Məhkəmə qərarları › İş №2(103)-394/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-394/2023

07.03.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-394/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “X7” Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəliyi) qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və torpaq sahəsindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlundan və X1 ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, İddiaçı, Mübahisə predmeti barəsinə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “X7” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ona məxsus torpaq sahəsindən qanunsuz istifadənin dayandırılmasına və torpaq sahəsindən çıxarılması tələbinə dair” iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 176/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Binəqədi rayonu X2 xx.xx.2006-cı il tarixli 2158 saylı sərəncamının surətindən müəyyən olunur ki, Bakı şəhər sakini vətəndaş İddiaçı ərizə ilə X3 müraciət edərək istifadəsində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsini xahiş etmiş və Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 100 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır.

2. Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı F.Alıyevin xx.xx.2020-ci il tarixli “materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə” qərarının surətindən görünür ki, araşdırma zamanı izahatı alınan Cavabdeh izahatında 2011-ci ildə ev alqı-satqısı ilə məşğul olan bir nəfər şəxsdən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən korpus 15 ünvanında içərisində birmərtəbəli ev olan 305,25 m2 torpaq almasını, vasitəçi tərəfindən ona "xxxx" MMC-nin sənədlərinin verməsini, o vaxtdan ailəsi ilə birlikdə həmin ünvanda yaşadığını, təxminən bir-iki il əvvəl bir nəfər tanımadığı şəxsin hasardan aşaraq onun yaşadığı həyətə daxil olaraq orada olan meyvə ağacını yandırmağa başladığını, bayıra çıxıb həmin şəxsdən nə etməsini soruşduqda həmin şəxs torpaq sahəsinin ona məxsus olmasını bildirdiyini, bu zaman o, polis çağırdığını, polis əməkdaşları gələrək həmin şəxsi oradan uzaqlaşdırdıqlarını, təxminən iki həftə əvvəl həmin şəxsin sahə inspektoru ilə gələrək həmin torpaq sahəsinin ona məxsus olmasını bildirdiyini, o isə 10 il əvvəl torpaq sahəsini alaraq orada yaşadığını, bütün kommunal və torpaq ödənişlərini etdiyini deməsini göstərmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli 059-48202 saylı məktubundan müəyyən olunur ki, İddiaçı müraciəti əsasında cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş və ona Cavabdeh qarşı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus torpaq sahəsindən qanunsuz istifadənin dayandırılmasına və torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yaşayır. 2006-cı ildə Bakı şəhəri Binəqədi rayonu X2 xx.xx.2006-cı il tarixli, 2158 saylı sərəncamı ilə bələdiyyənin istifadəsində olan 100 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə onun mülkiyyətinə verilmiş, faktiki isə onun istifadəsində 170 kv.m torpaq sahəsi vardır. Son 2-3 ildə o, torpaq sahəsi ilə bağlı vergiləri ödəmir. Maddi imkanı zəif olduğundan, daimi olaraq İmişli rayonunda yaşadığından, orada təsərrüfatla məşğul olduğundan həmin sahədə tikinti işləri apara bilməmişdir. Cavabdeh isə ona məxsus torpaq sahəsini zəbt edərək onu həmin sahəyə buraxmır. O, dəfələrlə cavabdehdən qanunsuz hərəkətlərinə son qoymasını tələb etsə də, cavabdeh buna məhəl qoymur. Bununla bağlı, o, Binəqədi Rayon Polis İdarəsinə müraciət etmiş, ona mülki qaydada məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Müraciət etsə də, X5 də bu barədə heç bir tədbir görməmişdir. Cavabdehin yaşadığı evə getsə də cavabdeh qapını açmamışdır. Cavabdehin qanunsuz hərəkətləri onun mülkiyyət hüquqlarını pozur. Ona görə də Cavabdeh ona məxsus torpaq sahəsindən qanunsuz istifadənin dayandırılmasına və torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş edir.

6. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 176/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə “X7” Şirkətinin Azərbaycan Respublikasındakı filialı mülki iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsinə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs “X7” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mübahisəli torpaq sahəsi şirkətin qanuni istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Ona görə də X2 xx.xx.2006-cı il tarixli 2158 saylı sərəncamını hazırda mübahisələndirmişlər, Bakı İnzibati Məhkəməsi tərəfindən iddia ərizələri xx.xx.2023-cü il tarixdə mümkün hesab edilmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

15. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

16. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

18. Maddə 155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir.

19. Maddə 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir.

20. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

21. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

22. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

23. Maddə 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

24. Maddə 66. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

25. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 4.1 və 5.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

36. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia ərizəsində və izahatında istinad etdiyi ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edilməsinə dair halı təsdiq edəcək hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbində istinad etdiyi halları təsdiq edən sübutlarını, yəni ona ayrılan torpaq sahəsindən cavabdehin istifadə etməsini sübuta yetirə bilməmiş və bu səbəbdən iddia ərizəsi təmin edilməmişdir.

37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

38. Apellyasiya baxışı zamanı işin tam və hərtərəfli araşdırılması məqsədi ilə Bakı şəhəri Binəqədi rayonu X2 xx.xx.2006-cı il tarixli, 2158 saylı sərəncamı ilə İddiaçı ayrılan 100 kv.m torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətində olmasının, həmin torpaq sahəsinin “X7” Şirkətinin istifadəsinə verilən torpaq sahələrinə aid olmasının, Cavabdeh inşa etdiyi tikililərin İddiaçı Bakı şəhəri Binəqədi rayonu X2 xx.xx.2006-cı il tarixli, 2158 saylı sərəncamı ilə ayrılan torpaq sahəsində yerləşməsinin, əgər yerləşirsə İddiaçı ayrılan torpaq sahəsində Ramilla Məsimovanın inşa etdiyi tikililərin təyinatının müəyyən edilməsinin müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

39. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, torpaq sahəsinə dair faktiki koordinatları, baza məlumatları və mütəxəssis rəyi Mərkəzə təqdim edilmədiyindən iş üzrə materiallar icrasız geri qaytarılmışdır.

40. İş materialına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 23 noyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mövcud arxiv materiallarına əsasən daşınmaz əmlakın yerləşdiyi Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 15 ünvanı haqqında ətraflı məlumat verilmədiyindən, hazırda kimin mülkiyyətində olmasını müəyyən etmək mümkün olmamışdır.

41. İş materiallarına əlavə edilmiş Binəqədi Rayonu X2 xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X2 26 dekabr 2006-cı il tarixli, 2158 saylı Sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsinin koordinat nöqtələri olmadığından qeyd olunan sahənin coğrafi hüdudlarını müəyyən etmək mümkün hesab edilmir.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

43. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlili əsassızdır və qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Odur ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-176/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddiaçı Feyuz oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-176/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar