Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3934/2025 26.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əmlaka dair borcun olmaması barədə arayışın, istismara qəbul aktı, protokoldan çıxarışın verilməsi, qarajdan istifadəyə maneənin aradan qaldırılması, qarajın təhvil-verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: qeyri yaşayış sahəsi,qaraj) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi, Hakimlər Cəfərov Namiq Şamil oğlu və X4 ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçı və nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin e-2(004)-1208/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Bakı şəhəri Tbilisi pr 1054-cü məhəllə ünvanda yerləşən yaşayış kompleksinin 5-ci blok 27-ci mərtəbəsində yerləşən 190 saylı mənzilə və 1 avtomobil üçün nəzərdə tutulmuş qaraj kimi qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququna dair çıxarış alınması məqsədilə əmlaklara dari hər hansı borcun olmaması barədə imza və möhürlə təsdiq edilmiş arayışın,habelə mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surətinin,protokoldan çıxarışın iddiaçıya verilməsinin,1 avtomobil üçün nəzərdə tutulmuş qaraj kimi qeyri-yaşayış sahəsindən istifadəyə iddiaçıya qoyulmuş maneənin aradan qaldırılması və qaraj kimi qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsinin cavabdehin öhdəsinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Cavabdeh iddiaçının iddia ərizəsinə etirazını bildirərək,1 iyul 2016-cı il tarixli "xxxx" MTK ilə X5 arasında bağlanan müqavilənin predmetinin Bakı şəhəri Tbilisi pr 1054-cü məhəllə ünvanda yerləşən yaşayış kompleksinin 5-ci blok 27-ci mərtəbəsində yerləşən 190 saylı mənzil olduğunu, qarajın müqavilə mövzusu olmadığını bildirmişdir.Cavabdeh müqavilənin predmeti olmadığı halda iddiaçının qarajı tələb etməsini əsassız saymış və məhkəmədən iddiaçının cavabdehə qarşı iddiasının rədd edilməsini xahiş etmişdir.
3. Yasamal Rayon Məhkəməsinin e-2(004)-1208/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Aytəkin Əsədzadə) ilə iddia tələbi qismən təmin edilmiş, "xxxx" MTK ilə X2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədə və İddiaçı ilə "xxxx" MTK, X7 arasında bağlanmış xx.xx.2017-ci il tarixli üçtərəfli Sazişdə nəzərdə tutulmuş Bakı şəhəri Tbilisi pr 1054-cü məhəllə ünvanda yerləşən yaşayış kompleksinin 5-ci blok 27-ci mərtəbəsində yerləşən 190 nömrəli mənzilə dair borcun olmaması barədə arayış, mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surəti və protokoldan çıxarışın İddiaçı verilməsinin Cavabdeh Məhdud Məsuliyyəlti Cəmiyyətinin üzərinə qoyulması qərara alınmışdır.İddia qalan hissədə təmin edilməmişdir.
4. Cavabdeh qətnamə ilə razılaşmış, onu mübahisələndirməmiş, iddiaçı isə qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri:
5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, işə Yasamal Rayon Məhkəməsində baxılan zaman işin faktiki hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya mənzil alana qaraj hədiyyə verilməsinə dair təklifi(offerta)ümumi qaydada verilsə də,buna əməl olunmamışdır.İddiaçıya təkcə mənzil üzrə müqavilələri aspekt etməmiş,həmçinin hədiyyə kimi nəzərdə tutulan qarajın onun mülkiyyətinə verilməsi hissəsində aspekt edilmişdir.Qeyd edilmişdir ki,alqı-satqı üzrə əqdin bağlanmasında hər iki tərəfin həqiqi iradələri təkcə mənzili almaq və ya vermək olmamış digər öhdəliklərin həyata keçirilməsindən – hədiyyə kimi qarajın verilməsi ilə də bağlı olmuşdur.Müqavilənin predmetində qarajın qeyd edilməməsi,lakin digər bəndlərdə qarajın təhvil verilməsinin göstərilməsi cavabdeh tərəfindən qarajın verilməsini istisna etmir.Məhkəmənin özünün də qətnaməsində “müqavilənin 5-ci bəndi ümumilikdə müqavilənin təhvil-təslimi haqqında məsələləri tənzimlədiyini,həm 5.1-ci, həm də 5.3-cü maddədə müqavilənin predmeti olan mənzillə və hədiyyə olunan qaraja dair hüquqların həyata keçirilməsinə dair təminatların öz əksini tapdığını”qeyd etsə də, nədənsə, sonda fərqli qənaətə gəldiyi bildirilir .Qarajın mülkiyyətçiyə təhvil verilməsi üçün həmin sözlərin müqavilənin hansı maddəsində qeyd edilməsinin heç bir hüquqi əhəmiyyəti yoxdur. Rayon məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Odur ki, qətnamənin dəyişdirilməsi və iddia tələbinin təmin edilməyən hissədə də təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi və bildirdi ki,2017-ci ilin fevral ayında "xxxx" MTK mənzil alana qarajın hədiyyə olunmasl ilə bağlı reklam kampaniyalarına başlamışdı və onlar 2017-ci ilin iyul ayında mənzil almaq üçün müraciət etmişlər.Daha əvvəldən bağlanan "xxxx" MTK ilə X5 arasındakı müqavilədə qarajın nəzərdə tutulub-tutulmadığını bilə bilməzdilər. İddiaçı elan olunan kompaniya ilə maraqlanmış və mənzil əldə etmək məqdsədi ilə birbaşa cavabdehə müraciət etmiş, hazırkı mənzili də cavabdeh özü ona təklif etmişdir, o özü ilikn alıcının tanımamışdır. Tərəflər arasında üçtərəfli müqaviləni və digər zəruri sənədləşməni də cavabdeh hazırlayıb onlara təklif etmiş, mənzilin dəyərini ödəmiş, bundan sonra ona zəruri zənədlər hazırlanaraq verilmiş, eləcə də aldığı mənzil və qaral da ona təhvil verilmiş, cavabdeh qarajın sahibi kimi iddiaçı ilə qaraja dair ayrıca müqavilə bağlamış, iddiaçı xx.xx.2021-ci il tarixindən 2023-cü ilin avqust ayına dək mübahisəsiz şəkildə həmin qaraja faktiki sahiblik və istifadə etmiş, qaraj dair də kommunal haqqlarını mütəmadi ödəmiş, yalnız binanın idarəedicilər dəyişdikdən sonra yeni rəhbərlik onunla bağlı belə əsassız problem yatamışlar. Bütün bular rayon məhkəməsində araşdırılmış sübutlarla təsdiq olunmasına baxmayaraq, rayon məhkəməsi ümumi oferta və onun aksept olunması ilə bağlı münasibətləri tənzimləyən maddi hüquq normasının tətbiqi və təfsirində səhvə yol vermiş, nəticədə də qaraja münasibətdə düzgün olmayan qətnamə qəbul etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, bildirdi ki, 2016-cı ildə mənzil X1 mənzil alana qarajın hədiyyə edilməsinə daair kampaniya qüvvədə deyildi, hətta belə olması da, həmin kompaniya mənzili ilkin alanlara aiddir, ikinci əldən alanlara şamil edilmir, eləcə də mənzilin ilki sahibi müqaviləni iddiaçının adına dəyişdirməsini xahiş edən ərizəsində ancaq mənzilinin güzəşt etdiyini qeyd etmiş, qarajı göstərməmişdir, rayon məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab edirlər. Nümayəndə həmçinin də bildirdi ki, qaraja dair iddiaçı ilə xidmət müqaviləsinin bağlanması, qaralın daxil olmaq üçün iddiaçıya kartın verilməsi, qaral görə ondan kommunal xərclərin alınması, eləcə də iddiaçının iki ildən çox qaraldan istifadə etməsi, həmin qarajın iddiaçıya məxsus olması kimi qəbul edilə bilməz.
8. Sübutların tədqiqi:
9. X5 ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2016-cı il tarixli, GH-A 5/001082 nömrəli müqaviləyə əsasən icraçı Bakı şəhəri, Tbilisi prospekti 1054-cü məhəllə ünvanında onun tərəfindən inşa edilən "xxxx" çoxmərtəbəli yaşayış kompleksinin blok 5, mərtəbə 27, ümumi sahəsi 64 kv.m, o cümlədən balkon sahəsi 7,6 kv.m olan 1 otaqdan ibarət 190 nömrəli mənzili sifarişçiyə təhvil verməyi, sifarişçi isə bunun qarşılığında icraçıya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür.
10. Müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilənin qiyməti müqavilə üzrə mənzilin 1 kv.m-lik sahəsinin qiyməti 1150 manat hesablanmaqla, 73600 manat müəyyən edilmişdir.
11. Müqavilənin 5.1-ci bəndinə əsasən, icraçı zəmanət verir ki, bu müqavilənin predmeti olan mənzilə və hədiyyə olunan 1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinə dair qanunvericiliklə tanınan bütün hüquqlar ona məxsusdur, üzərinə həbs qoyulmayıb, girov əşyası deyil, üçüncü şəxs tərəfindən heç bir iddia (tələb) yoxdur.
12. Müqavilənin 5.3-cü bəndinə əsasən, istismara qəbulundan sonra mənzilə və hədiyyə olunan 1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsinə sifarişçinin hüquqlarının dövlət qeydiyyatına alınması üçün (müqavilənin 2.4.1-ci maddəsinin tələblərinin tam şəkildə icrası nəzərə alınmaqla) zəruri olan hüquqi əhəmiyyətli sənədlərin sifarişçiyə verilməsi təmin olunacaq.
13. Kılavuzoğlu Rıfatın "xxxx" MTK-nın sədrinə ünvanladığı xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, Bakı şəhəri, Tbilisi prospekti 1054-cü məhəllə ünvanında onun tərəfindən inşa edilən "xxxx" çoxmərtəbəli yaşayış kompleksinin 5-ci binasında, 27-ci mərtəbədə yerləşən 190 nömrəli, 1 otaqlı mənzilə dair “xx.xx.2016-cı il tarixli, GHA 5/001082 nömrəli müqavilədən irəli gələn bütün hüquq və vəzifələrinin İddiaçı keçirilməsinə razılıq verilməsini, müvafiq sənədləşmə aparılmasını təmin etməyi xahiş etmişdir.
14. Müqavilə hüquq və öhdəliklərinin keçirilməsi haqqında xx.xx.2017-ci il tarixli sazişə əsasən "xxxx" MTK, X5 - əvvəlki sifarişçi və İddiaçı – sifarişçi xx.xx.2016-cı il tarixli, GH-A 05/001082 nömrəli müqavilə üzrə əvvəlki sifarişçinin sahib olduğu bütün hüquq və öhdəliklərin saziş hüquqi qüvvəyə mindiyi andan sifarişçiyə keçməsi barədə razılıq əldə etmişlər.
15. xx.xx.2021-ci il tarixli, GM-GHMM2HUQ101-000536 nömrəli xidmət müqaviləsinə əsasən “X12” MMC ilə İddiaçı 2 nömrəli əlavədə qeyd olunan avtodayanacaq sahəsində sifarişə uyğun sayda minik nəqliyyat sahəsinin saxlanılması üzrə 1 nömrəli əlavədə qeyd olunan xidmətlərin göstərilməsi barədə razılıq əldə etmişlər.
16. Müqaviləyə 2 nömrəli əlavədə müştərinin mülkiyyətində və ya digər qanuni əsasla istifadəsində olan yaşayış/qeyri-yaşayış sahəsi barədə məlumat qrafasında “Bakı şəhəri, Tbilisi prospekti, 1054-cü məhəllə Grand Hayat” sözləri qeyd olunmuşdur.
17. Mülki iş materiallarında olan çoxsaylı internet portaldan çıxarışlardan görünür ki, 2017-ci ildə "xxxx"ın “mənzil alana eyvan və qaraj hədiyyə” məzmunlu reklamları dərc olunmuş, həmin elanlarda kompaniyanın hər hansı müddətədək olduğu göstərilməmişdir.
18. Tətbiq edilən maddi hüquq normaları:
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
23. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.
24. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.
25. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.
26. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır;
27. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
28. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır/
29. Maddə 408.1. Müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır.
30. Maddə 408.2. Şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır.
31. Maddə 408.3. Oferta ünvan sahibinin onu aldığı andan onu göndərmiş şəxsi bağlı edir. Ofertanın geri götürülməsinə dair bildiriş ofertadan əvvəl və ya onun özü ilə eyni vaxtda daxil olduqda, oferta verilməmiş sayılır.
32. Maddə 408.6. Ünvan sahibinin aldığı oferta, əgər ofertanın özündə ayrı qayda şərtləşdirilməyibsə, yaxud təklifin mahiyyətindən və ya verildiyi şəraitdən ayrı qayda irəli gəlmirsə, onun aksepti üçün müəyyənləşdirilmiş müddət ərzində geri götürülə bilməz.
33. Maddə 408.7. Əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır.
34. Maddə 409.1. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır.
35. Maddə 409.2. Əgər oferent aksept üçün müddət müəyyənləşdiribsə, aksept yalnız həmin müddətdə həyata keçirilə bilər.
36. Maddə 409.3. Əgər bu Məcəllədən, işgüzar adətdən və ya tərəflərin əvvəlki işgüzar münasibətlərindən ayrı qayda irəli gəlmirsə, susmaq aksept sayılmır.
37. Maddə 409.4. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır.
38. Maddə 409.5. Aksept oferentə gec çatdıqda və akseptdən onun vaxtında göndərildiyi məlum olduqda, aksept yalnız o halda gecikmiş sayıla bilər ki, oferent bu barədə digər tərəfə dərhal məlumat vermiş olsun. Əgər oferta göndərmiş tərəf digər tərəfin gec alınmış akseptini qəbul etdiyi barədə ona dərhal məlumat verərsə, müqavilə bağlanmış sayılır.
39. Maddə 409.6. Akseptin geri götürülməsi haqqında bildiriş oferta göndərmiş şəxsə akseptdən əvvəl və ya onunla bir vaxtda çatdıqda, aksept alınmamış sayılır.
40. Maddə 409.7. Əgər ofertada aksept üçün müddət müəyyənləşdirilibsə, ofertanı göndərmiş şəxs aksepti ofertada göstərilən müddət ərzində aldıqda müqavilə bağlanmış sayılır.
41. Maddə 409.8. Əgər yazılı ofertada aksept üçün müddət müəyyənləşdirilməyibsə, müqavilə bu şərtlə bağlanmış sayılır ki, oferta göndərmiş şəxs aksepti bu Məcəllədə müəyyənləşdirilmiş müddət qurtarana qədər, belə müddət müəyyənləşdirilmədikdə isə bunun üçün zəruri olan müddət ərzində almış olsun.
42. Maddə 409.9. Əgər oferta aksept üçün müddət göstərilmədən, şifahi edilmişsə, digər tərəf ofertanın akseptini dərhal bildirdikdə müqavilə bağlanmış sayılır.
43. Maddə 409.10. Bu Məcəllənin 409.8-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ünvanında olan şəxsə verilmiş oferta dərhal qəbul və ya rədd edilməlidir.
44. Maddə 409.11. Bu Məcəllənin 409.8-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ünvanında olmayan şəxsə verilmiş oferta yalnız oferta vermiş şəxsin adətən cavab gözləyə biləcəyi müddətədək qəbul edilə bilər.
45. Maddə 410.1. Oferta üçün gecikmiş aksept yeni oferta sayılır.
46. Maddə 410.2. Əgər cavabda müqaviləni ofertada nəzərdə tutulduğundan fərqlənən başqa şərtlərlə bağlamağa razılıq ifadə olunmuşsa, belə cavab ofertadan imtina və eyni zamanda yeni təklif sayılır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
50. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
51. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
52. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
53. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
54. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
55. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
56. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
57. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
58. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
59. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
60. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
61. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin olunmayan hissəsində yoxlayır.
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
63. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən hissədə ləğv edilərək iddia tələbi həmin hissədə təmin edilməlidir.
64. Rayon məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin sonradan etibarlı hüquqi nəticə doğura bilməyi üçün müqavilənin predmetinin həm də iddia olunan qaraj olduğunun tərəflər arasında bu barədə dəqiq və aydın iradə formalaşdığı, qarşı tərəfin qarajı mülkiyyətə vermək barədə öhdəlik götürdüyünün qanunun təsbit etdiyi xüsusi forma və məzmunda olmalı olduğunu qeyd edərək, iddia tələbini qaraja aid hissədə təmin təmin etməmişdir.
65. Məhkəmə kollegiyası rayon məhkəməsinin gəldiyi bu qənaəti əsaslı saymır və bununla bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
66. Belə ki, mülki iş materiallarında müəyyən edilir ki, X5 ilə "xxxx" MTK arasında xx.xx.2016-cı il tarixli, GH-A 5/001082 nömrəli müqavilə bağlanmış, daha sonra həmin müqavilə üzrə hüquq və öhdəliklərinin keçirilməsi haqqında xx.xx.2017-ci il tarixli sazişə əsasən "xxxx" MTK, X5 - əvvəlki sifarişçi və İddiaçı – sifarişçi xx.xx.2016-cı il tarixli, GH-A 05/001082 nömrəli müqavilə üzrə əvvəlki sifarişçinin sahib olduğu bütün hüquq və öhdəliklərin saziş hüquqi qüvvəyə mindiyi andan sifarişçiyə keçməsi barədə razılıq əldə etmişlər. Bu qeyd olunanlar hazırkı mülki işin mübahisələndirilməyən hallardır.
67. Cavabdeh tərəfindən həmin ünvanda mənzilləri satılması üçün mənzil alana qaraj hədiyyə verilməsinə dair təklif (oferta) şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmaqla ümumi qaydada verilmişdir.
68. MM-in 409.8-ci maddəsinə görə, əgər yazılı ofertada aksept üçün müddət müəyyənləşdirilməyibsə, müqavilə bu şərtlə bağlanmış sayılır ki, oferta göndərmiş şəxs aksepti bu Məcəllədə müəyyənləşdirilmiş müddət qurtarana qədər, belə müddət müəyyənləşdirilmədikdə isə bunun üçün zəruri olan müddət ərzində almış olsun.
69. Cavabdeh ofertada aksept üçün hər hansı bir müddətin olub-olmaması ilə bağlı birinci instansiya məhkəməsinə hər hansı bir sübut təqdim etməmişdir.
70. Apellyasiya instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəf ofertada aksept üçün müəyyən müddətlərin olduğuna dair, həm də rayon məhkəməsinə bildirmədiyi yeni bir hala istinad etmiş, lakin bununla bağlı apellyasiya icraatı zamanı da Məhkəməyə hər hansı bir sübut - dəlil verə bilməmişdir.
71. Hazırkı mülki iş üzrə tədqiq olunmuş sübutlara və işin müəyyən olunmuş halların istinadən müəyyən olunur ki, tərəflər arasında qarajla bağlı yaranmış münasibətlər MM-in 408-409-cu maddələri əsasında həll edilməlidir. Rayon məhkəməsinin qətnaməsindən isə görünür ki, məhkəmə yanlış olaraq yalnız MM-in bağışlama ilə bağlı 666.1 və 668.1.1-ci maddələrinə istinad etmiş, bununla da maddi hüquq normasının tətbiqində aşkar səhvə yol vermişdir ki, bu da öz növbəsində düzgün olmayan qətnamənin çıxarılmasına səbəb olmuşdur.
72. MM-in 409.4-cü maddəsinin tələbində nəzərdə tutulmuşdur ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır.
73. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdehlə mənzilin ilkin alıcısı X6 arasında yuxarıda istinad olunan normanın tələblərinə müvafiq olaraq 01.07..2016-ci il tarixində mənzillə yanaşı, həm də qarajın alıcıya hədiyyə olaraq verilməsinə dair etibarlı müqavilə bağlanmışdır.
74. Cavabdehin ikin alıcının hazırkı iddiaçıya yalnız mənzilinə dair hüquqlarını ötürməsinə dair bildirdikləri əsaslı olmamışdır. Çünki tərəflər arasında bağlanmış “müqavilə hüquq və öhdəliklərinin keçirilməsi haqqında” xx.xx.2017-ci il tarixli sazişdə aşkar şəkildə göstərilmişdir ki, "xxxx" MTK, X5 - əvvəlki sifarişçi və İddiaçı – sifarişçi xx.xx.2016-cı il tarixli, GH-A 05/001082 nömrəli müqavilə üzrə əvvəlki sifarişçinin sahib olduğu bütün hüquq və öhdəlikləri saziş hüquqi qüvvəyə mindiyi andan yeni sifarişçiyə keçir.
75. Cavabdehin ilkin sifarişçi ilə bağlanmış xx.xx.2016-ci il tarixli müqavilədə texniki səbəbdən yanlış olaraq qarajın da qeyd olunmasına istinadı da əsaslı sayıla bilməz.
76. Belə ki, MM-in 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
77. Maddə 419.2. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir.
78. İlkin alıcı ilə cavabdeh arasında bağlanmış həmin müqavilənin 5.1 və 5.3-cü maddələri ilə nəzərdə tutulmuş hissələrin qüvvədə olmaması ilə bağlı cavabdeh tərəf təkzibolunmazlıqla bağlı sübutlar vermək əvəzinə, məhkəmə iclasında buna dair ziddiyyətli izahatlar vermiş, gah həmin ərəfədə hədiyyə kompaniyasının müddətli olmasına, gah müqavilənin onlar tərəfindən yanlış tərtib olunması, gah da ilkin alıcının həmin hüquqlarını iddiaçıya ötürməməsi kimi biri digərini təkzib edən hallara istinad etmişdir. Beləliklə də müəyyən olunur ki, cavabdehin iddianın həmin hissəsinə dair etirazları keçərli olmamış, iddia tələbi qaraja aid hissədə də əsaslı olmuşdur və bu səbəbdən də təmin edilməlidir.
79. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir” Nəticə:
80. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmaqla düzgün olmayan qətnamə qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli,cavabdehin üzərinə müqavilə öhdəliyinə əsasən qaraj kimi qeyri-yaşayış sahəsinə dair borcun olmaması barədə arayışın verilməsi, həmin qeyri-yaşayış sahəsindən istifadəyə iddiaçıya qoyulmuş maneənin aradan qaldırılması və qaraj kimi qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi vəzifəsi qoyulmalıdır.
81. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
82. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 409.8,419.2, 399.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçının apellyasiya şikayəti təmin olunsun. Yasamal Rayon Məhkəməsinin e-2(004)-1208/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi qismən - iddia tələblərinin təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə təmin edilsin. Bakı ş., Tblisi pr. 1054 ünvanda yerləşən yaşayış kompleksində iddiaçıya məxsus 1 avtomobil üçün nəzərdə tutulmuş qaraj kimi qeyri-yaşayış sahəsinə dair borcun olmaması barədə arayışın verilməsi, həmin qeyri-yaşayış sahəsindən istifadəyə iddiaçıya qoyulmuş maneənin aradan qaldırılması və qaraj kimi qeyri-yaşayış sahəsinin iddiaçıya verilməsi Cavabdeh MMC-nin öhdəsinə qoyulsun. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 50 (əlli) manat Cavabdeh MMC-dən alınaraq cavabdeh İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.