Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3935/2024 31.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Açar sözlər: (pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 aprel 2024-cü il tarixli, 2(003)-763/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Tərəflər 2014-cü il tarixindən etibarən ayrı yaşayırlar. Birgə nikahları dövründə bankdan götürülən kredit vasitəsilə cavabdehin sürücülük vəsiqəsi alması üçün və onun əməliyyat xərcləri üçün istifadə edilmişdir. İddiaçının iddiasına görə kredit götürülərək cavabdehə verilən borc məbləği faizləri ilə birlikdə 5000 manat təşkil etmişdir. 2.Cavabdeh borcu qaytarmadığından iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat və ödənilmiş dövlət rüsumuna görə 70 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, Cavabdeh iddiaçının əri olmuşdur. Onlar 2013-cü il tarixdə avtomobil almışlar. Cavabdehin sürücülük vəsiqəsi olmadığı üçün iddiaçı bacısı Güneldən xahiş etmişdir ki, cavabdeh üçün bankdan kredit götürsün. Bacısı Günel 1200 ABŞ dolları məbləğində kredit götürmüşdür. İddiaçı da həmin puldan cavabdehə 900 manat vermişdir. Həmçinin, iddiaçı 2014-cü il tarixdə cavabdehin xəstəliyi ilə əlaqədar yenidən bankdan kredit götürməli olmuşdur ki, bu da faizi ilə birlikdə təxminən 5000 manat etmişdir. Götürdüyü həmin pul məbləğini də cavabdehə vermişdir. Sonradan iddiaçı cavabdehdən verdiyi pulları geri tələb etsə də, cavabdeh ondan götürdüyü pulları geri qaytarmaq niyyətində olmadığını bildirmişdir. Bununla bağlı polis şöbəsində araşdırma aparılmış və cavabdeh verdiyi izahatda həqiqətən iddiaçının ona pul verdiyini etiraf etmişdir. Lakin, iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bu səbəbdən iddiaçı məcbur qalıb mövcud tələblə məhkəməyə müraciət etməli olmuşdur. 3 illik iddia müddəti ilə bağlı bildirir ki, həmin müddət əqdə aiddir və öhdəlik bankla iddiaçının bacısı arasında mövcud olduğundan hazırkı halda iddia müddəti ötürülməmişdir. 10 illik ümumi iddia müddəti də ötürülməmişdir. Belə ki, iddiaçı xx.xx.2014-cü il tarixdə evdən çıxmışdır. İddia ərizəsi ilə isə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Cavabdeh borcu ödədiyini bildirsə də, bu barədə hər hansı sübut təqdim etməmişdir. 5.Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, Rəşadın verdiyi pulları onun özünün götürdüyü digər kreditləri ödəmək üçün vermişdir. Onda olan kartlarda olan pulları birgə yaşadıqları müddətdə ərzaq üçün xərcləmişdir. 1250 manat məbləğində pulu cavabdehin “Funda” klinikasında əməliyyatı üçün verilmişdir. Rəşadın adına kifayət qədər kredit götürüldüyünə görə məcburi olaraq bacısının adına kredit götürmüşdür. 6.Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, iddiaçı tərəfin polis orqanlarına verdikləri şikayət ərizəsində məbləğ 12000 manat qeyd edilsə də, izahatlarında 16000 manat qeyd edilmişdir. Hazırda isə 5000 manat iddia olunur. Hazırkı iddiaçı və cavabdeh əsl iddiaçı və əsl cavabdeh deyillər. İddiaçı qismində iddiaçının bacısı Günel olmalı idi. Müqavilə münasibətləri üzrə iddia müddəti 3 ildir. Hazırkı iddia tələbi ilə isə 2023-cü ilin son ayında müraciət edilmişdir. İddia müddəti ötürülmüşdür. İddiaçının cavabdehə qarşı iddia qaldırmağa subyektiv hüququ yoxdur. İddiaçı tərəfin təqdim etdiyi səs yazısı qanunsuzdur. Əgər cavabdeh iddiaçının pulunu qaytarmayıbsa, bu neçə illər ərzində o, polis və ya məhkəməyə müraciət edə bilərdi. 7.Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, o, həmin vaxtlar mühafizə olaraq işləmişdir. Əmək haqqı 200 manat təşkil etmiş və həmin məbləği krediti ödəmək üçün iddiaçıya vermişdir. Bütün kartlar iddiaçıda olmuşdur. Qardaşı da işləyərək onlara maddi yardım etmişdir. Aybaay pul olduqca pulu anasına vermişdir. Anası da iddiaçıya pulu təhvil vermişdir. Onun xəstəliyi ilə bağlı bütün pulları Həqiqət vermişdir. Həkimlərlə Həqiqət əlaqə qurmuşdur. Həqiqətin bacısından aldığı pulla əməliyyat olunmuşdur. Eyni zamanda sürücülük vəsiqəsi almaq üçün də pulu Həqiqət bacısından alaraq ona vermişdir. 8.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 06 aprel 2024-cü il tarixli, 2(003)-763/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Emin Rüstəmov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 1900 manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 39 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməsi, dövlət rüsumunun qalan hissəsi- 31 manat məbləğində pulun iddiaçının özünə aid edilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan: 9.Cavabdeh tərəfindən polis orqanlarına verilmiş izahatdan görünür ki, o, sürücülük vəsiqəsi üçün İddiaçı 900 manat, əməliyyatına görə isə 1000 manat məbləğində pul aldığını etiraf etmişdir. 10.Məhkəmə iddianın qismən təmin edilməsi üzrə mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. 11.Tərəflər 2014-cü il tarixindən etibarən ayrı yaşayırlar. Birgə nikahları dövründə bankdan götürülən kredit vasitəsilə cavabdehin sürücülük vəsiqəsi alması üçün və onun əməliyyat xərcləri üçün istifadə edilmişdir. Lakin, həmin məbləğin iddiaçının tələbində qeyd etdiyi kimi 5000 manat olması iddiaçı tərəfindən sübut edilməmişdir. Cavabdeh özü də polis orqanlarına izahat verərkən sürücülük vəsiqəsi üçün 900 manat, əməliyyatı üçün isə 1000 manat məbləğində pul götürdüyünü etiraf etmişdir. 12.Məhkəmə cavabdehin vəkilinin iddiaçının əsl iddiaçı olmaması və iddia müddətinin ötürülməsi ilə bağlı mülahizəsinə əsasən qeyd etmişdir ki, bankdan kredit iddiaçının bacısının adına götürülsə də, həmin məbləğ faktiki olaraq iddiaçının ailəsinə verilmiş və onların mülkü hesab edilmişdir. Bu səbəbdən iddiaçının hazırkı iddia tələbini qaldırmağa subyektiv hüququ vardır. Müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ilə bağlı məhkəmə hesab etmişdir ki, həmin müddət bank və borclu arasında mövcud olan öhdəliklə bağlı mübahisələrə aiddir və hazırkı işə aidiyyatı yoxdur. Həmçinin iddiaçı ilə cavabdehin faktiki ailə münasibətlərinə 2014-cü il tarixdə iddiaçının evdən getməsi ilə xitam verilmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə isə 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla da ümumi iddia müddəti olan 10 illik müddət də ötürülməmiş hesab edilməlidir. 13.Məhkəmənin mövqeyinə görə iddiaçının bacısının adına götürülən kreditlərlə ailə ehtiyacları xaricində, cavabdeh üçün sərf edilən məbləğ cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Həmin məbləğ iddiaçının iddia tələbində qeyd etdiyi miqdarda yox, 1900 manat məbləğində müəyyən edilməlidir. 14.Buna görə də məhkəmə hesab etmişdir ki, Cavabdeh qaytarılmamış borca görə 1900 manat alınaraq İddiaçı ödənilməlidir. 15.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2, 739, 742.1, 385.1, 442-ci: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 16.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından aydın şəkildə görünür ki, cavabdeh sürücülük vəsiqəsinin alınması və xəstəliyi ilə əlaqədar müalicə olunması zamanı tibbi xərclərinin ödənməsi ilə əlaqədar öz şəxsi ehtiyaclarını ödəmək üçün 5000 AZN məbləğində borc gütürüb şəxsi məqsədləri üçün istifadə edərək bəhrələnib, bunun əvəzində isə ona kömək edərək borc verən iddiaçıya həmin məbləğdə pulu qaytarmağı öhdəlik götürsə də, öz vəzifəsini yerinə yetirməmişdir. İşə baxan məhkəmə isə borcun 5000 AZN olmasına baxmayaraq 1900 AZN hissədə borcu təmin etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı 5000 AZN borc almış, lakin borcunu qaytarmamışdır. Məhkəmə isə yalnız polis orqanlarında aparılan araşdırma zamanı cavabdehin verdiyi izahatda 1900 AZN borcunun ödənilməsini qəbul etmiş, borcun digər hissəsi ilə əlaqədar təqdim etdikləri Whotsapp yazışmaları və səs yazılarında olan etirafedici dəlillərə hüquqi qiymət verməmiş, bununla da borc verilməsi ilə bağlı tərəflərin arasında olan razılaşmaya uyğun olaraq borcun qaytarılması təmin olunmamışdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı olaraq o, borcalan Cavabdeh sürücülük vəsiqəsinin alınması və xəstəliyi ilə əlaqədar müalicə olunması üçün 5000 AZN məbləğində borc götürüb vermişdir. Həmin pulu cavabdeh şəxsi məqsədləri üçün istifadə edərək bəhrələnib, bunun əvəzində isə ona kömək edərək borc verən şəxslərə qarşı haqsızlıq edərək üzərinə düşən öhdəliyin icrasından yayınmışdır. Cavabdeh 5000 AZN məbləğdə pulu qaytarmağı öhdəlik götürsə də öz vəzifəsini yerinə yetirməmişdir. Qeyd olunanlar onu göstərir ki, verdiyi borcu tələb etməkdə iddiaçı haqlıdır və cavabdehin həmin pulu qaytarmaq vəzifəsi qanunla müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın şəkildə görünür ki, Cavabdeh iddiaçı olaraq ondan 5000 AZN pulu borca götürmüş, lakin həmin pulu qaytarmaqla bağlı üzərinə götürdüyü öhdəliyin icrasından boyun qaçırır. Bu da o deməkdir ki, cavabdeh borcu qaytarmamaqla üzərinə düşən öhdəliyi yerinə yetirmir və MM-nin 442 maddəsi ilə müəyyən edilmiş qaydaları pozur. Lakin, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı olaraq onun borcun ödənilməsini tələb etməkdə qanunla müəyyən edilmiş haqqıdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmənin müəyyən etdiyi faktlardan görünür ki, məhkəmə işdə olan sübutlara və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə, mübahisəli hüquq münasibətlərinin yaranması zamanı qüvvədə olmuş maddi hüquq normalarını işə tətbiq etməmiş, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmişdir. Bununla da MPM-nin 9-cu maddəsinin tələblərini pozmuşdur. Məhkəməyə 5000 AZN məbləğində cavabdehin iddiaçıya borcunun olmasını sübut edən çoxsaylı dəlillər var. Belə ki, Cavabdeh polis orqanlarında araşdırma aparılarkən verdiyi etirafedici izahatlar, Whatsapp yazışmaları və səs yazılarında həmin məbləğdə 5000 AZN pulu götürməsini etiraf etməsi və qaytaracağına dair söz verməsi, pulun borc götürülməsi zamanı Bank sənədləri iddiaçı tərəfindən məhkəmə baxışına təqdim olunan çoxsaylı dəlillərdəndir. Lakin bunun əksinə cavabdeh tərəf bu dəlilləri və öz etirazının əsası kimi istinad etdiyi hallara dair heç bir sübut təqdim etməmişdir. Cavabdehin yeganə mövqeyi belə olmuşdur ki, borc müqaviləsi ilə bağlı 3 illik iddia müddəti şamil edilsin. Bu mövqe özü də elə iddiaçının haqlı olmasını sübut edir. Belə ki, cavabdehin deməyə və iddianı təkzib etməyə sözü yoxdur. Belə olan halda vəkil ancaq hüquqi məsələlərlə iddianın təmin olunmaması üçün müddət amilini ortaya atır. Lakin buna da məhkəmə qanuni formada qiymət verir. Hesab edir ki, məhkəmə iddiaçının təqdim etdiyi sübutları tam şəkildə araşdırmamışdır.Cavabdehin ona borcunun olmasını sübut edən etirafedici izahatlarında, Whatsapp yazışmalarında və səs yazılarında həmin məbləğdə 5000 AZN olması müəyyən edilir və cavabdeh borcunun qaytarılmasından imtina etmir, qaytaracağına dair söz verir, pulun Bankdan götürülməsi zamanı Bank sənədləri iddiaçı tərəfindən məhkəmə baxışına təqdim olunan çoxsaylı dəlillərdən olsa da məhkəmə həmin sübutlara qiymət vermir.Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunur ki, borcun 5000 AZN olması iddiaçı tərəfindən sübut edilməmişdir. Lakin işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçının verdiyi borcun məbləği 5000 AZN olmuşdur. Bunun sübutu kimi müxtəlif dəlillər məhkəməyə təqdim edilmişdir. Həmin dəlillərə yəni cavabdehin iddiaçıya borcunun olmasını sübut edən etirafedici izahatlarında, məhkəməyə təqdim olunmuş Whatsapp yazışmalarında və səs yazılarında həmin məbləğdə 5000 AZN olmasımüəyyən edilir, qeyd olunanlara isə məhkəmə qətnaməsində qiymət verilməmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin elə məhkəmənin özünün müəyyən etdiyi işin hallarına uyğun gəlmir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 18.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 19.Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməmsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 20.İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 21.Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının nümayəndəsi Vəkil2 xx.xx.2024-cü il tarixdə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə xəbərdar olunmasına baxmayaraq, o, məhkəməyə gəlməmiş, ərizə göndərərək, Şəki İnzibati Məhkəməsində 31 iyul 2024-cü il tarixə, saat 12-00-a təyin edilmiş məhkəmə iclasında iştirakı ilə bağlı hazırkı işin baxılmasının təxirə salınmasını xahiş etmişdir. Kollegiya iddiaçının nümayəndəsi Vəkil2 ərizəsini əsassız hesab edərək, qeyd edir ki, o, hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə xx.xx.2024cü il tarixdə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə xəbərdar olunduğu halda, Şəki İnzibati Məhkəməsi tərəfindən 31 iyul 2024-cü il tarixə, saat 12-00-a təyin edilmiş məhkəmə iclası ilə bağlı 04 iyul 2024-cü il tarixdə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə xəbərdar olunmuşdur. Göründüyü kimi, iddiaçının nümayəndəsi Vəkil2 Bakı Apellyasiya Məhkəməsi tərəfindən Şəki İnzibati Məhkəməsinə münasibətdə bir ay əvvəldən xəbərdar olunmuşdur. Buna görə də, o, ilk olaraq hazırkı məhkəmə prosesində iştirak etməli olduğu halda, əsassız olaraq iclasının təxirə salınmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 22.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 23.Maddə 14.1.Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 24.Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 25.Maddə 739.Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 26.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 27.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 28.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 29.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 30.Maddə 402.1.Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 31.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 32.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 33.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı qətnaməni həmin hissədə mübahisələndirmiş, cavabdeh isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 34.Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, apellyasiya şikayətini və iş materiallarını, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 35.Belə ki, məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən edildi ki, tərəflər 2014-cü il tarixindən etibarən ayrı yaşayırlar. Birgə nikahları dövründə bankdan götürülən kredit vasitəsilə cavabdehin sürücülük vəsiqəsi alması üçün və onun əməliyyat xərcləri üçün istifadə edilmişdir. İddiaçının iddia etdiyinə kredit götürülərək cavabdehə verilən borc məbləği faizləri ilə birlikdə 5000 manat təşkil etmişdir. 36.Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). 37.Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. 38.Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). 39.Məhkəmə cavabdehin polis orqanlarına izahat verərkən sürücülük vəsiqəsi üçün 900 manat, əməliyyatı üçün isə 1000 manat məbləğində pul götürdüyünü etiraf etməsinə əsaslanaraq iddianın 1900 manat məbəğində etiraf edilməsini nəzərə almaqla, iddianı 1900 manat həcmində qismən təmin etmişdir. 40.Məhkəmə kollegiyası birnici instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab edərək qeyd edir ki, iddiaçı cavabdehə verilən borcun 5000 manat olduğunu iddia etsə və bunu təsdiq edən hər hansı bir sübut təqdim etməmiş, bu barədə “Whatsapp” yazışmalarının olmasını bildirsə də, qeyd olunan hal iş materiallarından müəyyən edilməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iddiaçı tərəf bütün sübutlarını təqdim etdiyini bildirdiyi üçün, işin məhkəmə baxışına təyin edilməsi barədə qərardad qəbul olunmuşdur. 41.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 42.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür.
43. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 44.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. 45.Məhkəmə kollegiyası hesab edir ki, cavabdehə verilən borc məbləği 1900 manat həcmində öz təsdiqni tapdığından məhkəmə düzgün olaraq iddianı həmin məbləğdə qismən təmin etmişdir. 46.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 47.Kollegiya qeyd edir ki, məhkəmə xərcləri Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilmişdir. 48.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 49.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 50.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 51.Kollegiya həmçinin qeyd edir ki, mübahisələndirilən hissədə məbləğ 3100 manat olduğundan, MPM-nin 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. 52.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 aprel 2024-cü il tarixli, 2(003)-763/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov