Məhkəmə qərarları › İş №2(103)-3948/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3948/2024

02.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3948/2024 02.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdeh2 və onun nümayəndəsi-vəkili Vəkil2, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2023cü il tarixli, e-2(004)-4261/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: “Dərəçiçək" MTK ilə İddiaçı arasında bağlanmmış 034002 saylı, xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, icraçı "xxxx" MTK Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 571 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 99,5 kvadrat metr olan, 2 otaqlı, 34 nömrəli mənzili bir pay kimi payçı İddiaçı verməyi, sonuncu isə müqavilədə göstərilən mənzilin dəyərini tam və vaxtında ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən, tikinti işləri başa çatdıqdan sonra müqavilənin əsas predmeti olan mənzil “icraçı” tərəfindən təhvil verilir, “payçı” isə mənzili qəbul edir. "xxxx" MTK-nın xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 571 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 99,5 kvadrat metr olan, 2 otaqlı, 34 nömrəli mənzilin dəyərini tam məbləğdə ödəmişdir. xx.xx.2022-ci il tarixli əlyazma qəbzdən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 571 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 99,5 kvadrat metr olan, 2 otaqlı, 34 nömrəli mənzildə kirayə yaşaması üçün müddətin bir il artırılmasını xahiş etmişdir. Hazırda iddiaçı cavabdehlərdən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 571 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 99,5 kvadrat metr olan, 2 otaqlı, 34 nömrəli mənzilin ona təhvil verilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 571 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 99,5 kvadrat metr olan, 2 otaqlı, 34 nömrəli izolə olunmuş mənzildə yaşayan Cavabdeh2 mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması və iddiaçının mülkiyyət hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh "xxxx" MTK arasında Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 571 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 99,5 kvadrat metr olan, 2 otaqlı, 34 nömrəli mənzilinə dair xx.xx.2022-ci il tarixdə 034002 nömrəli müqavilə bağlanmışdır. Həmin tarixdə də mənzilin dəyəri iddiaçı tərəfindən tam məbləğdə ödənilmiş və bu barədə "xxxx" MTK tərəfindən maliyyə arayışı verilmişdir. Alınmış mənzil təmirli və yaşayış üçün yararlıdır. Mənzilin əvvəlki mülkiyyətçisi Cavabdeh2 olmuşdur. Mənzil onun anasının adına rəsmiləşdirilmişdir. Lakin mənzildə Cavabdeh2 ailəsi ilə birlikdə yaşayırmış. Mənzili aldıqdan sonra o iddiaçıdan 1 il müddətində mənzildə kirayə yaşamasını xahiş etmiş, xx.xx.2022-ci il tarixdə buna dair onun tərəfindən yazılı öhdəlik də götürülmüşdür. Həmin öhdəliyə dair sənəd Cavabdeh2, "xxxx" MTK-nın vəzifəli şəxsi X4 və İddiaçı tərəfindən imzalanmışdır. Cavabdeh2 ona verilmiş müddətin başa çatmasına baxmayaraq mənzili boşaltmaqdan imtina edir. İddiaçı tərəfindən cavabdehlərə dəfələrlə yazılı və şifahi müraciətlər edilsə də, heç bir nəticə əldə edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, e-2(004)- 4261/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı ilə Cavabdeh2 arasında olan razılaşmanın müddəti başa çatdığından, cavabdeh "xxxx" MTK-nın İddiaçı ilə aralarında olan müqaviləyə əsasən sözügedən mənzili ona təhvil vermək barədə öhdəliyi olduğundan, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 571 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 99,5 kvadrat metr olan, 2 otaqlı, 34 nömrəli mənzildə yaşayan Cavabdeh2 mənzildən çıxarılması və mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh1 MTK-nın üzərinə qoyulmalıdır. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi ilə bağlı qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Belə ki, hazırkı mülki iş üzrə mübahisəli mənzil anasının adına rəsmiləşdirilmişdir. Belə ki, 2016-ci il tarixdə anası həmin mənzili MTK-dan almışdır. İddiaçı ilə öz aralarında ondan 60.000 manat pulu illik 16% olmaqla, aylıq 800 manat ödəmək şərti ilə razılaşdırmışlar. İddiaçı həmin pulun əvəzi olaraq onun yaşadığı mənzili girov qoymağı təklif etmişdir. Mənzilin çıxarışı olmadığından belə qərara gəlmişlər ki, mənzili İddiaçı adına alqı-satqı edilsin. Razılaşma olduqdan sonra İddiaçı ona bir vərəqədə əlyazısı ilə yazmağı təklif etdi ki, guya bu mənzildə kirayə yaşayır. Halbuki, bu mənzil elə onun (cavabdehin) öz mənzili olmuşdur. Mənzildən çıxmağı ilə bağlı hər hansı bir razılaşma olmamışdır. Beləliklə, hər ay faizlə birlikdə 800 manat ödənişlər etməyə başlamışdır. Ümumilikdə iddiaçıya 6400 manat pul ödəmişdir. Daha sonra iddiaçı hazırkı tələb ilə məhkəməyə müraciət etmişdir. Birinci məhkəmə hazırlıq iclası zamanı iddiaçı və onun nümayəndəsi məhkəmə iclasından sonra ona yaxınlaşaraq mənzili boşaltmaq üçün vaxt verilməsini xahiş etməsini bildirdilər. Aralarında olan faizə pulu isə sonra həll edəcəklərini bildirdilər. O da heç bir etiraz etməyərək, növbəti məhkəmə iclasında iddiaçı tərəfin ona dediyi kimi izahat vermişdir. Halbuki, həqiqətdə onlardan mənzili boşaltmaqla bağlı hər hansı bir söhbəti olmamışdır. İddiaçıya olan ödənişlərini faizi ilə birlikdə ödəmişdir. Bununla bağlı ödəniş qəbzləri də vardır. Göründüyü kimi birinci instansiya məhkəməsi obyektivliyi təmin etmədən, yalnız iddiaçının dəlillərini əsas tutaraq qətnamə qəbul etmişdir. Məhkəmə iddiaçı ilə aralarında faizə olan pul məsələlərini ümumiyyətlə araşdırmamışdır. Belə ki, faktiki olaraq iddiaçıya hər ay 800 manat pul ödəmişdir. Birinci instansiya məhkəməsində üzrlü səbəbdən iddiaçıya ödədiyi ödəniş qəbzlərini təqdim edə bilməmişdir. Bu səbəbdən də həmin qəbzləri indi təqdim etmək zərurəti yaranmışdır. Apellyasiya icraatı zamanı X2 və X6 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdirlər. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndəsi-vəkili Vəkil2 ayrı-ayrılıqda apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X2 apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdi. Məhkəmə kollegiyasının son iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilsə də apellyasiya şikayətinin məzmunundan göründüyü kimi qətnamə məhz Cavabdeh2 aid hissədə mübahisələndirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin – Cavabdeh2 aid hissədə yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından mübahisəsiz qaydada müəyyən edilir ki, icraçı "xxxx" MTK Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 571 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 99,5 kvadrat metr olan, 2 otaqlı, 34 nömrəli mənzili bir pay kimi payçı İddiaçı verməyi, sonuncu isə müqavilədə göstərilən mənzilin dəyərini tam və vaxtında ödəməyi öhdələrinə götürmüşlər və iddiaçı həmin mənzilin dəyərini tam məbləğdə ödəmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında razılaşmaya əsasən Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 571 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 99,5 kvadrat metr olan, 2 otaqlı, 34 nömrəli mənzildə kirayə yaşaması üçün müddətin bir il artırılmasını xahiş etmiş,xx.xx.2022-ci il tarixdə buna dair onun tərəfindən yazılı öhdəlik də götürülmüşdür. İş materiallarından görünür ki, həmin razılaşmanın müddəti başa çatmış, Cavabdeh2 ona verilmiş müddətin başa çatmasına baxmayaraq mənzili boşaltmaqdan imtina etmiş, iddiaçı tərəfindən cavabdehlərə dəfələrlə yazılı və şifahi müraciətlər edilsə də, heç bir nəticə əldə edilməmişdir. Hətta iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 mənzili boşaltmaq üçün ona vaxt verilməsini istədiyini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin verilmiş müddət bitdikdən sonra da mənzili boşaltmaqdan imtina etmişdir. Məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətində iddiaçı ilə öz aralarında ondan 60.000 manat pulu illik 16% olmaqla, aylıq 800 manat ödəmək şərti ilə razılaşdırmasını, iddiaçının həmin pulun əvəzi olaraq onun yaşadığı mənzili girov qoymağı təklif etməsini, mənzilin çıxarışı olmadığından mənzili İddiaçı adına alqı-satqı edilməsi qərarına gəlmələrini, razılaşma olduqdan sonra İddiaçı ona bir vərəqədə guya bu mənzildə kirayə yaşaması barədə əlyazısı ilə yazmağı təklif etməsini, halbuki, bu mənzil elə onun (cavabdehin) öz mənzili olmasını, mənzildən çıxmağı ilə bağlı hər hansı bir razılaşma olmamasını göstərməsinə münasibət bildirərək əvvəla Cavabdeh2 göstərilən dəlillərə münasibətdə hər hansı mötəbər sübut təqdim edə bilməməsini qeyd edir. Bundan əlavə, apellyasiya şikayətinin dəlillərinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin anası X2 və mənzilin əvvəlki sahibi X5 da üçüncü şəxs qismində işə cəlb edilmişlər. X2 izahatında göstərmişdir ki, o cavabdehin anası olmaqla iddia ərizəsindən və apellyasiya şikayətindən xəbərdardır. Ev onun evidir və hazırda oğlunun ailəsi ilə həmin evdə yaşayırlar. Oğlu faizə pul götürmüşdür, bu səbəbdən məcbur olub evi əvvəl Qabil Abbasovun, sonra isə iddiaçının adına rəsmiləşdirmişlər, onlar iddiaçıya ev satmamışlar. Apellyasiya instansiyası məhkəməsi tərəfindən X5 da üçüncü şəxs kimi işə cəlb edilsə də, məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən izahatının alınması mümkün olmamışdır. İkincisi də məhkəmə kollegiyası hesab edir ki, əgər belə bir hallar mövcud idisə cavabdeh bütün bu halları təsdiq edən mötəbər sübutlarla birinci instansiya məhkəməsində iddiaya etirazında göstərə bilərdi və İddiaçı ilə Cavabdeh2 arasında razılaşma adlanan sənədi bu və ya digər formada mübahisələndirmək hüququndan istifadə edərdi. İşə apellyasiya qaydasında baxılarkən yeni sübutların təqdim edilməsinin yol verilməzliyinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri və üçüncü şəxs olan anasının izahatlarına əsasən göstərdiklərini təsdiqi olan sübutları ən azından məlumat xarakterli olaraq məhkəməyə təqdim edilməsi təklif edilsə və bu məqsədlə də cavabdeh kollegiyanın iclası təxirə salınmasını xahiş etsə də, növbəti iclasda heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutların təqdim edilməsinə şərait yaradılmasına baxmayaraq cavabdeh tərəf bu barədə subutlar təqdim etməməsi onların izahatlarında göstərilənlərini həqiqətə uyğun olmamaqla, məqsədlərinin mülki məsuliyyətdan yayınması kimi qiymətləndirilir. Cavabdeh tərəfin belə bir sübutları olsa idi, iddiaya etirazın əsası kimi birinci instansiya məhkəməsinə təqdim edərdi, əksinə yuxarıda qeyd edildiyi kimi məhkəməyə göndərdiyi ərizədə evi boşaltmaq üçün vaxt istəməzdi. Məhkəmə kollegiyası apellyatorun hazırki mövqeyi qeyri-səmimi münasibət kimi qiymətləndirir və nə qədər apellyator apellyasiya şikayətində qeyd edilən məsələlərə toxunur, məhkəmə kollegiyası bu dəlillərə qiymət verərək hesab edir ki, iddiaçı ilə Cavabdeh2 arasında cavabdehin qeyd etdiyi həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətlərin mövcud olması, yəni mübahisəli mənzilin iddiaçı ilə Cavabdeh2 arasında olan borc münasibətlərinə görə girov qoyulması işin faktiki halları ilə öz təsdiqini tapmamışdır. Hazırki vəziyyətdə isə cavabdeh iddiaçı ilə 60.000 manat pulu illik 16% olmaqla, aylıq 800 manat ödəmək şərti ilə razılaşdırdıqlarını bildirsə də tərəflər arasında bununla bağlı hər hansı bir yazılı müqavilə təqdim edə bilməmişdir. Digər tərəfdən cavabdeh apellyasiya şikayətində iddiaçıya hər ay 800 manat olmaqla 6400 manat pul ödəməsini bildirsə də həmin vəsaitin məhz tərəflər arasında olan – mübahisəli mənzilin girov qoyulması ilə nəticələnən borc münasibətlərinə görə ödənilməsi barədə də mötəbər sübut təqdim edə bilməmişdir. Hətta apellyasiya şikayətində birinci instansiya məhkəməsində üzrlü səbəbdən iddiaçıya ödədiyi ödəniş qəbzlərini təqdim edə bilmədiyini göstərsə də, kollegiyanın iclasında da sübutlarını təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırki halda cavabdehin apellyasiya şikayətinin dəlilləri onun iddiaçı qarşısında mülki məsuliyyətdən yayınmaq məqsədinin olmasını təsdiq edir. Göründüyü kimi cavabdeh "xxxx" MTK-nın İddiaçı ilə aralarında olan müqaviləyə əsasən sözügedən mənzili ona təhvil vermək barədə öhdəliyi olduğundan, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 571 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 99,5 kvadrat metr olan, 2 otaqlı, 34 nömrəli mənzildə yaşayan Cavabdeh2 mənzildən çıxarılması və mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh1 MTK-nın üzərinə qoyulması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, e- 2(004)-4261/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər Elnur Həsənov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar