Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3938/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 və cavabdehlərin vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-110/2022 saylı işi üzrə 17 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi olan 463 №-li bağ sahəsinin zəbt edilmiş hissəsinin cavabdehlərin qanunsuz zəbtindən azad edilməsi, onların həmin torpaq sahəsindən çıxarılması və zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılaraq, iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2007-ci il tarixli, 7834 №-li müqavilə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,12 hektar torpaq sahəsi olan 463 №-li bağ sahəsi (sonradan – mübahisəli sahə) mərhum yoldaşı Zamanov Akif Qafur oğlunun istifadəsinə verilmişdir. Zamanov Akif Qafur oğlu xx.xx.2011-ci il tarixdə öldükdən sonra Bakı şəhəri, 5 saylı notariat ofisində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Mübahisəli sahənin özəlləşdirilməsi ilə əlaqədar DƏDRX-yə müraciət edilmiş, lakin oradan gələn cavab məktubundan müəyyən olunmuşdur ki, mübahisəli sahə müxtəlif şəxslər tərəfindən zəbt edilmişdir. Polis orqanına şikayətlə müracəit etdikdən sonra torpaəq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsi müəyyən edilmişdir. Cavabdehər tərəfindən iddia ərizəsinə etiraz verilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Maştağa Bələdiyyəsi tərəfindən 0.012 ha (1200.0 kv.m) torpaq sahəsi fərdi bağ evinin tikintisi üçün Cavabdeh1 adına verilmiş, eyni zamanda torpaq sahəsinin “yerləşmə sxemi” də təqdim edilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi müqavilə natamamdır və heç bir hüquqi qüvvəsi yoxdur. Belə ki, məhkəməyə təqdim olunmuş nüsxə iki səhifədən ibarət olmalı olduğu halda, yalnız bir səhifəsi təqdim edilmişdir. Həmin müqavilənin hər iki səhifəsində Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyinin qanunla müəyyən edilmiş möhürü olmalıdır. İddaçının məhkəməyə təqdim etdiyi “müqavilə”də isə birinci səhifəsində belə bir möhür yoxdur, (müqavilənin ikinci səhifəsi isə ümumiyyətlə yoxdur). Həmin torpaq sahəsində tikdikləri ikimərtəbəli evə əmlak vergisi ödəmişdilər, hal-hazırda da vergi ödəyicisidilər. xx.xx.2008-ci ildə Bakı Elektrik şəbəkə ilə, sonrakı müddətə isə may 2016- cı ildən AZƏRİŞİQ ASC ilə müvafiq olaraq “enerjitəhcizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısı müqavilələri bağlanmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-110/2022 saylı işi üzrə 17 mart 2022-ci il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın tam təmin olunmasına və məhkəmə xərclərinin cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin müqavilə ilə bağlı hər hansı şübhəsi var idisə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu verib, sənədlərin təsdiq edilmiş surətini tələb edə bilərdi. Digər tərəfdən də, tərəflərindən məhkəməyə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 19 mart 2019cu il tarixli, **********50 nömrəli məktubu təqdim edilmişdir. Qoşma olaraq təqdim edilmiş müqavilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xdmətinin 1 saylı Bakı Ərazi İdarəsinin “Arxivdə saxlanılan nüsxə ilə eynidir” adlı göy rəngli ştampı ilə təsdiq edilərək, 15 mart 2019-cu ildə imzalanmışdır. Həmin sənəd həmçinin notarial qaydada təsdiqlənərək, məhkəməyə təqdim edilmişdir. Müqavilənin 2-ci səhifəsində müqavilə tarixinin “iyun” yazısına oxşaması texniki səhv ola bilər. Bunun üçün vətəndaş məsuliyyət daşımır və bu fakt onun hüquqlarının kobud və tam şəkildə pozulması üçün əsas ola bilməzdi. Məhkəmə qeyd edir ki, müqavilənin 2-ci bəndinə əsasən istifadəçi (Zamanov Akif Qafur oğlu) tərəfindən öhədliklərin yerinə yetirildiyi təqdirdə müqavilənin yeni müddətə artırılması nəzərdə tutulmuşdur. Lakin, araşdırma zamanı iddiaçı tərəfindən xx.xx.2007-ci il tarixdə bağlanmış müqavilə əsasında yalnız 2019-cu ildə torpağı öhəlləşdirmək niyyətinə düşməsi görünür. Yəni, Zamanov Akif Qafur oğlu tərəfindən müqavilədə onun üzərinə götürülən öhdəliklərin 10 il ərzində yerinə yetirilmədiyi görünür. Bu əsasdan məhkəmə hesab edir ki, müqavilə yeni müddətə uzadılmamışdır.” Məhkəmənin bu əsassız mövqeyi ilə də, razı deyil. Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə “Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görülməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Göründüyü kimi, yuxarıda qeyd edilən sərəncamın qəbulundan sonra, müqavilə müddətinin uzadılması ilə bağlı müraciət və.s nəzərdə tutulmamışdır. Məhkəmə isə əsassız və qanunsuz qətnaməsində, müqavilənin 2017-ci ildən sonra uzadılmadığını qeyd etmişdir. Onu da, qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xdmətinin 1 saylı Bakı Ərazi İdarəsinə verilmiş vəkil sorğusuna cavab olaraq, həmin idarə 26 oktyabr 2020-ci il tarixdə **********00 nömrəli cavab məktubu və qoşması olaraq, Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən bağ sahələrinin bölgüsünə dair sxematik xəritənin surəti göndərilmişdir. Həmin məktub və sxematik xəritə də, məhkəməyə təqdim edilmişdir və iş materiallarındadır. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin, eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/6069 №-li ekspert rəyinə əsasən mübahisələndirilən torpaq sahəsi dövlət mülkiyyətindədir, bağların bölgüsüsünə dair sxematik xəritədə qeyd olunan bağların nömrələnmə ardıcıllığına əsasən iddia edilən ərazinin 463 nömrəli bağ sahəsinin yerləşmə mövqeyinə uyğun olması müəyyən edilmişdir. Məhkəmə isə qanunun tələbini kobud şəkildə pozaraq, ekspert rəyini nəzərə almamış, qanunun müddəalarını düzgün təfsir etməmişdir. Halbuki, bu kateqoriya işlərdə ekspert rəyi mühüm sübut növüdür. Hansı ki, həmin rəy DƏDRX-nin məlumatları əsasında tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xdmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş imtina bildirişində də əsas olaraq bağ sahəsinin ayrı-ayrı şəxslər tərəfindən özbaşına zəbt olunması qeyd edilmişdir. Yəni məhkəmənin qeyd etdiyi əsaslar mövcud olsaydı, idarə imtina bildirişində sözügedən müqavilənin düzgün olmamasını, müddətin keçməsini, torpağın düzgün yerləşməməsini və s. qeyd edərdi. Göründüyü kimi, imtina bildirişində əsas olaraq, yalnız zəbt olunma qeyd edilmişdir. Eyni zamanda məhkəmə iş üzrə xərcləri də, düzgün tutmamışdır. Əvvəla cavabdeh tərəf iddianı qəbul etmədiyindən, məhkəmə torpağın təyinatını müəyyən etmək üçün ekspertizalar təyin etmişdir. Ekspert rəyləri ilə də, iddianın əsaslı olması öz təsdiqini tapmışdır. Belə olan halda nə üçün həmin xərclərin yarısı iddiaçı tərəfdən tutulmalı idi? Digər tərəfdən mütəxəssis rəyinin alınması üçün ödənilmiş 311 manat pul tərəfimizdən müvafiq hesaba ödənilmişdir. Belə ki, həmin məbləğ ödənilməsəydi mütəxəssis rəyi verilmir. Hesab edir ki, ekspertiza xərci olan 50 manat məbləğ cavabdehlərdən tutulub ekspertiza mərkəzinin müvafiq hesabına, tərəflərindən ödənilmiş 311 manat isə, cavabdehlərdən alınaraq, iddiaçı tərəfə ödənilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 və cavabdehlərin vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-110/2022 saylı işi üzrə 17 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki işin faktiki halları aşağıdakılardır: İddiaçı Kazakova (nikahdan sonra Zamanova) Lyudmila Vladimirovna və Zamanov Akif Qafur oğlu xx.xx.1998-ci il tarixdə nikahlarını bağlamışdılar (Yasamal rayon VVAQ şöbəsi tərəfindən verilmiş 302349 №-li nikah haqqında şəhadətnamə ). Zamanov Akif Qafur oğlu xx.xx.2011-ci il tarixdə ölmüşdür (5 saylı notariat ofisinin notariusu təərfindən verilmiş məktub). Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi və Zamanov Akif Qafur oğlu arasında mübahisəli sahənin 10 il müddətinə istifadəyə verilməsi haqqında 7834 №-li xx.xx.2007-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 2-ci bəndinə əsasən istifadəçi (Zamanov Akif Qafur oğlu) tərəfindən öhədliklərin yerinə yetirildiyi təqdirdə müqavilənin yeni müddətə artırılması nəzərdə tutulmuşdur. Müqavilənin 6-cı bəndində istifadəçinin öhədlikləri əks olunmuşdur – bağdan təyinatı üzrə istifadə etmək, hər il öz xərci və vəsaiti hesabına aqrotexniki işləri görməyi və sair. Müqavilənin 16-cı bəndində müqavilənin müddəti 10 iyun 2001-ci il tarixdən 10 iyun 2011-ci il tarixədək müəyyən edilmişidr (qeyd edildiyi kimi müqavilə 10 il müddətinə xx.xx.2007-ci il tarixdə bağlanmışdır). Müqavilə DƏDRX-nin arxivində saxlanılmışdır, lakin müqavilədə Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin möhürü mövcud olmamışdır. Bakı şəhəri, 5 saylı notariat ofisinin notariusu İ.A.Məmmədov tərəfindən xx.xx.2019cu il tarixdə DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə müraciət olunaraq, Zamanov Akif Qafur oğlunun ölümü ilə əlaqədar onun arvadı İddiaçı müraciəti əsasında vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən olunması barədə məlumat verilmiş və mübahisəli torpaq sahəsinə çıxarışın verilməsi xahiş olunmuşdur. İddiaçı bağ sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı DƏDRX-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə müraciət etmişdir. Oradan gələn xx.xx.2019-cu il tarixli cavab məktubuna əsasən sözügedən bağ sahəsi sənədlə 1200 kv metr olsa da, faktiki olaraq göstərilən sahə 274,0 kv metr və 1345 kv metr olmaqla ayrı-ayrı şəxslər tərəfindən istifadə olunur. Cavabdehlər ər-arvaddır ( Bərdə rayon VVAQ şöbəsi tərəfindən verilmiş 399777 №li nikahın bağlanması haqqında şəhadətnamə). Maştağa Bələdiyyəsi tərəfindən Cavabdeh1 0,012 ha satılmışdır (Bələdiyyənin xx.xx.2006-cı il tarixli qərarı, torpaqların alqı-satqısına dair Akt). Cavabdeh1 həmin torpaq sahəsinə dair vergi ödəyicisi kimi Maştağa Bələdiyyəsi tərəfindən uçota alınmışdır (5796 №-li xx.xx.2019-cu il tarixli şəhadətnamə). Cavabdehlər tərəfindən həmin ərazidə ev inşa edilmişdir, Cavabdeh1 Azərişıqda abonent kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/6069 №-li ekspert rəyinə əsasən mübahisələndirilən torpaq sahəsi dövlət mülkiyyətindədir, bağların bölgüsüsünə dair sxematik xəritədə qeyd olunan bağların nömrələnmə ardıcıllığına əsasən iddia edilən ərazinin 463 nömrəli bağ sahəsinin yerləşmə mövqeyinə uyğun olması müəyyən edilmişdir (DƏDRX tərəfindən verilmiş cavaba əsasən). Ekspert rəyi Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsi tərəfindən hazırlanmış mütəxəssis rəyi əsasında verilmişdir. Hazırda iddiaçı mübahisəli sahənin cavabdehlərin qanunsuz zəbtindən azad olunmasını istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinin birinci cümləsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinin birinci cümləsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinin ikinci cümləsinə əsasən pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı mübahisəli torpağa olan hüququnu təsdiq edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş müqavilə özü-özlüyündə ziddiyyətli müqavilədir. Müqavilə Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin möhürü ilə təsdiq edilməmişdir. Bundan başqa, qeyd edildiyi kimi, müqavilə xx.xx.2007-ci il tarixdə 10 il müddətinə (xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək) bağlanmışdır. Lakin, müqavilənin 16-cı bəndində müqavilənin müddəti 10 iyun 2001-ci il tarixdən 10 iyun 2011-ci il tarixədək müəyyən edilmişdir. Göründüyü kimi, müqavilənin bəndləri biri birinə uyğun gəlmir. Müqavilənin 2-ci bəndinə əsasən istifadəçi (Zamanov Akif Qafur oğlu) tərəfindən öhədliklərin yerinə yetirildiyi təqdirdə müqavilənin yeni müddətə artırılması nəzərdə tutulmuşdur. Lakin, araşdırma zamanı iddiaçı tərəfindən xx.xx.2007-ci il tarixdə bağlanmış müqavilə əsasında yalnız 2019-cu ildə torpağı özəlləşdirmək niyyətinə düşməsi görünür. Yəni, Zamanov Akif Qafur oğlu tərəfindən müqavilədə onun üzərinə götürülən öhdəliklərin 10 il ərzində yerinə yetirilmədiyi görünür. Bu əsasla da məhkəmə haqlı olaraq hesab etmişdir ki, müqavilə yeni müddətə uzadılmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.1-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Odur ki, məhkəmə hesab edir ki, torpağın koordinatları mövcud olmadıqda onun dəqiq yerləşməsini də müəyyən etmək mümkün deyil. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsinə dair koordinatlar verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir, 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır, 3-cə bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir, 4-cü bəndinə əsasən Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Odur ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinə hüququnu təsdiq edə bilmədiyindən belə bir iddia qaldırmağa onun subyektiv hüququ olmamışdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilənlərə təkzib olunduğundan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətdə göstərilənlər məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz və birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda məhkəmənin təşəbbüsü ilə iş üzrə ekspertiza təyin olunmuş, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Ekspertiza məhkəmənin təşəbbüsü ilə təyin edildiyindən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatın 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE**********00020 88501 hesabına köçürülməlidir. Eyni zamanda mütəxəssis rəyi məhkəmənin sorğusuna əsasən verildiyindən iş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən 311 manat xərcin 155,50 manat hissəsi İddiaçı, 155,5 manat hissəsi isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Kapital bank ASC-nin Xətai vilialı, KOD 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ013501**********, Benefisiarın adı Kadast və Yerqur Layihə TADQ MAR, Benefisiarın hesabı AZ23AİİB********************, VÖEN ********** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-110/2022 saylı işi üzrə 17 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-110/2022 saylı işi üzrə 17 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3938/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3938/2022
29.06.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver