Məhkəmə qərarları › İş №2(103)-3945/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3945/2020

16.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3945/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X7 və X11 ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, İlk iddia üzrə İddiaçı vəkili X9, İlk iddia üzrə Cavabdeh iştirakı ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair ilkin iddia və Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən olunması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-503/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh himayəsində saxlanılmış azyaşlı uşaqları Ramiz və Zərifə ilə birlikdə ona məxsus cehiz əşyaları da daxil olmaqla mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 19A nömrəli evin 21-ci mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X14 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh himayəsində saxlanılmış azyaşlı uşaqları Ramiz və Zərifə ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 19A nömrəli evin 21-ci mənzilinə istifadə hüquqlarının itirilməsi və onun azyaşlı uşaqları ilə birlikdə ona məxsus cehiz əşyaları da daxil olmaqla mülkiyyətində olan həmin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən olunması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı "Cavabdeh himayəsində saxlanılmış azyaşlı uşaqları Ramiz və Zərifə ilə birlikdə ona məxsus cehiz əşyaları da daxil olmaqla mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 19 A nömrəli evin 21-ci mənzilindən çıxarılması” tələbinə dair iddiasının rədd edilməsi və qarşılıqlı tələb üzrə iddiaçı Cavabdeh azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 19A nömrəli evin 21-ci mənzilinə istifadə hüququnun tanınması və həmin mənzildən istifadə qaydalarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-503/2020 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilmiş, Cavabdeh himayəsində olan uşaqları xx xxxx 2011-ci il təvəllüdlü İddiaçı və xx xxxxxx 2016-cı il təvəllüdlü X3 ilə birlikdə, cehiz əşyaları da daxil olmaqla İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 19A nömrəli evin 21 nömrəli mənzilindən çıxarılması və onların həmin mənzildən istifadə hüquqları itirilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən olunması” tələbinə dair qarşılıqlı iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddia üzrə ödənimiş dövlət rüsumunun qarşılıqlı iddiaçıya aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,o, qarşılıqlı tələb üzrə cavabehin oğlu Həsən Balamirzəyevlə xx xxxxxxx 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ilkin iddia üzrə iddiaçınm yaşadığı Bakı şəhəri, Nərimanov r-nu, Ə.Əliyev küçəsi, ev 19 A, mənzil 21 ünvanında yerləşən evə gəlin köçmüş və həmin mənzildə cehiz əmlakların yerləşdirmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, mübahisəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx xxxx 2009-cu il tarixdə qeydiyyata alınmışdır. Yəni, o, həmin mənzilə gəlin köçəndən təxminən 7 ay sonra mülkiyyəti kimi tanınıb. Cavabdehin oğlu ilə birgə nikahlarından xx.xx.2011-ci il tarixdə İddiaçı, xx.xx.2016-cı il tarixdə X1 adını verdikləri uşaqlar dünyaya gəlmişdir. 2008-ci ildən həmin evdə yaşayır və qeydiyyatdadır. İlkin iddiaçının oğlu ilə aralarındakı nikah Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Bakı şəhəri, Nərimanov r-nu, Ə.Əliyev küçəsi, ev 19 A, mənzil 21 ünvanında yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2009-cu ildə qeydə alınmışdır. Göründüyü kimi o, cavabdehə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 19 A, mənzil 21 ünvanmda yerləşən mənzilə onun və digər orada olan şəxslərin razılığı ilə köçmüş və cehiz əşyalarını da mülkiyyətçinin razılığı ilə ora yerləşdirmişdir. Həmin evdə yaşamaqla mənzildən bir ailə üzvü kimi istifadə etmiş qarşılıqlı iddia üzrə cavabdehlə həmin mənzildə yaşayaraq ümumi təsərrüfat aparmış və sonradan həmin ünvanda yaşamağı nəzərə alınaraq razılıq əsasında yaşayış yeri üzrə pasport qeydiyyatına alınmışdlır. Hazırda cehiz əşyalarıda həmin mənzildə saxlanılır. Cavabdehin, ərinin və qaynanasının razılıq və istəyi əsasında onun həmin mənzildə yaşamasına icazə verilmişdir.. Hesab edir ki, 10 ildir həmin evdə yaşayır. Onun əşyalarının həmin evə yığılması və 10 il orada yaşaması şərtsiz razılıq əsasında olub. Hesab edir ki, o, mübahisəli mənzilin mülkiyyətçisi İddiaçı ailə üzvü kimi onun tərəfindən mənzilə köçürülmüş, digər ailə üzvləri isə buna etiraz etməmişlər. Onlarla birgə təsərrüfat apararaq mənzil qanunvericiliyində nəzərdə tutulmuş digər şəxs kimi ailə üzvü statusuna malik olmuş və həmin vaxtdan da mübahisəli mənzildən istifadə hüququ əldə etmişdir.Ona görədə mübahisəli mənzildən 2008-ci ildən istifadə hüququ əldə etdiyi üçün, mənzil üzərində yetkinlik yaşına çatmayan övladları ilə istifadə hüququ tanınmalıdır. Lakin, yuxarıda qeyd edilən faktlar məhkəmə tərəfindən lazımınca araşdınlıb qiymətləndirilməmiş və nəticədə hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Belə olan halda birinci instansiya məhkəməsi onun evdən çıxarılıması və həmin evə istifadə hüquqlarnın itirlməsi barədə ərizəni təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə İddiaçı vəkili X14 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsinə yönəlmişdir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 1995-ci il tarixli 205/30 nömrəli sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında xx xxxxxx 1993-cü il tarixli qanuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 19a nömrəli evin 21 nömrəli mənzili X6 əvəzsiz olaraq verilməsi qərara alınmışdır. xx xxxxxx 1995-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında xx xxxxxx 1993-cü il tarixli qanuna əsasən göstərilən şəxslərə yaşadıqları dövlət evlərinin və mənzillərinin pulsuz olaraq şəxsi mülkiyyətə köçürmək hüququ verilməsi ilə əlaqədar bağışlayan-Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 19a nömrəli evin 21 nömrəli mənzil ev sahibi-X6 verilsin, bağışlanmış mənzilin qiyməti 19.740 (on doqquz min yeddi yüz qırx) manat qiymətləndirilmiş və əvəzsiz olaraq ev sahibinə verilmişdir. X12 xx xxxx 1999-cu il tarixdə Bakı şəhərində kəskin ürək qan-damar çatışmazlığı səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxx 1999-cu il tarixdə 807 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri 14 nömrəli Dövlət Notariat Kontoru tərəfindən tərtib edilmiş xx xxxx 2009-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1999-cu il tarixdə vəfat etmiş X4 vərəsəsi Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 19a, mənzil 21 ünvanında yaşayan İddiaçı qeyd edilmiş, miras əmlakın Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 19a nömrəli evin 21 nömrəli mənzildən ibarət olması göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində istifadədə olan 0,05335 ha torpaq sahəsində yerləşən 19a nömrəli, 5 mərtəbəli binanın 2-ci mərtəbəsində, 58,77 kv.metr ümumi, 45,87 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı 21 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 976 nömrəli reyestr kitabının 87470 nömrəli vərəqində xx xxxx 2009-cu il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş 1119 nömrəli doğum haqqında arayışın surətindən görünür ki, İddiaçı xx xxxx 2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx xxxx 2011-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsində 1279 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş 830-05/70 nömrəli doğum haqqında arayışın surətindən görünür ki, X3 xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx xxxxxx 2016-cı il tarixdə 5 saylı Bakı "ASAN xidmət” mərkəzinin qeydiyyatşöbəsində 0196 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(005)- 3789/2019 nömrəli qətnaməsi ilə, iddiaçı Cavabdeh X5 qarşı “nikahın pozulması, yetkinlik yaşına çatmayan uşaqların ananın yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi təmin edilərək, X10 ilə Cavabdeh arasında Bakı Nikah Evində xx xxxxxxx 2008-ci il tarixdə 3247 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx xxxx 2011-ci il təvəllüdlü İddiaçı və xx xxxxxx 2016-cı il təvəllüdlü X1 anaları Balamirzəyeva (İbrahimova) Zeynəb Zeynal qızının yanında saxlanılmaları, tərəflərin birgə nikahından doğulmuş xx xxxx 2011-ci il təvəllüdlü İddiaçı və xx xxxxxx 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün, məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən başlayaraq cavabdeh X2 hər ay, hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin Balamirzəyeva (İbrahimova) Zeynəb Zeynal qızının xeyrinə tutulması, aliment tutulmasına dair hissədə qətnamənin dərhal icra edilməsi, iş üzrə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun iddiaçı Balamirzəyeva (İbrahimova) Zeynəb Zeynal qızına aid edilməsi, cavabdeh X2 10 (on) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. 30 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 252375 nömrəli arayışın məzmunundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 19A, mənzil 21 ünvanında yerləşən mənzil İddiaçı məxsusdur, qeyd edilən mənzildə ondan başqa oğlu-X10, gəlini-Cavabdeh, nəvələri-İddiaçı və X3 qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-cü il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə kollegiyası Kontsitusiya Məhkəməsinin göstərilən qərarını əsas tutaraq hesab edir ki, hazırki mübahisəyə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Belə ki, cavabdeh xx xxxxxxx 2008-ci il tarixdə iddiaçının oğlu ilə rəsmi nikaha daxil olaraq, mübahisəli mənzilə gəlin köçmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx xxx 2008-ci il tarixli Qərarında qeyd olunur ki, Mmin 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı mm-in 228.5-ci maddəsinə nisbətdə həmin məcəllənin 228.1ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, mm-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri mm-in 228.5-ci maddəsinin dairəsinə düşmür. Beləliklə məhkəmə kollegiyası cavabdehin iddiaçının ailə üzvü olmamasını əsas tutaraq hesab edir ki, ilk iddia üzrə cavabdehin mübahisəli mənzilə istifadə hüquqları yaranmamışdır və onun belə hüquqları yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin məcəllənin 157.1- ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Hazırda cavabdehə məxsus əşyaların iddiaçının mülkiyyətində olan mənzildə qalması və həmin mənzildə uşaqları ilə yaşaması iddiaçının mənzil üzərindəki mülkiyyət hüquqlarını pozduğundan onun tələbi əsaslı olmaqla cavabdeh uşaqları və özünə məxsus əşyalarla birlikdə mübahisəli mənzildən çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qeyd olunan maddənin məzmunundan da görünür ki, mənzilə qeydiyyata alınmaq, həmin yaşayış sahəsinə hər-hansı bir hüquq, o cümlədən istifadə hüququ yaratmır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi, yaşayış yeri üzrə qeydiyyata alma və qeydiyyatdan çıxarılma Daxili İşlər Nazirliyinin qeydiyyat məsələləri ilə məşğul olan xüsusi orqanlarının səlahiyyətinə aiddir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması ona öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Bu səbəbdən hazırki qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh çıxarıldıqda, onun həmin mənzildən qeydiyyatdan da çıxarılmasına əsas verir. Kollegiya apellyasiya şikayətinin qalan hissəsinin dəlilləri ilə bağlı qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsinə əsas ola bilməz. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan ilkin iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə qismən ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-503/2020 nömrəli qətnaməsi Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 19A nömrəli evin 21 nömrəli mənzilindən istifadə hüququnun itirilməsi hissəsində ləğv edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-503/2020 nömrəli qətnaməsi Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 19A nömrəli evin 21 nömrəli mənzilindən istifadə hüququnun itirilməsi hissəsində ləğv edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən, bu qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 19A nömrəli evin 21 nömrəli mənzildən çıxarıldıqdan sonra onun həmin mənzildən qeydiyyatdan çıxarılmasına əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar