Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3949/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: «kompensasiya ödənilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma») Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 02 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh iddiaçının keçmiş gəlinidir.
2. Cavabdeh ilə iddiaçının oğlu X1 xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, 2013-cü ildə isə nikahları pozulmuşdur.
3. Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 501, ev 6A-da yerləşən 36 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Mənzil 2 otaqlı olmaqla ümumi sahəsi 59,3 kvm-dir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı "12500 manat kompensasiya ödənilməklə Cavabdeh ünvan 1-dan istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçının oğlu X1 xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, 2013-cü ildə isə nikahları pozulmuşdur. ünvan 1 ünvanı iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzilə dair cavabdehin istifadə hüququ olmasa da, iddiaçının nəvəsinin cavabdehlə yaşamasını nəzərə alaraq istifadə hüququna xitam verilməsi və cavabdehin mənzildən çıxarılması xahiş edilir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1975/25 saylı iş üzrə 10 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim R.Əhmədov) iddia təmin olunaraq, İddiaçı tərəfindən Cavabdeh 12500 (on iki min beş yüz) manat kompensasiya ödənilməklə Cavabdeh ünvan 1 ünvanına istifadə hüququna xitam verilməsi və Cavabdeh həmin mənzildən çıxarılması qət edilmişdir.
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh ilə iddiaçının oğlu X1 xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, 2013-cü ildə isə nikahları pozulmuşdur. Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır və o, həmin ünvanda yetkinlik yaşına çatmayan övladı ilə birlikdə yaşayır. Cavabdehin həmin mənzilə istifadə hüququna xitam verilməlidir. İddiaçının cavabdehə kompensasiya ödəmək barədə iradə ifadəsi onun hüququdur və məhkəmənin həmin hüququn həyata keçirilməsini mümkün hesab etməməsi yolverilən deyildir. Mülkiyyətçinin mülkiyyət hüquqlarının müdafiəsinə dövlət təminat verir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uşaq hüquqları üstün tutularaq ən azından iddiaçının nəvəsi atasının evi və anasının gəlin köçdüyü evdə yetkinlik yaşına çatana qədər həmin evdə yaşamalı və cavabdeh anası olaraq və anasının öhdəliyində olduğuna görə, anası ilə birlikdə həmin evdə yaşamağa davam etməlidir. Və ya başqa yaşayış sahəsi ilə təmin olunmalıdır. Belə ki, cavabdehin hal-hazırda maddi imkanları məhdud olduğu səbəbindən, eyni zamanda uşağının, yəni iddiaçının nəvəsinin həmin mənzilə yaxın məktəbə uzun müddət ərzində getdiyini nəzərə alaraq, məqsədə uyğun olardı ki, uşağ 18 yaşına çatana qədər həmin mənzildə yaşamalarına davam etsinlər. Uşaq ana ilə atasının boşanma səbəbindən onsuz da sarsıntılar keçirir və əlavə olaraq məktəbin dəyişməsi uşağa əlavə psixoloji problemlər yarada bilər və bu da qarşısıalınmaz fəsadlara gətirib çıxara bilər. Bütün hallarda yetkinlik yaşına çatmamış uşağın hüquqları və mövqeyi üstün tutulmalıdır. Eyni zamanda apelyasiya şikayətinə əlavə olunmuş xx.xx.2025-ci il tarixli Arayışından görünür ki, cavabdeh heç bir yerdə işləmir və uşağını hər hansı bir yaşayış sahəsi təmin etmək imkanında deyil. Faktiki olaraq cavabdehin oğlunun yetkinlik yaşına çatmamış övladı küçədə qalmaq ehtimalı ilə üz üzədir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
13. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
15. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən və mübahisə predmeti bölünməz olduğundan qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi istifadə hüququnun əvəzi kimi ödənilən kompensasiyanın məbləği hissəsində dəyişdirilməlidir.
19. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh ilə iddiaçının oğlu X1 xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, 2013-cü ildə isə nikahları pozulmuşdur. Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır və o, həmin ünvanda yetkinlik yaşına çatmayan övladı ilə birlikdə yaşayır.
20. İddiaçı Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad edərək cavabdehin mübahisəli mənzildən istifadə hüququ olmadığını bildirir, lakin buna baxmayaraq müəyyən müddət yetkinlik yaşına çatmamış övladı ilə birlikdə yaşaması üçün ona 12500 manat məbləğində kompensasiya ödənilməsini təklif edir.
21. Cavabdeh iddianı qəbul etmir və nə ona təklif olunan başqa yaşayış sahəsi ilə, nə də kompensasiya məbləği ilə razılaşmır. Cavabdeh mğvqeyini uşağın xəstəliyi və mübahisəli mənzilə yaxın ərazidə yerləşən məktəbdə təhsil alması ilə izah edir.
22. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və bu zaman iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olmasını və mülkiyyət hüququnun müdafiə edilməli olmasını əsas götürüb.
23. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyətçinin mülkiyyət hüquqlarının müdafiəsinə dövlət təminat verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152.5.).
25. Kollegiya nəzərə alır ki, Cavabdeh ilə iddiaçının oğlu X1 xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar.
26. 2009-cu ilin oktyabr ayının 1-dən sonra qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “
27. İddiaçı cavabdehin mübahisəli mənzildən istifadə hüququ olubolmamasından asılı olmayaraq ona kompensasiya təklif edir. Ona görə də Məhkəmə kollegiyası cavabdehin mübahisəli mənzildən istifadə hüququ olub-olmamasına münasibət bildirmir. Hazırkı vəziyyətdə mübahisəli məsələ yalnız təklif olunan kompensasiyanın məbləği ilə bağlı ola bilər.
28. Məhkəmə kollegiyası qeyd edir ki, kompensasiya ödənilməsi ilə bağlı təklif irəli sürmək iddiaçının hüququdur və onun iradə ifadəsini əks etdirir.
29. Apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş və "xxxx" MMC-nin 144 saylı, xx.xx.2025-ci il tarixl rəyi ilə müəyyən edilmişdir ki, ünvan 1-nın bazar dəyəri 150000 manatdır. Həmin mənzilin orta aylıq kirayə haqqı isə 400 manat təşkil edir.
30. Apellyasiya baxışı zamanı iddiaçı kompensasiya məbləğini 3 illik kirayə haqqı həddində artıraraq 14 400 manat məbləğində kompensasiya ödənilməsini təklif etmiş və bu məbləği ödəməyə hazır olduğunu bildirmişdir.
31. Apellyasiya məhkəməsi göstərilənləri və iddiaçının təklifini nəzərə alaraq kompensasiya məbləğini 14 400 manat həddində müəyyən olunmasını ədalətli hesab edir.
32. Kollegiya analoji məhkəmə işləri üzrə təcrübəni nəzərə alaraq hesab edir ki, iddiaçının məhkəmə baxışı zamanı təklif etdiyi 14 400 manat kompensasiya ilə cavabdeh təqribən 3 il müddətinə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olur, bu isə onların mübahisəli mənzildə ümumən yaşadığı dövr nəzərə alındığında ağlabatan dövr kimi qəbul edilə bilər.
33. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən təklif olunan məbləğə mənzil almağın mümkün olub-olmadığı məsələnin həlli baxımından əhəmiyyətli deyildir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı kompensasiyanın məbləğini təklif edərkən real bazar qiymətlərini, özünün mülkiyyət və cavabdehin isə istifadə hüquqlarını nəzərə almışdır. Analoji məhkəmə işləri üzrə məhkəmə təcrübəsini nəzərə alaraq, məhkəmə hesab edir ki, kompensasiyanın məbləğinin 14400 manat məbləğində olması ağlabatan və real qiymətdir, həmin məbləğ, Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı ilə müəyyən edildiyi kimi, “...mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən...” məbləğdir.
34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq istifadə hüququna xitamın əvəzi kimi kompensasiya məbləğini 14 400 manat müəyyən edir və hesab edir ki, bu məbləğ ödənilməklə cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməlidir.
35. Məhkəmə kollegiyası bu qənaətə gələrkən iddiaçının hazırda 88 yaşı olduğunu, mülkiyyətçi kimi öz əmlakından istifadə edə bilmədiyini, cavabdehin iddiaçının keçmiş ailə üzvü olduğunu, iddiaçının oğlu ilə nikah münasibətlərinə 2013-cü ildə xitam verildiyini, buna baxmayaraq bu günə qədər mənzildə yaşamağa davam etdiyini, eləcə də mübahisəli hüquq münasibətinin Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin təsiri altına düşdüyünü, lakin iddiaçının könüllü şəkildə kompensasiya təklif etməsini və s. halları nəzərə alır.
36. Göründüyü kimi, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Göründüyü kimi, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir.
39. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
40. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
41. Məhkəmə kollegiyası göstərilənləri, eləcə də mübahisəli mənzildən istifadə hüququ olan cavabdehlərin sayını, iddiaçının kompensasiya məbləğini artırmasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsininin qətnaməsi cavabdehin mənzildən istifadə hüququna 12500 (on iki min beş yüz) manat kompensasiya verilməklə xitam verilməsi hissəsində dəyişdirilməli, istifadə hüququna xitamın əvəzi kimi ödənilməli olan kompensasiyanın məbləği 14400 (on dörd min dörd yüz) manat müəyyən edilməlidir.
42. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 aprel 2025-ci il tarixli qətnaməsi ünvan 1 ünvanına Cavabdeh istifadə hüquqlarına xitamın əvəzi kimi 12500 (on iki min beş yüz) manat kompensasiya ödənilməsi hissəsində dəyişdirilsin və istifadə hüququnun əvəzi kimi cavabdehə ödənilməli olan kompensasiyanın məbləği 14400 (on dörd min dörd yüz) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
.