Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3938/2021 07.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyalə Cəmilova və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “reqres qaydada pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Bakı Apellyasiya Məhkəməsinin 30.11.2015-ci il tarixli qətnaməsinə görə 02.08.2008-ci il tarixli kredit müqaviləsi üzrə 487.720,56 ABŞ dolları Cavabdeh “xxxx” ASC-nin xeyrinə tutulmalı, tutma İddiaçı məxsus, ipoteka predmeti olan, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, ev № 213-də yerləşən 18 və 21 №-li mənzillərə yönəldilməli, mənzillərin ilkin satış qiyməti 765.000 manat müəyyən olunmalıdır. Qətnamə qanuni qüvvəyə minib və icra vərəqəsi verilib (iş v. 8). Mənzillər hərraca 765.000 manat ilkin satış qiyməti ilə çıxarılıb, daha sonra ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə təkrar hərraca çıxarılıb, təkrar hərrac baş tutmadığına görə hərracın təşkilatçısı banka təklif edib ki, mənzilləri təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz aşağı qiymətə - 487.688 manata alsın. “Hərracın nəticələri haqqında” 08.06.2018-ci il tarixli, Y-740 №-li yekun protokola görə “xxxx” ASC mənzilləri 487.688 manata əldə edib (iş v. 12). Bundan sonra ipoteka qayan – İddiaçı kreditalan - Cavabdeh qarşı hazırkı iddia ilə məhkəməyə müraciət edib. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, mənzillərin ilkin satış qiymətini təşkil edən 765.000 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 487.688 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməsi hissəsində dəyişdirilərək iddia tam təmin olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Qətnamənin yoxlanılması: Bu münasibəti tənzimləyən norma olmadığına görə Mülki Məcəllənin 475.1-ci maddəsindəki norma qanunun analogiyası üzrə tətbiq edilməlidir. Belə ki, ipoteka da zaminlik kimi öhdəliyin icrasının təmini üsuludur. 475.1-ci maddə qeyd olunub: “Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər”. Göründüyü kimi, öhdəliyi icra etmiş şəxsin 3 ödənişə hüququ çatır: 1) kreditorun tələbini ödədiyi həcmdə ödəniş; 2) ödənilmiş məbləğdən faizlər; 3) borclunun əvəzinə məsuliyyətlə bağlı zərərin əvəzi. 487.688 manat (mənzillərin hərracda satıldığı qiymət) 1-ci ödənişə aiddir. Həmin qiymətlə (487.688 manatla) ilkin satışı qiymətinin (765.000 manatın) arasındakı fərq (277.312 manat) 3-cü ödənişə aiddir. Yəni 277.312 manat “borclunun əvəzinə məsuliyyətlə bağlı zərər” anlayışı ilə əhatə olunur, çünki ipoteka qoyan borclunun əvəzinə məsuliyyət daşıdığına görə 765.000 manat qiymətində əmlakından məhrum olub. Odur ki, 765.000 manatın 487.688 manatı borclunun əvəzinə ödəniş kimi, 277.312 manatı isə borclunun əvəzinə məsliyyətlə bağlı zərər kimi qiymətləndirilməldir. Mülki Məcəllənin 21.2ci maddəsindən görünür ki, zərər dedikdə, həm də şəxsin əmlakından məhrum olması başa düşülür. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin olunsun. 765.000 (yeddi yüz altmış beş min) manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45 (qırx beş) manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3938/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3938/2021
07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver