Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3937/2025 15.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" ASC, "xxxx" MMC-yə və Cavabdeh1nə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 Qəbələ Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər:hərracın nəticələrinin etibarsızlığı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), X1 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçı və "xxxx" ASC-nin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-87/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 15 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)-19/2017 saylı icra vərəqəsinə əsasən, X3 6020,33 manat pul vəsaiti alınaraq "xxxx" ASC-yə ödənilməli, borcun ödənilməsi X4 mülkiyyətində olan ipoteka predmetinə - İsmayıllı şəhəri, Məhsəti küçəsində istifadədə olan 0,0588 ha torpaq sahəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin ev açıq hərracda satılmalı, ipoteka predmeti olan fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 20000 manat məbləğində müəyyən edilməli, tutma ipoteka qoyulmuş evə yönəldikdən və ev hərracda satıldıqdan sonra X8, X9, X2, İddiaçı Hüseyn oğlu və X5 ən geci 1 ay ərzində fərdi yaşayış evini tərk etmədikdə evdən çıxarılmalıdır.
2. Qeyd olunan qətnamə (icra vərəqəsi) icra olunması üçün İsmayıllı rayon icra şöbəsinə göndərilmiş və 16 aprel 2018-ci il tarixdə icraata başlanılmışdır. İsmayıllı rayon icra şöbəsi xx.xx.2021-ci il tarixli 83882\18-45-1 saylı sifariş məktubu ilə "xxxx" MMC-yə ipoteka predmeti olan əmlakın hərracının keçirilməsinin təşkil edilməsi sifariş olunmuşdur. Qeyd olunan məktuba əsasən "xxxx" MMC tərəfindən əmlakın ilkin satış qiyməti 20000 manat olmaqla xx.xx.2021-ci il tarixdə ilkin hərrac, satış qiyməti 17000 (15% daha az) manat olmaqla 19 mart 2021-ci il tarixdə təkrar hərrac keçirilmişdir. Qeyd olunan hərraclar baş tutmadığından əmlak "xxxx" MMC-nin 20 mart 2021-ci il tarixli məktubu ilə təkrar hərracdakı ilkin satış qiymətindən 25 % az olmayan qiymətlə, yəni 12750 manat olmaqla ipoteka saxlayan "xxxx" ASC-yə təklif olunmuş, hərracın yekunları barədə 37/09 №-li 29 aprel 2021-ci il tarixli protokolla sonuncu tərəfindən əldə olunmuşdur. Bununla razılaşmayan iddiaçı hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli 01/376 saylı protokolun etibarsızlığı ilə bağlı tələblə məhkəməyə müraciət etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Açıq Səhmdar Cəmiyyəti “Xalq” Banka, "xxxx" MMC-yə və Cavabdeh1nə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 Qəbələ Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ”Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC–i tərəfindən mərhum atası X6 məxsus olan İsmayıllı şəhəri Məhsəti küçəsi ev 20 də yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması üçün keçirdiyi hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-də keçirilmiş hərraclar cavabdehlərin iştirakları olmadan keçirilmiş və həmin əmlakın tələbkar təşkilat tərəfindən balansa götürülməsi barədə hər hansı bir məlumatı olmamışdır. Bu zaman İsmayıllı rayon icra xidməti ipoteka ilə yüklü edilmiş və hərracın yekunları barədə imzalanmış yekun protokolu, fərdi yaşayış sahəsi bank tərəfindən balansına götürüldüyünü gizli saxlamış və əsl həqiqəti bildirməmişdir. Belə ki, əgər bank əmlakını borc əvəzinə götürübsə, o zaman ”Xalq Bank” ASC-nin İsmayıllı filalının əməkdaşı kimi özünü təqdim edən Orxan adlı şəxs ona zəng edərək ondan bankın hesabına ödənilməmiş qalan vəsaitin ödənilməsini tələb etmişdir. O da məhkəmə qətnaməsindən sonra xx.xx.2023-cü il tarixdə borcundan 4800 manat məbləğində banka ödəniş etmişdir. Onda sual olunur, hərracdan sonra banka ödədiyi vəsait hansı hesaba işlənib. Cavabdehlər onu yiyəsiz görüb ona qarşı tam qanunazidd hərəkətlər etmiş və ona qarşı qərəzli yanaşılaraq hüquqlarını kobud surətdə pozmuşdurlar. Onsuz da maddi durumum ağır olduğundan cavabdehlər onu belə hərəkətləri ilə daha da ağır duruma salıblar. Cavabdehlərin tərtib etdikləri hərracın yekunlarına dair protokol və s. hüquqi sənədlər tam qanunsuz və əsassızdır, ona görə də həmin sənədlər ləğv olunmalıdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etmək istəyir ki, hərracın keçirilməsi vaxtı barədə ipoteka qoyana qanunla müəyyən edilmiş müddətlər ərzində məlumat verilməməsi, habelə qanunvericiliyə zidd olaraq hərracın keçirilməsi formal və ya əhəmiyyətsiz pozuntu hesab ediməlidir. Həmçinin, mülki qanunvericiliyin məhkəmələrə hərracın nəticələrini yoxlamaq səlahiyyəti verməsi məhz ədalət mühakiməsi orqanının üzərinə müvafiq tələb əsasında qanunu kobud pozmaqla keçirilmiş hərracın nəticələrini etibarsız hesab etmək vəzifəsi qoyur.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-87/25 saylı iş üzrə 24 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim S.Nuriyeva) iddia təmin edilməmişdir.
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, hazırkı iş üzrə İddiaçı yaşadığı İsmayıllı şəhəri, Məhsəti küçəsində istifadədə olan 0,0588 ha torpaq sahəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 20000 manat olmaqla açıq hərracda satılması qət edilmiş, bundan sonra qətnamə icra edilməsi üçün icra orqanına göndərilmişdir. Daha sonra məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra orqanı qanunvericiliklə üzərinə qoyulmuş vəzifələr üzrə ipoteka predmetinin hərracını təşkil etmək üçün sifarişlə (xx.xx.2021-ci il) hazırki iş üzrə cavabdeh "xxxx" MMC-yə müraciət edərək, hərracın təşkil edilməsini sifariş etmişdir. Bundan sonra cavabdeh hərrac təşkilatı tərəfindənsifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq ipoteka predmeti olan əmlaka dair ilkin hərrac (02 mart 2021-ci il) və təkrar hərrac (19 mart 2021-ci il) təşkil olunmuş, keçirilən hərraclar barədə iddiaçıya, habelə digər borclulara müvafiq bildirişlər göndərilmiş, müvafiq elanların verilməsi təmin olunmuşdur. Məhkəmə işdə olan sübutlardan hərracın keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə (ilk və təkrar hərracın keçirilməsi, qəzetlərdə elanların verilməsi, bildirişlərin göndərilməsi, alqı-satqı müqaviləsinin bağlanması və s.) tam riayət olunması qənaətinə gəlmişdir.
7. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1, 41, 42.1, 42.5, 43.4, 43.5, 43.7, 43.7-1-ci və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nərmanov Rayon Məhkəməsinin e-2(005)-87/2025 saylı,xx.xx.2025-cü iltarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-də keçirilmiş hərraclar cavabdehlərin iştirakları olmadan keçirilmiş və həmin əmlakın tələbkar təşkilat tərəfindən balansa götürülməsi barədə hər hansı bir məlumatı olmamışdır. Bu zaman İsmayıllı rayon icra xidməti ipoteka ilə yüklü edilmiş və hərracın yekunları barədə imzalanmış yekun protokolu, fərdi yaşayış sahəsi bank tərəfindən balansına götürüldüyünü onlardan gizli saxlamış və onlara əsl həqiqət bildirilməmişdir. Hərracın keçirilməsi vaxtı barədə ipoteka qoyana qanunla müəyyən edilmiş müddətlər ərzində məlumat verilməməsi, habelə qanunvericiliyə zidd olaraq hərracın keçirilməsi formal və ya əhəmiyyətsiz pozuntu hesab ediməlidir. Həmçinin mülki qanunvericiliyin məhkəmələrə hərracın nəticələrini yoxlamaq səlahiyyəti verməsi məhz ədalət mühakiməsi orqanının üzərinə müvafiq tələb əsasında qanunu kobud pozmaqla keçirilmiş hərracın nəticələrini etibarsız hesab etmək vəzifəsi qoyur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Cavabdeh "xxxx" ASC apellyasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
12. Cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublkasının Mülki Məcəlləsi:
Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
15. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (iş üzrə 2021ci ildə hərraclar keçirilərkən qüvvədə olan redaksiyada):
Maddə 41.2 Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Maddə 42.3. Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən və iddia təmin edilmədiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iddia tələbi təmin edilməlidir.
20. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır. Kollegiya bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
21. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi mübahisəli fərdi yaşayış evinə dair hərracın nəticələrinin etibarsız hesab edilməsi barəsindədir.
22. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC” tərəfindən İsmayıllı rayon İcra şöbəsinə, habelə İddiaçı və s. ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli 01 №-li bildirişdən görünür ki, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)-19/2017 saylı qətnaməsi üzrə İsmayıllı şəhəri, Məhsəti küçəsində istifadədə olan 0,0588 ha torpaq sahəsində yerləşən 20 saylı fərdi yaşayış evinə dair hərracın ilkin satış qiyməti 20000 manat olmaqla hərracının keçirilməsi xx.xx.2021-ci il tarixə saat 11:00-a təyin edilmişdir.
23. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC” tərəfindən İsmayıllı rayon İcra şöbəsinə, habelə İddiaçı və s. ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2021-ci il tarixli 02 №-li bildirişdən görünür ki, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)-19/2017 saylı qətnaməsi üzrə İsmayıllı şəhəri, Məhsəti küçəsində istifadədə olan 0,0588 ha torpaq sahəsində yerləşən 20 saylı fərdi yaşayış evinə dair hərracın satış qiyməti 17000 manat olmaqla hərracının keçirilməsi xx.xx.2021-ci il tarixə saat 11:00-da keçirilməsi təyin edilmişdir.
24. "xxxx" MMC tərəfindən İsmayıllı rayon İcra şöbəsinə, habelə İddiaçı, digərlərinə və "xxxx" ASC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair 30 mart 2021-ci il tarixli təklifdən görünür ki, ipoteka predmeti olan İsmayıllı şəhəri, Məhsəti küçəsində istifadədə olan 0,0588 ha torpaq sahəsində yerləşən 20 saylı fərdi yaşayış evi təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 12750 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur.
25. Hərracın yekunları barədə 37/09 №-li 29 aprel 2021-ci il tarixli protokoldan görünür ki, İsmayıllı şəhəri, Məhsəti küçəsində istifadədə olan 0,0588 ha torpaq sahəsində yerləşən 20 saylı fərdi yaşayış evi dəyəri 12750 manat olmaqla ipoteka saxlayan "xxxx" ASC tərəfindən əldə edilmişdir.
26. İşin yuxarıda sadalanan hallarından göründüyü kimi, ipoteka predmeti olan İsmayıllı şəhəri, Məhsəti küçəsində istifadədə olan 0,0588 ha torpaq sahəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi üzrə 02 mart 2021-ci il və 19 mart 2021-ci il tarixlərdə ilkin və təkrar hərraclar keçirilmiş, ipoteka predmeti təkrar hərracda da satılmadığından tələbkar "xxxx" ASC-yə təklif olunmuş, lakin tələbkar təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməmişdir. Təkrar hərracın baş tutmaması isə ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir.
27. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır və ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28 oktyabr 2014-cü il tarixli Qərarı).
28. Beləliklə, ilkin və təkrar hərracların keçirilməsi, təkrar hərracda satılmadığından ipoteka predmetinin tələbkar "xxxx" ASC-yə təklif olunması və tələbkarın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi iş materialları ilə təsdiq olunur.
29. Məhkəmə kollegiyası hərracın baş tutmamasının elan olunduğu günün bu barədə xx.xx.2021-ci il tarixdə qəzetdə elan verildiyi gündən hesablanması ilə bağlı cavabdehin dəlili ilə razılaşmır və hesab edir ki, hərracın baş tutmamasının elan olunduğu günün əvvəlinin göstərilən tarixdən başlanması tərəflərin hüquq bərabərliyi prinsipinə ziddir. Belə ki, hərrac onun keçirildiyi gün ya baş tutur, ya da baş tutmur. Hərrac iştirakçıları, o cümlədən ipoteka saxlayan bu barədə elə həmin gün məlumatlı olur və bu barədə qəzetdə elanın nə vaxt dərc olunmasının əhəmiyyəti yoxdur. Ona görə də “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulan bir aylıq müddətin əvvəli elə hərracın keçirildiyi gün əsas götürülməklə hesablanmalıdır.
30. Məhkəmə kollegiyası iş materiallarına əsasən onu da qeyd edir ki, ipoteka qoyan Hüseyn Xəlilov xx.xx.2021-ci ildə, yəni birinci hərrac keçirilənədək artıq vəfat etmişdi.
31. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hərrac protokolunun etibarsız hesab edilməsi tələbini rədd edərkən işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
33. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390).
34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. İpoteka predmeti olan, mərhum X6 məxsus İsmayıllı şəhəri Məhsəti küçəsi ev 20 də yerləşən fərdi yaşayış evinin ipoteka saxlayan "xxxx" ASC tərəfindən əldə olunması ilə bağlı hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli, 37/09 saylı protokol və “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2021-ci il tarixli müqavilə etibarsız sayılsın və bununla əlaqədar olaraq daşınmaz əmlakın dövlət reyestrində həmin ev üzərində "xxxx" ASC-nin mülkiyyət hüququna dair aparılmış qeydiyyat yazısı ləğv edilsin. Ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutulub İddiaçı ödənilsin. Ekspertiza xərcinə görə 276 (iki yüz yetmiş altı) manat cavabdeh "xxxx" ASC-dən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.