzdür və hesab edirik ki, yuxarıda qeyd edilən ziddiyyətlər aradan qaldırılmalıdır. Bu rəylər arasındakı ziddiyyətin aradan qaldırılması üçün yenidən ekspertiza təyin olunmasına dair tərəfimizdən qaldırılmış vəsatət hansısa səbəbdən məhkəmə tərəfindən qəbul edilməmişdir Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında сavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 apellasiya şikayətini müdafiə edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

10. Mülki iş materiallarında olan:

11. 06 yanvar 2009-cu il tarixli, 169 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən "xxxx" ASC avtomaşın alınması məqsədi üçün 60 (altmış) ay müddətinə illik 19 (on doqquz) % ödəmək şərtilə borcalan Cavabdeh 39.500 (otuz doqquz min beş yüz) manat məbləğində kredit vermiş, borcalan Cavabdeh bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.

12. 06 yanvar 2009-cu il tarixli, 169 nömrəli ipoteka müqaviləsindən görünür ki, tərəflər arasında 39.500 manat məbləğində 60 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi ipoteka müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən tərəflər ipoteka predmeti olan “VOLKSWAGEN TOUAREQ” markalı minik avtomobilin (buraxılış ili 2008, Ban - WVGZZZ7LZ9D014788, rəngi - Ag) ipotekaya qoyulması barədə razılığa gəlmişlər. İpotekaya qoyulmuş əmlak 53.500 manat məbləğində qiymətləndirilmişdir.

13. «X3 Edilməsi Agentliyi» MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4857 saylı “tələbin güzəşt edilməsi və öhdəliyin yerinə yetirilməsinə dair” bildirişdən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

14. «X3 Edilməsi Agentliyi» MMC tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4978 saylı bildirişin qeydə alınmasına dair ərizədən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə olan öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən “bildirişin qeydiyyata alınmasına dair” ərizənin dövlət qeydiyyatına alınması xahiş edilmişdir.

15. İddiaçı QSC BOKT tərəfindən verilən 26 dekabr 2022-ci il tarixli, 3-11/3695№li Arayışdan görünür ki, xx.xx.2018-ci il tarixdə 14.348,05 manat məbləğində borc "xxxx" ASC tərəfindən İddiaçı QSC-yə ötürülmüşdür. Müştəri tərəfindən İddiaçı QSCyə 4200 manat məbləğində ödəniş edilmişdir. Müştərinin xx.xx.2022-ci il tarixə İddiaçı QSC-yə olan borcu 10.148,05 manat təşkil etmişdir.

16. AB № 293039 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-EN-*** dövlət qeydiyyat nişanlı, “Volkswagen Touareq” markalı minik avtomobil Cavabdeh məxsusdur.

17. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/1723 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il (müqavilənin bitdiyi tarixə) və xx.xx.2022-ci il (iddia tələbində göstərilən tarixə) tarixlərə İddiaçı QSC-yə olan borcu xx.xx.2014-cü il tarixə (müqavilənin bitdiyi tarixə) əsas kredit borcu 18.924,58 manat, faiz borcu 129,84 manat, xx.xx.2022-ci il tarixə (iddia tələbində göstərilən tarixə) əsas kredit borcu 7708,31 manat, faiz borcu 5517,48 manat təşkil edir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5758/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin vəsatət təmin edilmiş, hazırkı iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulsun.

1. Cavabdeh ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı arasında bağlanmış 169 saylı, 06 yanvar 2009-cu il tarixli kredit müqaviləsinə əsasən, kredit müqaviləsinin bitdiyi xx.xx.2014-cü il tarixə və iddia ərizəsinin verildiyi xx.xx.2022-ci il tarixə yaranmış əsas və faiz borcunun məbləği müəyyən edilsin.

2. Həmin kredit müqaviləsi üzrə cavabdeh tərəfindən nə qədər ödəniş edilmişdir?

3. Cavabdeh tərəfindən müqavilə müddətinin bitməsindən sonra aparılmış ödəmələrin hansı hissəsinin əsas və hansı hissəsinin faiz borcuna silinməsi müəyyən edilsin.

4. Borc alan Cavabdeh ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı arasında bağlanmış 169 saylı, 06 yanvar 2009-cu il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcu məbləğləri müqavilənin şərtlərinə uyğun olaraq düzgün hesablanmışdırmı?

19. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə:

20. Birinci sual üzrə, 169 saylı, 06 yanvar 2009-cu il tarixli kredit müqaviləsinə əsasən, kredit müqaviləsinin bitdiyi xx.xx.2014-cü il tarixə əsas borc: 18.924,58 manat, faiz borcu 129,84 manat və iddia ərizəsinin verildiyi xx.xx.2022-ci il tarixə yaranmış əsas borc: 3.334,42 manat, faiz borcu: 0,00 manat, illik 5% faiz borcu 2877,30 manat təşkil edir.

21. İkinci sual üzrə, həmin kredit müqaviləsi üzrə cavabdeh tərəfindən banka xx.xx.2020-ci il tarixədək 63.382,00 manat ödəniş edilmişdir.

22. Üçüncü sual üzrə, cavabdeh tərəfindən müqavilə müddətinin bitməsindən sonra kreditora 15.720,00 manat məbləğində ödəniş edilmiş, həmin ödəmələrin 15.590,16 manatı əsas, 129,84 manatı isə kredit müqaviləsi müddəti ərzində hesablanmış faiz borcundan silinmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

23. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

32. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.3. qətnaməni dəyişdirə bilər; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

35. Hazırkı halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmununda kredit müqaviləsinə görə yaranmış borcu mübahisələndirdiyindən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən kredit müqaviləsinə görə yaranmış borc hissədə yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

36. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir.

37. Belə ki, cavabdehin apellyasiya şikayəti əsasında təkrar məhkəməmühasibatlıq ekspertizası keçirilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə, iddia ərizəsinin verildiyi xx.xx.2022-ci il tarixə yaranmış əsas borc: 3.334,42 manat, faiz borcu: 0,00 manat təşkil etdiyi müəyyən olunmuşdur.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ekspert rəyinə uyğun olaraq cavabdehdən iddiaçının xeyrinə kredit müqaviləsinə görə tutulan pul məbləği hissədə dəyişdirilməli, cavabdehdən tutulmalı ümumi borc məbləği 3.334,42 (üç min üç yüz otuz dörd manat, qırx iki qəpik) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə:

39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ekspert rəyinə uyğun olaraq cavabdehdən iddiaçının xeyrinə kredit müqaviləsinə görə tutulan pul məbləği hissədə dəyişidirilməli, cavabdehdən tutulmalı ümumi borc məbləği 3.334,42 manat (üç min üç yüz otuz dörd manat, qırx iki qəpik) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

41. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır.

42. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Nəsimi Rayon Məhkəməsinin 2(006)-970/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi, qismən cavabdehdən iddiaçının xeyrinə kredit müqaviləsinə görə tutulan pul məbləği hissədə dəyişdirilsin. Cavabdeh İddiaçı QSC BOKT-un xeyrinə kredit müqaviləsinə görə tutulan ümumi pul məbləği 3.334,42 manat (üç min üç yüz otuz dörd manat, qırx iki qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisləndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına Cavabdeh tutularaq ödənilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar