Məhkəmə qərarları › İş №2(103)-3947/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3947/2022

08.06.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3947/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-215/2022 saylı, 10 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilmiş 4395 manat məbləğində sığorta ödənişinin və 30,40 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh idarə etdiyi avtomobil ilə Bakı şəhəri ərazisində yol nəqliyyat hadisəsi törətməklə «Nissan Pathfinder» markalı, ** JL *** dövlət nömrə nişanlı minik avtomobillə toqquşmuş və nəticədə həmin avtomobilə ziyan dəymişdir. «Nissan Pathfinder» markalı, ** JL *** dövlət nömrə nişanlı avtomaşına dəymiş zərər 4495 manat olmaqla müəyyən edilmiş və iddiaçı tərəfindən dəymiş zərər aradan qaldırılaraq 4395 manat sığorta ödənişi həyata keçirilmişdir. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-215/2022 saylı, 10 mart 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 4270 manat məbləğində pul və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və 100 manat məbləğində ekspertiza xərcinin cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş sübutlar tərəflərindən mübahisələndirildiyindən vəsatət verilərək dəymiş real zərərin hesablanması üçün Məhkəmə Əmtəəşünaslıq Ekspertizası təyin edilməsini xahiş etmiş, vəsatət təmin edilmişdir. Vəsatətin təmin edilməsinə baxmayaraq ilk öncə ekspert qarşısında qoyulacaq suallar məhkəmə tərəfindən azaldılmış, sonra isə ekspert rəyinin formal tərtib edilməsindən (işdə olan qüsur aktını rəyə köçürməklə) narazı qalaraq təkrar ekspertiza tələb edilməsinə dair vəsatət təmin edilməmişdir. Sonra isə avtomobilə dəymiş real zərərlərlə bağlı avtomobilin video görüntülərinin və şəkillərinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsi barədə vəsatət heç bir əsas olmadan təmin edilməmişdir. Məhkəmənin həmin vəsatətlərin təmin edilməməsi barəsində qərardad elan etməsinə baxmayaraq nə işdə belə bir qərardad qəbul edilmiş, nə də qətnamədə belə vəsatətlər verilməsinə və vəsatətlərin rədd olunmasına dair bir kəlmə belə olsun qeyd edilməmişdir. Məhkəmə iclasında polisin tərtib etdiyi rəylə iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktında ziddiyyətlər olduğunu bildirməsinə, iddiaçının isə təqdim etdiyi heç bir sübutla avtomobilə vurulmuş zərərlə bağlı dəyişdirilmiş və təmir edilmiş hissələrin cavabdehin nöqsanı ucbatından sübut edilmədiyi təqdirdə məhkəmə əsassız olaraq iddianı təmin etmişdir. Belə ki, işə əlavə edilmiş 45298 nömrəli hadisə barədə raportda avtomobilin ön bamper, sağ blok fara, sağ qabaq qanad, qabaq disk və qabaq təkərə xəsarət yetirildiyi görünsə də Nurgün Motorsun qüsur aktında daha çox (ön sağ fara, ön sağ dumanlı açki nikel, ön sağ padkrilnik, ön sağ bufer üst, knopkalar, sprey, ön sağ amartizator, ön sağ sapfa, ön sağ stupitsa paçebniki, ön sağ link) ehtiyat hissələrinin xəsarət aldığı qeyd edilmişdir. Həmçinin Məhkəmə Əmtəəşünaslıq Ekspertizası qarşısında qoyulacaq suallar zərərin dəqiqləşdirilməsi üçün vacib olduğu halda məhkəmə əsassız olaraq həmin sualları ekspert qarşısında qoymamışdır. Belə ki, NİSSAN PAHFİNDER markalı, 2014-cü il istehsalı olan, ** JL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş xəsarətə görə hansı detalların dəyişilməli detallar olduğu və həmin detalların təmirinin mümkün olub-olmaması, dəymiş xəsarətə görə dəyişilməli detalların işlənmiş detallarla dəyişdirilməsi mümkün olub-olmaması və bunun üçün nə qədər xərc tələb olunduğu, dəyişilməli olan detallardan hansılar mütləq qaydada yeni detalla əvəzlənməli olması barədə suallar ekspert qarşısında qoyulmamışdır. İşin mübahisəli hallarının kifayət qədər çox olmasına və iddiaçı tərəfindən bu halların sübuta yetirilmədiyinə baxmayaraq məhkəmə həmin hallara əhəmiyyət verməyərək mübahisəli qətnamə qəbul etmişdir. Beləliklə iddiaçı tərəfindən cavabdehin təqsirkar olduğu hadisə səbəbindən vurulmuş zərərin nədən ibarət olması tam təsdiqini tapmamasına baxmayaraq məhkəmə iddiaçının sübutetmə vəzifəsindən azad edərək şifahi sözlərə istinad edərək iddianı təmin etmişdir. Halbuki iddianı sübutetmə vəzifəsi iddiaçıya məxsus idi və iddiaçı dəymiş zərərin cavabdeh tərəfindən vurulduğunu tam sübuta yetirə bilməmişdir. Qüsur aktında avtomobilin xəsarət almış hissələrinin yenisi ilə əvəzləndiyi görsənsə də avtomobilin işçilik xərci kimi təkcə dəmirçi-armaturçu işinə görə 410 manat yazılması onu sübut edir ki, həmin ehtiyyat hissələri yenisi ilə əvəzlənməmiş, dəmirçi-armaturçu tərəfindən düzəldilmişdir. Əks təqdirdə dəmirçi-armaturçu bir detalı dəyişməsi 410 manat işçilik xərci tuta bilməzdi. Həmçinin təxminən 4 ədəd təzə disk qiymətinə bir diskin təmirinə 560 manat pul hesablanması da mümkünsüzdür. Bununla yanaşı məhkəməyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı yazılı şəkildə vəsatət verilməsinə baxmayaraq nə həmin vəsatət işə əlavə edilmiş, nə də qətnamədə vəsatətə münasibət bildirilməmişdir. Belə ki, məhkəmə iclasında cavabdeh tərəfindən verilmiş etibarnamənin surəti ilə yanaşı iddia müddətinin tətbiq edilməsi ilə bağlı yazılı şəkildə vəsatət verilsə də, həmin vəsatət iş materiallarına əlavə edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdehin vəkili ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, birinci instansiya məhkəməsi baxışı zamanı iki vəsatət verilsə də, təmin edilməmişdir. Bütün bunları nəzərə alaraq təkrar ekspertiza keçirilməsi və avtomobilin şəkillərinin və sair süburların iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsi barədə vəsatətin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda hazırki mülki işdən əvvəl Sabunçu rayon Məhkəməsində məhkəmə iclasıtəyin edildiyindən məhkəmə iclasına gecikəcəyi və ya çata bilməyəcəyi təqdirdə mülki işin iştirakı olmadan keçirilməsi və vəsatəti müdafiə etməsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilsə də apellyasiya şikayətinin məzmununndan aydın olur ki, qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirilmişdir. Həmçinin iddiaçı qətnaməni iddia tələbinin təmin edilməyən hissəsində mübahisələnirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi – iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, «X2» LTD-yə (faydalanan şəxs) məxsus “Nissan Pathfinder” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək iddiaçı tərəfindən avtonəqliyyat vasitələrinin könüllü sığortası növü üzrə sığortalanmış, xx.xx.2016-cı il tarixdə sığorta hadisəsi baş vermiş, cavabdeh özünə məxsus “X5” markalı, ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə “Nissan Pathfinder” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixdə cavabdeh barəsində (xx.xx.2016-cı il tarixli KYP410040 saylı inzibati xəta haqqında protokola əsasən) tərtib edilmiş Qərar əsasında o, İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Həmçinin iş materiallarından görünür ki, "xxxx" şirkəti tərəfindən sığortalanmış avtomobilə 4495 manat məbləğində zərərin dəyməsi müəyyən edilərək, bu barədə iddiaçı tərəfindən 027270 saylı sığorta aktı tərtib edilmiş və xx.xx.2016-cı il tarixli məxaric xəzinə orderi əsasında, 100 manat franşiza çıxılmaqla, 4395 manat sığorta ödənişi faydalanan şəxsə ödənilmişdir. İş materiallarında olan Məhkəmə ekspertiza Mərkəzinin 9/8882 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2016-cı il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Nissan Pathfinder” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı avtomobilə 4270 manat maddi ziyan dəymişdir. Mülki Məcəllənin bilavasitə subroqasiya hüququnu tənzimləyən 936.1-ci və 936.2-ci maddələrinə görə də, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Göstərilən müddəaların mənasından göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş Cavabdehdur. Cavabdehin təqsiri nəticəsində könüllü sığortası növü üzrə sığortalı avtomobilə zərər dəydiyindən və dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, göstərilən əmlaka (avtomobilə) zərər vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ da iddiaçıya keçmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçının subroqasiya tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması barədə düzgün nəticəyə gəlmişdir. Həmçinin birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 9/8882 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2016-cı il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Nissan Pathfinder” markalı, ** JL *** dövlət qeydiyyat nişanlı avtomobilə 4270 manat maddi ziyan dəymişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, tərəflər ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir, bu səbəbdən də birinci instansiya məhkəməsi düzgün olaraq ekspert rəyini daha mötəbər sübut hesab etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən 4270 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə gəldiyi nəticə düzgün olmuşdur. Cavabdeh apellyasiya şikayətində dəymiş zərərin məbləğini mübahisələndirsə də həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Digər tərəfdən cavabdeh iddia müddəti barədə ərizə verdiyini qeyd etsə də birinci instansiya məhkəməsinin 10 mart 2022-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, cavabdeh tərəf şifahi olaraq iddia müddətinin ötürülməsini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə yazılı qaydada ərizə vermiş olsa idi belə hazırki iş üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Hazırki iş üzrə isə müəyyən edilmişdir ki, sığorta hadisəsi 05 may 2016-cı il tarixdə baş vermiş, iddiaçı isə iddia ərizəsi ilə 24 avqust 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-215/2022 saylı, 10 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar