Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3935/2025 23.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır, dövlət rüsumu az ödənilmişdir) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-266/2025 saylı, 24 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə 22.157,32 (iyirmi iki min beş yüz əlli yeddi avro, otuz iki sent) Avro və 1.672.76 (min altı yüz yetmiş iki manat, yetmiş altı qəpik) AZN vəsaitin tutularaq Elm və Təhsil Nazirliyinin müvafiq bank hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-266/2025 saylı, 24 aprel 2025ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir.
3. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-266/2025 saylı, 24 aprel 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq normaları:
4.“X6” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsində qeyd edilir ki, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə birinci instansiya məhkəməsinə müraciət edilərkən bu qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. 5.Qanunun 8.1.3-cü maddəsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. 6.Qanunun 4.4-cü maddəsinə görə bu Qanunla dövlət rüsumunun məbləği xarici valyutada nəzərdə tutulduğu hallarda dövlət rüsumu Azərbaycan Respublikası ərazisində ödənildikdə ödəniş tarixinə Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun yalnız manatla ödənilir.
7. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
8. Mülki Prosessual Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
9. Mülki Prosessual Məcəllənin 363.1.2-ci madəsində qeyd edilir ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
10. Həmin Məcələnin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən işə apellyasiya qaydasında baxılması qeyri-mümkündür.
12. Belə ki, hazırki iş üzrə iddiaçı tərəfindən tələb olunan məbləğ 22157,32 avro (43740,77 manat) və 1672,76 manat olmaqla cəmi 45413,53 manat təşkil edir. Bu halda iddia ərizəsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 226,24 manat (120+35413,53x0,3/100=226,24) olduğundan, apellyasiya şikayətinə görə ”X6” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən 226,24 manatın 50%-i yəni 113,12 manat dövət rüsumu ödənilməlidir. Cavabdeh tərəfindən isə 50 manat dövlət rüsumu ödənilmişdir. 13 Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-266/2025 saylı, 24 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən apellyasiya qeyri-mümkün hesab edilməlidir.
14. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-266/2025 saylı, 24 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Cəmilə Musayeva