Məhkəmə qərarları › İş №2(103)-3934/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3934/2024

21.08.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3934/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı əmrin ləğvi, işə bərpa" tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X8 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X7 iştirakları ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2(003)-241/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh Komandirinin 308 saylı xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, Cavabdeh ixtisara düşmüş hərbi qulluqçuların və mülki işçilərin qiymətləndirilməsi və obyektiv seçimin yerinə yetirilməsi üçün aşağıdakı tərkibdə komissiya yaradılması qərara alınmışdır. 2.Təşkilatı-ştat tədbirlərinin yerinə yetirilməsi ilə əlaqədar mülki işçilərin qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli 4292 saylı aktın sürətindən görünür ki, İddiaçı bacarığı və peşəkarlıq səviyyəsi zəifdir, ali təhsili olmasına baxmayaraq öz üzərində çalışmır və verilən tapşırıqları gec yerinə yetirir, həyat yoldaşı hərbi hissədə işləyir və işdən əlavə də gəlir mənbəyi var, fərdi evi və şəxsi avtomobili var deyə dəyərləndirilmişdir. 3.xx.xx.2023-cü il tarixli 155 saylı əmrin sürətindən görünür ki, maliyyə xidmətinin mühasibi İddiaçı, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatların ixtisar edildikdə) əsasən 13 iyun 2023-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilmiş və İddiaçı, son haqq-hesabı, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən orta əmək haqqının 1,4 misli miqdarında müavinət ödənilmişdir. 4.Əmək kitabçasının sürətindən görünür ki, İddiaçı Cavabdehsində xx.xx.2021-ci il tarixli 250 saylı əmrlə qazanxana operatoru maliyyə xidmətinin mühasibi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli 155 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. 5.Cavabdeh Komandirinin 742 saylı xx.xx.2023-cü il tarixli Ştat ixtisarı ilə əlaqədar xəbərdarlıq müddəti əvəzi pul kompensasiyasının ödənilməsi barədə əmrin sürətindən görünür ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2023 -cü il tarixli 085 nömrəli əmrinə əsasən, 24 may 2023-cü il tarixində aşağıda adları göstərilən mülki işçilər ştat ixtisarı ilə əlaqədar məlumatlandırılmışdır. Həmin mülki işçilərə Azərbaycan Respublikasın Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə əsaslanaraq həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stafından asılı olaraq nəzərdə tutulmuş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib azaldılaraq pul kompensasiyası ödənilməsi qərara alınmışdır. 6.Ali təhsil haqqında A №051113 saylı diplomun sürətindən görünür ki, İddiaçı Azərbaycan Dövlət İqtisad İnstitutunun ümumi iqtisadiyyat – mühasibat uçotu və audit ixtisası üzrə təhsil alıb.

a)Birinci instansiya məhkəməsində icraat

7.İddiaçı Cavabdehsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 155 N-li əmrinin ləğv edilməsinə və onun işə bərpa edilməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 8.İddia tələbi onunla əsaslandırılmışdır ki, onun cavabdehlə bağlanmış 23 sentyabr 2021-ci il tarixli 250 saylı əmək müqaviləsinə 13 iyun 2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, Cavabdeh maliyyə xidmətinin mühasibi İddiaçı, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi) əsasən 13 iyun 2023- cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək işdən azad edilsin. İddiaçı, son haqq-hesabı, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən orta əmək haqqının 1:4 misli miqdarında müavinət ödənilsin. İddiaçı Cavabdeh ilə 2007-ci ildən etibarən əməkdaşlıq edir. İlk dəfə xx.xx.2007-ci il tarixli 96 nömrəli Əmək müqaviləsi ilə adıçəkilən hərbi hissənin şəxsi heyət bölməsində mühasib vəzifəsində işə başlamış, xx.xx.2014-cü il tarixli 68 saylı əlavə razılaşma müqaviləsi əsasında maliyyə xidmətinin mühasibi vəzifəsində işinə davam etmişdir. xx.xx.2019-cu il tarixli 132 nömrəli əmək müqaviləsi ilə Qala Hərbi Şəhərcik üzrə qazanxana operatoru vəzifəsinə keçirilmişdir.xx.xx.2019-cu il tarixli 288 saylı əmək müqaviləsinə əsasən işinə xitam verilmişdir.xx.xx.2019-cu il tarixli 2 saylı əmək müqaviləsi ilə mənzil istismar xidmətinin qazanxana operatoru vəzifəsinə keçirilmişdir. Yekun olaraq xx.xx.2021-ci ildə tarixində xx.xx.2021-ci il tarixli 250 saylı əmək müqaviləsinə əsasən o maliyyə xidmətinin müsahibi vəzifəşinə əsas iş yeri olmaqla təyin edilmişdir. xx.xx.2023-cü il tarixli 155 saylı əmək müqaviləsinə əsasən işinə xitam verilmişdir. Lakin qeyd edilən əmr əsassız və qanunsuzdur, ləğv edilməlidir. 9.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 14 fevral 2024-cü il tarixli, 2(003)-241/2024 saylı qətnaməsiilə (hakim-Ramilə Xəzri) iddia tələbi təmin edilərək, Cavabdehsinin 155 saylı xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdehsinə əvvəlki (qazanxana operatoru maliyyə xidmətinin mühasibi) vəzifəsinə bərpa edilməsi qət edilmişdir. 10.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, İddiaçı Cavabdehsində qazanxana operatoru maliyyə xidmətinin mühasibi vəzifəsində işləmişdir. İddiaçıin işçilər ştat ixtisarı ilə əlaqədar cavabdehin xx.xx.2023-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 11.Məhkəmə iddianı təmin edərkən ona əsaslanmışdır ki, iddiaçı həmkarlar ittifaqının üzvü olduğuna görə, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilən zaman müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalı olduğu halda razılıq alınmamış, həmçinin işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilməzdən azı 2 ay əvvəl ixtisarın dairəsinə düşən işçiyə rəsmi yazılı xəbərdarlıq verilməli olduğu halda belə xəbərdarılıq verilməmişdir. 12.Məhkəmə öz mövqeyiniAzərbaycan Respublikasını Əmək Məcəlləsinin 2, 68, 70-ci maddəsinin “b” bəndi, 71-ci maddəsinin 1-ci hissəsi, 77, 80-ci maddəsinin 1-ci hissəsi, 84-cü maddəsinin 1 və 2-ci hissəsi, 78-ci; Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4, 218.3, 77.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək müqaviləsinə xitam verilərkən qanun pozuntusuna yol verilməmiş, məhkəmə tərəfindən tam qərəzli qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən işin halları tam araşdırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 15.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

a)Məhkəmə icraatı iştirakçılarının izahatları

16.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Ona verilən suallara cavab olaraq bildirdi ki, iddiaçıya ştat ixtisarı ilə bağlı xəbərdarlıq edilmişdir. Bununla bağlı hər hansı sübutu yoxdur. Xəbərdarlıq müddəti əvəzinə 24 iyun 2023-cü il tarixli əmrlə pul kompensasiyası ödənilmişdir. Həmkarların razılığının alınması ilə bağlı təqdim olunası sübutu yoxdur. İddiaçı ali təhsillidir. Ştatda saxlanılan X1 bitirmişdir. 17.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, o, 03 may 2007-ci il tarixdən həmin hərbi hissədə çalışır. Onun həmin hərbi hissədə N illik əmək stajı var. 13 iyun 2023-cü ildə ona heç bir xəbərdarlıq olmadan işdən azad ediblər. Cavabdeh tərəfindən ona xəbərdarlıq edilməməsi bir daha onunla sübut olunur ki, 13 iyun 2023-cü ildə işdən azad olunduğu halda, 24 iyun 2023-cü il tarixli əmrlə ştat ixtisarına görə xəbərdarlıq müddəti əvəzinə guya ona pul ödənilir. O, mülki işçi kimi Həmkarlar Təşkilatının üzvüdür. Onun ştatının ixtisarı ilə bağlı Həmkarlar Təşkilatına heç bir müraciət olunmamışdır. Bütün bu qeyd olunanlar bir daha təsdiq edir ki, onun xəbəri olmadan bir günün içərisində, yəni 13 iyun 2023cü il tarixli əmrlə işdən azad olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 18.Maddə 25. İ hissə. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. 19.Maddə 35. İ, İİ, İİİ, İV və Vİİİ hissəsi. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 20.68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

21. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi əsaslarındandır. 22.70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 23.71-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

24. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

25. 77-ci maddəsçinin 1-ci hiissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

26. 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

27. 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

28. 77-ci maddəsinin 4-cü hissəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.

29. 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. 30.80-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

31. 80-cı maddənin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarınıişəgötürənə təqdim etməlidir.

32. 300-cü maddənin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 33.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 34.Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 35.Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 36.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

37.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 38.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunililiyinin və əsaslılığının tam olaraq yoxlanması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2(003)- 241/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 40.İşin araşdırılmış halları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2007-ci ildən eyni hərbi hissədə əmək fəaliyyətinə başlamış, xx.xx.2021-ci il tarixli 250 saylı əmək müqaviləsinə əsasən Cavabdehsində maliyyə xidmətinin mühasibi vəzifəsində işləmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli əmri ilə işçilərin sayı və ya ştatların ixtisarı əsası ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 41.İlk olaraq qeyd olunmalıdır ki, N saylı Hərbi Hissə Komandirinin 25 may 2023-cü il tarixli, 308 saylı əmri ilə ixtisara düşmüş hərbi qulluqçuların və mülki işçilərin qiymətləndirilməsi üçün komissiya yaradılmışdır. Bu qeyd olunan əmr Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 16 may 2023-cü il tarixli, 085 saylı əmri əsasında verilmişdir. 42.Bundan sonra “Təşkilati-ştat tədbirlərinin yerinə yetirilməsi ilə əlaqədar mülki işçilərin qiymətləndirilməsi barədə” 13 iyun 2023-cü il tarixli akt tərtib edilmiş, həmin akt N saylı hərbi hissənin komandiri tərəfindən təsdiq edilmişdir. 43.Kollegiya qeyd edir ki, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən işəgötürən tərəfindən Əmək Məcəlləsi ilə müəyyən edilmiş təbirlər görülür. Yəni, hazırki halda Əmək Məcəlləsinin 77, 80, 78-ci maddələrinin tələblərinə əməl olunmalıdır. 44.Belə ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçinin beş ildən on ilədək əmək stajı olduqda-azı doqquz təqvim həftəsi əvvəl işəgötürən tərəfindən işçi rəsmi xəbərdar edilməlidir. 45.Məhkəmə araşdırması zamanı iddiaçı ona heç bir rəsmi xəbərdarlıq olunmadığını bildirdi. Cavabdeh tərəf bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmiş, qeyd etmişdir ki, xəbərdarlıq müddəti əvəzinə iddiaçıya müvafiq kompensasiya ödənilmişdir. 46.Kollegiya cavabdeh tərəfin kompensasiya ödənilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, N saylı Hərbi Hissə Komandirinin 24 iyun 2023-cü il tarixli, 362 saylı əmrinə əsasən ştat ixtisarı ilə bağlı xəbərdarlıq müddəti əvəzinə iddiaçıya pul kompensasiyasının ödənilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən işəgötürən işçinin razılığı ilə azı doqquz təqvim həftəsi xəbərdarıq müddəti əvəzinə ona aylıq əməkhaqqının 2 misli bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Göründüyü kimi, xəbərdarlıq müddəti əvəzinə pul kompensasiyasının ödənilməsi işçinin razılığı ilə yol verilir və kompensasiya ödənilməklə, əmək müqaviləsinə xitam verilə bilər. Hazırki halda, işçinin buna razılığının olması müəyyən olunmamaqla, əmək müqaviləsinə 13 iyun 2024cü ildə xitam veriləndən 11 gün sonra-24 iyun 2023-cü ildə pul kompensasiyasının ödənilməsi barədə əmr verilmişdir. Bu hal bir daha təsdiq edir ki, işçinin xəbərdarıq müddətindən məlumatı olmamış və kompensasiyanın ödənilməsi ilə bağlı razılığı olmamışdır. 47.Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Göründüyü kimi, ştatların ixtisarı zamanı vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. 48.“Təşkilatı-ştat tədbirlərinin yerinə yetirilməsi ilə əlaqədar mülki işçilərin qiymətləndirilməsi barədə” 13 iyun 2023-cü il tarixli akta nəzər yetirəngə görünür ki, İddiaçı bacarığı və peşəkarlıq səviyyəsinin zəifliyi, ali təhsilli olmasına baxmayaraq öz üzərində çalışmaması və verilən tapşırıqları gec yerinə yetirməsi, həyat yoldaşının hərbi hissədə işləməsi və işdən əlavə də gəlir mənbəyi olması, fərdi evi və şəxsi avtomobili olması qeyd olunmuşdur. Ştatı saxlanılan X2 bacarığı və peşəkarlıq səviyyəsinin yüksək olması, öz işini sevməsi və öz üzərində çalışması, anası ilə tək yaşaması və ailəsinin yeganə gəlir mənbəyi olan üzvü olması qeyd olunmuşdur. Həmçinin ştatı saxlanılan digər bir işçi X5 bacarığı və peşəkarlıq səviyyəsinin yüksək olması, öz işini sevməsi və öz üzərində çalışması, ailəsinin yeganə gəlir mənbəyi olan üzvü olması qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçı digər iki işçi ilə müqayisədə ixtisaslı kadr olmaqla, ailə təhsillidir. Digər iki işçinin ali təhsilli olması məlum deyil. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahatında da qeyd etdi ki, X3 ali təhsili olmamaqla, kurs bitirmişdir. Kollegiya qeyd edir ki, iddiaçının qiymətləndirilməsi qeyd olunsa da, bacarığı və peşəkarlıq səviyyəsinin zəifliyi, öz üzərində çalışmaması və verilən tapşırıqları gec yerinə yetirməsinin nədən ibarət olması qiymətləndirmədə əsaslandırılmamış, ümumi şablon sözlərlə ifadə olunmuşdur. Digər tərəfdən cavabdehin nümayəndəsi məhkəmə kollegiasının iclasında iddiaçının bacarığı və peşəkarlıq səviyyəsinin zəifliyi, öz üzərində çalışmaması və verilən tapşırıqları gec yerinə yetirməsini əsaslandıra bilməmiş, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. 49.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 50.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. 51.Bundan əlavə 13 iyun 2023-cü il tarixli əmr verilərkən əmək müqaviləsinin ləğv etmənin əsası kimi işçilərin sayı və ya ştatların ixtisarı göstərilmiş, dəqiq hansı əsasla, yəni hazırki halda ştatların ixtisarı ilə əmək müqaviləsinin ləğv edilməsi əsaslandırılmamış, bununla da, Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin 4-cü bəndinin tələbləri pozulmuşdur. 52.Qeyd olunanlardan əlavə kollegiya qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilən zaman Əmək Məcəlləsinin 80-ci maddəsinin impenartiv tələbi pozulmuş, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamışdır. Yəni həmkarlar ittifaqı təşkilatına qabaqcadan yazılı təqdimatla müraciət olunmamış, həmkarlar ittifaqı təşkilatı 10 gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməmişdir. 53.Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilən zamanı cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. 54.Kollegiya apellyatorun əmək müqaviləsinə xitam verilərkən qanun pozuntusuna yol verilməməsi, məhkəmə tərəfindən tam qərəzli qətnamə qəbul edilməsi, məhkəmə tərəfindən işin hallarının tam araşdırılmaması ilə bağlı dəlillərini yuxarıda qeyd olananlara əsasən əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2(003)-241/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir . 55.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 56.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 57.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 58.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 59.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdehsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2(003)-241/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər..

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar