Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3935/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlərdən Azad Nizam oğlu İmanovun sədrliyi, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4540/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 2, 19 saylı mənzildən çıxarılması və mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4540/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 2, 19 saylı mənzildən çıxarılması və mənzilin İddiaçı təhvil verilməsi, ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə onun xəbəri və iştirakı olmadan qəbul edilmişdir. Bu halda o işdə cavabdeh olaraq öz mövqeyini əsaslandıra bilməmişdir. Eləcə də qeyd edir ki, 12600 manat kompensasiya 03.06.2020-ci il, TT**********39212600 nömrəli qəbzə uyğun olaraq ona ödənilmişdir. Lakin məhkəmə qətnaməsində bu məbləğin ona ödənilməsi qeyd olunmasına baxmayaraq ona heç bir kompensasiya ödənilməmiş və bu məbləği heç bir yolla əldə etməmişdir. Həmçinin bildirir ki, o artıq neçə illərdir o evdə məskunlaşmışdır, hal-hazırda işsizdir və mülkiyyətində heç bir əmlak, eləcə də, bu evdən çıxdığı təqdirdə yaşaya biləcəyim bir ev yoxdur. Beləliklə, onun bu evdən çıxmağına faktiki maddi imkanı yol vermir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 1987-ci ildən təxminən 2020-ci ilin yayına qədər mübahisəli evdə yaşamışdır. Qardaşı atasının xəstə olmasında istifadə edərək evi mənimsəmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 12600 manat kompensasiya məhkəmənin depozitindədir. Hazırki məhkəmənin yekun qətnaməsinin gözlədiyinə görə həmin məbləği bugünədək çıxarmamışdır. Hazırda evdə yaşayır. İşsizdir və bu evdən çıxdığı təqdirdə yaşaya biləcəyi bir ev yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh heç də qeyd etdiyi kimi, maddi imkanı aşağı deyil. Belə ki, 27000 manata ona ev alınıb. Əlavə olaraq evin təmirə və mebelinə pul lazım olduğu üçün əlavə olaraq 12600 manat da verilmişdir və həmin pul onun hesabına köçürülmüşdür. Mübahisəli ev 120000 manata qiymətləndirilmiş və üç nəfər arasında bölünmüşdür. Cavabdehə çatacaq 40000 manat ona ödənilmişdir. Cavabdeh həmin 40000 manatı qaytarsın, həmin evdə yaşamasına icazə versin. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4540/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan RX saylı, ******* saylı çıxarışın surətində görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 2, 19 saylı mənzil İddiaçı adına tam mülkiyyət hüququ əsasında 03.01.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.09.2019-cu il tarixli, 2(004)-3592/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “kompensasiya verməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia tələbi təmin edilərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna İddiaçı tərəfindən 12600 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 03.12.2019-cu il tarixli, 2(103)-14099/2019 saylı qətnaməsi ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Təqdim olunmuş 03.06.2020-ci il tarixli, TT**********39212600 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 12600 manat məbləğində kompensasiya ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29 cu maddəsinin İİ bəndinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkələrə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1., 80., 81ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə qətnaməsi ilə cavabdehin mübahisəli mənzilə olan istifadə hüququna iddiaçı tərəfindən 12600 manat kompensasiya ödənilməsi şərti ilə xitam verilməsi qət olunduğuna, qətnamə qanuni qüvvəsini alaraq kompensasiyanın ödənilməsi hissəsində iddiaçı tərəfindən icra edildiyinə, bununla da, cavabdehin həmin mənzildən istifadə hüququ itirildiyinə görə və onun həmin mənzildə yaşaması üçün heç bir hüquqi əsas mövcud olmadığından iddia təmin olunmalı, cavabdeh mənzildən çıxarılmalı və mənzil iddiaçıya təhvil verilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4540/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4540/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3935/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3935/2021
19.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver