Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3940/2025 12.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-3940/2025 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş əmlakın qaytarılması və ya onun dəyərinin pul şəklində tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-916/2025 nömrəli 08 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 avqust 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mingəçevir Şəhər Polis Şöbəsinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən, araşdırma zamanı Cavabdeh ilə onun izahatının alınması məqsədi ilə istifadə etdiyi (055) ***-**-** GSM nömrəsi vasitəsilə mobil telefonla əlaqə saxlanılaraq izahatının alınması zəruriliyi bildirilib izahat verməsi üçün Mingəçevir ŞPŞ-yə dəvət olunsa da, o, danışıq zamanı Bakı şəhərində yaşadığı üçün gələ bilməyəcəyini, həmçinin borcunun 15000 manat deyil, təxminən 6000 manat civarında olduğunu və hissə-hissə ödəyə biləcəyini bildirmişdir.
2. Cavabdeh tərəfindən təqdim edilmiş SMS yazışmasından görünür ki, Cavabdeh tərəfindən iddiaçıya siyahı göndərilmiş, iddiaçı da siyahını “düzdür” cavabı ilə təsdiq etmişdir. Həmin siyahıda aşağıkılar göstərilmişdir: fevral ayı - 1260, martın 01-də 1800, ayın 8-də 870 - 10 qramlıq, ayın 10-da 1180+1600, ayın ortası - 2000, 500 qalıq sepdən. 300 - komplekt 200 - bibi son 250 - tros sep 240 - ciyciyə 150 saat 120 m - bilərzik.
3. Maddi daşıyıcıda olan cavabdehin səsyazında bildirilir ki, “Afiqə müəllimə, görürsüz fevral ayı – 1260, görürsüz qabağından xətt çəkilib verilib, martın 1 – 1800, qabağından xətt çəkmişəm, verilib, ayın 8-də - 870 manat, bax altından xətt çəkmişəm, verilib, ən aşağıda var biri 1450 manat, görürsüz qabağından minus çəkmişəm, verilib, mən verdiklərimin qabağından xətt çəkmişəm, yəni bunlar verilib. Burda qalıb ayın ortasının 2000 manatı, və qalıq 500 manat sepdən, 300 manat komplekt, nə bilim bibimin 200 manat son pulu, 250 tros sep, bunlar aylıq verilənlərdi və bunların içində içi bibim daxil olmaqla bunun 1000 manata yaxını aprelin 1 ya 2-si verilir. O, qabağında minus çəkdiklərimin hamısını ödəmişəm, qəbzləri də atmışam. Mən indi 10000 manatın hamısını verən deyiləm ki, iyul ayına kimi hamı az-az verəcək, mən də verəcəm, nəcə bölübdü elə. Mən demirəm ki, mənim ona borcum yoxdur, demişdim ki, aprelin 1-nə kimi verəcəm, lakin o, ayın 22 mənimlə qırğına çıxdı.”
4. 09.03.2024-cü il tarixli ödəniş qəbzinə əsasən İddiaçı məxsus 416973******2681 saylı kart hesabına MilliÖn elektron ödəmə sistemi vasitəsilə 870 manat pul köçürülmüşdür.
5. 11.03.2024-cü il tarixli ödəniş qəbzinə əsasən İddiaçı məxsus 416973******2681 saylı kart hesabına MilliÖn elektron ödəmə sistemi vasitəsilə 1450 manat pul köçürülmüşdür.
6. 11.03.2024-cü il tarixli ödəniş qəbzinə əsasən X2 məxsus son rəqəmi 67050389 saylı kart hesabına MilliÖn elektron ödəmə sistemi vasitəsilə 1750 manat pul köçürülmüşdür.
7. 11.03.2024-cü il tarixli ödəniş qəbzinə əsasən 409858******7850 saylı kart hesabına MilliÖn elektron ödəmə sistemi vasitəsilə 50 manat pul köçürülmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş əmlakın qaytarılması və ya onun dəyərinin pul şəklində tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun təhvil verdiyi sep - 2280 manat (25 qram), kolye- bilərzik-üzük-sırğa komplekti - 2500 manat + 1500 manat (18 qram, 15 qram), sep - 1600 manat (22 qram), qalın sep - 1800 manat (18 qram), üzük-sırğa komplekti - 1200 manat (12 qram), bibi tros sep - 3600 manat (36 qram), tək qaş brilliant üzük, klon - 700+300 manat (4 qram, 3 qram), tros sep - 2500 manat (25 qram), ciyciyə - 2400 manat (24 qram), sep - 1500 manat (15 qram), bilərzik-1200 manat (12 qram) - qızıl-zinət əşyalarının əvvəlki vəziyyətində ona qaytarılması, bu mümkün olmadıqda, ona 15000 (on beş min) manat pul vəsaitinin və 135 (yüz otuz beş) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o, Cavabdeh satmaq üçün şifahi razılaşmaya əsasən satmaq üçün : sep - 2280 manat (25 qram), kolye-bilərzik-üzüksırğa komplekti - 2500 manat + 1500 manat (18 qram, 15 qram), sep- 1600 manat (22 qram), qalın sep - 1800 manat (18 qram), üzük, sırğa komplekti - 1200 manat (12 qram), bibi tros sep - 3600 manat (36 qram), tək qaş brilliant üzük, klon -700+300 manat (4 qram, 3 qram), tros sep - 2500 manat (25 qram), ciyciyə - 2400 manat (24 qram), sep - 1500 manat (15 qram), bilərzik - 1200 manat (12 qram) adda qızıl-zinət əşyaları təhvil vermişdir. Hazırda 15.000 (on beş min) məbləğində ona borcu vardır. Təhvilvermə faktını təsdiq edən və cavabdeh tərəfindən qızıl-zinət alınmasını qəbul etdiyi, həmçinin onları satmağa öhdəlik götürdüyü yazışmalar mövcuddur. Cavabdeh həmin yazışmalarda qızıl-zinət əşyalarını satdıqdan sonra ona onların satışından əldə etdiyi pulu verəcəyini bir daha təsdiq edir. Lakin hazırki günədək cavabdeh nə qızıl-zinət əşyalarını, nə də onların satışından əldə edilmiş pulu ona verməmişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 08 aprel 2025-ci il tarixli 2(004)-916/2025 nömrəli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddianın qismən təmin edilməsi, Cavabdeh 6540 (altı min beş yüz qırx) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun 58,90 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilməsi qət edilmişdir.
11. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı cavabdehdən onun ona təhvil verdiyi qızılzinət əşyalarının əvvəlki vəziyyətində ona qaytarılması, bu mümkün olmadıqda, ona 15000 (on beş min) manat pul vəsaitinin və 135 (yüz otuz beş) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsini tələb etmiş, tələbini onunla əsaslandırmışdır ki, cavabdehə nisyə satdığı qızıllara görə ona ümumi olaraq 15000 manat borcu yaranmışdır. İddiaçı cavabdehə məhz iddia ərizəsində qeyd etdikləri qızılları satmasını sübuta yetirə bilməmişdir. Cavabdeh müəyyən qızıl-zinət əşyalarını qəbul etməsi və onları satmağa öhdəlik götürməsi və ona borcunun olması barədə iddianı qismən, yalnız 1880 manat hissədə qəbul edir.
12. Məhkəmə iş materiallarında olan “Whatsapp” mobil tətbiqindən çıxarılmış yazışma və maddi operativ yaddaş daşıcıyıcısında olan səsyazmaları əsas götürərək bildirmişdir ki, tərəflər arasında qızılların nisyə alğı-satqısı barədə şifahi razılaşma olmuş, son olaraq isə “Whatsapp” yazışmasında olan siyahı ilə razılığa gəlinmişdir. Həmin siyahıda (səsyazma və ödəniş çekləri nəzərə alınmaqla, üzərində xətt çəkilmiş hissə çıxılmaqla), qalan borc məbləğinin (1180+1600+2000+500+300+200+250+240+150+120) 6540 manat olması qənaətinə gəlmişdir.
13. Belə ki, iddiaçı qalıq məbləğin 15000 manat olmasını, siyahının mart ayına olan siyahı olmasını, qızıllar üçün növbəti ayların da ödənişlərinin qaldığını bildirsə də, hansı qızıl üçün neçə aylıq hissəvi alğı-satqı müqaviləsi bağlandığını, növbəti aylar üzrə nə qədər borcun qalmasına dair mötəbər sübut təqdim etməmişdir. Eləcə də cavabdeh qalıq məbləğin 1880 manat olmasını bildirsə də, yazışmada göstərilən qalıq 6540 manat məbləğin onun tərəfindən ödənilməsini təsdiq edən sübut təqdim edə bilməmişdir.
14. Cavabddeh tərəfindən təqdim edilmiş qəbzlərdən də görünür ki, sözügedən ödənişlər SMS yazışmasında olan üzərindən xətt çəkilmiş hissəyə aiddir.
15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 600.1, 601.1, 1091, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 119.1, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun qismən – iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin əşyaların bir hissəsinin, yəni mart ayında ödənilməli olan hissəsinin tərəflər arasındakı razılaşdırılmış siyahını və bununla bağlı tərəflər arasındakı “Whatsapp” vasitəsilə yazışmaları, həmçinin fləşkartda təqdim olunan səs yazıları ilə təsdiq edildiyini və həmin dəlilləri mötəbər sübut kimi qəbul etmişdir. Lakin, məhkəmə həmin dəlillərlə cavabdehin mart ayında ödəməli olduğu razılaşdırılmış məbləği ödəmədiyini, gecikdirdiyini, digər əşyaların isə ödəniş vaxtının iyun-iyul aylarında başlayacağını etiraf etməsini nəzərə almamışdır. İddia tələbindən görünür ki, iddiaçı nisyə alğı-satqı müqaviləsinin tələblərinə əməl edərək, 15000 manat dəyərində qızıl-zinət əşyalarını hissə-hissə cavabdehə vermişdir. Qətnamədən də görünür ki, cavabdeh iddia ərizəsində qeyd olunan həmin əşyaları qəbul etdiyini inkar etməmişdir. Cavabdeh yalnız 2024-cüilin mart ayında ödəməli olduğu borcun 6.540 manat olmasını mübahisələndirsə də, digər aylar üzrə, yəni 2024-cü ilin aprel-dekabr ayları üzrə borcunun olmasını da inkar etməmiş və bununla bağlı həmin əşyaların ödəmə vaxtının çatmadığını səs yazısında bildirmişdir. Hesab edir ki, məhkəmə mübahisəni tərəflərin qarşılıqlı münasibətlərinə uyğun düzgün təhlil etməmiş və sübutlara düzgün hüquqi qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
19. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməklə, iddianın tam təmin edilməsini xahiş etdilər. İddiaçı həmçinin bildirdi ki, məhkəmə haqlı olaraq 6.540 manat tutub, amma həmin pul 2024-cü ilin aprelin 01-dək ödənilməli vəsait idi. “Whatsapp” danışığında da cavabdeh aşkar şəkildə bildirir ki, qalan pullar iyun-iyul ayında ödənilməlidir. Yəni, cavabdeh 15.000 manat borcu etiraf edir, amma iyun-iyun ayına cavabdehin borcu 6.540 manat çıxıldıqdan sonra 10.000 manat yox, 8460 manat qalmışdır. Odur ki, iddianın təmin olunmasını xahiş edir.
20. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. 21.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
22. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
23. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 24.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 25.Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
27. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
28. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 29.Maddə 777.4. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. 30.Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 31.Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 32.Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 33.Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 34.Maddə 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 35.Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
41. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 42.Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
45. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməlidir, iddia təmin olunmalıdır.
47. Kollegiya əvvəla qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterini düzgün müəyyən etməmiş və maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu hal qətnamənin ləğvi üçün əsasdır.
48. Belə ki, məhkəmənin qənaətinə görə tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanmışdır.
49. Məhkəmə eyni zamanda əsassız varlanma normasına da (MM-nin 1091-ci maddəsi) istinad etmişdir.
50. Əvvəla bu normalar biri digərini inkar edən normalar hesab olunur, birinci halda öhdəlik müqavilədən, digər halda isə qanundan əmələ gəlir. Qanundan irəli gələn öhdəlik kimi əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün isə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi; həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi; əldə etmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi.
51. Hazırki işdə göstərilən hallar müəyyən olunmur.
52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1ci maddəsinə görə isə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
53. Göründüyü kimi, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməli, alıcı isə əşyanı qəbul edib onun dəyərini (nisyə allğı-satqı zamanı isə müəyyən müddət sonra) ödəməlidir.
54. Hazırki halda isə müəyyən olunur ki, iddiaçı qızıl-zinət əşyalarını nağd və ya nisyə olaraq cavabdehə satmamışdır (mülkiyyətinə verməmişdir), sonuncu həmin əşyaları iddiaçının tapşırığı ilə başqa şəxslərə nağd və ya nisyə satıb pulunu iddiaçıya ödəmiş, həm də özü qazanc əldə etmişdir. Yəni, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır.
55. Baxılan iş üzrə müəyyən edilmişdir ki, cavabdeh mütamadi olaraq iddiaçıya məxsus müxtəlif çeşiddə qızıl-zinət əşyalarını həm nağd, həm də nisyə digər şəxslərə (özünün tapdığı müştərilərə) satmış və onların dəyərini iddiaçıya ödəmişdir. Cavabdeh həmin ödənişlərin bir qismini 2024-cü il mart ayının 31-dək həyat keçirilməsini öhdəsinə götürsə də, tam ödəniş etməmiş və həmin tarixə 6.540 manat borcu yaranmışdır.
56. Məhkəmə iclasında tədqiq edilmiş cavabdehin təqdim etdiyi “Whatapp” yazışmalarından (i.v. 54) müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya siyahı göndərilmiş, iddiaçı da siyahını “düzdür” cavabı ilə təsdiq etmişdir. Həmin siyahıda aşağıkılar göstərilmişdir: fevral ayı -1260, martın 01-də 1800, ayın 8-də -870 - 10 qramlıq, ayın 10-da 1180+1600, ayın ortası - 2000, 500-qalıq sepdən, 300- komplekt, 200 - bibi son, 250 - tros sep, 240- ciyciyə, 150 saat, 120 m - bilərzik.
57. Cavabdehin səs yazısından müəyyən olunur ki, iddiaçı cavabdehdən qızıl-zinət əşyalaraının pulunu tələb etmiş, cavabdeh isə cavabında Afiqə adlı şəxsə aşağıdakı məzmunda cavab vermişdir: “Afiqə müəllimə, görürsüz fevral ayı – 1260, görürsüz qabağından xətt çəkilib verilib, martın 1 – 1800, qabağından xətt çəkmişəm verilib, ayın 8də - 870 manat bax altından xətt çəkmişəm verilib, ən aşağıda var biri 1450 manat görürsüz qabağından minus çəkmişəm verilib, mən verdiklərimin qabağından xətt çəkmişəm, yəni bunlar verilib. Burda qalıb ayın ortasının 2000 manatı, və qalıq 500 manat sepdən, 300 manat komplekt, nə bilim bibimin 200 manat son pulu, 250 tros sep, bunlar aylıq verilənlərdi, və bunların içində içi bibim daxil olmaqla bunun 1000 manata yaxını aprelin 1 ya 2-si verilir. O, qabağında minus çəkdiklərimin hamısını ödəmişəm, qəbzləridə atmışam. Mən indi 10000 manatın hamısını verən deyiləm ki, iyul ayına kimi hamı az-az verəcək, mən də verəcəm, nəcə bölübdü elə. Mən demirəm ki, mənim ona borcum yoxdur, demişdim ki, aprelin 1-nə kimi verəcəm, lakin o, ayın 22 mənimlə qırğına çıxdı.”
58. Göstərilən sıyahıdan və ümumi yazışmalardan aydın olur ki, cavabdeh 2024-cü il martın 31-dək ödənilməli olan ümumi məbləğdən 3930 manat ödəmiş və 6540 manat borcu qalmışdır.
59. Göründüyü kimi tərəflər arasında 2024-cü ilin mart ayında mübahisə yarandıqda cavabdeh iddiaçıya cəmi 6540 manat borclu olduğunu etiraf edir. Bundan əlavə o, iyul ayına ödənilməli olan 10000 manat borcunu da etiraf edir.
60. Buna rəğmən cavabdeh öhdəliyini tam icra etməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
61. Bununla belə iddiaçı cavabdehin iyul ayına olan borcunun 10.000 manat yox, 8460 manat olduğunu bildirdiyindən, məhkəmə də göstərilən dövr üçün cavabdehin öhdəliyinin məhz həmin həddə müəyyən edilməsini əsaslı hesab edir.
62. İşin hallarından göründüyü kimi qızıl-zinət əşyaları artıq satılmışdır. Belə olduqda isə iddiaçı alternativ olaraq, həmin əşyaların dəyərinin tutulmasını xahiş etdiyindən kollegiya hesab edir ki, 15000 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
63. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 135 manat iddia tələbi tam təmin edildiyindən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-916/2025 nömrəli 08 aprel 2025ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh qızıl-zinət əşyalarının dəyəri olaraq 15000 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 135 manat olmaqla, cəmi 15135 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.