Məhkəmə qərarları › İş №2(103)-393/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-393/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-393/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “akt əsasında tətbiq edilmiş məbləğin hesab kodundan silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-3967/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı barəsində 2018-2019-cu illərdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir.

2. **********00005 saylı abonent koduna həmin illər üzrə qalıq və aktlar üzrə ümumilikdə 3697,8 manat borc hesablanmışdır.

3. İddiaçının aktlar üzrə borcu 2035.4 manat, debitor borcu isə 1662,40 manat təşkil etmiş, debitor borcdan 226,63 manatı cavabdehə ödənilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh İB-yə qarşı “akt əsasında tətbiq edilmiş məbləğin hesab kodundan silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçının hesab koduna yazılmış 2.800 manat məbləğin hesab kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən, 2019-cu ildə İddiaçı ünvan 1, ev 108 küçəsi ünvanda abonent kodu markalı **********00005 olan qaz sayğacı quraşdırılmışdır. Bu akta qeyd olunan prosedurların zədələnmiş qaz sayğaclarındada eyni qyadada tətbiq olunduğu azəriqaz əməkdaşları tərəfindən ona bildirilmədiyi və məlumatlandırılmadığı üçün vaxtında sayğacın təchizatçı tərəfindən ödənişsiz quraşdırılması barədə müvafiq məhkəmə qərarını azəriqaza təqdim etməyi mümkün olmamışdır. İddiaçı tərəfindən sayğaca heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Qanunvericilikdə fiziki şəxslərin evlərinə quraşdırılmış qaz sayğaclarının qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır və həmçinin qaz sayğacının dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılmasının qaz paylayıcısı tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə, iddiaçı tərəfindən qaz sayğacına, küçədəki qaz kəmərinə müdaxilə olunmasına dair cavabdehin heç bir sübutu yoxdur. İddiaçıya məxsus fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar qanunsuz istifadə olunması faktı da cavabdeh tərəfindən sübut edilməmişdir.

6. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 3967/2024 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Mirzəliyev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İB tərəfindən İddiaçı aktlar əsasında hesablanmış 2.736,57 manat məbləğində borcdan 2.122,17 manat borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, yazılmış aktlardan 2018-ci ilin yanvar ayında 614,40 manat - birinci aktı əsas götürürək, sonraki aktları əsaslı hesab etmir. Vətəndaşın aktlar üzrə hazırki vaxtda 2.736,57 manat borc məbləği mövcuddur. Həmin məbləğdən 1ci aktda olan 2018-ci ilin yanvar ayında yazılan 614,40 manat çıxmaqla yerdə qalan 2.122,17 manat borc məbləği silinməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2-ci maddələrinə, Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsinə, 13-cü maddəsinin 8-1-ci bəndinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsi xahiş edilmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdiyimiz qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-ninəməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən İddiaçı tərəfindənözünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir. Tərtib edilmiş həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və 2018-ci il ərzində tərtib edilmiş aktlara əsasən 1.106,60 manat, 2019-cu il əriznədə tərtib edilmiş aktlara əsasən isə 928,80 manat dəymiş ziyan məbləği hesablanmışdır. Göstərilənlərdən məlum olur ki, tərtib edilmiş aktlara əsasən cəmi 2.035,40 manat məbləğində dəymiş ziyan hesablanmışdır. İddia tələbinin qalan hissəsi sayğac vasitəsilə istifadə edilmiş təbii qazın dəyəridir. Lakin birinci instansiya məhkəməsi 2018-ci ilin yanvar ayında tərtib edilmiş akt üzrə hesablanmış 614,40 manat dəymiş ziyan məbləğini əsaslı hesab etsə də, həmin məbləği iddia tələbində göstərilən ümumi məbləğdən çıxmış, nəticədə də sayğac vasitəsilə istifadə edilmiş təbii qazın dəyərini də silmişdir. Göründüyü kimi, istehlakçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni birləşmə vasitəsilə istifadə etməklə cavabdehə böyük məbləğdə ziyan vurmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

13. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

15. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”: Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Maddə 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Hazırkı işdə iddia qismən təmin olunduğundan və apellyasiya şikayətinin məzmununa görə cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi silinməli olan borcun məbləği hissəsində dəyişdirilməli, həmin məbləğ 1.421 manat məbləğində müəyyən edilməlidir.

21. İşdən görünür ki, ünvan 1, ev 108 küçəsi ünvanında təbii qazdan qeyri-qanuni istifadə edildiyinə görə cavabdeh tərəfindən aktlar tərtib olunmuş və cavabdehə dəymiş ziyan hesablanaraq iddiaçının abonent saldosuna daxil edilmişdir.

22. İddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən əsassız hesablanmış 2800 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-trasoloji və məhkəmə mühəndis-texniki ekspertizaları təyin edilmişdir.

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/9069 nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, mübahisə predmeti olan qazla işləyən cihazların müəyyən edilmiş saatlıq sərfiyyatlarını və məhkəmə tərəfindən həmin cihazların sutkada 12 saat işləmələrinin qəbul olunmasını nəzərə aldıqda, PQ-4 (duxovkalı) tipli qaz avadanlığının bir aylıq istifadəsi zamanı sərf olunan təbii qazın miqdarı 432 m3, dəmir sobanın bir aylıq istifadəsi zamanı sərf olunan təbii qazın miqdarı 504 m3 təşkil edir. “Qaz işlədicilərinin saatlıq qaz sərfi normaları haqqında Təlimafın tələblərinə əsasən 80 litr həcmli su qızdırıcısının saatlıq sərfiyyatı 0.75 m3/saat, 120 litr həcmli su qızdırıcısının sərfiyyatı 1.5 m3/saat, 200 litr həcmli su qızdırıcısının sərfiyyatı 2.5 m3/saat qəbul edilmişdir. Məhkəmə tərəfindən mübahisə predmeti olan suqızdırıcısının həcmi müəyyən edilməklə su qızdırıcısının günlük (daha sonra aylıq) sərfiyyatı müəyyən edilə bilər.

25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3/1815 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş İddiaçı məxsus, ünvan 1 ünvanında yerləşən 108 nömrəli mənzilində quraşdırılmış qaz sayğacı hazırda və ona bərkidilmiş giriş-çıxış borusunda (hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilmədi (fotoşəkillər əsasında tədqiqat aparılmır).

26. İşə apellyasiya qaydasında baxılarkən həmçinin məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis (ekspert) rəyinin verilməsi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə həvalə edilmiş, əldə olunan xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən 108 nömrəli ünvana (abonent kodu **********0005) Cavabdeh İB tərəfindən 2018-ci ilin yanvar, fevral, mart, aprel, may və 2019-cu ilin aprel, may, iyun, iyul, avqust ayları olmaqla tərtib edilmiş 10 akt üzrə ümumilikdə 2.035,40 manat məbləğ hesablanmışdır. Yuxarıda göstərilən illər üzrə istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövr qüvvədə olan qanunvericilikdə tənzimlənmədiyi üçün qeyd olunan aktların düzgün hesablanıbhesablanmaması barədə rəy vermək mümkün deyil. Həmin ünvan üzrə təbii qazdan istifadəyə görə yaranmış debitor borc 1.435,77 (1.662,4 – 226,63) manat təşkil edir (Qeyd olunan ünvanda quraşdırılmış qaz sayğacında (mənfiyə işlədiyi üçün) aşkarlanmış dəyəri ödənilməmiş 1.662,40 manat məbləğində qaz həcmindən istehlakçının sonralar etdiyi ödənişlərdən tutulmalar (226.63 manat) nəzərə alınmaqla).

27. Göründüyü kimi, cavabdeh tərəfindən 2018-2019-cu illər üzrə tərtib edilmiş aktlar əsasında iddiaçının borcu cəmi 2.035,4 manat məbləğində təşkil edir.

28. Lakin birinci instansiya məhkəməsi tərəfindən hesablama aparılarkən bu borcun 2.736,57 manat olduğu müəyyən edilmiş, bununla da səhv nəticəyə gəlinmişdir.

29. Bununla belə, birinci instansiya məhkəməsi tərəfindən 2018-ci ilin yanvar ayında tərtib olunan akt əsaslı hesab edilmiş və həmin akt üzrə hesablanmış 614,4 manat borca münasibətdə iddia tələbi təmin edilməmiş, iş üzrə iddiaçı qətnaməni iddianın təmin olunmayan hissəsində mübahisələndirməmişdir.

30. Ekspert rəyi ilə müəyyən edilir ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 108 nömrəli mənzilində quraşdırılmış qaz sayğacı hazırda və ona bərkidilmiş giriş-çıxış borusunda (hal-hazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) və əlavə xətt aşkar edilməmişdir.

31. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, mütəxəssis rəyinə əsasən abonentə aktlar əsasında həmin illər üzrə hesablanmış 2.035,4 manat borcun 1.421 manatı (2035.4 – 614,4 = 1421 manat) silinməlidir.

32. O da qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 3967/2024 nömrəli qətnaməsi silinməli olan borcun məbləği hissəsində dəyişdirilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə İddiaçı (abonent kodu: **********00005) hesablanmış 1.421 manat məbləğində borc silinsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 210 manat məbləğində vəsait Cavabdeh İB-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar