Məhkəmə qərarları › İş №2(103)-3932/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3932/2020

20.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3932/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-659/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 2, mənzil 1 ünvanındakı onun mənzilindən istifadə hüququnu itirdiyindən istifadə hüquqlarına xitam verilməklə mənzildə pasport qeydiyyatından çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 2, mənzil 1 ünvanındakı onun mənzilindən istifadə hüququnu itirdiyindən istifadə hüquqlarına xitam verilməklə mənzildə pasport qeydiyyatından çıxarılmaları tələblərinə cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması tələbinə işə məhkəmədə baxılmalı olmaması səbəbindən icraata xitam verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-659/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil onun tərəfindən 1989-cu ildə alınmışdır. Alınma əvəz edilmə qaydasında olmuşdur. İddiaçı aldığı bu mənzili Ermənistanda subay ikən əldə etdiyi mənzillə dəyişdirmişdir. Buradan aydın olur ki, Cavabdeh1 və onun ailə üzvlərinin hazırkı mənzilin əldə edilməsi üçün heç bir maddi dəstəyi olmamışdır. Cavabdeh1 1982-ci il təvəllüdlü olmaqla mübahisəli mənzilə 1989-cu ildə pasport qeydiyyatına salınmışdır. Pasport qeydiyyatına salınarkən yetkinlik yaşına çatmamışdır və iddiaçının övladı olaraq qeydə alınmışdır. Lakin hazırda yetkinlik yaşına çatmışdır və onunla etibarlı ailə münasibətlərini qoruyub saxlaya bilmədiyi üçün mülkiyyətçi olaraq onun və ailə üzvlərinin pasport qeydiyyatlarından çıxarılmalarını və istifadə hüquqlarına xitam verilməsini haqlı olaraq tələb edir. Onun hazırkı tələblə məhkəmədə çıxış etməsi onun hüququ olmaqla cavabdehlərin maraqları ilə məhdudlaşdırıla bilməz. Çünki burada mülkiyyətçinin öz əmlakı üzərində sərbəst sərəncam vermək imkanından gedir. Lakin birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamə ilə faktiki olaraq onu bu imkandan məhrum etmiş və əsassız olaraq kompensasiya verilməsi ilə istifadə hüququna xitam verilməli olduğu qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması həm də onda ifadə olunur ki, nəinki oğula münasibətdə, hətta gəlinə münasibətdə nəticə səhv olmuşdur. Belə ki, qətnamənin Adiləyə aid hissəsindən görünür ki, məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə verilmiş rəsmi 6 şərhin ən vacib məqamlarına toxunsa da, Adilənin pasport qeydiyyatından çıxarılmalı olduğunu diqqətdən qaçırmışdır. Belə ki, məhkəmə Adilənin istifadə hüququnun olmadığını bildirdiyi halda, pasport qeydiyyatdan çıxarılmalı olmamasını əsaslandırmağı unutmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdil. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İş üzrə digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq digər cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. İş materiallarının birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 2 saylı xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin təqdim etdiyi xx.xx.2019-cu il tarixli arayışa əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 2, mənzil 1 ünvanında yaşayır, həmin mənzilin mülkiyyətçisidir və eyni zamanda 1982-ci il təvəllüdlü Cavabdeh1 1989-cu ildən, 1986-cı il təvəllüdlü Cavabdeh2 2008-ci ildən, nəvəsi, 2008-ci il təvəllüdlü Cavabdeh3 2008-ci ildən və nəvəsi 2010-cu il təvəllüdlü Cavabdeh4 2010-cu il tarixdən həmin mənzildə daimi qeydiyyatdadırlar. Bakı şəhəri Yasamal rayonu 138 saylı Mənzil İstismar sahəsinin işçiləri Məmmədli Mahir, İbrahimov Ağalar və Hüseynova Səbinə tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus mənzildə qeydiyyatda olsalar da, 2018-ci ilin iyun ayından bəri həmin ünvanda yaşamırlar, ev əşyalarını və şəxsi əşyalarını oradan çıxararaq həmin mənzili tərk etmişlər. MH seriyalı, 025643 saylı qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 2, 1 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. X4, X2 və X6 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, qonşuları Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 2, mənzil 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda daimi yaşayan İddiaçı oğlu Cavabdeh1, onun gəlini Cavabdeh2, onların övladları Cavabdeh3 və Cavabdeh4 qeyd edilən İddiaçı məxsus olan mənzildə qeydiyyatda olsalar da, 2018-ci ilin iyun ayından bəri həmin ünvanda yaşamırlar. Ev əşyalarını və şəxsi əşyalarını oradan çıxararaq həmin mənzili tərk etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Məcəllənin 53-cü maddəsinin 1-ci hissəsi müəyyən edirdi ki, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də məxsus ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (maddə 158.1.2, 158.2, 158.4). Mülki Məcəllənin 228.2-ci maddəsinə müvafiq olaraq yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Bu baxımdan hazırkı iş üzrə iddiaçının Cavabdeh1 hər hansı kompensasiya təklif etmədən onun yaşayış sahəsindən istifadə hüququna xitam verilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh1 İddiaçı ailə üzvü (oğlu) olmaqla, mübahisələndirilən mənzildə uzun müddət yaşadığından, onun həmin yaşayış evindən daimi olaraq köçüb getməsi təsdiq olunmadığından, cavabdehin istifadə hüququna yalnız müvafiq kompensasiya verilməklə xitam verilə bildiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. İddia tələbinin mübahisəli mənzilə Cavabdeh2 istifadə hüququna xitam verilməsi hissəsinə münasibətdə birinci instansiya məhkəməsi qeyd edir ki, baxılan iş üzrə iddiaçı cavabdehin ailə üzvü deyil, habelə mülkiyyətçidən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olmadığı üçün digər qohum hesab edilə bilməz. Eyni zamanda tərəflər arasında iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququna dair notariat qaydada təsdiq olunmuş müqavilə bağlanmadığından cavabdehin Mülki Məcəllənin 228.1 və 228.2ci maddələrinə əsasən də mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. İddia ərizəsində iddiaçı cavabdehin mənzilə istifadə hüquqlarına xitam verilməsini tələb edir. Halbuki iş üzrə ümumiyyətlə cavabdehin belə bir hüququnun yaranmadığı müəyyən edilmişdir. Bu baxımdan yaranmamış və ya mövcud olmayan hüquqa xitam verilə bilməz. Eyni zamanda qeyd olunmalıdır ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin mənzilin yerləşdiyi ünvana qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Başqa sözlə şəxsin yaşayış sahəsinin yerləşdiyi ünvana pasport qeydiyyatının olubolmaması birmənalı şəkildə onun mənzilə istifadə hüququnun yaranıb-yaranmadığını müəyyən etmir. Birinci instansiya məhkəməsi cavabdehlər 2008-ci il təvəllüdlü Cavabdeh3 və 2010cu il təvəllüdlü Cavabdeh4 münasibətdə qeyd edir ki, onlar müvafiq olaraq mübahisəli mənzilə 2008 və 2010-cu illərdə qeydiyyata düşdüyündən onların mübahisəli mənzilə istifadə hüququ qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsi ilə nizama salınmalıdır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malik olduğundan məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh3 və Cavabdeh4 münasibətdə təmin edilməməlidir. Məhkəmə qonşular X4, X2 və X1 orqanlara ünvanladığı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 2, mənzil 1 ünvanındanm köçüb getməsinə dair ərizələrini mötəbər sübut kimi qəbul etmir, belə ki, iddiaçı həmin şəxsləri məhkəməyə şahid qismində dəvət etməmiş və buna dair hər hansı vəsatəti məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-659/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar